Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-117/2023 23.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1989-cu ildə Yardımlı rayonunun Arvana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən əvvəllər məhkum olunmamış, işsiz, Yardımlı rayonu, Arvana kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olan başqa bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsi istehlak miqdarından artıq miqdarda və külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü vasitəsi ilə külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 2030 qram qurudulmuş marixuananı və 2 ədəd plastik flakonda hər birində 65 ml olmaqla, ümumilikdə 130 ml şəffaf, rəngsiz məhlulun tərkibində təmiz çəkisi 0,13 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu İran İslam Respublikasından qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, o, Yardımlı rayonu ərazisində, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının xidməti ərazisindən bir ədəd bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda və külli miqdarda narkotik vasitələri 28 may 2022-ci il tarixdə, saat 23 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, hadisə yerindən cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 2030 qram qurudulmuş marixuana və 02 ədəd plastik flakonda hər birində 65 ml olmaqla, ümumilikdə 130 ml şəffaf, rəngsiz məhlulun tərkibində təmiz çəkisi 0,13 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə həmkəndlisi Rahəb Əliyev ona yaxınlaşaraq içərisində tütün olan bağlamanın qaçaq yolla 28 may 2022-ci il tarixdə, saat 21 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına keçiriləcəyini, həmin bağlamanı götürüb onun deyəcəyi yerə qoymasını və bunun əvəzində ona 25 manat verəcəyini vəd etmiş, o əvvəllər də Rahəbin belə tapşırıqlarını ondan qorxduğu üçün yerinə yetirdiyindən bu dəfə də onunla razılaşmışdır. Rahəb ona içərisində tütün olan bağlamanın Deman kəndindən dövlət sərhəd xətti istiqamətində, Bolqar çayının Azərbaycan Respublikası tərəf sahilindən 50-60 metr aralıda olan dərədə gizlədiləcəyini, həmin bağlamanı götürdükdən sonra yaşadığı Deman kəndindəki su kanalındakı boruya qoymasını tapşırmışdır. 28 may 2022-ci il tarixdə, saat 21 radələrində o yaşadığı evdən çıxıb Rahəbin ona dediyi kimi içərisində tütün olan bağlamanın gizlədildiyi yer istiqamətində hərəkət edərək məftili keçib Bolqar çayının Azərbaycan Respublikası sahilinə gedərək dərədə gizlədilmiş, qara rəngli bağlamanı götürüb, qayıtmış və onu Rahəbin dediyi su kanalında olan borunun içərisinə qoymuşdur. Həmin vaxt hərbi qulluqçuların ona dayanmasının tələb etsələr də o dərhal əvvəlcə yaşadığı evə sonra da həyətindəki tövləyə girmişdir. Sərhədçilər onun evinə gələrək, onu sərhəd zastavasına dəvət etmişlər. Orada Rahəbin dediyi yerdən bir ədəd qara rəngli bağlamanı götürüb onun dediyi yerə qoyduğunu bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və o su kanalında olan borunun içərisindən gizlətdiyi bir ədəd qara rəngli bağlamanı təqdim etmiş və bağlamaya baxış keçirildikdə bağlamanın içərisindən marixuanaya bənzər maddə və içərisində maye olan iki ədəd qutu aşkar edilmişdir. Həmin vaxt o həm də içərisində narkotik vasitə olan bağlamanı götürdüyü yeri də göstərmişdir. Rahəb Əliyev 28 may 2022-ci il tarixdə, saat 21 radələrində qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına bağlamanın keçiriləcəyini desə də, həmin bağlamanı dövlət sərhədindən qaçaq yolla kimin, necə keçirəcəyi barədə bir söz deməmişdir. Rahəb Əliyev ona yalnız həmin bağlamanı su kanalındakı borunun içərisinə qoymasını demiş, lakin həmin bağlamanı kiməsə çatdırmaq barədə bir söz deməmişdir. O özünü qaçaqmalçılıq cinayətində təqsirli bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmədə dindirilmiş şahid N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 28 may 2022-ci il tarixdə N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 19-20-ci sahələrinin arxa istiqamətində gizir Şahid2la birlikdə pusqu xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman həmin tarixdə saat 23:30 radələrdə İran İslam Respublikasından Yardımlı rayonu, Deman kəndi istiqamətində bir nəfər şəxsin əlində bir ədəd bağlama ilə mühəndis texniki çəpəri keçdiyini görüb, onu müşahidə etmişlər. Həmin şəxs bir qədər irəliləyərək əlində olan bağlamanı Deman kənd avtomobil yolunda sel sularının axıdılması üçün nəzərdə tutulmuş su borusuna qoymuşdur. Ona dayan çağırış komandası verilsə də, həmin şəxs ərazidən qaçaraq yaxınlıqda olan evə daxil olmuş, sonra da izi azdırmaq üçün evdən çıxıb həyətdə olan tövləyə daxil olmuşdur. Sonra onu saxlayıb, sərhəd zastavasına dəvət etmişlər. Orada filtirasiya işləri aparılan zaman onun Yardımlı rayonu, Arvana kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla söhbət zamanı o səmimi olaraq qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş bir ədəd qara rəngli sellofan bağlamanı gizlədildiyi yerdən götürüb daşıdığını və həmin bağlamanı Deman kənd ərazisində olan avtomobil yolundakı su borusuna qoyduğunu bildirmişdir. Bundan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə su borusuna baxış keçirildikdə oradan bir ədəd qara rəngli sellofan bağlama aşkar edilərək götürülmüş və həmin bağlamaya baxış keçirildikdə içərisindən narkotik vasitələr aşkar edilmişdir. O bağlamanı götürdüyü yeri də təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra ona qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Dindirilmiş şahid N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının əməliyyat müvəkkili, gizir Şahid2 şahid X2 ilə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29 may 2022-ci il tarixdə onu və Şahid3 22-ci sərhəd zastavasının inzibati binasına dəvət edərək, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilmiş bağlamaya və hadisə yerinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün dəvət edildiklərini bildirib, onlara hüquq və vəzifələri izah olunmuşdur. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş bağlamanı Yardımlı rayonu, Deman kəndi ərazisində olan 22-ci sərhəd zastavasının 18-ci sahəsində olan yeri və bağlamanı gətirib gizlətdiyi Deman kəndi ərazisində avtomobil yolunun kənarındakı su borusunu göstərib, onun içərisində gizlətdiyi bir ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bağlamanın onun tərəfindən həmin su borusuna qoyulduğunu bildirmişdir. Sonra da bağlamaya baxış keçirilərkən içərisindən 4 ədəd bükümlərdə qurudulmuş marixuanaya bənzər kütlələr və iki ədəd şəffaf rəngli plastik qutularda maye aşkar edilmişdir. Sonra da narkotik vasitələr və iki ədəd şəffaf rəngli plastik qutularda olan maye qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan 23 noyabr 2022-ci il tarixli üzləşmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı şahid X2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 23 noyabr 2022-ci il tarixli üzləşmədə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 29 may 2022-ci il tarixli 16/1834 nömrəli məktubundan görünür ki, 29 may 2022-ci il tarixdə, saat 00:30-da 22-ci sərhəd zastavasının xidməti ərazisində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları, Yardımlı rayonu, Deman kəndi ərazisində bir nəfər şəxsin mühəndis texniki çəpərindən keçərək ərazidə bağlama gizlədərək Deman kəndində yerləşən evlərin birinə daxil olmasını müşahidə etmiş, bundan sonra həmin şəxs sərhəd zastavasına dəvət edilmişdir. Qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs iştirakı ilə, onun tərəfindən gizlədilmiş bağlamanın olduğu yerə baxış keçirilən zaman su borusunun içərisindən bir ədəd qara rəngli polietilen torba aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 29 may 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 18-ci sahəsidir. Həmin istiqamətdə Yardımlı rayonu, Deman kəndi yerləşir. 18-ci sahə istiqamətində dövlət sərhəd xəttində, sərhədboyu zolaqda, nəzarət iz zolağında bir nəfərə məxsus ayaq izlərinin olması müəyyən edilmiş, mühəndis texniki çəpərin çöl istiqamətində Yardımlı rayonu, Deman kəndi istiqamətində gedən avtomobil yolunun kənarında olan su borusunun içərisində bir ədəd qara rəngli polietilen torba aşkar olunaraq götürülmüş, həmin vaxt Təqsirləndirilən şəxs həmin qara rəngli polietilen torbanı sərhədboyu zolaqdan götürərək gizlədildiyi yerə gətirib qoyduğunu, həmin bağlamanı oradan Rahəb Əliyevin götürməli olduğunu bildirmişdir. İşdə olan 29 may 2022-ci il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əldə edib, saxlayıb daşımaqla su borusunun içərisində gizlətdiyi qara rəngli polietilen bağlamaya baxış keçirilən zaman içərisindən çəkisi 2095 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə və iki ədəd şəffaf rəngli plastik qutuda mayenin olması aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 29 may 2022-ci il tarixli 6/3029-7/550 №-li rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 4 ədəd bağlamalarda ümumi təmiz çəkisi 2030 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 02 ədəd plastik flakonda hər birində 65 ml olmaqla ümumilikdə 130 ml şəffaf, rəngsiz məhlulun tərkibində ümumilikdə təmiz çəkisi 0,13 qram narkotik vasitə-metadondur. İşdə olan ibtidai istintaq orqanının 31 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən narkotik vasitə olan 2029,92 qram qurudulmuş marixuananın qalığı və 110 ml metadon (məhlul) qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan 30 iyul 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa “Raşən” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin X3 olmasını bildirmişdir. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabda keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının xidməti ərazisində olan mühəndis çəpərinə yaxınlaşaraq tikanlı məftilləri araladıqdan sonra nəzarət iz zolağına yaxınlaşmış, nəzarət iz zolağına ayaq izlərinin düşməməsi üçün 3 ədəd daş atmış, həmin daşların üzərindən keçərək 30 dəqiqə yol getdikdən sonra qeyd olunan dərədən içərisində narkotik vasitələr olan bağlamanı götürərək həmin istiqamətdən geri qayıtmış və Yardımlı rayonu, Deman kəndinə gələrək avtomobil yolunda yerləşən sel sularının axıdılması üçün nəzərdə tutulmuş su borusuna yükü qoyaraq müvəqqəti yaşadığı evə getmişdir. Hadisədən xəbərdar olduqdan sonra Rahəb Əliyev yaşadığı Yardımlı rayonu, Deman kəndini tərk edərək gizlənmişdir. Beləliklə məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “ qurudulmuş marixuana” olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxsla cinayətkar qrupun digər üzvünün arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olan Rahəb adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş,daşımış və saxlamış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib, həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olan Rahəb Əliyevlə əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib, Yardımlı rayonunun Deman kəndi ərazisində gizlətməsi barədə razılaşmışlar. Rahəb adlı şəxs külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq çəkidə metadon məhlulunu İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə gətirtmiş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs Yardımlı rayonunun Deman kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-cı sərhəd zastavasının arxa tərəfində, gizlədildiyi yerdən satış məqsədi ilə götürdükdən sonra sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və iki flakonda metadon məhlulu ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə, CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olan Rahəb adlı şəxslə Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CPM-nin (bundan sonra mətndə CPM-in) 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə ixtisaslaşdırılmalıdır. İşdə olan ibtidai istintaq orqanının 28 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işinin istintaq materiallarından cinayətin digər iştirakçıları barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək qaçaqmalçılıq cinayəti törətmədiyini, lakin Rahəb Əliyevin tapşırığı ilə 25 manat müqabilində içərisində tütün olan bir ədəd bağlamanı götürərək Rahəbin dediyi yerə qoyduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan və məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə dindirilmiş həmin bağlamada narkotik vasitə qurudulmuş marixuana və içərisində metadon məhlulu olan 2 ədəd flakonun aşkar edilməsi barədə şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi və su borusundan aşkar edilərək götürülmüş bağlamaya və hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının rəyi və işin faktiki halları ilə ona tamamilə sübutdur. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1, və 234.4.3-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1989-cu ildə Yardımlı rayonunun Arvana kəndində anadan olmuşdur, Yardımlı rayonu, Arvana kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 29 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan qalıq çəkiləri 110 ml metadon məhlulu və 2029,92 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 182 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 132, 51-2, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 29 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. İş üzrə maddi sübut olan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan qalıq çəkisi 110 ml metadon (məhlul) və qalıq çəkisi 2029,92 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci 182 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-117/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-117/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver