Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-122/2025 09.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə saat 22 radələrində Neftçala şəhəri, məhəllə 6-nın ərazisində «Pir» qəbirstanlığının yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bağlamada ayrı-ayrılıqda 5800 qram və 6100,0 qram- ümumilikdə 11900 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sintetik torbada əldə emiş, əlində saxlayaraq daşımaqla taksi sürücüsü, onun cinayət əməlindən xəbərsiz olan Şahid6 idarə etdiyi VAZ-2107 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə qoymaq üçün aparmaq istəyərkən Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin ərazidə saxlanılaraq Neftçala rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı sintetik torbada 02 ədəd bağlamalarda ayrı-ayrılıqda 5800,0 qram, 6100,0 qram-ümumilikdə 11900 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamış, narkotik vasitələrdən arabir istifadə etmişdir. Özünü iranlı kimi təqdim edən Ramil adlı şəxs +**********29 İran nömrəsindən vhatsapla onun istifadəsində olan +**********7 Qazaxıstan nömrəsinə dörd dəfə zəng etmiş, lakin o cavab verməmişdir. Sonra isə növbəti dəfə zəng edəndə həmin şəxslə danışmışdır. Ramil adlı şəxs ona öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana göndərəcəyini bildirmişdir. Ramil adlı şəxs 22 iyun 2024-cü il tarixdə onunla danışaraq Neftçala şəhərinə getməsini, oradan ona göndərdiyi 40-50 qram qurudulmuş marixuananı götürməsini demişdir. O, Ramilin təklifi ilə razılaşmışdır. Ramilə Neftçala şəhərinə getməyə pulu olmadığını demişdir. Ramil ona demişdir ki, kart at, sənə pul ataram. O da qardaşı Alikin adına olan, «Azərtürkbank» kartının fotoşəklini Ramilə atmışdır. Ramil həmin bank kartına 50 manat pul göndərmişdir. O, həmin pulu Ələt qəsəbəsindəki bankomatdan çıxarmışdır. Neftçala şəhərinə getmək üçün qəsəbə taksilərin durduğu dayanacağa getmiş, əvvəldən tanımadığı Xəqan adlı taksi sürücüsünə onu Neftçala şəhərinə aparmasını demiş, taksi sürücüsü ilə razılaşmaqla avtomaşına minmiş və Neftçala istiqamətində yola düşmüşlər. Yolda olarkən Ramil ona narkotik vasitə qurudulmuş marixuananı qoyduğu kisənin olduğu yerin konumunu atmış və ərazinin fotoşəklini çəkib göndərmişdir. Onlar saat 21:50 radələrində Ramilin dediyi Neftçala şəhəri «Pir» qəbirstanlığı deyilən yerə çatmışlar. O, avtomobildən düşüb qurudulmuş marixuananı axtarmağa başlamışdır. Bu zaman polis işçiləri onu tutmuşlar. Beləliklə də narkotiki götürə bilməmişdir. Sonradan ərazidə 11 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı polis işçilərinin haradan tapdıqlarını bilməmişdir. Polis onu tutanda üzərində heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onu döymüşlər, ona görə də 11 kiloqram narkotik vasitə qurudulmuş marixuananı götürməsini boynuna almışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində eyni xüsusatları təsdiq etməklə yanaşı göstərmişdir ki, o, narkotik vasitəni götürmək üçün 22 iyun 2024-cü il tarixdə taksi ilə Ələt qəsəbəsindən yola düşməklə saat 21:50 radələrində Ramilin dediyi Neftçala şəhəri «Pir» qəbirstanlığı deyilən yerə çatmış, avtomobildən düşüb qurudulmuş marixuana dolu olan kisəyə yaxınlaşmış, kisəni qaldırmış, ağır olmasını görüb nəsə «zibil» olmasını düşünmüş, həmin kisədən təxminən 5 metr aralanmışdır ki, polis işçiləri onu tutmuşlar. Təqsirləndirilən şəxs ifadələrində 22 iyun 2024-cü il tarixdə Ələt qəsəbəsindən Neftçala şəhəri ərazisinə 40-50 qram çəkidə qurudulmuş marixuananı götürmək məqsədi ilə getməsini, orada çox miqdarda narkotik vasitə qoyulmasından məlumatsız olmasını, həmin yerə getsə də, faktiki olaraq narkotik vasitəni götürə bilməməsini, narkotik vasitəni axtardığı zaman polis işçiləri tərəfindən saxlanılmasını göstərsə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən X2 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 iyun 2024-cü tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi ev 38-də yaşayan Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində narkotik vasitələrin əldə edəcəyi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirləri keçirilməklə 22 iyun 2024-cü il tarixdə saat 22 radələrində Neftçala şəhəri, məhəllə 6-nın ərazisində “Pir” qəbiristanlığının yaxınlığında olarkən “VAZ 2107” markalı, **-BH-*** qeydiyyat nişanlı minik avtomobilindən Təqsirləndirilən şəxs düşərək yaxınlıqdan kolluqdan 1 ədəd ağ rəngli, sintetik torbanı götürmüş, təxminən 5 metr getmiş, avtomobilə yaxınlaşıb minmək istəyərkən onu saxlamışlar. Təqsirləndirilən şəxs “VAZ 2107” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilinin sürücüsü ilə birlikdə polis şöbəsinə gətirilmişlər. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan 1 ədəd sintetik torbanı təqdim etmiş, torbada narkotik vasitə olduğunu bildirmişdir. Həmin torbada 2 ədəd bükümdə olan qurudulmuş marixuanayaoxşar kütlə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə faktiki olaraq narkotik vasitə olan torbanı əlinə götürməməsi barədə ifadəsi yalandır. Belə ki, o faktiki olaraq içərisində narkotik vasitə olan torbanı əlinə götürmüş və avtomaşına tərəf gətirərəkən saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid5, Şahid2, Şahid4 və Şahid3 da şahid Seyidəhməd Qəfərovla eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Neftçala rayon prokurorluğuna müraciət edərək xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş axtarış zamanı sintetik torbada aşkar edilmiş 11 kiloqram 900 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını, heç bir satış niyyətinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Realme” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, telefondakı +7 771 447 6547 “WhatSapp” mobil tətbiqinə daxil olduqda ad yerində ərəb əlifbası ilə yazılmış hissədə şəxsin İran İslam Respublikası nömrəsi olan +98 914 330 4429 nömrə ilə xx.xx.2024-cü il tarixə aid səs yazıları, fotolar və yazışmalarının olması müəyyən edilmişdir. “WhatSapp” əlaqəsində İran İslam Respublikası nömrəsi olan +98 914 330 4429 nömrədə şəxsin Təqsirləndirilən şəxs +7 771 447 6547 nömrəsinə “narahat olma düz yolun qırağına qoyuduracağam, narahat olma kartına pul atıram, saat 9-da orada ol, saat 9-da orada ol, o şey sarıdan elə həmişəki kimi necə gedib götürüb gəlirdin evə eyni cür narahat olma, mənim sənin kim sağ-salim tər-təmiz adamla iş görürəm, pul sarıdan narahat olma, olmasa deyərəm bir yerdən tap get həmişəki kimi 60 manat kartımda pul var ondan 50 manatın vuraq sənə, orda rayonda ayınoyunu elə adama ver ki səni satıb eləməsin özünü gözlə çörək qazanaq, yol qırağı elətdirəcəm narahat olma heç kəs biləməyən yerə Həsənabad qaqa Həsənabad, narahat olma ora yarım saat 20 dəqiqə qalmış mənə de çıxsın qoysun, get ora konumum şəklin birbaşa sənə atıram həmişəki kimi, baba gedirəm ayınoyunu qoyam konumunu da atam, 10 dəqiqəyə konumla şəklini də atıram, qoy şəklini atım sənə, dəlisən səni qoyaram orda gözləyəsən, şəhidlərin parkıdır üzbəüz görəcək, sən konumda bax gör nə qədər qalmısan, ay qaqa mənə bir cavab ver ayınoyunu götürəndən sonra bu cür edirsiz, mənim malımı yeyə bilməzsən, mənə cavab ver, malı götürəndən sonra niyə telefona cavab vermirsən, qaqa sən gedirsən 10 kilo malı götürüsən telefonu açmırsan, 10 kilo malı gözündən çıxardaram” məzmunlu səs yazıları, Neftçala şəhəri, məhəllə 6-nın ərazisində “Pir” qəbiristanlığının yerləşdiyi ərazinin konumu, fotoşəkiləri, şəhidlər xiyabanının fotoşəkli, “Pir qebirstanligi”, 5213 6751 9476 5880 hesab kartının fotoşəkli, ağ rəngli sintetik torba olan yerin işarələnmiş fotoşəkillərin olması barədə məlumatların olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 adına olan 5213 6751 2071 6015 saylı kart hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə pul vəsaiti mədaxil və məxaric olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 23 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/601 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş, sintetik torbada olan 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 5800 qram və 6100 qram, ümumi çəkisi 11900 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 5165 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olmuş, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 1 №-li Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, 11126 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmayıb. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli, 1044, 1045 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə Ələt qəsəbəsindən Neftçala şəhərinə 40-50 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürmək məqsədi ilə getməsi, həmin yerdə 11 kiloqramdan artıq miqdarda qurudulmuş marixuana qoyulmasını bilməməsi, narkotik vasitənin qoyulduğu yerə getsə də, narkotik vasitəni axtaran zaman polis işçiləri tərəfindən saxlanılması, faktiki olaraq narkotik vasitəni götürə bilməməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 11899,80 qram qurudulmuş marixuana məhv edilməli, telefon məlumatlarının köçürüldüyü 1 ədəd, istintaq hərəkətləri barədə 3 ədəd disklər və 1 ədəd bank hesab kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 11899,80 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş telefon məlumatlarının köçürüldüyü 1 ədəd, istintaq hərəkətləri barədə 3 ədəd disklər və 1 ədəd bank hesab kartı cinayət işində saxlanılsın. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-122/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-122/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver