Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-12/2024 23.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Süleymanov Elxan Xasay oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda, yəni ümumi təmiz çəkisi 1026,174 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra – heroin) 2022-ci ilin oktyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gün və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə əldə edib 1,174 qramı üzərində və 1025,0 qramını yaşadığı evin həyətyanı sahəsinə yığılmış ot bağlamalarının arasında daşıyaraq saxlamış, 01 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməsində, üzərində gəzdirməsində və yaşadığı ünvanda saxlamasında, eləcə də satışında şübhəli bilinərək Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşadığı ünvana baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsində yığılmış ot bağlamalarının arasından qəsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1025,0 qram heroin aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib saat 21:50dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində qəsdən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda vahid niyyətlə əldə edib daşıyaraq saxladığı 03 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi - 0,284 qram, 0,390 qram, 0,500 qram təmiz çəkisi 1,174 qram, ümumilikdə isə külli miqdarda, 1026,174 qram təmiz çəkiyə malik heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 noyabr 2023-cü il tarixdə, axşam saat 8-9 aralığında həyət darvazasından çölə çıxarkən küçədə iki nəfər adam görmüş, lakin onları tanımamışdır. Həmin şəxslər üstünə gəldiyindən o,da geri qayıdıb həyətinə girmiş, həmin şəxslər də onun arxasınca gəlib həyətə gəlmişlər. Onu həyətlərində tutmuşlar. Həmin şəxslərin polis olduqlarını bilmədiyindən onlara müqavimət göstərmiş, həmin şəxslər polis olduqlarını dediklərindən o, daha müqavimət göstərməmiş, lakin kömək üçün evdəkiləri çağırmış, onun səsinə atası, anası, qardaşı, qardaşının yoldaşı gəlmişlər. Həmin şəxslər isə onu yerə yıxıb saxlamışlar. Ailə üzvləri gəldikdə orada olan Fuad adlı əməliyyatçı ailə üzvlərinin üstünə tapança çıxarmış, sonra isə vəsiqəsini göstərmişdir. Atası da onların polis olduqlarını bildirib onu aparmalarına icazə vermiş, buna görə də həmin şəxslər onu maşına mindirmişlər. Maşında isə 4 nəfər də olmuşdur. Onu döyə-döyə bölməyə gətirmişlər, orada da onu döyməyə davam etmişlər. Həmin vaxt üzərində qara rəngli bükümdə 1 qrama yaxın narkotik vasitə olmuşdur. Lakin polislər onu döyüb dedikləri qədər narkotiki boynuna qoymağı tələb etmişlər. Onu elə vəziyyətə salmışlar ki, hətta Gəncə istintaq təcridxanasına aparılarkən orada onu qəbul etməkdən imtina etmişlər, bədəni üzərində çoxlu xəsarətlər olmuşdur. Həmçinin ona bildirilmişdir ki, onun həyətinə gedəcəklər və dediyi yerə qoyulacaq 1 kq narkotik vasitəni boynuna götürməlidir. O, da döyüldüyü üçün polis əməkdaşları ilə razılaşmışdır. Ondan narkotik vasitəni hara qoyacaqları yeri soruşmuşlar, o isə qonşunun həyətində olan ot tayasının altına qoymağı təklif etmişdir. Həmin ot tayası onun həyəti deyil, qonşunun həyəti olmuş, lakin həyətlər arasında hasar olmamışdır. Polislər isə həmin həyətin ona aid olduğunu fikirləşmişlər. Bundan sonra onu evinə gətirmişlər, sonra əməliyyatçılardan biri həmin həyətə keçib dediyi yerə narkotik vasitəni qoymuşdur. Həmin vaxt həyətdə 50-60 nəfər polis əməkdaşı olmuş, başqa heç kim olmamışdır. Bundan sonra onu həyətə gətirib narkotik vasitəni qoyduqları yerdən götürməsini tələb etmişlər, o, həmin yeri bilmədiyindən polislər qoyduqları yerdən narkotiki götürmüşlər. Onun həmin narkotik vasitədə əl izi belə olmamışdır. Həmin vaxt onun yaşadığı otağa da baxış keçirilmiş, orada balaca bir stolun üstündə üzərində olan heroindən və karton qutuda “nəşə” də olmuş, lakin polislər həmin kütlələri götürməmişlər. Sonra onu polis şöbəsinə gətirmişlər, üstündə olan narkotiki götürüb kənara qoymuşlar və ot tayasının altından götürdükləri heroindən üç büküm götürüb onun üzərinə qoymuşlar ki, həmin kütlələr eyni tərkibli olsun. Onun özündə olan narkotik vasitə isə qara rəngli olmuşdur. Polislərin dediyi sözləri demiş və çəkiliş aparmışdır. Guya o, narkotik vasitəni iranlı şəxsdən almış və terminaldan həmin şəxsə 4 min manat pul göndərmişdir, lakin həmin terminallar yoxlanılsa müəyyən edilər ki, o, heç kimə pul göndərməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Onun telefonu polislərdə olmuş, telefonun da iranlı şəxslə danışıqlarının olması müəyyən olunmamışdır. O, müəllim ailəsində yaşamış, valideynlərinin ona verdiyi 20-25 manat pulla narkotik alıb istifadə etmişdir. Valideyinlərinin ona pul verməkdə məqsədinin isə onun pis adamlara qoşulmamasını istəmələri olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 10 il olar ki narkotik vasitələrdən – heroin və marixuanadan istifadə etmişdir. Ailə tərkibi atası və anasından ibarətdir, qardaşları isə evli olduqlarından onlardan ayrı yaşayır. Polis əməkdaşları ilə heç bir ziddiyyəti və ədavəti olmamışdır. O, narkotik istifadəçisi olduğundan polislər onu saxlamışlar. İbtidai istintaq zamanı polis əməkdaşlarının dedikləri formada ifadə və izahat vermiş, narkotik vasitənin ona aid olmasını təzyiq altında olduğu üçün bildirmişdir. Əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Buna görə də verdiyi fiadələrin hansı məsuliyyətə səbəb olacağını bilsə də polislərin təzyiqi ilə həmin ifadələri vermişdir. Təzyiqlərə məruz qalması ilə bağlı bir neçə dövlət orqanına müraciət etmiş, ekspertizadan keçirilmiş və rəy verilmişdir. Onu şöbəyə apardıqda ona 10-15 nəfər polis əməkdaşı təzyiq göstəmiş, o, həmin şəxslərdən ikisini Fuad və Elşadı tanımışdır. Lakin Siyavuş adlı şəxs onu saxlayan şəxslər arasında olmamışdır. Onun üzünə, kürəyinə, ayaqlarına, qollarına xəsarət yetirmişlər. Həmin vaxt üzərində mobil telefon olmuş, polislər onu tutanda telefon cibindən yerə düşmüşdür. ***- ***-**-** saylı nömrə onun istifadəsində olmuşdur. Onu polis əməkdaşları həyətlərində sürdüklərindən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək şikayət etmişlər. Narkotikin aşkar olunduğu ot tayasının yerləşdiyi torpaq sahəsi Saday Əsədova məxsusdur, ot tayası da Sadaya məxsus olmuşdur. Onun cibində bir qramdan biraz az olan heroin olmuşdur. İstifadə etmək üçün narkotik vasitəni pulunu verməklə həmkəndlisi Natiq adlı şəxsdən almış, pulu nağd qaydada ödəmişdir. 4 min manat pul ödəməyi polislər ona dediklərindən o formada izahat vermişdir. Fiziki zorakılığa məruz qalması barədə Ağcabədi rayon prokurorluğunda araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan məlumatı olmamış, qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Narkotik aldığı Natiq adlı şəxsin anket məlumatlarını bilmir. Həmin şəxsin cəzaçəkmə müəssisəsində olduğunu bilir, lakin onun vəfat etməsindən məlumatı yoxdur. Polislər onu həyətindən 40 dəqiqə sürüdükdən sonra onu polis şöbəsinə aparmışlar. Bunu onun ailə üzvləri də görmüş, lakin etiraz etməmişlər. Həmçinin onu ikinci dəfə evə gətirəndə hamını həyətdən çıxardıqlarından ot tayasının altına narkotik vasitənin qoyulmasını heç kim görməmişdir. Hadisə vaxtı onun arxasınca evə gələn şəxslərin üstünə bıçaq çıxarmış, həmin şəxslər polis olduqlarını bildirdikdə o, bıçağı kənara atıb qaçmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlayıb yerdə sürümüşlər. O, qaçmaq istəmiş, onu saxlamışlar. Onun üstündə narkotik vasitə heroin 1 qrama qədər olmuş, lakin videoçəkiliş zamanı üzərindən çıxan narkotik vasitə və həyətindən çıxan narkotik ona aid olmamışdır. Üzərində bıçaq gəzdirməsinin səbəbi o, olmuşdur ki, narkotik istifadəsi zamanı həmin bıçaqdan istifadə etmişdir. Ona təzyiq göstərilməsini həmin vaxt MSY-də saxlanılan X8 bilmişdir, belə ki, həmin qız onun səslərini eşitdiyini bildirmişdir. Həmin qızı da narkotik vasitələrdən istifadə etdiyi üçün saxlamışlar. MSY-də olarkən onu müalicə etməsi üçün hər hansı həkim çağırmamışlar. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə bildirmişdir ki, onu iki nəfər şəxs saxlayarkən həmin şəxslərin üzərinə bıçaq çıxarmış, lakin həmin şəxslər polis olduqlarını bildirdiklərindən bıçağı yerə atıb qaçmaq istəmiş, həmin şəxslər onun sürüyərək maşına mindirib polis şöbəsinə aparmışlar. Onu döyərək, fiziki işgəncələr verərək etirafedici ifadələr verməyə məcbur etmişlər. Ona ittiham edilən çəkidə narkotik vasitə ona aid olmamış, həyətindəki ot tayasının altından aşkar edilmiş narkotik vasitə də ona aid olmamışdır. Buna görə onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 01 noyabr 2022-ci il tarixdə evində və hgəyətyanı sahəsinə axtarış keçirilərkən, eləcə də üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 02 və 03 noyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 2-3 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından narkotik vasitə olan heroin əldə etmişdir. Belə ki, “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə adını bilmədiyi İran Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ondan 1 kq narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş, həmin adını xatırlamadığım şəxs 1 kq narkotik vasitə olan heroin üçün ondan 8000 manat məbləğində pul istəmişdir. O, həmin şəxsin təqdim etdiyi hal-hazırda nömrələrini xatırlamadığı bank hesabına 4000 manat məbləğində pulu Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən terminaldan göndərmiş, qalan 4000 manat pulu isə narkotik vasitəni əldə etdikdən sonra göndərəcəkmiş. O, pulu göndərdikdən sonra həmin İran İslam Respublikasının vətəndaşı “WhAtsapp” ani mesajlaşma proqramı vasitəsi ilə “məkan” göndərmiş, narkotik vasitənin olduğu yeri göstərmişdir. O, həmin şəxsin göndərdiyi ünvana uyğun olaraq Ağcabədi rayonu Hindarx qəsəbəsində olan parka getmiş, parkda ağacların arasında qara rəngli sellofan torbada gizlətdiyi heroini götürüb özü ilə birlikdə yaşadığı ünvana aparmışdır. Həmin narkotik vasitə olan heroinin üzərindən biraz götürüb 3 ədəd siqaretin kağız bükümünə qablaşdırıb istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra parkdan gətirdiyi narkotik vasitə olan heroini yaşadığı evin həyətində yığılmış ot bağlamalarının arasında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları evə gələrək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər və onun da razılığı ilə evinə baxış keçirilərkən gizlətdiyi narkotik vasitə aşkar edilərək götürülmüdür. Daha sonra polis şöbəsinə aparılmış, üzərinjə şəxsi axtarış keçirilən zamanı da 03 ədəd bükümdə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına nakrotik vasitəni hardan, necə əldə etməsini bildirmiş, eləcə də adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşı ilə təxminən 1-2 ay bundan əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin şəxsdən ilk dəfə narkotik vasitə aldığını, istifadə etdiyi mobil telefonun yaşadığı evdə olduğunu, ailə üzvlərinin təqdim etməsinə heç bir etirazı olmadığını, adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşının həmin yazışmaları sildiyini, əvvəllər narkotik vasitəni tanımadığı şəxslərdən aldığını, həmin şəxslərlə əlaqəsi olmadığını, yaşadığı ünvanın həyətyanı sahəsinə və evinə baxış keçirilən zaman evdə tək olduğunu, ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(017)-125/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən sonuncu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün saxlamışdır, törətdiyi əmələ görə peşmandır. “Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçisinin iştirakı ilə barəsində olan cinayət işi və maddi sübutlarla tanış olmuş, iş üzrə hər hansı etiraz və vəsatətinin olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün hakim qarşısına çıxarılarkən də polis əməkdaşları yanında olduğundan döyülməsi və etirafedici ifadələr verməsinə məcbur edilməsi barədə hakimə heç nə deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, evində və üzərində aşkar edilmiş heroinin, elektron tərəzinin ona aid olmadığını və polis əməkdaşları tərəfindən evinə və üzərinə qoyulduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə üzərində olan heroin barədə etirafedici ifadələr verdiyini göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Ağcabədi rayon PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, evində saxlaması və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə etmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs saxlanılmış, özünün iştirakı ilə həyətlərinə baxış keçirilmiş, ot tayasının altında bir bağlama aşkar edilmiş, həmin bağlamada heroin olması müəyyən edilmişdir. Tərəzi də çəkildikdə heroin çəkisi təxminən 1040 qram olmuşdur. Bundan sonra sənədləşmə aparılmış, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilərkən 3 bükümdə qızılı rəngli kağıza bükülmüş heroinə bənzər kütlə şalvarının sol yan cibindən çıxmışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik satması barədə də əməliyyat məlumatı daxil olmuşdur. Xəzərin evinə də baxış keçirilmiş, heç nə aşkar edilməmişdir. Ot tayası evdən təxminən 10 metr aralıda olmuş, evlərinin digər kənarı babasının həyəti olmuşdur. Narkotik vasitənin ot tayasının altında olmasını Xəzər özü bildirmiş və polislər həmin yerə aparmışdır. Xəzəri saxlayarkən o, ilk dəfə səs-küy etsə də sonradan sakitləşmişdir. Onun saxlanması üçün fiziki gücdən istifadə olunmamış, ona qarşı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs evə axtarış və şəxsi axtarış zamanı aparılan videoçəkilişlərdə əməlini təsdiq etmiş, narkotik vasitəni iranlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün 4 nəfər gəlmişlər. Onlardan biri ekspert kriminalist, digəri təhqiqatçı, digəri isə Fuad adlı polis nəfəri olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis şöbəsinə aparılıb döyüldüyünü və sonradan geri qaytarıldığını bildirməsi tam yalandır. Xəzərin telefonunda səhv etmirsə iranlı şəxslə danışıqları olmuş, Xəzər özü də iranlı şəxslə danışdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimə narkotik satmasını bilməmişdir. Lakin bilmişdir ki, Xəzərin həyət qapılarının qarşısında qaz sayğacının üstündə soğan olması narkotik vasitənin olması, soğanın olmaması isə narkotik vasitənin olmamasına işarə olmuşdur. Xəzər saxlanıldıqdan sonra Hindarx qəsəbə sakinlərinin canı qutarmış, həmin qəsəbə sakitləşmişdir. Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətbiq edilməmişdir. Xəzər üzərinə polis əməkdaşları tərəfindən narkotik vasityə qoyulmasını bildirsə də belə hal olmamışdır. Onunla Xəzər arasında əvvəllər hər hansı ziddiyyət olmamışdır. Sonuncunun evinə 4 nəfər polis əməkdaşı ilə birlikdə getmişlər. Xəzərin həyətinə baxış keçirilmiş, narkotik aşkarlandıqdan sonra onu şöbəyə aparmışlar. Aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən edə bilməmişlər. Xəzər narkotiki iranlı şəxsdən aldığını bildirmişdir. Bunu təsdiq edəcək hər hansı bir sənəd təqdim edə bilməz. Xəzərin bədəni üzərində təcridxanaya daxil olarkən xəsarətlər aşkar edilməsindən məlumatı yoxdur, ona xəsarət yetirməmişdir. Xəzərin üzərindən 3 büküm heroin çıxmış, üzərindən səhv etmirsə telefon da çıxmışdır. Xəzərin atasının həmin gün “102” xidmətinə zəng etməsindən məlumatı olmamışdır. Lakin Xəzərin atası dəfələrlə polisə müraciət edib oğlu Xəzərin narkotik istifadə etməsini, satmasını bildirmiş, atası bu halı etiraf etmişdir. Hətta atası Xəzərin bütün ailəni, kəndi bezdirdiyini bildirmişdir. Xəzər saxlanılan zaman onun iştirak etmədiyini bildirsə də bu yalandır. Xəzərin saxlanılmasında şəxsən iştirak etmiş, əməliyyat məlumatı da həmin gün daxil olmuşdur. Xəzəri saxlayarkən atası və anası da çöldə olmuşdur. Xəzərin narkotik vasitəni Natiq adlı şəxsdən almasını bildirməsi yalandır, çünki həmin şəxs vəfat etdiyindən onun adını çəkir. Uzun müddətdir ki, Xəzərin yaşadığı qəsəbə üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Xəzər iki dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Xəzərin evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, sonra şöbəyə aparılıb üzərinə baxış keçirilmişdir. Müvafiq şərait və vəkil olmadığından Xəzərin üzərinə həyətdə baxış keçirilməmişdir. Xəzəri saxlayarkən o, qaçmağa çalışmış, hətta onların üstünə bıçaq da çıxarmışdır. Lakin polis olduqlarını dedklərindən Xəzər bıçağı kənara atıb qaçmaq istəmiş, lakin onu saxlamışlar. Həmin vaxt Xəzər saxlanıldıqdan sonra polisə aparılmamış, birinci evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, sonra Xəzər polis şöbəsinə aparılmışdır. Xəzər bıçağı yerə atdıqdan sonra həmin bıçağı götürmək yadından çıxmışdır. Həyətə və evə baxış keçirilərkən Təqsirləndirilən şəxs ailə üzvlərini kənara çıxartmamışlar. Ot tayasından narkotik vasitəni kimin götürməsi yadında deyil. Təqsirləndirilən şəxs tutulan vaxt Ağcabədi RPŞ-nin MSY-də İlahəm Ağayeva adlı şəxsin saxlanılıb-saxlanılmamasını bilmir. Xəzəri saxlayarkən birbaşa evinə baxış keçirmiş, vəkil olmadığına görə polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilmişdir. Həyətində narkotik vasitəni olmasını Xəzər özü bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üz nahiyyəsində xəsarət olması ilə bağlı onu deyə bilər ki, yəqin həmin xəsarət izi Xəzər saxlanılmazdan əvvəl yaranmışdır. Onun xəsarətləri yəqin ki, MSY-də də qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən saat 20 radələrində Hindarx qəsəbəsində olmuşlar. Qapını döyüb Xəzəri çağırmışlar. Ot tayasının altında olan narkotik vasitəni Xəzər özü təqdim etmişdir. Həyətə girəndə sağ tərəfdə ev, sol tərəfdə balıq saxlamaq üçün göllər, həmin göllərdə 50- 70 metr irəlidə ot tayası olmuşdur. Narkotik vasitənin ot bağlamasının orta hissəsindən biraz aşağıda aşkar etmişlər. Narkotik vasitə aşkar edilərkən videoçəkiliş aparılmış, Xəzər narkotik vasitənin özünə aid olduğunu, iranlı şəxsdən aldığını bildirmişdir. Xəzərdən başqa evdə atası, anası da olmuş, qardaşı sonradan gəlmişdir. Xəzərin yaşadığ evə də baxış keçirmişlər və videoçəkilişdən istifadə edilmişdir. Həmin ev 1 mərtəbəli, kürsülü ev olmuşdur. Evə baxış keçiirlərkən də Xəzər iştirak etmişdir. Həmin evdə hər hansı narkotik vasitə aşkar edilməmişdir. Əməliyyat məlumatı ona daxil olmamışdır. Xəzər özü onları ot tayasının yanına aparmışdır. Narkotiki ot tayasının arasından kimin çıxarmasını xatırlamır. Ot tayasından aşkar olunmuş predmet qara rəngli sellofana bükülmüş, aşkar edilərkən də açılıb içinə baxılmışdır. Xəzəri saxladıqdan sonra şöbəyə aparmamışlar, onu yenidən həyətə gətirib baxış keçirməmişlər. Xəzərin belə deməsi tamamilə yalandır. Xəzərin konkret olaraq kiməsə narkotik satması barədə məlumatı olmamışdır. Xəzər polis əməkdaşları tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs saxlanlmasında iştirak etmişdir. Xəzər onun saxlayan şəxslərin başqa şəxs olmasını bildirməsi yalandır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun oğlu Təqsirləndirilən şəxs çox pis, qarşısı alınmayan formada narkomandır. Lakin onda 1 kq narkotik vasitə aşkar olunması ilə ittiham edilməsi tamamilə yalandır. O, hər dəfə oğluna 25-30 manat pul vermişdir. Xəzərin çox pulu olmamışdır ki, 1 kq heroin əldə etsin. 01 noyabr 2022-ci il tarixdə axşam saatlarında evdə uzanarkən Xəzərin üç dəfə “ata” deyə qışqırmasını eşitmişdir. Əvvəlcə Xəzərin hansısa narkomanla dava etdiyini fikirləşmiş, səs-küyə arvadı, anası, oğlu həyətə düşmüş, onların arxasınca o, da evdən çıxmışdır. Həyətə düşəndə iki nəfərin Xəzəri yerdə sürüdüyünü görmüş, ona yaxın getdikdə həmin şəxslərin silahlı olması ona deyilmiş, o, isə “narkoman nə vaxtdan silah götrür” deyib həmin şəxslərə yaxınlaşıb niyə belə etdiklərini soruşmuşdur. Həmin şəxslər polis əməkdaşları olduqlarını deyib ondan kənara çəkilməsini tələb etmişlər. O, isə “polissənsə qadalı vur qoluna apar” demişdir. Bundan sonra yenə də Xəzəri sürüməyə başlamış, telefonda kiməsə zəng edib çağırmışdır. Polislər hərəkətlərini davam etdirdiyindən “102” xidmətinə zəng edib şikayət də etmişdir. Az sonra əlavə kömək də gəlmiş Xəzəri həyətdən çıxarıb aparmışlar. Həmin vaxt onun və digərlərinin də telefonlarını alıb aparmışlar. Həmçinin onları da həyətdən çıxarıb heç kimi həyətə buraxmamışlar. Aradan bir ya iki saat keçdikdən sonra polis əməkdaşları Xəzəri evinə gətirmişlər, sonra isə həyətdən narkotik çıxdığını deyib Xəzəri yenidən aparmışlar. Həmin vaxt polis əməkdaşları evində də oturmuş, evdə də axtarış aparmışlar. Hamı dağılandan sonra, yəni polislər evi tərk etdikdən sonra yoldaşı ona bildirmişdir ki, Xəzərin otağındakı stolun üstündə narkotik olduğunu demişlər. O, da həmin narkotiki sanitar qovşağa atmalarına dair göstəriş vemrişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xəzər işləməmiş, qohum qonşulardan pul almış, həmçinin Xəzərə özü də narkotik almaq üçün pul vermişdir. Xəzərə pulu o məqsədlə vermişdir ki, Xəzər evdə dava salmasın, evi dağıtmasın. Xəzərə hər gün 20-50 manat arası pul vermiş, bundan başqa əlacı da olmamışdır. Xəzər evdən yarım saatlığına çıxmış, sonra evə qayıdıb bəlkə də 1-2 sutka otağından çıxmamışdır.Xəzərin narkomanlığını bildikdən sonra dəfələrlə müxtəlif qurumlara müraciət etmiş, ona kömək edilməsini xahiş etmişdir. Ondan Xəzərin kimdən narkotik vasitə alması soruşulmuş, lakin o, həmin şəxsləri tanımadığını bildirmişdir. Lakin bir dəfə Xəzərin narkotik almasını Namik adlı şəxdən almasını eşitmiş, buna görə də həmin dövrdə Ağcabədi RPŞ-də işləyən rəisin yanına gedib şikayət etmiş, rəis də ona kömək ediləcəyini bildirmişdir. Lakin Namik bu barədə eşidib Hindarx qəsəbəsindən qaçmışdır. Onun həyətində yox, atasına aid həyətdə ot tayası olmuş, həmin tayadan gündəlik istifadə etmiş, lakin orada heç vaxt narkotik görməmişdir. Polis əməkdaşları həmin gün onun evinə gəlib Xəzəri aparmış, yarısı isə həyətdə qalmışlar. Onu və ailə üzvlərini həmin həyətdən çıxarmışlar, o, atasıgilin evində olmuşdur. Həyətinə baxış keçirilərkən onun işitirakı olmamışdır. Ot tayası ilə onun evi arasında 70-100 metr məsafə olmuş, orada 50-60 ot bağlaması olmuşdur. Polislər Xəzəri aparmaq istəsələr də Xəzər getmək istəməmiş, buna görə də onu yerdə sürümüşlər. Ot tayası olan həyət atasına aid olsa da onun istifadəsindədir, həmin yerə maneəsiz keçmək imkanı olmuş və keçmişdir də. Xəzəri polis şöbəsinə aparıb geri gətirəndə Xəzəri görməmişdir. Həmin vaxt Eşqin orada olmamışdır. Bəlkə də ikinci dəfə gələn ola bilərdi. Polislər Xəzəri yerdə sürüyəndə “Xəzər bir neçə şəxsə sarı torpaq satıb” deyə bildirmişlər. Mehman adlı oğlu müharibə iştirakçısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xəzər onun qardaşıdır. Həmin hadisə vaxtı hərbi sistemdə işləmişdir. İşdən evə gəldikdə həyətində 15-20 nəfər polis əməkdaşlarının olmasını görmüşdür. X13 markalı maşına mindirib aparmışlar, lakin bir neçə polis də həyətlərində qalmışdır. Təxminən 40-50 dəqiqə sonra yenidən Xəzəri evə gətirmişlər.Həmin vaxt bütün ailə üzvlərini evdən və həyətdən çıxarmış, Xəzəri qapının qarşısında danışdırıb sonra içəri salmışlar. Az sonra həyətdən çıxmışlar və ot tayasının altından narkotik vasitə çıxmasını bildirmişlər. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin gün o, evinə çatarkən Xəzəri polis əməkdaşlarının maşınına mindirdiyini görmüşdür. Həmin vaxt həyətdə ailə üzvlərini də görmüşdür. Xəzərin polisə hansı səbəbdən aparılmasını bilməmiş, atasından soruşduqda narkotiklə bağlı polisə aparıldığını bildirmişdir. Xəzərin narkotik istifadəçisi olmasını bilmişdir. Həyətə baxış zamanı onu və ailə üzvlərini həyət qapısından çöləküçəyə çıxarmışlar. 15-20 dəqiqə sonra polislər həyətdən çıxmışlar. Həmin vaxt ərzində həyətdən hər hansı səs gəlməsini eşitməmişdir. Xəzərin qışqırıq səsi gəlməmişdir. Xəzərin polislər tərəfindən döyülməsini görməmiş, atasından eşitmişdir. Bu səbəbdən atası DİN-nin “102” xidmətinə zəng etmişdir. Xəzəri polis əməkdaşları yenidən evə gətirəndə sonucu pis vəziyyətdə olmuş, hətta danışa bilməmişdir. Xəzəri apardıqdan sonra polis əməkdaşları onların həyətində müxtəlif yerlərə girib çıxmışlar. Ot tayası evdən 50-60 metr aralıda olmuşdur. Xəzər narkotik vasitənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən həmin yerə qoyulduğunu bildirmişdir. Xəzər polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadə verdiyini bildirmişdir. Həmin vaxt digər qardaşı evdə olmuş, hadisəni görmüşdür. Həmin ot tayasından onun ailəsi və babası da istifadə etmişdir. Xəzər uzun müddət idi ki, narkotikdən istifadə etmişdir. Narkotik almaq üçün pulu Xəzərə ailə üzvləri vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun polis əməkdaşları tərəfindən evdən tutulub aparılmasını görməmişdir. Lakin ailə üzvləri Xəzərin polis əməkdaşları tərəfindən aparılmasını bildirmişlər. Həyətindən çıxan narkotik vasitənin Xəzər ona məxsus olmadığını demişdir. Həmçinin Xəzər polis əməkdaşları tərəfindən döyüldüyünü, buna görə də narkotikin ona aid olması barədə ifadə verməsini demişdir. Xəzəri narkotik istifadə etməsini bilmişdir. Onu bu yoldan çəkindirmək istəsələr də Xəzər onlara qulaq asmamışdır. Xəzər atasından pul alıb narkotik almış, lakin narkotiki kimdən almasını bilməmişdir. Xəzər istifadəsi üçün aldığı narkotik vasitələri hara qoymasını bilməmiş, Xəzərin istifadə etdiyi narkotik vasitəni görməmiş, evdə də harasa qoymasını bilməmişdir. Onların həyət qapısından çöldə 9-10 ədəd maşında polis əməkdaşları olmuş, onların bəziləri polis formasında olmuşlar. Həmin vaxt nənəsigilin həyətindən öz həyətlərinə baxmışdır. O, atasıgilin həyətinə gəldikdən təxminən yarım saat sonra Xəzəri gətirmişlər. Həmin vaxt həyətlərində polis əməkdaşları da olmuşlar. Xəzəri təxminən 50-60 metr məsafədə görmüş, Xəzərin halı özündə olmamışdır. Gecə olduğundan Xəzərin döyülübdöyülməməsini, bədəni üzərində hər hansı xəsarətin olmasını görməmişdir. Xəzərin və polis əməkdaşlarının ot tayasına yaxınlaşması yadında qalmamışdır. Polis əməkdaşlarının ot tayasına nə isə qoymasını görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin şəxsə elan edilmiş ittihamla bağlı heç bir məlumatı yoxdur, həmin prosesdə iştirak etməmişdir. Şahid7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı həyətdə olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrəsi vardır və həmin nömrəni çoxdan istifadə edir. Hindarx qəsəbəsində onun qaynatası yaşamış, müxtəlif vaxtlarda ora gedib gəlmişdir, lakin Xəzər tutulan vaxt həmin prosesdə iştirak etməmişdir. Sonuncunun tutulma vaxtını da bilmir, lakin 01 noyabr 2022-ci il tarixdə ola bilər ki, orada ola bilər. Çünki qohumları orada yaşadığından həmin qəsəbəyə gedib gəlmişdir. Fuad adlı polis əməkdaşını tanıyır. Həmin şəxslə birlikdə Xəzəri saxlamamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-ın rəisi Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağcabədi RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, tutulandan sonra tanımışdır. xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilmiş baxış istintaq hərəkətlərində iştirak etməmişdir. Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xəzərin barəsində keçirilmiş əməliyyat tədbirində onun da iştirak etməsinə dair Təqsirləndirilən şəxs göstərdikləri yalandır, əgər Xəzəri tutsaydı müvafiq sənədləşdirməni də aparardı. Xəzərin evində, həyətində olmamış, sonuncu tutulduqdan sonra həmin kənddən başqa əməkdaşlarla keçib getmişdir. Xəzər barədə əməliyyat tədbirinin olması barədə onun məlumatı olmuş, lakin həmin tədbirdə iştirak etməmişdir. Xəzərin onun adını çəkməsinin səbəbi odur ki, o, Ağcabədi RPŞ-də işlədiyi dövrdə narkotiklərlə mübarizə aparmış, onu bütün narkomanlar tanımış, həmişə onun tərəfindən tutulacaqları ilə narahat olmuşlar. Xəzər narkotik satan olmuş, buna görə də həmişə onun tərəfindən tutulacağını gözləmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, evində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, baxış və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 5; 8; 9-13; 33-35) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 9) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində ot bağlamalarının arasından qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər 1040 qram çəkidə kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş kütlə ilə bağlı etirafedici ifadə vermiş və həmin kütlənin ona məxsu olmasını bildirmişdir. (i.v. 10-13) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.26) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin iç qızılı rəngli bükümünə bükülmüş 03 ədəd büküm təqdim etmiş, həmin bükümlərdə heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, hər hansı etirazının olmadığını bildirmişdir. (i.v. 33-35) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1188 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,284 qram, 0, 390 qram, 0,500 qram, ümumi çəkisi 1,174 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs həyətindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi – 1025,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş heroin görə eyni tərkiblidir. Heroinin ümumi çəkisi- 1026,174 qram, cəmi tədqiqata sərf edildi – 0,40 qram (hər ob-0,1qr), qalıq 1025,774 qram. (i.v.45-49) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 61-62) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(017)-125/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 92-93) - “ifadənin yerində yoxlanılması” haqqında 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən parkda yoxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar edilmiş narkotik vasitəni götürdüyü yeri göstərmişdir. (i.v. 94-96) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(017)-212/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Siyavuş Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v. 106) - Gəncə şəhər Səhiyyə İdarəsinin Psixonevroloji Dispanserin 04 noyabr 2023-cü il tarixli, 679 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. (i.v. 119-120) -X5 tibbi yoxlamanın 28 yanvar 2022-ci il tarixli, 151 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v. 161) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs PX-nin 02 saylı istintaq təcridxanasında müayinədən keçərkən bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı üzrə Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 925 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər sağ sağrıda olan köhnə yanıq sahəsi hər hansı isti cismin yerli təsirindən törənmişdir. Sol biləkdə və hər iki baldırda olan köhnə çapıq toxumalar isə küt əşyanın təsirindən törənmişdir. Xəzarətlərin yetirilmə müddəti və vaxı ilə bağlı qeyd edilmişdir ki, toxumalarda tam sağalma getdiyindən yetirilmə müddətlərini dəqiq müəyyən etmək - Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 9095/2022/1605 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə 02 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı sağ gözün üst qapağında çəhrayı qançır izi, sol gözün üst qapağında kiçik çəhrayı qançır izləri, belin sol nahiyyəsində təxmini 7-8 sm ölçüdə əzilmiş qərtmək bağlamış yara, sağ sarğıda təxmin 4-5 sm yanıq toxuma, sol və sağ dizində qərtmək bağlamış yaralar, hər iki baldırın ön səthində əzilmiş, qərtmək bağlamış yaralar, hər iki bioləkdə qandal izləri aşkar olunmuşdur. Deməsinə görə xx.xx.2022-ci il tarixdə həbs olunan vaxt xəsarət almışdır. - Təkrar məhkəmə tibbi ekspertizasının 16 avqust 2023-cü il tarixli, TT 543/2023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs İstintaq təcridxanasında müayinə olunarkən onda sağ və sol gözün üst qapağında kiçik çəhrayı qançır izləri, bel nahiyəsində solda əzilmiş qərtmək bağlamış yara, sağ sarğıda yanıq toxuma, sol və sağ dizində, hər iki baldırın ön səthində qərtmək bağlamış yaralar, hər iki biləkdə qandal izlərinin olması qeyd edilmişdir. Qeyd edilən xəsarətlər müayinə zamanı tam təsvir edilmədiyindən (xarakteri, forması, rəngi və ölçüləri) onların yetirilmə mexanizmi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyil, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyaları onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 16 avqust 2023-cü il tarixli, TT 543/2023 nömrəli rəyində göstərilənləri nəzərə almaqla Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncular tərəfindən ona fiziki zor tətbiq edilib-edilməməsinə dair müraciətinin yenidən araşdırılması məsələsinə baxılması üçün xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon prokurorluğuna göndərilmiş və həmin məktuba cavab olaraq Ağcabədi rayon prokuroluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünr ki, məhkəmənin qeyd edilən məktubu əsasında 285c-22 saylı material Ağcabdəi rayon prokuroriu tərəfindən nəzarət qaydasında öyrənilən zaman müəyyən edilmişdir ki, araşdırma zamanı polis əməkdaşlarının qanun pozuntusuna yol verib-verməməsinin müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən xidməti yoxlama aparılması üçün Respublika Baş Prokurorluğuna müraciət edilmiş, həmin müraciət əsasında DİN-nin müvafiq təhqiqat qurumu tərəfindən aparılmış araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı məktubda göstərilmiş məhkəmə tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlərlə eynilik təşkil etmiş, buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edildiyindən material üzrə əlavə araşdırılması məqsədəmüvafiq hesab edilməmişdir. - Məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 16 avqust 2023-cü il tarixli, TT 543/2023 nömrəli rəyində göstərilən xəsarətlərlə bağlı (sağ və sol gözün üst qapağında kiçik çəhrayı qançır izlərinin) yenidən araşdırma aparılması məsələsinə baxılması üçün xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon prokurorluğuna göndərilmiş və həmin məktuba cavab olaraq “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs PX-nin 02 saylı istintaq təcridxanasında müayinədən keçərkən bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı üzrə Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə ləğv edilmiş, həmin fakt üzrə yenidən aparılmış ilkin yoxlama zamanı cinayət işinin başlanması üçün əsasın mövcud olmadığından və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibini istisna edən halların mövcudluğu nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində bir bükümdə 1 qrama yaxın heroindən başqa hər hansı narkotik vasitə olmadığını, babasının həyətindəki ot tayasından və üzərindən aşkar edilmiş heroinin, ona aid olmadığını, polis əməkdaşları tərəfindən evinə və üzərinə qoyulduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə evində aşkar edilmiş və üzərində olan heroin barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1188 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş heroin eyni tərkiblidir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı fərdi yaşayış evinin həyətindən heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 03 bükümdə heroinə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, iranlı şəxsdən aldığını şəxsi istifadə məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün üzərində aşkar edilmiş narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaqın ilkin dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər, sonrakı mərhələdə bu hal barədə Təqsirləndirilən şəxs şikayəti olsa da o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 iyun 2024-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktı üzrə Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs PX-nin 02 saylı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində aşkar edilmiş xəsarətlərə müasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara müqavimət göstərdiyini, həmin hətta bıçaq çıxardığını, onu saxlamaq istəyən şəxslərin polis əməkdaşları olduğunu bildikdə bıçağı yerə atıb qaçmaq istədiyini, lakin polis əməkdaşlarının onu saxlayıb sürüyərək avtomobilə mindirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onlara tabe olmaması, buna görə də polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq edərək sonuncunu saxlamağa çalışmasını Təqsirləndirilən şəxs atası Şahid3 və qardaşı Mehman Əsədov da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təsdiq etmişlər. Həmçinin Ağcabədi rayon Prokurorluğunda ilkin yoxlama aparılarkən izahat vermiş Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etmiş polis əməkdaşları Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətləri saxlanılarkən almasının mümkün olmasını bildirmişlər. Bütün bunlara kompleks şəkildə yanaşan məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri olsa da sonuncu həmin xəsarətləri saxlanılarkən polis əməkdaşlarına tabe olmaması, nəticədə sonuncuya fiziki güc tətbiq edilməsi nəticəsində almışdır. Cinayət işi üzrə etirafedici ifadə vermək üçün Təqsirləndirilən şəxs fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə bu fikrin məntiqi davamı olaraq qeyd edir ki, əgər Təqsirləndirilən şəxs saxlanılan vaxt etirafedici ifadə verməsi üçün zor tətbiq edilmişdirsə həmin vaxtda sonrakı dövrlərdə Təqsirləndirilən şəxs müvafiq ekspertiza rəyləri ilə, cinayət işi materialları ilə müdafiəçisi ilə birlikdə tanış olarkən bu barədə fikir bildirməli, həmin protokollara qeydlər etməli idir. Lakin cinayət işi materiallarında belə bir hal aşkar edilməmişdir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən etirafedici ifadə vermək üçün fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki ot tayasının altından və üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də üç bükümdə heroini üzərində saxlamışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və bir hissəsini isə üzərində daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid5, əlavə şahid qismində dindirilmiş Şahid6, Şahid7 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 01 noyabr 2022-ci il tarixli , “ifadənin yerində yoxlanılması” haqqında 03 noyabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 18/1188 saylı, X5 yoxlamanın 28 yanvar 2022-ci il tarixli, 151 tarixli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Ağcabədi RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Əsədov X7 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Bundan başqa Əsədov X7 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. (i.v 112-113; 146-151) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuş, lakin iki il keçməmiş, yəni xx.xx.2022-ci il tarixdə yenidən cinayət törətmiş, ona görə də məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivi cəzasını ağırlaşdıran haldır. - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, Ağcabədi rayonun, Hindarx qəsəbəsində yaşayır. Aiilə tərkibi ata və anasından ibarətdir. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (i.v. 163-164). - Bundan əlavə Azərbaycan Respublikası Medalın Vəsiqəsindən görünür ki, Şahid5 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2362 saylı sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” vəsiqəsi verilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid5 Təqsirləndirilən şəxs qardaşıdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivinin olmasını cəzasını ağırlaşdıran hal olduğunu, yaxın qohumu olan qardaşının vətən mühairbəsi iştirakçısı olmasını və medalla təltif edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən digər hal olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2022-ci il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. X5-tibbi yoxlamanın 28 yanvar 2023-cü il tarixli, 151 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq 1025,774 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1025,774 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-12/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-12/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver