Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-123/2023 02.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Ağcabədi rayonu Hüsülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Hüsülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında yaşadığı Ağcabədi rayonu Hüsülü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda - 27 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmiş, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 avqust 2022-ci il tarixdə saat 10:35-də onun yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həyətdə yardımçı tikilinin sağ tərəfində 25 ədəd kök üstə olmaqla yaşıl vəziyyətdə, həyətdə yerləşən yardımçı tikilinin içəisində isə köklərindən çıxarılaraq yerə sərilmiş, quru halda 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvlərilə birlikdə Ağcabədi rayonu Hüsülü kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Yolun kənarında kibrit qutusunda 30 ədəd çətənə bitkisinin toxumlarını taparaq özündə saxlamış və 2022-ci ilin aprel ayında həmin toxumları həyətyanı torpaq sahəsində yerə səpmişdir. Lakin həmin toxumlara aqrotexniki qaydada qulluq etməmişdir. Toxumlar təbii olaraq sulanmış və onlardan 27 ədədi bitmişdir. Həmin bitkilər qulluq edilmədiyi halda böyümüşlər. Son vaxtlar onlardan iki ədədini çıxarmaqla yardımçı tikiliyə qoymuş, 25 ədədi isə köküstə torpaq üzərində olmuşlar. 12 avqust 2022-ci il tarixdə axşam saatlarında həyətində olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış, narkotik tərkibli bitkiləri əkib becərməsi barədə onlara məlumat daxil olduğunu və həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. O, ərizə yazaraq evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra həyətinə baxış keçirilmiş, yardımçı tikilinin sağ tərəfində torpaqda əkdiyi 25 ədəd narkotik tərkibli bitkilər və yardımçı tikilidə saxladığı 2 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Əməlindən peşimandır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş ifadəsində göstərmişdir ki, tərkibində narkotik maddələr olan bitkiləri əkib becərmək, sonra da satıb pul qazanmaq qərarına gəlmişdir. Bir müddət əvvəl yolun kənarından kibrit qutusunda tapdığı təxminən 30 ədəd çətənə bitkisi toxumlarını 2022-ci ilin fevral ayının sonlarında həyətində əkmişdir. Həmin toxumlardan 27 ədədi bitmişdir. Bundan sonra o bitkilərə daima su verməklə qulluq etməyə başlamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 avqust 2022-ci il tarixdə Ağcabədi rayonu Hüsülü kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Hüsülü kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli olmasını və bununla əlaqədar həyətinə baxış keçiriləcəyi bildirilmişlər. Təqsirləndirilən şəxs ərizə yazaraq eyinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə videoçəkilişdən istifadə edilməklə baxış keçirmişlər. Baxış zamanı evin həyətində meyvə ağaclarının əhatəsində çətənə kollarına oxşar 25 ədəd yaşıl kollar müəyyən edilmişdir. Həmin kollar köklərindən çıxarılaraq kisələrə qoyulmuşdur. Bundan sonra evin həyətintəki yardımçı tikiliyə baxış keçirilərkən orada 02 ədəd köklərindən çıxarılmış, qurudulmuş vəziyyətdə çətənə kolları aşkar edilmişdir. Həmin kollar da qablaşdırılmış və götürülmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid5 məhkəmədə göstərdi ki, ixtisasca ali təhsilli aqronomdur. 12 avqust 2022-ci il tarixdə Ağcabədi rayonu Hüsülü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Evin bağ sahəsində 25 ədəd yaşıl, köküstə olan çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərin diblərinə peyin verilməklə və suvarılmaqla aqrotexniki qaydada qulluq göstərilməsini müəyyən etmişdir. Bitkilərə yaxşı qulluq edildiyinə görə inkişaf etmiş, bəzən hündürlükləri 3-4 metrə çatmışdır. Bitkilər artıq yetişmə mərhələsində olmuşlar. Bundan başqa həyətdəki tikilidə 2 ədəd köklərindən çıxarılmış və qurudulmuş çətənə bitkiləri aşkar olunmuşdur. 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Ağcabədi rayon Hüsülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 25 ədəd yaş vəziyyətdə, həyətdəki yardımçı tikilidən isə 02 ədəd quru vəziyyətdə-ümumilikdə 27 ədəd çətənə kollarına bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 12 avqust 2022-ci il tarixli, 18/860 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən götürülmüş 25 ədəd yaş vəziyyətdə, 02 ədəd isə quru vəziyyətdə olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 1764 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixatrik ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 707 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmuş, həyat yoldaşı X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ağcabədi rayon poliklinikasının arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhiəsəb və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda-27 ədəd çətənə bitkilərini əkərək kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs çətənə bitkisi toxumlarını həyətyanı torpaq sahəsinə səpsə də, onlara aqrotexniki qulluq göstərməməsi, toxumların təbii sularla sulanmaqla inkişaf etmələri barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarnıda olan mütəxəssis (aqronom) rəyindən və məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntülərə əsasən bitkilərin yüksək səviyyə inkişaf etmələrindən görünür ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 27 ədəd çətənə (kannabis) bitkiləri ləğv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 27 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-123/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-123/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver