Məhkəmə qərarları › İş №1(099)-116/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-116/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-116/2025 08.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Sabirabad rayonu Yuxarı- Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Yuxarı-Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarında Sabirabad rayonu Yuxarı- Axtaçı kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 20 ədədini yetişdirərək kultivasiya etmiş, 04 iyun 2024-cü il tarixdə 16:50 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 20 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuannadan istifadə edir. 2024-cü ilin mart ayında Kür çayının yanında çətənə toxumlarını tapmışdır. Həmin toxumların 2 ədədini həyətinin giriş hissəsində əkmişdir, 18 ədədini isə bağ ərazisində səpmişdir. Həyətinin giriş hissəsində əkdiyi çətənə toxumlarından 2 ədədi bitmişdir, həmin çətənə kollarına qulluq göstərməklə su vermişdir. Lakin bağ ərazisində səpdiyi çətənə toxumlarına qulluq etməmiş, su verməmiş, həmin çətənə kolları yabanı halda bitmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək onu çağırmışlar, onun razılığı ilə həyətinə baxış keçirmişlər, evin giriş hissəsindən sağ tərəfdə yerləşən qamışlıq sahədəki iki ədəd, eləcə də evin həyətyanı sahəsinin bağ hissəsində nar ağacları olan yerdəki 18 ədəd, ümumilikdə 20 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, yaşayış evinin girişindən sağ tərəfdəki qamışlıq sahədə və evin bağ sahəsində torpaqda çətənə toxumları əkmişdir. Həmin toxumlar böyüdükcə onların diblərini yumşaltmaqla, peyin verməklə və mütəmadi olaraq sulamaqla qulluq etmişdir. Həmin toxumlardan evinin giriş hissəsinin sağ tərəfində iki ədəd, bağda olanlardan isə 18 ədədi yetişmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “2 ədəd çətənə kollarına qulluq göstərməsi, 18 ədəd çətənə kollarına qulluq etməməsi, həmin çətənə kollarının bağ ərazisində yabanı bitməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Sabiarabad rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə məlumatı daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Həmin gün aqronom mütəxəssisin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Yuxarı-Axtaçı kəndində getmişdirlər. Pərvizə həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu, həyətyanı sahəsinə baxış keçirməli olduqlarını izah etmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmələrinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazaraq imza çəkmişdir. Bundan sonra Pərvizin aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmişlər. Pərviz ilk olaraq qamışlıq ərazidə olan 02 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərmişdir. Daha sonra Pərviz baxçanın digər tərəfinə əkdiyi 18 ədəd çətənə bitkilərini onlara təqdim etmişdir. Aqronom aşkar edilmiş bütün bitkilərə qulluq edildiyini bildirmişdir. Sonra aşkar olunmuş çətənə kolları torpaqdan çıxarılaraq qablaşdırılaraq möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 iməhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 04 iyun 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Sabirabad rayonu, Yuxarı-Axtaçı kəndində yerləşən evinin həyətinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmşdir. Baxış zamanı həyətdə qamışlıq ərazidə 02 ədəd, həyətin digər tərəfinə 18 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Aşkar olunmuş çətənə bitkiləri torpaqdan çıxarılaraq qablaşdırılmış, bu barədə protkol tərtib olunmuş o da protkola imza etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 iyun 2024-cü il tarixli, 18/558 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs... həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 20 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 530,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli, 5078 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, 04 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sabirabad rayonu Yuxarı-Axtaçı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətində yerləşən bağçadan yaş vəziyyətdə ümumi çəkisi – 530,0 qram olan 20 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bu barədə foto cədvəl cinayət işi materialına əlavə edilmişdir. İş materiallarında olan 04 iyun 2024-cüi il tarixli mütəxəssis rəyindən görünür ki, Sabirabad rayonu, Yuxarı-Axtaçı kəndində Təqsirləndirilən şəxs həyatyanı sahəyə baxış keçrilən zaman həyətin içərisində 20 (iyirmi) ədəd müxtəlif ölçüdə çətənə bitkilərinə bənzər bitkilər aşkar olundu. Həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluqolunduğu və becərlidiyi müəyyən edilmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli “maddi sübut kimi tanınması və saxlanca təhvil verilməsi haqqında” qərarla ilə ekspertiza tədqiqatından sonrakı qalıq 20 (iyirmi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış saxlanılması üçün Sabirabad rayon polis şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan 04 iyun 2024-cüi il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə » növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması haqqında» qərarla Sabirabad RPŞ-nin xx.xx.2024-cu ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı qanuni və əsaslı hesab edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Rəhimov X2 rayonu Yuxarı-Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı, anası, qardaşı və xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il tarixli X5 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmasını, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, onun 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan 20 (iyirmi) ədəd tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Pərviz Pəhimov barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə seçilmiş qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclasından həbsə alınmalı, məhkəmənin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 08 aprel 2025-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (gün) müddət ona təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Rəhimov X1 Xidmətin Lənkəran Penitensiar Kompleksinə təhvil verilin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 20 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar