Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-12/2025 23.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 İsgəndər oğlunun iştirakları ilə, xx xxxx 1978-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, Ağcabədi şəhəri, 28 May küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda, yəni 6,454 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib bir ədəd sellofan bükümündə əynindəki qara rəngli şalvarın sol yan cibində daşıyaraq saxlamış, 22 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitəni üzərində saxlamasında və daşımasında şübhəli bilinərək Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşən “Delfin” adlı avtoyuyucunun yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib, həmin gün saat 18:45-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd sellofan bükümündə təmiz çəkisi 6,454 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə saat 18 radələrində dostu X5 və qardaşı oğlu X7 ilə birlikdə avtoyuyucunun yanında olan zaman bir neçə mülki geyimdə olan şəxslər yaxınlaşaraq onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən onun qabağına 1 bükümdə narkotik vasitə heroin qoyaraq ona məxsus olmasını demişlər . O polislərə etiraz etdiyi zaman onu 6-7 nəfər polis əməkdaşlaı döyərək ona bədən xəsarətləri yetirmişlər. Onu döyən polis əməkdaşlarının adlarını bilməsə də üzdən tanımışdır. Polis əməkdaşlarının onu döydükləri üçün dözməyərək polis əməkdaşları ilə razılaşıb narkotik vasitəni üzərinə götürmüş və videoçəkiliş zamanı, həmçinin ilkin ifadələrində həmin heroinin ona məxsus olmasını bildirmişdir. O saxlanılan zaman onun üzərində narkotik vasitə olmamış, həmin narkotik vasitələrini polislər üzərinə qoymuşlar. Heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamış, arabir narkotik vasitə qurudulmuş marixuannadan çəkməklə itifadə etmişdir. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan 7-8 ay əvvəl kakos adlandırılan narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 21 iyul 2023-cü il tarixdə axşam saatlarında yaşadığı küçədə piyada evə gedən zaman yolda bir ədəd siqaret qutusu görmüş, həmin siqaret qutusu onun diqqətini çəkdiyi üçün götürüb baxmış və içərisində bir ədəd kiçik sellofan büküm görmüş, həmin sellofan bükümü açıb içərisinə baxmış və içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və özündə saxlamışdır. 22 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində dostu X5 və qardaşı oğlu X7 ilə birlikdə Ağcabədi şəhəri, Delfin avtoyuyucunun yanında olan zaman tanımadığı şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib onları rayon polis şöbəsinə getməyi bildirmişlər. O da etiraz etməmiş və birlikdə rayon polis şöbəsinə gəlmişlər. Şöbədə şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə olub olmadığını soruşmuşlar. O da əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı içərisində heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə ölşüldükdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində narkotik vasitə olmammış, polis əməkdaşlarının onu döydükləri üçün dözməyərək polis əməkdaşları ilə razılaşıb narkotik vasitəni üzərinə götürmüş və videoçəkiliş zamanı, həmçinin ilkin ifadələrində həmin heroinin ona məxsus olmasını bildirmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis şöbəsinin əməldaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və digərlərinin qanunsuz olaraq narkotik vasitələri saxlamaları və istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı əsasında Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşən “Delfin” adlı avtoyuyucunun yanında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzisində çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 23 iyul 2022-ci il tarixli 18/749 saylı rəyindən görünür ki, təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 6,454 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş X3 üzərindən götürülmüş 1 bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli deyildir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitə 6,354 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli 1574 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflatiki qeydiyyata alınması məsləhət görülür. Məhkəməyə daxil olmuş 05 sentyabr 2024-cü il tarixli 424/MEŞ nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs qeyd olunan “Hər iki gözətrafı nahiyədə, hər iki qulaq seyvanında, sol yanaqda, sol bazu nahiyəsinin bayır səthində göy-bənövşəyi rəngli qançırlar” küt təsir mezanizminə malik əşya ilə yetirilmişlər, rəng göstəricilərinə əsasən törənmə müddətləri xx.xx.2023-cü il tarixdə İstintaq Təcridxanasına daxil olduqdan sonra aparılmış ilkin tibbi baxışdan 2-3 günə qədər əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs qeyd olunan “Sol tərəfli qasıq yırtığı” ilə əlaqədar şişkinlik qeyri-travmatik xarakterli olduğundan sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. 2.Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin lokalizasiyası, xarakteri, ölçüləri, formaları müfəssəl təsvir olunmadığından yıxılma, döyülmə və ya özü-özünə yetirməsi nəticəsində əmələ gəlmələrinin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və videoçəkilişdən görünür ki, Ağcabədi rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşları və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağacəbədi rayon məhkəməsinin 25 iyul 2023-xcü il tarixli qəarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat axtarış tədbiriin keçirilməsi barədə Ağcabədi RPŞ-nin qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 6,354 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallrında olan 16 avqust 2023-cü il tarixli Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəməyə daxil olmuş Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 13 mart 2024cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il taridə müalicə müəssisəsinə göçürülmüş, həkim müayinələrindən keçirilmiş ona “kəskin respirator infeksia. Tonzillit. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokordiyası İ f.s. stentləşmədən sonrakı hal. Sol tərəfli qasıq yırdığı” diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş 27 noyabr 2023-cu il tarixli Gəncə 02 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçmiş və onda hər iki göz ətrafı, hər iki qulaq seyvanında, sol yanaq və sol bazuda qançır izləri, sol qasıqda şişginlik aşkar olunmuşdur.Məhkəməyə daxil olmuş təqsirləndirilən şəxsin tibbi kitabçasının surətində görünür ki. Təqsirləndirilən şəxs bədəni üzərində hər iki göz ətrafı, hər iki qulaq seyvanında, sol yanaq və sol bazuda qançır izləri, sol qasıqda şişginlik aşkar olunmuşdur. Məhkəməyə təqdim olunmuş 19 avqust 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmə faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, görünür ki, Əzimov X4 şəhəri 28 may küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından 2002-ci il təvəllüdlü X9 və 2003-cü il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ilk məhkumluğunu, Ürəyin işemik xəstəliyi diaqnozu ilə xəstə olmasını, yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə proflatiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Ağcabədi rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,354 qram heroin narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 22 iyul 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Ağcabədi Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,354 qram heroin narkotik vasitəsi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-12/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-12/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver