Məhkəmə qərarları › İş №1(099)-121/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-121/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-121/2024 23.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi-Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1957-ci ildə Salyan rayonu Nəvahi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında Hacıqabul rayonu Nəvahi kəndində yerləşən Nəvahi kənd bələdiyyəsinin balansında olmaqla kənd təsərrüfatı torpaqlarına aid bələdiyyə mülkiyyətində olan 0,0077 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ, yəni bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş hüquq müəyyənedici sənəd olmadan özbaşına tutduqdan sonra torpaq üzərində sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədilə mişar daşından ərzaq mağazası inşa etmiş, bununla da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bundan başqa, o, 2022-ci ilin iyul ayında Hacıqabul rayonu Nəvahi kəndində yerləşən Nəvahi kənd bələdiyyəsinin balansında olmaqla kənd təsərrüfatı torpaqlarına aid və bələdiyyə mülkiyyətində olan 1,55 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ, yəni bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş hüquq müəyyənedici sənəd olmadan özbaşına tutmaqla torpaq üzərində mülkiyyət hüququnu pozaraq həmin torpaq sahəsinin ətrafını taxta materialından hasara alıb, torpaq sahəsi üzərində becərmə işləri aparmaqla, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini təkrar özbaşına tutmaqla becərmişdir. Bundan başqa, o, 2023-cü ilin may ayında Hacıqabul rayonu Nəvahi kəndində yerləşən Nəvahi kənd bələdiyyəsinin balansında olmaqla kənd təsərrüfatı torpaqlarına aid və bələdiyyə mülkiyyətində olan 1,28 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ, yəni bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş hüquq müəyyənedici sənəd olmadan özbaşına tutmaqla torpaq üzərində mülkiyyət hüququnu pozaraq həmin torpaq sahəsinin ətrafını taxta materialından hasara alıb, torpaq sahəsi üzərində becərmə işləri aparmaqla, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini təkrar özbaşına tutmaqla becərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Mərhum qardaşı 2000-ci ildə onun adına torpaq sahəsi almışdır. Qardaşı rəhmətə getdikdən sonra o həmin torpaq sahəsinin sənədlərini axtarmış, lakin tapmamış, qardaşı arvadından xahiş etmiş, o da sonda sənədləri ona vermişdir. 2020-ci ildə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində mağaza tikmək üçün Nəvahi kənd bələdiyyəsinin sədri Nümayəndə ərizə ilə müraciət etmiş, buna görə o 50 manat və 330 manat Səidəyə rüsum ödəmiş, Dövlət kadastr şöbəsinin nümayəndələri həmin yerə gəlib ölçü işləri aparmışlar. O, da Nümayəndə razılığı ilə həmin yerdə 2021-ci il tarixdən başlayaraq 50 kv.metr sahədə mağaza tikmişdir. Hazırda da işləri davam edir. Mağaza hələ tam hazır deyil, içərisində bəzi işlər görülməlidir. Sonra o yenə 2021-ci ildə bələdiyyə sahəsində 1,5 hektar sahənin icarəyə götürmək üçün ərizə vermiş, lakin Nümayəndə ona gözləməyi bildirmiş, o isə həmin 1,5 hektar örüş sahəsini 2022-ci ilin avqust ayında şumlatdırmış ki, həmin yerdə tut ağacı əksin. Lakin iyun ayında həmin torpağa buğda əkmişdir. O, Hacıqabul bələdiyyə sədri Nümayəndə bələdiyyənin balansından ona torpaq sahəsinin ayrılması barədə 2021-ci ilin əvvəllərində ərizə ilə müraciət etmişdir. Bundan sonra Nümayəndə onun oğlu Şahid1la danışıb Dövlət Xəritəçəkmə və Yerquruluşu komitəsinin əməkdaşlarının həmin əraziyə gəlib baxış keçirmələri müqabilində 50 manat pul istəmişdir. Fariz yeznəsi İsmətə zəng edərək 50 manat pulu Nümayəndə verməsini xahiş etmişdir. İsmət də 50 manat pulu Nümayəndə vermişdir. Bundan biraz keçdikdən sonra Fariz İsmətə zəng edərək Nümayəndə torpağın sənədləşdirilməsi müqabilində 330 manat pul verməli olduğunu demişdir. İsmət 330 manat pulu həmkəndliləri Ələsgər vasitəsilə Nümayəndə göndərmişdir. Ələsgər 330 manat pulu Səidəyə kənd məktəbində vermişdir. Bundan sonra təxminən bir ildən sonra Fariz Səidə ilə torpağın sənədləşməsinin nə yerdə olduğunu soruşduqda Səidə Farizə həmin torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olduğunu, həmin hissəsinin bələdiyyə mülkiyyətinə çevrilməli olduğunu, bundan sonra həmin torpaq sahəsinin onlara ayrılacağını ona görə də əlavə olaraq 3500 manat pul verməli olduğunu bildirmişdir. 3500 manat pulu o, Kənd Bələdiyyəsinin inzibati binasında Nümayəndə vermişdir. Nümayəndə verdiyi pulların müqabilində ona heç bir qəbz verməmişdir. Onun şumladığı torpaq sahəsi örüş torpaqlarıdır. Mağaza tikdiyi torpaq sahəsinin isə təyinatını bilmir. Sonuncu torpaq sahəsi isə özünə məxsusdur. Qardaşı orada əkin işləri görüb, bununla bağlı da heç kim onalara heç nə deməmişdir. Hazırda mağaza tərəfindən tam sökülmüş, Nəvahi kənd bələdiyyəsinin balansında olan 1,55 ha torpaq sahəsi və 1,28 ha torpaq sahəsi Nəvahı kənd bələdiyyəsinin istifadəsinə verilmişdir, bələdiyyə sədri ilə barışmışdır. Məhkəmədən yaşlı olmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində “mübahisəli torpaq sahələrini kənd bələdiyyə sədri Nümayəndə razılığı ilə istifadə etməsi” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Hacıqabul rayonu Nəvahi kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Nəvahi kənd sakini Təqsirləndirilən şəxs 2 il bundan əvvəl kənd bələdiyyəsinə gələrək şifahi olaraq torpaq sahəsi istəmişdir. O, isə Familə qeyd etdiyi yerin verilə bilməyəcəyi barədə şifahi məlumat vermişdir. 2021-ci ilin aprel ayında Famil kənddə işlətdiyi mağazanın yanında yenidən mağaza tikməyə başlamışdır. O, Familə qanunsuz tikinti apardığına görə iradını bildir, Famil isə demişdir ki, tikintini sənədləşdirəcək. Bundan sonra Familin oğlu Fariz onunla danışmış, atasının xasiyyətinin pis olduğunu, mağazanın özünün sənədləşdirəcəyini demişdir. Bundan sonra o, Dövlət Torpaq xəritəçəkmə və Kadastr İdarəsinin əməkdaşlarını həmin əraziyə dəvət etmiş. Onlar gəlib torpaq sahəsini ölçmüşlər və torpaq sahəsinin xeyli hissəsinin Hacıqabul rayonu Nəvahi kənd icra nümayəndəliyinin ərazisinə düşdüyünü bildirmişlər. O, isə Farizə Kadastrın ödənişlərini ödəməsini bildirmişdir. Fariz İsmət adlı şəxs vasitəsilə 50 manat pul göndərmişdir. Bundan sonra Fariz 330 manat pulu həmkəndliləri Ələsgər vasitəsilə göndərmişdir. O, həmin pulu alaraq Kadastrın hesabına köçürmüşdür. Lakin Təqsirləndirilən şəxs ona 3500 manat pul verməmişdir. Famil qanunsuz olaraq torpaq sahəsində tikinti işləri aparmışdır. 2022-ci ilin iyul ayında Famil yaşadığı evin yaxınlığında 1.5 hektar torpaq sahəsində qanunsuz şumlama işləri aparmış və xəndək qazmışdır. O, Familə bu qanunsuzluqlarla bağlı xəbərdarlıq etmişdir. Lakin Famil onun xəbərdarlıqlarına heç bir əhəmiyyət verməmişdir. Həmin torpaq sahəsinin təyinatı örüşdür olmuşdur. Bundan sonra o, bu barədə Hacıqabul rayon Polis şöbəsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs barəsində Hacıqabul rayon polis şöbəsində cinayət işi olduğu halda yenidən Hacıqabul rayon Nəvahi kəndində başqa bir ərazini də özbaşına qanunsuz zəbt edərək əkib becərmişdir. Həmin ərazidə taxıl biçin işləri aparılarkən müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ərazini qanunsuz zəbt edərək əkib becərmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahələri bələdiyyənin istifadəsinə verilməklə qaytarılmış, qanunsuz tikilən mağaza isə sökülərək ərazi təmizlənmişdir. Fail Məmmədovla barışmış, heç bir şikayət və tələbi yoxdur, onun ahıl yaşda olmasını nəzərə alıb, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs 2020-ci ildə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində mağaza tikmək üçün Nəvahi kənd bələdiyyəsinin sədri Nümayəndə ərizə ilə müraciət etmişdir. Buna görə 50 manat və 330 manat Səidəyə pul vermişlər. Atası da Nümayəndə razılığı ilə həmin yerdə 2021-ci il tarixdən başlayaraq 50 kv.metr sahədə mağaza tikmişdir. Hazırda da tikinti işləri davam edir. Mağaza hələ tam hazır deyil, içərisində bəzi işlər görülməlidir. Sonra yenə atası 2021-ci ildə ərizə ilə bələdiyyə sahəsində 1,5 hektar sahənin icarəyə götürmək üçün ərizə vermişdir. Lakin Nümayəndə atasına gözləməli olduğunu bildirmişdir. Atası isə həmin 1,5 hektar örüş sahəsini 2022-ci ilin avqust ayında tut ağacı əkmək məqsədilə şumlatdırmışdır. Nümayəndə onunla danışıb Dövlət Xəritəçəkmə və Yerquruluşu komitəsinin əməkdaşlarının həmin əraziyə gəlib baxış keçirmələri müqabilində ondan 50 manat pul istəmişdir. O, qohumu İsmətə zəng edərək 50 manat pulu Nümayəndə verməsini xahiş etmişdir. İsmət də 50 manat pulu Nümayəndə vermişdir. Sonra Səidə torpağın sənədləşməsi üçün ondan ilkin olaraq 330 manat pul istəmişdir. O, İsmətə zəng edərək Nümayəndə torpağın sənədləşdirilməsi müqabilində 330 manat pul verməli olduğunu dedikdən sonra İsmət 330 manat pulu həmkəndlisi Ələsgər vasitəsilə Nümayəndə göndərmişdir. Ələsgər 330 manat pulu Səidəyə kənd məktəbində vermişdir. Bundan təxminən bir ildən sonra Səidə ilə torpağın sənədləşməsinin nə yerdə olduğunu soruşduqda Səidə ona həmin torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olduğunu, həmin hissəsinin bələdiyyə mülkiyyətinə çevrilməli olduğunu, bundan sonra həmin torpaq sahəsinin onlara ayrılacağını ona görə də əlavə olaraq 3500 manat pul verməli olduğunu bildirmişdir. O, bu barədə atasına demiş, atası isə 3500 manat pulu Kənd Bələdiyyəsinin inzibati binasında Nümayəndə vermişdir. Lakin o pulun verilməsində iştirak etməmiş və pulun verilməsini görməmişdir. Şahid qismində dindirilmiş X6 və Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Sözü gedən 1.28 ha olan torpaq sahəsində əkin işlərini özü görmüş, 1998-ci ildən bəri həmin torpaqda əkin işləri görmüş, 1.28 ha torpaq sahəsində 2022-2023-cü illərdə becərmə işlərini özü aparmış, həmin torpaq sahəsində buğda əkmişdir. Həmin torpaq sahəsini İlyas Zülfüqarov şumlamış, sonuncu torpağı onun sifarişi əsasında şumlamışdır. Torpaq sahələrinin su ilə təmin olunması qrafik əsasında növbəlik prinsipi ilə həyata keçirilmiş, növbə siyahısında isə onun adı qeyd olunmuşdur. 2023-cü ilə kimi torpaq sahəsini əkməyinə bələdiyyənin heç bir etirazı olmamış, bələdiyyə sədri Nümayəndə neçə ildir ki, torpaq sahələrini becərməyini bilmişdir. 2023-cü ildən isə buğda əkmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, sözü gedən torpaq sahələrində şumlama işlərini o aparmış, O, Sədrəddin və onun qardaşı oğlu Fuadın torpaq sahələrini şumlamış, Famil həmin torpaq sahələrini şumlamasını sifariş etməmiş, torpağı şumlamasını Sədrəddin Məmmədov ona demişdir. O, 5 ha sahəni Fuad üçün, 5 ha sahəni isə Sədrəddin üçün şumlamış, Təqsirləndirilən şəxs üçün iş görməmişdir. 2023-cü ildə sözügedən torpaqları o, şumlamış və məhsulları biçmişdir. Sədrəddin Məmmədov buğda əkmiş və təxminən 1 ton yarım buğda biçdirmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X3 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla eyni kənddə yaşayır. O, sudan istifadə edənlər birliyinin icraçı direktorudur. Torpaq sahələrinə su yazılı qrafik əsasında verilir. Pay torpaqlarının yuxarı hissəsində olan 1.28 ha torpağı Sədrəddin əkib, suyu da Sədrəddinə vermişdir. Sədrəddin Məmmədova torpağın qanuni verilib-verilmədiyini bilmir. Məhkəmə hesab edir ki, şahidlər X7, X15 və X1 məhkəmə baxışı zamanı verdiyi ifadələrdə “mübahisəli torpaq sahələrinin faktiki olaraq Sədrəddin Məmmədova məxsus olması” xüsusatları işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə göstərilən xüsusatlar Təqsirləndirilən şəxs münasibətdə müdafiə məqsədini daşıdığından sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Hacıqabul rayon Nəvahi kəndində yerləşən qeyd olunan ərazidə tikinti quraşdırma işləri aparılmış və digər ərazilər isə çəpərlənərək şumlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli, 3-21-3-38/2-1685/2023 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahələrinə idarənin mütəxəssisi X4 tərəfindən baxış keçirilmiş, GPS aləti vasitəsilə döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl ölçmə işlərinin nəticələrinə uyğun olaraq elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırma zamanı həmin torpaq sahələrinin ölçülərinin 1.55 ha, 1.28 ha və 0.0077 ha təşkil etdiyi müəyyən olunmuşdur. Sözügedən 1.55 ha və 1.28 ha torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatı torpaqlar kateqoriyasına aid örüş sahəsi, 0.0077 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid ümumi istifadədə olan torpaq sahələridir. 0.0077 ha torpaq sahəsinin 54.5 kv.m hissəsi şərti yararsız torpaq sahəsidir, 22.5 kv.m hissəsi isə park ərazisidir. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli Hacıqabul rayon Nəvahı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X5 rayon Nəvahı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı, yetkinlik yaşına çatmış oğlanları, 2008 və 2011-ci il təvəllüdlü nəvələrindən ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizzə olunur. Məhkəməyə təqdim olunmuş 15 yanvar 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxs Hacıqabul rayon Nəvahı kənd Bələdiyyəsinin sədri Nümayəndə ərizəsindən görünür ki, Nəvahı kənd Bələdiyyəsinin mülkiyyətinə məxsus olan zəbt etdiyi torpaqları Təqsirləndirilən şəxs tərəfindən bələdiyyənin mülkiyyətinə qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş 23 may 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxs Hacıqabul rayo Nəvahı kənd Bələdiyyəsinin sədri Nümayəndə ərizəsindən görünür ki, Nəvahı kənd Bələdiyyəsinin mülkiyyətinə məxsus olan kommersiya obyekti sökülmüş, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 188.4.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ahıl yaşda olmasını, ilk məhkumluğunu, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 188.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 188.4.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar