Məhkəmə qərarları › İş №1(099)-119/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-119/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-119/2022 01.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi –Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1986-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sisitemindən istifadə etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci il avqustun 7-də Salyan şəhərindəki “Dostluq” kafesində keçirilən toy məclisində təxminən 150-200 qram spirtli içki qəbul edib saat 22 radələrində toy məclisi başa çatdıqdan sonra qohumu Salyan rayonu Cəngən kənd sakini Zərərçəkmiş şəxs və qeyriləri ilə evə getmək üçün toy sahibinə məxsus mikroavtobusa əyləşib yola düşmüş, yolda Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq ilə sonuncunun sifət nahiyyəsinə 3 zərbə vurmuş, daha sonra həmin tarixdə saat 23 radələrində Cəngən kəndinə gedən avtomobil yolunun sağ kənarında yerləşən “Nurgün Motors” şirkətinə məxsus heyvandarlıq fermasının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişənin davamı olaraq aralarında baş vermiş dalaşma zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq, sonuncunun sağ göz almasının ağır dərəcəli əzilməsi, sağ gözdə görmənin tam itməsi, sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, sağ göz almasında qansızma, alının sağ yarısında, sol qaşüstü nahiyədə, burunun sağ yan səthində, döş qəfəsinin sol yarısında, hər iki dirsək çuxurunda, sol baldırın yuxarı 1/3-də sıyrıqlar, burunda və sol qaşüstü nahiyədə və onurğa sütunun döşbel fəqərə sərhədində qançırlar, sağ dirsək oynağında şişkinlik, hərəkət məhdudluğu kimi dərəcəsinə görə sağlamlığın 1/3-dən artıq hissəsinin (35%) uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il avqustun 7-də “Dostluq” kafesində arvadının dayısı qızının toy məclisində iştirak etmişdir. Həmin məclisdə tanışı Ceyhun və “Bəbi” kimi çağırılan Vidadi ilə eyni masanın arxasında əyləşmişlər. Məclis başa çatdıqdan sonra saat 22 radələrində toydan həmkəndlisi Camaləddinin idarə etdiyi “Qazel” markalı mikroavtobusu ilə kəndə qayıtmışlar. Özü maşında sol arxa oturacaqda, onun arxasında orta oturacaqda isə Ceyhun əyləşmişdir. Həm toyda olarkən, həm də toydan qayıdarkən maşında Vidai (Bəbi) Ceyhuna “Cek” deyə çağıraraq onunla zarafat etmişdir. Ceyhun əvvəl zarafatlara ciddi reaksiya verməsə də, Cəngan kəndinə çatanda zarafatlara aqresiv cavab verərək avtobusda ümumi söyüş söyməyə başlamışdır. Ceyhuna söyüş söyməməyi irad bildirsə də, o başa düşməmişdir. Bundan sonra Ceyhun onun üzərinə hücum etmişdir. Bunun qarşılığında o, Ceyhuna 2-3 yumruq zərbəsi vurmuşdur. Avtobusda olan digər şəxslər onları aralamağa başlamış, lakin Ceyhun sakitləşməyərək onun və qayınatası Şahid7 ünvanına nalayiq söyüşlər söymüşdür. Ceyhunun sakitləşmədiyini və aranın qızışdığını görən avtobus sürücüsü Cəmaləddin maşını yolun kənarına verib saxlamış və hamı maşından aşağı enmişlər. Onu isə içəridə tanışı Zahid tutub saxlamışdır. Bir qədər sonra maşından düşüb qayınatası Vidadinin yerdə oturub ağladığını görmüş, niyə ağladığını soruşduqda Ceyhunun onu vurduğunu demişdir. Lakin, Ceyhunu ətrafda görməmiş və sonra qaynatası ilə birlikdə piyada Cəngan kəndi istiqamətinə getməyə başlamış, birdən kiminsə “Cəmaləddinin ürəyi getdi” deməsini eşitmiş və geriyə qayıtmışdır. Bu vaxtı Zahid qaynatası Vidadini qolundan tutub onun arxasınca gətirmişdir. Bir müddət keçdikdən sonra qaynatasının səsini eşitmiş, geriyə cönüb baxdıqda Ceyhunun onun qaynatasını vurduğunu görmüşdür. Onların yanına qayıtmış və Ceyhunu qaynatası Vidadidən ayırmışdır. Onları ayıran zaman Ceyhunla əlbəyaxa olmuş və ayağı büdrədiyindən dərəyə yıxılmışlar. Avtobusda olan şəxslər onları ayırmışlar və Ceyhunun qoluna girib onu oradan aparmışlar. Özü isə qaynatası Vidadi ilə birlikdə kənd istiqamətinə getmişlər. Səhərisi gün Kamil əsəbi halda ona zəng edərək qardaşı Ceyhunun gözündən ağır xəsarət aldığını və onu həkimə aparmasını tələb etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsla barışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsindən təpiklə vurmasını etiraf etməsə də, məhkəmə istintaqında onun məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri elan olunmuş, o həmin ifadələrində Ceyhuna 1-2 təpik zərbəsi vurduğunu, zərbələrdən birinin Ceyhunun sifət nahiyyəsinə dəydiyini etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 7 avqust 2021-ci il tarixdə saat 18 radələrində Salyan şəhərindəki “Dostluq” kafesində tanışı Cəmaləddinin qızının toy məclisində iştirak edərkən onunla bir masada Elməddin və digər şəxslər də əyləşmişlər. Toyda spirtli içki qəbul etmişlər, söhbət zaman Elməddin bir neçə dəfə onu öz adı ilə deyil “Cek” deyərək çağırmışdır. Buna görə Elməddinə iradını bildirmiş hətta onunla aralarında xırda mübahisə də baş vermişdir. Məclis saat 22 radələrində başa çatmış və kəndə qayıtmaq üçün Cəmaləddinin idarə etdiyi “Qazel” markalı mikroavtobusa əyləşmişlər. Avtobusda ondan başqa həmkəndliləri də olmuşdur. Maşında Elməddin yenidən onunla şit zarafat etməyə başlamış, Elməddinə iradını bildirdikdə sonuncu onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman Elməddin onun sifətindən bir neçə dəfə yumruqla vurduğundan onun üstünə hücum etmiş, lakin maşında olanlar onu tutub saxlamışlar. Lakin Elməddin yenə arxadan onu vurmuş, qəzəblənərək özünü atmaq üçün avtobusun qapısına yaxınlaşmış, Vidadi və digərləri onu tutub saxlamışlar. Vidadi bu zaman onun başından sillə vurmuşdur. Sürücü aranın qarışdığını görüb maşını saxlamış, hamı yerə düşmüş, arxadan Elməddin onu yerə yıxmış və yerdə sifətinə, başına yumruq və təpiklə bir neçə dəfə vurmuşdur. Elməddinin vurduğu təpik zərbələrdən biri onun sağ gözünə dəymiş, ağrıdan qışqırmışdır. Sonra Elməddinin ondan ayırmışlar. Gözündən qan gəldiyini görmüşdür. Ayağa qalxıb oradan uzaqlaşmaq istədikdən Elməddin arxadan tutub onu yerə yıxmış və təpik - yumruqla onu vurmuşdur. Tanışları onları aralamış, həmkəndlisi İsmayıl onu evə aparmışdır. Səhərisi gün sağ gözü şişmiş və tamamilə heçnə görə bilməmişdir. Bakı şəhərində Zərifə Əliyeva adına Göz Klinikasında stasionar müalicə olunmuşdur. Sag gözün görmə qabiliyəti tamamilə itmiş və göz bəbəyinin yerində qalıb-qalmayacağı məlum deyil. Hazırda özü sərbəst hərəkət edə bilmir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilib, onunla barışmışdır. Məhkəməyə təqdim olunmuş və notariat qaydada təsdiq olunmuş 13 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, sonuncunun qohumları tərəfindən dəymiş ziyan ödənilmiş və ona qarşı hər hans ıbir iddiası, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi mülki iddiadan imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2021ci ilin avqust ayının 7-də Salyan şəhərindəki “Dostluq” kafesində tanışı Cəmaləddinin qızının toy məclisində iştirak etmiş, saat 22 radələrində məclis başa çatmış və kəndə qayıtmaq üçün Cəmaləddinin mikroavtobusuna əyləşmişlər. Toyda Elməddin, Ceyhun və digər tanışları da iştirak edib spirtli içki qəbul etmişlər. Avtobusda kimsə Ceyunu “Cek” deyərək çağırmış, buna görə Ceyhun əsəbləşmiş və nalayiq sözlər işlətmiş, bu zaman arxada əyləşən Elməddin Ceyhunun sifətinə 1-2 yumruq zərbəsi vurmuş, mübahisə düşmüş və ara qarışmışdır. Ceyhun Elməddinin üstünə getmiş, sonra onları aralamışlar. Lakin Ceyhun sakitləşməmiş və başını aşağı əyib sağa-sola yumruqlar atmışdır. Aranın qarışdığını görüb Cəmaləddin maşını Salyan rayonu Cəngən kəndi yaxınlığında yolun kənarında saxlamış, hamı aşağı enmiş, bu zaman Cəmaləddinin vəziyyəti pisləşmiş, ona su gətirmiş, bayırdan dalaşma və qışqırıq səslərini eşitmişdir. Avtobusdan aşağı enmiş, Ceyhun gözünün ağrıdığını bildirmiş, lakin Ceyhunun kimin tərəfindən vurulduğunu görə bilməmişdir. Həmin vaxt özü də sərxoş olmuşdur. Ceyhunu gətirib ailəsinə təhvil vermiş, sonra evə getmişdir. Səhərisi gün eşitmişdir ki, dalaşma zamanı Elməddin Ceyhunun gözündən təpiklə vurub xəsarət yetirmiş, Ceyhunun gözü görmədiyi üçün müalicə olunmaq üçün o, Bakı şəhərinə həkimə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində şahid X2 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dalaşdıqlarını, Elməddinin Ceyhunu avtobusda döydünü bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 7 avqust 2021-ci il tarixdə Salyan şəhərindəki “Dostluq” kafesində tanışı Cəmaləddinin qızının toy məclisində Ceyhun, Elməddin və digər tanışları ilə yeyib-içdikdən sonra saat 22 radələrində Cəmallədinin idarə etdiyi avtobusu ilə yaşadığı Cəngən kəndinə qayıdan zaman avtobusda öz aralarında zarafatlaşmışlar. Özü də həmin vaxt sərxoş olmuşdur. Avtobusda Elməddin əyilib Ceyhuna nəsə demiş, Ceyhun da əsəbləşərək ona cavab qaytarmış, bundan sonra Elməddin arxadan Ceyhunun başına bir neçə yumruq zərbələri vurmuşdur. Ara qarışdığı üçün Cəmaləddin avtobusu yolun kənarında saxlamış, hamı yerə enib hərə bir tərəfə getmişdir. Ceyhun, Elməddin və qaynatası Vidadinin bir-birləri ilə dalaşdıqlarını görüb Ceyhunu onların əlindən ala bilmişdir. X6 evlərinə aparmışdır. Səhərisi gün eşitimişdir ki, Elməddin Ceyhunun gözündən təpiklə vurub xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qsimində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 7 avqust 2021-ci il tarixdə Salyan şəhərindəki “Dostluq” kafesində tanışı Cəmaləddinin qızının toy məclisində Ceyhun, Elməddin və digər tanışları ilə yeyib-içdikdən sonra saat 22 radələrində Cəmallədinin idarə etdiyi avtobusu ilə yaşadığı Cəngən kəndinə qayıdan zaman avtobusda öz aralarında zarafatlaşmışlar. Özü də həmin vaxt sərxoş olduğundan mürgüləmişdir. Birdən arxadan kiminsə söyüş söydüyünü və dava-dalaş səslərinin gəldiyini eşitmiş və oyanmışdır. Ceyhunun Elməddinin ünvanına söyüş söydüyünü görmüşdür. Ara qarışdığı üçün sürücü avtobusu yolun kənarında saxlamış, içəridə olanlar aşağı enmiş, bu vaxtı Cəmaləddin özünü pis hiss etdiyindən onun yanında qalmışdır. Yerdə nə baş verdiyini görməmişdir. Səhərisi gün eşitmişdir ki, baş vermiş dalaşmada Elməddin təpiklə Ceyhunun gözündən vurub xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 7 avqust 2021-ci il tarixdə saat 22 radələrində Cəmaləddinin idarə etdiyi avtobusla yaşadığı Salyan rayonu, Cəngən kəndinə qaydarkən avtobusda Elməddin və Ceyhun arasında mübahisə baş vermiş, ara qarışmış və onlar dalaşmışlar. Qaranlıq olduğu üçün kimin kimi vurduğun görməmişdir. Səhərisi gün eşitmişdir ki, Elməddin Ceyhunu vurub gözündən xəsarət yetirib. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 439 №-li rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz almasının ağır dərəcəli əzilməsi, sağ gözdə görmənin tam itməsi, sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, sağ göz almasında qansızma, alının sağ yarısında, sol qaşüstü nahiyədə, burunun sağ yan səthində, döş qəfəsinin sol yarısında, hər iki dirsək çuxurunda, sol baldırın yuxarı 1/3-də sıyrıqlar, burunda və sol qaşüstü nahiyədə və onurğa sütunun döşbel fəqərə sərhədində qançırlar, sağ dirsək oynağında şişkinlik, hərəkət məhdudluğu küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 avqust 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın 1/3-dən artıq hissəsinin (35%) uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 441 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmadı. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, hadisə yeri Salyan rayonu Cəngən kəndi yaxınlığında asfalt avtomobil yolunun sağ kənarında yerləşən “Nurgün Motors” şirkətinə məxsus heyvandarlıq fermasının qarşısında Cəngən kəndinə çatmamış təxminən 400-500 metr məsafədə yerləşir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən: “baxış keçirilməsi və götürmə aparılması haqqında” 12 avqust 2021-ci il tarixli, “ təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasıhaqqında” 30 noyabr 2021-cı il tarixli protokolları iş üzrə sübut növü kimi qəbul edir. 3 dekabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs barəsində 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikas Milli Məclisinin Qərarı tətbiq olunmaqla CM-nin 127.1-ci maddəsilə cinayət işinin başlanması rədd edilmişdir. 3 dekabr 2021-ci il tarixli qərarla Şahid7, Şahid8, X2, Şahid4,Şahid3, Şahid2, Şahid5 və Şahid6 əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri müəyyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs tanışı Cehun Məmmədovu şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qəsdən baş və sifət nahiyyəsinə bir neçə təpik zərbələri vuraraq ona: “sağ göz almasının ağır dərəcəli əzilməsi, sağ gözdə görmənin tam itməsi, sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, sağ göz almasında qansızma, alının sağ yarısında, sol qaşüstü nahiyədə, burunun sağ yan səthində, döş qəfəsinin sol yarısında, hər iki dirsək çuxurunda, sol baldırın yuxarı 1/3-də sıyrıqlar, burunda və sol qaşüstü nahiyədə və onurğa sütunun döşbel fəqərə sərhədində qançırlar, sağ dirsək oynağında şişkinlik, hərəkət məhdudluğu kimi dərəcəsinə görə sağlamlığın 1/3-dən artıq hissəsinin (35%) uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi təsdiq olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına həyat üçün təhlükəli olan zərər vurulur. Bu cinayətin obyekti insanın sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətdir. Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olan Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlətməsini digər üsullarla, yəni ona əhəmiyyət vermədən də hadisə yerindən uzaqlaşmaqla ağır nəticələrə səbəb olmayan hər hansı bir ictimai təhlükəli əməl törətmədən də ala bilərdi. Lakin o, bunu etməyərək cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs baş və sifət nahiyələrində bir neçə təpik zərbələri yetirməklə başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk etmiş, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan gömüş, belə zərərin vurulmasını arzu etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “ağır cinayət” növünə aiddir. Həmin maddənin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarında olan AZE 11408050 və AZE 11408051 N-li şəxsiyyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 6 iyun 2013-cü il təvəllüdlü Rza adında oğul və 26 iyul 2011-ci il təvəllüdlü qız övladları vardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12 -ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8 və 59.1.10-59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunverici CM-nin 60-cı maddəsinin tətbiqi üçün həmin məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulan halların mütləq qaydada məcmu halında mövcud olmasını şərtləndirmir, təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq bu maddələrdə nəzərdə tutulan halların müstəqil olaraq tətbiqini də mümkün edir. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti 8 ilin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. İş materiallarında olan Salyan RİH-nin Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 5 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılmaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 6 sentyabr 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həmin gün Salyan Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkmuluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 5 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığınını faktiki məhdudulaşdırıldığı andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki oalarq 5 senytabr 2021-ci il tarixdən məhdudlaşdırılmışdır. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 - 349, 351, 353, 356, 358, 381, 383 - 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 5 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya apelyasiya şikayəti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar