Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-121/2025 20.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1968-ci ildə Saatlı rayonun Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Saatlı rayonun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 15 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini 2023-cü ilin may ayının əvvəlində yaşadığı, Saatlı rayonun Azadkənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkmiş, sonra bu bitkiləri mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmçinin 2023-cü ilin avqust ayında əkib-yetişdirdiyi həmin çətənə (kannabis) bitkilərinin bir ədədini kök hissəyə yaxın gövdədən qırıb, yarpaqlarını qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda-204,27 qram narkotik vasitə olan marixuananı kustar üsulla hazırlayıb əldə edib, həmin marixuananın 44,27 qram qurudulmuş hissəsini yaşadığı evin giriş otağında olan dəmir qabın içərisində, 160,0 qram qurudulmayan hissəsini və tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən külli miqdarda-47 ədəd çətənə (kannabis) bitkisinin hissələrini bir ədəd polietilen torbada yaşadığı evin həyətindəki hamam otağında asılqandan asaraq satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11 avqust 2023-cü il tarixində, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonun Azadkənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı xeyli miqdarda-14 ədəd çətənə (kannabis) bitkisi və 1 ədəd çətənə (kannabis) bitkisinin kökü, yaşadığı evin giriş otağında olan dəmir qabın içərisində xeyli miqdarda-44,27 qram narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evin həyətindəki hamam otağında asılqandan asılmış bir ədəd polietilen torbada xeyli miqdarda-160,0 qram narkotik vasitə olan qurudulmayan marixuana olmaqlə cəmi, xeyli miqdarda-204,27 qram narkotik vasitə olan marixuana, habelə bir ədəd torbada tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən külli miqdarda-47 ədəd çətənə (kannabis) bitkisinin hissələri aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Saatlı rayonun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayır, xeyli müddətdir ki, vərəm xəstəsidir və hazırki vaxtadək vərəm xəstəliyindən əziyyət çəkir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. O, xeyli müddətdir ki, “nəşə”dən (marixuanadan) istifadə etməyə başlamış, narkotikdən mütəmadi olaraq yox, aradabir istifadə etmişdir. 2023-cü ilin may ayının əvvəllərində yaşadığı kəndin ərazisindən keçən su kanalına balıq tutmağa gedərkən kanalın ətrafındakı kolların arasında 15 ədəd “nəşə” bitkisinin (çənətə bitkisinin) şitillərini görüb həmin şitilləri kökündən çıxarıb yaşadığı evə gətirib həyətyanı sahəsində olan nar bağında müxtəlif tərəvəz bitkiləri əkdiyi sahədə torpağa əkmişdir ki, onları yetişdirib özü istifadə etsin. Sonra həmin bitkilərə su verməklə qulluq etmiş, bir müddət sonra bitkilər inkişaf edib xeyli boy atmışdır. 2023-cü ilin avqust ayının əvvəlində əkdiyi bitkilərdən bir ədədinin gövdəsini kök hissəyə yaxın yerdən qırıb yarpaqlarını yığıb yaşadığı evdə dəmir qabın içərisinə yığmış, qalan hissələrini isə bir ədəd sellofan torbaya yığıb həyətyanı sahəsində olan hamam otağının giriş hissəsində asılqandan asıb saxlamışdır. 11 avqust 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evin həyətində olarkən bir qrup polis əməkdaşı həyətinə gəlib yaşadığı evin həyətyanı sahəsində çətənə kolu əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxt polis əməkdaşları ondan həyətində çətənə kolu əkib-əkməməsi barədə soruşmuş, o da həyətyanı sahəsində özünün istifadəsi üçün çətənə kolu əkib-yetişdirdiyini etiraf etmiş və çətənə kollarını əkdiyi yeri- evin sol tərəfində nar ağacları və müxtəlif tərəvəz bitikləri əkdiyi sahəni polis əməkdaşlarına göstərmişdir. Sonra polis əməkdaşları, özünün, kənd icra nümayəndəsinin və tanımadığı başqa şəxslərin iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı 14 ədəd çətənə kolu və 1 ədəd çətənə kolun kökü aşkar edilmiş və həmin bitkilər bir ədəd kisəyə qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin bitkiləri özünün istifadəsi üçün əkib-yetişdirdiyini, bir ədəd kolun hissələri topladığını bildirib yaşadığı evdə saxladığı qurudulmuş kütləni və hamam otağındakı kütləni polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaları onun təqdim etdiyi “nəşə” (marixuana) kütləsini və çətənə kolun hissələrini elektron tərəzidə çəkdikdən sonra onları kisələrə qablaşdırıb götürmüşlər. Sonra sənədləşmə aparılmışdır. O, marixuanadan istifadə etsə də, marixuananın satışı ilə məşğul olmamışdır. O, “nəşə”dən (marixuanadan) istifadə etdiyi üçün və gələcəkdə həmin bitkilərin lazımi hissələrini yığıb istifadə etmək məqsədilə çətənə bitkilərini əkmiş və qurudulmuş marixuananı da öz istifadəsi üçün onlardan toplayıb saxlamışdır. Özünün istifadəsi üçün çətənə bitkiləri əkdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, Saatlı RPŞnin əməkdaşıdır. 11 avqust 2023-cü il tarixdə polis bölməsinə Saatlı rayonun Azadkənd kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün axşam saatlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı İsmayıl Hacıyev və əməliyyat qrupuna daxil olan şəxslər Təqsirləndirilən şəxs yaşadığı ünvana, Saatlı rayonu Azadkənd kəndində yerləşən evinə getmişdir. Onlar evin həyətinə daxil olduqdan sonra təhqiqatçı X6 Abdullayevə qanunsuz olaraq çətənə bitkiləri əkibyetişdirməsi barədə məlumat daxil olduğunu və bu səbəbdən həyətinə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs də etiraz etməmişdir. Həm də ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həyətində çətənə kolları əkdiyini bildirib həmin yeri təqdim etmişdir. Bundan sonra təhqiqatçı İsmayıl Hacıyev tərəfindən digər polis əməkdaşları, Azadkənd kənd icra nümayəndəliyin əməkdaşları, bir nəfər mütəxəssis-aqronom, Təqsirləndirilən şəxs və hal şahidləri iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı evin sol tərəfində olan həyətyanı torpaq sahəsində nar ağacları və müxtəlif tərəvəz bitkiləri əkilmiş yerdə 14 ədəd və 1 ədəd gövdə hissəsindən qırılmış vəziyyətdə torpaqda yalnız kötüyü qalmış çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom aşkar olunmuş həmin bitkilərin çətənə kolu olduğunu və onların aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını istifadəsi üçün əkdiyini, həmçinin kökü torpaqda qalan çətənə kolunun yarpaqlarını qurudub yaşadığı evdə saxladığını, qalan hissələrinin isə sellofan paketə yığıb həyətindəki hamam otağında saxladığını demişdir. X4 yaşadığı evə baxış keçirilmiş və otaqda stolun üstündə dəmir qabın içərisində qurudulmuş marixuanaya oxşar kütlə, həyətdəki hamam otağına baxış zamanı isə hamam otağında sellofan paketdə asılqandan asılmış vəziyyətdə çətənə kolunun üzərində yarpaqları olan hissələri aşkar edilmişdir. Sonra aşkar olunmuş 14 ədəd çətənə kolları, bir ədəd çətənə kolunun kökü, dəmir qabda olan qurudulmuş marixuana kütləsi və torbada olan çətənə kolunun hissələri ayrı-ayrı kislərə qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid6 Firudun oğlu Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonun Azadkənd kənd İƏD-si üzrə Nümayəndəliyində baş mühasib işləyir. Təqsirləndirilən şəxs Azadkənd kənd sakini kimi tanıyır. 11 avqust 2023-cü il tarixdə, axşam saatlarında Saatlı RPŞ-nin bir qrup polis əməkdaşları kəndə gələrək Azadkənd kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu və onun həyətinə baxış keçirilməsində iştirak etməsini xahiş etmiş, o və kənd icra nümayəndəsi polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həyətinə getmiş və orada həyətə baxış keçirilərkən hal şahidi kimi iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özü çətənə kolları əkdiyi yeri göstərmiş, həmin yerdə, yəni Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində dəqiq sayını xatırlamağı qədər çətənə kolları, evdə və həyətdə olan hamamın içərisində marixuana kütlələri və çətənə kolların hissələri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını öz istifadəsi üçün əkibyetişdirdiyini, həmçinin aşkar olunmuş narkotik maddəyə aid kütlələrin də özünə məxsus olduğunu və istifadəsi üçün saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş çətənə kolları və narkotik maddəyə aid kütlələr qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, Saatlı RPŞ-nin əməkdaşının 11 avqust 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Saatlı rayonun Azadkənd kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 11 avqust 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı İsmayıl Hacıyev tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, aqronom-mütəxəssis Azad Kazımovun, iki nəfər hal şahidlərinin iştirakı ilə Saatlı rayonun Azadkənd kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində nar ağacları və müxtəlif tərəvəz bitkiləri əkilmiş sahədə 14 ədəd və 1 ədəd torpaqda gövdə hissəsindən qırılmış vəziyyətdə kötüyü qalmış çətənə bitkiləri, habelə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan hamam otağında sellofan paketdə asılqandan asılmış vəziyyətdə və evinin giriş otağında stolun üstündəki dəmir qabın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və fotoşəkillər protokola əlavə edilmişdir. İşdə olan, 11 avqust 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayonun Azadkənd kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş əkilmiş vəziyyətdə olan 14 ədəd, 1 ədəd gövdə hissəsindən qırılmış bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 12 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” sözləri və imzalar olan sintetik torbada-ümumi sayı 14 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-8500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 1 ədəd təmiz çəkisi-75,0 qram olan bitki kökü əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin köküdür. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-44,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” sözləri və imzalar olan polietilen torbadakı:nəm vəziyyətdə təmiz çəkisi-160,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır.Həmin polietilen torbada 47 ədəd ümumi çəkisi- 190,0 qram olan bitki hissələri(budaqları) çətənə (kannabis) bitkilərinin hissələridir. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuana ilə qurudulmayan marixuana tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi-204,27 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq 512 qalıq qurudulmuş marixuana 204,17 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, əlavə məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs evindən götürülmüş ...” sözləri yazılmış 1 ədəd MEM-ə məxsus kağız torbadakı 1 ədəd polietilen torbada ümumi çəkisi-170,0 qram olan 47 ədəd (budaqlar) çətənə (kannabis) bitkilərinin hissələrinin (budaqlarının) hər birinin tərkibində kannabinoidli komponentlər, həmçinin narkotik aktivliyə malik komponentlər (tetrahidrokannabinol-THK) varıdr. Həmin komponentlərin etalon nümunəsi olmadığına görə onların miqdarını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 12 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 14 ədəd çətənə bitkisi, bir ədəd çətənə bitkisinin kökü, 204,17 qram narkotik vasitə olan marixuana və 47 ədəd çətənə bitkisinin hissələri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid4, Şahid6 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə, eləcə də tərkibində kannabinoidli komponentləri olan çətənə bitkisinin hissələri əldə etmə və saxlama cinayətləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsində izah verilir ki, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X2 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü bəndində izah olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci maddəsində izah verilir ki, adıçəkilən Qanunun 1.0.10-cu maddəsinin mənasına görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir.Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş və qurudulmayan marixuana olan maddələr narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan, qurudulmayan marixuananın 25 qramdan artıq hissəsi xeyli miqdar, qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək, qurudulmayan marixuananın 2500 qramdan 250000 qramadək hissəsi külli miqdar, qurudulmuş marixuananın 50000 qramı və qurudulmayan marixuananın 250000 və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 3-15 ədəd (6-30 hissə) xeyli miqdar, 16-800 ədəd (31- 1550 hissə), külli miqdar və 801 ədəd (1551 hissə) və ya daha çox hissəsi xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 14 ədəd çətənə (kannabis) bitkiləri və 1 ədəd çətənə (kannabis) bitkisinin kökü-birlikdə 15 ədəd olmaqla xeyli miqdarda, habelə götürülmüş 204,27 qram narkotik vasitə olan marixuananın 44,27 qram hissəsi qurudulmuş marixuana və 160,0 qram hissəsi qurudulmayan marixuana olmaqla xeyli miqdarda olmuş, eləcə də tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən 47 ədəd çətənə (kannabis) bitkisinin hissələri külli miqdar təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş və qurudulmayan marixuana, eləcə də tərkibində kannabinoidli komponentləri olan (narkotik maddə hesab edilən) külli miqdarda-47 ədəd çətənə (kannabis) bitkisinin hissələri əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, istintaq orqanının “Şübhəli şəxsin tutulması haqqında” 11 avqust 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, istintaq orqanının “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və tutulmadan azad edilmə haqqında” 13 avqust 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, məhkəmənin “Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi, həbs qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin olduğu yeri müəyyən etmək üçün axtarışının elan edilməsi haqqında” 14 yanvar 2026-cı il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbiri şərtlərini pozduğuna görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməklə axtarış elan edilmişdir. İşdə olan, “Axtarışda olan şəxsin tutulması haqqında” 10 fevral 2026-cı il tarixli protokolla müəyyən edilir ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 10 fevral 2026-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun ərazisində tutulub aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayon Azadkənd kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı rayon Azadkənd kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı kəndin sakinlərinin hörmətini qazanmış və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı iki gün müddət təyin edilmiş cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2026-cı il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Saatlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 204,17 qram narkotik vasitə olan qurudulmuş və qurudulmayan marixuana, 14 ədəd çətənə (kannabis) bitkisi, 1 ədəd çətənə (kannabis) bitkisinin kökü və 47 ədəd çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 manat 50 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanıb həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2026-cı il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Saatlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 204,17 qram narkotik vasitə olan qurudulmuş və qurudulmayan marixuana, 14 (on dörd) ədəd çətənə (kannabis) bitkisi, 1 (bir) ədəd çətənə (kannabis) bitkisinin kökü və 47 (qırx yeddi) ədəd çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 (doxsan doqquz) manat 50 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-121/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-121/2025
20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver