Məhkəmə qərarları › İş №1(099)-12/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-12/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-12/2023 10.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bəhram oğlunun iştirakları ilə xx xxxx 2004-ci ildə Sabirabad rayonunun Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Sabirabad rayonun Əsgərbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, yəni 5100,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində daşımaqla, yaşadığı Sabirabad rayonu Əsgərbəyli kəndində yerləşən evə gətirərək, evin istifadə olmayan otağında saxlamış, 06 fevral 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, həyətyanı sahəsinə və həyətdəki yardımçı tikilərə baxış keçirilən zaman, evin istifadə olunmayan boş otağında 1 ədəd polietilen torbada təmiz çəkisi-515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi-45,0 qram, 1 ədəd göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, bundan əlavə 1 ədəd sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 565,0 qram, 365,0 qram, 655,0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram olmaqla, ümumilikdə 5100,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özünü 720 qram çəkidə qurudulmuş marixuanaya görə təqsirli bilir. Tutulandan 3-4 ay əvvəl Kür çayının sahilində heyvanlarını otararkən çətənə bitkisinin toxumlarını tapıb evinə aparmış və onları həyətindəki çəpərin yanındakı kolun içərisində əkmişdir. 2020-ci ilin təxminən mart ayında həmin bitkilərdən yığıb təmizləmiş və evdə saxlamışdır. Üstündən 3-4 ay keçmiş polis əməkdaşları onun yaşadığı evə gəlib, atasının iştirakı ilə 4 otaqdan ibarət evin boş olan otağından 7 ədəd torbalarda qurudulmuş marixuananı götürmüşlər. Həmin vaxt ona hər hansı təsir və ya təzyiq olunmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, 720 qram qurudulmuş marixuana ona aiddir, qalanı ona aid deyil. O baxış zamanı tərtib edilmiş protokolu imzalamışdır. O marixuananın yarpaqlarını və çubuqlarını ayırıb saxlamışdır. Daha sonra sualları cavablandırarkən o bu cinayətindən sonra 2022-ci ilin iyun ayında 2 ədəd çətənə kolu əkib becərdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyini də etiraf etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qanuni nümayəndəsi Şahid7 və vəkili Səxavət Məmmədlinin iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 2021-ci ilin yanvar ayından narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başladığını, həmin ərəfələrdə narkotik vasitə qurudulmuş marixuananın toxumlarını əldə edib özündə saxladığını, təxminən 2021-ci ilin mart ayının ortalarında özündə saxladığı 4 ədəd toxumları yaşadığı evin həyətyanı sahəsində kolluqda əkib mütəmadi olaraq həmin toxumlara qulluq etdiyini, sonradan toxumlar cücərib torpaqdan çıxdığını,2021-ci ilin sentyabr ayında yetişmiş olan çətənə bitkilərinin hissələrini qırıb qurutduğunu, bitkilərin kök və gövdə hissəsini isə torpaqdan çıxarıb su kanalına atdığını, sonra qurutduğu bitkinin hissələrinin yarpaqlarını sellofon torbalara, bitkinin yuxarı hissələrini başqa sellofon torbalara, aşağı hissələrini başqa sellofon torbalara yığaraq qablaşdırıb, hamıdan gizlincə yaşadığı evdə əşyalar olmayan boş otaqda saxladığını, qurudulmuş marixuanadan siqaretin tüstününə qarışdıraraq qəbul etdiyini, 04 fevral 2022ci il tarixdə saat 20 radələrində evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək atasına onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini və həmin məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə baxış keçiriləcəklərini bildirdiklərini və atası da baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etdiyini, daha sonra evə baxış zamanı boş olan otaqda sellofon torbalarda saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, aşkar edilmiş kütlələr isə sellofon torbarlara qablaşdırıb polis əməkdaşları tərəfindən götürüldüyünü, bu barədə protokol tərtib edildiyini və fotoşəkillər çəkildiyini, o və digər iştirakçıların protokolun doğru olmasını imzaları ilə təsdiq etdiklərini, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona heç bir təsir və təziq olunmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi, özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş qanuni nümayəndəsi və vəkilinin iştirakı ilə verdiyi işin hallarına uyğun gələn səmimi etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin fktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyir. 04 fevral 2022-ci il tarixdə Sabirabad rayonu Əsgərbəyli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Mirfərid Həsənli tərəfindən təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün polis əməkdaşlarının, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Əsgərbəyli kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs atası Şahid7 Rəvanın narkotik vasitələrin qanunsuz olaraq qəbulu və yaşadığı evdə saxlaması barədə məlumat aldıqlarını ona görə də yaşadığı evə, həyətyanı sahəyə baxış keçiriləcəklərini bildirmişlər. Şahid7 baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirib, bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə evə baxış keçirilmiş, baxış zamanı istifadə olunmayan otaqdan 15 ədəd polietilen torbalarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, foto şəkillər çəkilmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, həmin vaxt Rəvan evdə aşkar olunmuş kütlələrin ona məxsus olduğunu bildirmişdir. Bunu onun atası Fazil də təsdiq etmişdir. Bundan sonra da 2022-ci ilin iyun ayında Rəvan həyətində 2 ədəd çətənə bitkilərini əkib-becərməsi ilə əlaqədar olaraq inzibati xəta törətdiyndən onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. O həmin qərarı məhkəməyə təqdim edə bilər. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadələr verdilər. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə Sabirabad rayonu Əsgərbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində Şahid6 ilə birlikdə hal şahidi qismində iştirak etmişlər. Həmin tarixdə onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedib, orada polis əməkdaşları Rəvanın atası Şahid7 oğlu Rəvanın narkotik vasitələrin qəbulu və yaşadığı evdə saxlaması barədə məlumat aldıqlarını, ona görə də evə və həyətyanı sahəyə baxış keçiriləcəklərini bildirmişlər. Şahid7 baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, sonra da onun evinə baxış keçirilmiş, baxış zamanı evin istifadə olunmayan otağından 15 ədəd polietilen torbalarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu bildirmiş, sonra da həmin kütlələr qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzaları ilə təstiq etmişlər. Dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdikləri xüsusatları təsdiq etdi. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək oğlu Rəvanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə onun evinə və həyətinə baxış keçirəcəklərini bildirib, sonra da onun razılığı və iştirakı ilə evinə baxış keçirmişlər. Baxış zamanı evinin boş otağından bir ədəd sellofon torbada qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt şəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Sorğu zamanı Rəvan 720 qram marixuananın ona aid olduğunu, 4 kiloqram qurudulmuş marixuana isə ona aid olmadığını və oraya qoyulduğunu bildirmişdir. Oğlunda o qədər mal olmamışdır.İstintaq zamanı ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Təqdim edilən imza ona məxsusdur. Fotoşəkillər onun iştirakı ilə çəkilmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində 04 fevral 2022-ci il tarixdə saat 20 radələrində evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat əldə etdiklərini, həmin məlumat əsasında yaşadıqları evə, həyətyanı sahəyə baxış keçiriləcəklərini bildirdiklərini, o da baxış keçirilməsinə etirazının olmadığından bu barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etdiyini və evə baxış zamanı boş olan otaqda sellofon torbalarda narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, aşkar edilmiş kütlələr isə sellofon torbarlara qablaşdırılıb polis əməkdaşları tərəfindən götürüldüyünü, şifahı sorğu zamanı oğlu Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr özünə məxsus olduğunu bildirdiyini, bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edildiyini və fotoşəkillər çəkildiyini, o digər iştirakçılarla birlikdə protokolun doğru olmasını imzaları ilə təsdiq etdiklərini, yaşadıqları evdə narkotik vasitə olması barədə polis əməkdaşları gəldikdən sonra bildiyini, oğlu Rəvanın evdə narkotik vasitə saxlamasından isə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və istifadəsi barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Bu məlumat rəhbərliyə məruzə olunmuş və təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, baxış zamanı Rəvanın evindən qurudulmuş marixuana aşkarlanıb götürülmüşdür. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, məlumat Rəvan barəsində olmuşdur, atası barədə isə məlumat olmamışdır. Evdən narkotik vasitəni o çıxarmışdır. Həmin vaxt Rəvan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 04 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəllərdən görünür ki, Sabirabad rayonu Əsgərbəyli kəndində yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin istifadə olunmayan otağında 1 ədəd polietilen torbada təmiz çəkisi-515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi-45,0 qram, 1 ədəd göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, bundan əlavə 1 ədəd sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 565,0 qram, 365,0 qram, 655,0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram olmaqla, ümumilikdə 5100,0 qram narkotik vasitə qurudulmuş marixuana möhürlənərək götürülmüş və protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarında olan 05 fevral 2022-ci il tarixli 18/150 №-li məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evə baxış...” sözləri yazılmış və imzalar olan ağ rəngli polietilen torbada bağlamada 1 ədəd polietilen torbada təmiz çəkisi 515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi-45,0 qram, ümumi çəkisi 560,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzəridə ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evə baxış...” sözləri yazılmış və imzalara olan göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, ümumi təmiz çəkisi-2200,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evə baxış...” sözləri yazılmış və imzalar olan sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-565,5 qram, 365,0 qram, 655, 0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram, ümumi çəkisi 2340,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş ümumi çəkisi 5100,0 qram olan marixuanalar eyni tərkiblidir.Həmin narkotik vasitədən 0,32 qram tədqiqata sərf olunmuş, 5099,68 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş təkrar məhkəmə bioloji ekspertizasının 11 oktyabr 2022ci il tarixli 7/1137 nömrəli rəyi ilə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ rəngli torbadakı sarı kağız üzərində “Azərbaycan Respublikası Lənkəran Ağır Cinayətlər Məhkəməsi zərflər üçün” dairəvi möhrü ilə möhürlənmiş vəziyyətdə və həmin kağızın üzərində “ Lənkəran ACM Məhkmə iclas...” yazısı və imzası olan sellofan torbadakı 07(yeddi) ədəd sellofan torbalarda ayrı – ayrılıqda təmiz çəkiləri:139,98 qram; 49,98 qram; 364,98 qram; 49,98 qram; 29,98 qram; 44,98 qram; 24,98 qram olan bitki mənşəli kütlələt tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 704,86 qramdır. Tədqiqata təqdim olunmuş ağ rəngli torbadakı 09 (doqquz) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 469,98 qram; 478,18 qram; 527,98 qram; 540,98 qram; 522,98 qram; 178,48 qram; 518,48 qram; 618,18 qram; 208,28 qram olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ümumi çəkisi- 4063,52 qramdır. Tədqiqata təqdim olunmuş 07 (yeddi) ədəd sellofan torbalarda və 9 (doqquz) ədəd sellofan torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş həmin 09 (doqquz) ədəd sellofan torbalarda bitki mənşəli kütlələrin içərisindən ayrılmış ümumi sayı 112 (yüz on iki) ədəd, ümumi çəkisi 331,3 qram olan xırdalanmış, qurudulmuş bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin hissələridir. Çətənə (kannabis) bitkisinin bütün yerüstü kütləsinin (kök və toxum istisna olmaqla) tərkibində narkotik aktivliyə malik komponentlər vardır, buna görə də çətənə (kannabis) birkisindən kustar üsulla müxtəlif növ narkotik vasitələr hazırlamaq mümkündür. Marixuana kustar üsulla hazırlandığı üçün çətənə (kannabis) bitkisinin hissələri onun tərkib hissəsi ola bilər. Narkotik vasitələrin və narkotik tərkibli bitki hissələrin istifadəyə yararlı olubolmaması sualı ekspertin həll etdiyi suallara dairəsinə aid deyildir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 fevral 2022-ci il tarixli, 975 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərun qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1 bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 18 yaşına çatmamış şəxs kimi narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi təmiz çəkisi 5099,68 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmənin qərarı əsasında keçirilmiş məhkəmə bioloji ekspertizasının 11 oktyabr 2022-ci il tarixli rəyindən sonra qalıq qalmış 5098,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhkəmədə saxlanılır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək onun yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda qurudulmuş marixuananın yalnız 720 qram hissəsinin ona aid olduğunu, qalan hissəsinin evinə qoyulduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallartına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən həmin hissədə ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə elan olunmaqla tədqiq edilmiş, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və vəkilinin iştirakı ilə verdiyi ifadəsində o yaşadığı evdən aşkar edilərək götürülmüş 15 ədəd polietilen torbalarda olan qurudulmuş marixunanı ona məxsus olduğunu, həmin qurudulmuş marixuananı əkib becərdiyi kollardan yığıb saxladığını etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrdə həmin qurudulmuş marixuananın 720 qram hissəsinin ona aid olması barədə heç bir fikir bildirməmişdir. Məhkəmədə Şahid7 ifadəsində evindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuananın oğlu Rəvana məxsus olduğunu bildirsə də marixuananın göstərildiyi qədər deyil 720 qram olduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini Təqsirləndirilən şəxs oğlu olduğundan onu müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs və onun özünün ibtidai istintaq zamanı verdikləri işin hallarına uyğun gələn ifadələri, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, evdən aşkar edilərək götürülmüş qurudulmuş marixunaların eyni tərkibli olması barədə məhkəmə bioloji ekspertizasının rəyləri ilə təkzib edildiyindən məhkəmə həmin hissədə onun ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan başqa məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri ilə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 04 fevral 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdəın görünür ki, Təqsirləndirilən şəxs yaşadığı atası Şahid7 məxsus evə hal şahidlərinin, özünün və onun atası Şahid7 iştirakları ilə baxış keçirilərkən evin istifadə olunmayan otağında 1 ədəd polietilen torbada təmiz çəkisi-515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi-45,0 qram, 1 ədəd göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, bundan əlavə 1 ədəd sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 565,0 qram, 365,0 qram, 655,0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram olmaqla, ümumilikdə 5100,0 qram narkotik vasitə qurudulmuş marixuana möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs və onun atası Şahid7 heç bir etiraz etmədən protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan başqa ibtidai istintaq zamanı keçirilmiş məhkəmə bioloji ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, 15 ədəd torbalarda olan 5100,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumi çəkisi 5100,0 qram olan marixuanalar eyni tərkiblidir. Məhkəmənin qərarı əsasında keçirilmiş məhkəmə bioloji ekspertizasının 11 oktyabr 2022-ci il tarixli rəyindən sonra qalıq 5098,66 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş ümumi çəkisi 5098,66 qram olan marixuanalar eyni tərkiblidir. Məhkəmə 15 ədəd torbalarda aşkar edilərək götürülmüş 5100 qram çəkidə narkotik vasitə quudulmuş marixuanın çəxsi istehlak midarından min dəfələrlə çox olması və onların çoxlu sayda torbalara qablaşdırılması halının olmasını nəzərə alaraq hesab edir ki, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2004-cü ildə Sabirabad rayonu Əsgərbəyli kəndində anadan olmuşdur. Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan ibtidai istintaq orqanının 04 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş və 06 fevral 2022-ci il tarixli qərarına əsasən onun barəsində polisin nəzarəti altına vermə qərimkan tədbiri seçilməklə o azad edilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2004-cü il tarixdə doğulduğundan o cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Məhkəmə CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmayan olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə onun barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiqi üçün əsaslar müəyyən etmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdən başlayaraq 06 fevral 2022-ci il tarixədək müddət ərzində cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. Ona görə də CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanıldığı 2 gün təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən ona qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməklə, barəsində həbs qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı o həbs olunduğu vaxtdan hesab edilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs xx xxxx 2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış şəxs olduğundan onun barəsində narkomaniyadan mülaicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəraran Ağır Cinayətlər Məhkəməsində saxlanılan qalıq çəkisi 5098,66 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın, ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı o həbs olunduğu vaxtdan 10 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəraran Ağır Cinayətlər Məhkəməsində saxlanılan qalıq çəkisi 5098,66 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar