Məhkəmə qərarları › İş №1(099)-123/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-123/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-123/2024 29.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağcabədi rayonu Kəhrizli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, Ağdam şəhəri, S.Vurğun küçəsi, ev 5-də qeydiyyatda olan, Ağcabədi rayonu Kəhrizli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-1675,488 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 325,517 qram psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq ayrı-ayrılıqda 02 ədəd polietilen torbalarda Ağcabədi rayonu Kəhrizli kəndində yaşadığı evin həyətyanı sahəsində olan unitaz qabının içərisində saxlamış, 13 aprel 2023-cü il tarixdə saat 23 radələrində narkotik vasitə heroindən 02 ədəd gümüşü rəngli kağız bükümlərdə təmzi çəkiləri 0,246 qram, 0,242 qram-ümumi çəkisi 0,488 qram olan hissəsini, psixotrop maddə metamfetamindən isə 0,517 qram olan hissəsini Şahid4 sonuncuya məxsus, Ağcabədi rayonu Kəhrizli kəndində yerləşən təkər təmiri sexində 40 manata satdıqdan sonra qalan 1675 qram narkotik vasitə heroini və 325 qram psixotrop maddə metamfetamini yaşadığı evin həyətyanı sahəsində olan unitazın içərisində saxlamış, 14 aprel 2023-cü il tarixdə saat 17:15 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətyanı sahəsində olan unitaz qabının içərisindən 01 ədəd polietilen torbada 1675 qram narkotik vasitə heroin və 01 ədəd polietilen torbada 325 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. Bir nəfər iranlı şəxsə kart vasitəsi ilə 1250 manat pul göndərməklə ondan öz istifadəsi üçün 30-35 qram heroin və iki list metadon həbləri almış və istifadə etmişdir. 14 aprel 2023-cü il tarixdə saat 12-01 radələrində evində yatdığı zaman polis işçiləri evinə gələrək onu yataqdan polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində 19 ədəd metadon həbləri və 0,5 qram narkotik vasitə heroin olmuş, başqa narkotik vasitə olmamışdır. Onu bir neçə saat polis şöbəsində saxlamışlar. Sonra onu yaşadığı evə aparmışlar. Polis işçiləri ondan əvvəl evin həyətinə daxil olmuş və valideynlərini kənarlaşdırmışlar. Sonra isə onu evin həyətinə aparmış, həyətdə olan istifadəsiz unitazın su baçokunun içərisindən narkotik çıxarmış və narkotik vasitənin guya ona məxsus olmasını demişlər. Həmin narkotik vasitə polis işçilərinin özləri tərəfindən qoyulmuş və ona aidiyyəti olmamışdır. Həyətdəki hamam kalonkasının altında ona məxsus 50 qram heroin olmuş və həmin heroin yanmış vəziyyətdə olmuşdur. Polis işçiləri ona demişlər ki, aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını etiraf etsin. Ona görə də istintaqda narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Polis işçiləri tərəfindən döyülməmişdir, lakin tutularkən narkotik vasitənin təsiri altında olmuşdur. Etirafedici ifadəni narkotikin təsiri altında vermişdir. Polis işçiləri ondan 19 ədəd metadon həbləri və 0,5 qram narkotik vasitə heroin götürmüşlər. Metadonun iki həbini ona vermişlər, istifadə edib, qalanını götürmüşlər. Şahid4 onun qonşusudur, münasibətləri yaxşıdır. Dəyanətlə birlikdə narkotik vasitədən istifadə etmişlər. Lakin Dəyanətə narkotik vasitə satmamışdır. Polis işçiləri Dəyanəti döymüşlər, ona görə də Dəyanət ibtidai istintaqda onun üzünə durmuş, ondan narkotik vasitə almasını demişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Ağcabədi rayonu Kəhrizli kəndində yaşayır. İki ilə yaxındır ki, narkotik vasitələrdən, əsasən də heroindən istifadə edir. “Vhatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Peyman, Nadir və Ramiz adlı iranlı şəxslərlə əlaqə saxlamaqla narkotik vasitəni və psixotrop maddələri əsasən onlardan əldə etmişdir. 15 fevral 2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman Peyman ilə “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və narkotik vasitə heroin almaq istədiyini demişdir. Peyman 15 qram heroin müqabilində ondan 375 manat məbləğində pul istəmişdir. O, 15 fevral 2023-cü il tarixdə saat 23 radələrində Peymanın ona verdiyi +**********38 saylı hesab nömrəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən hazırda xatırlamadığı marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramına daxil olub 375 manat məbləğində pul göndərmişdir. Bundan sonra Peyman “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona “məkan” atmışdır. O, həmin “məkan” üzrə Bakı şəhəri, Pirşağı rayonunda hazırda dəqiq xatırlamadığı ünvana gedib orada olan həyət evinin qarşısında quraşdırılmış su sayğacının qutusunun içərisindən 15 qram narkotik vasitə olan heroini götürmüşdür. Həmin narkotik vasitəni iyləmək yolu ilə qəbul etmişdir. 19 fevral 2023-cü il tarixdə o, Peyman ilə “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və ondan 10 qram narkotik vasitə olan heroin almaq istədiyini demişdir. Peyman 10 qram heroin müqabilində ondan 250 manat məbləğində pul istəmişdir. O, 19 fevral 2023-cü il tarixdə saat 23 radələrində Peymanın ona verdiyi son rəqəmləri 7600 olan “Kapitalbank”a məxsus kart hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, hazırda xatırlamadığı marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə 250 manat məbləğində pul göndərmişdir. Bundan sonra Peyman “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona “məkan” atmışdır. O, həmin “məkan” üzrə Bakı şəhəri, Pirşağı rayonunda hazırda dəqiq xatırlamadığı ünvana gedib, orada olan həyət evinin qarşısında quraşdırılmış su sayğacının qutusunun içərisindən 10 qram narkotik vasitə heroini götürmüşdür. Həmin narkotik vasitəni iyləmək yolu ilə qəbul etmişdir. 09 mart 2023-cü il tarixdə yenə də Peyman ilə “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və ondan 10 qram narkotik vasitə olan heroin almaq istədiyini demişdir. Peyman 10 qram heroin müqabilində ondan 240 manat məbləğində pul istəmişdir. O, 09 mart 2023-cü il tarixdə saat 23 radələrində Peymanın ona verdiyi +**********52 saylı hesab nömrəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, hazırda xatırlamadığı marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramına daxil olub 240 manat məbləğində pul göndərmişdir. Bundan sonra Peyman “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona “məkan” atmışdır. O, həmin “məkan” üzrə Bakı şəhəri, Pirşağı rayonunda hazırda dəqiq xatırlamadığı ünvana gedib orada olan həyət evinin qarşısında quraşdırılmış dəmir borunun içərisindən bir ədəd siqaret qutusunda bir bükümdə 10 qram narkotik vasitə olan heroini götürmüşdür. Həmin narkotik vasitəni iyləmək yolu ilə qəbul etmişdir. 11 mart 2023-cü il tarixdə o, yenə də Peyman ilə “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və ondan 25 qram narkotik vasitə olan heroin almaq istədiyini demişdir. Peyman 25 qram heroin müqabilində ondan 650 manat məbləğində pul istəmişdir. O, 11 mart 2023-cü il tarixdə saat 19 radələrində Peymanın ona verdiyi +**********52 saylı hesab nömrəsinə Bakı şəhərin, Sabunçu rayonunda yerləşən hazırda xatırlamadığı marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramına daxil olub, 300 manat və 350 manat olmaqla, cəmi 650 manat məbləğində pul göndərmişdir. Bundan sonra Peyman “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona “məkan” atmışdır. O, həmin “məkan” üzrə Bakı şəhəri, Pirşağı rayonunda hazırda dəqiq xatırlamadığı ünvana gedib, orada olan həyət evinin qarşısında quraşdırılmış su sayğacının qutusunun içərisindən 25 qram narkotik vasitə heroini götürmüşdür. Həmin narkotik vasitəni iyləmək yolu ilə qəbul etmişdir. O, Peymandan aldığı narkotik vasitələrin bir hissəsini sataraq pul əldə etməklə həm narkotik vasitələrə olan tələbatını ödəmək, həm də pul qazanmaq qərarına gəlmişdir. Buna görə də o, Peyman ilə aralarında yaranmış etibardan istifadə edərək “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və ondan 2 kiloqrama yaxın narkotik vasitə heroin və 400 qrama yaxın metamfetamin əldə etmək istədiyini demişdir. Peyman bunun müqabilində ondan 20000 manat məbləğində pul istəmişdir. O, isə Peymana o qədər pulunun olmadığı, ona ilkin olaraq 1400 manat pul göndərəcəyini, qalıq pulu isə narkotik vasitələri və psixotrop maddəni satdıqdan sonra göndərəcəyini demişdir. Peyman isə onunla razılaşmışdır. 17 mart 2023-cü il tarixdə saat 23 radələrində Peymanın ona verdiyi +**********52 saylı hesab nömrəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, hazırda xatırlamadığı marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramına daxil olub 1250 manat, 20 mart 2023-cü il tarixdə saat 20 radələrində isə 150 manat olmaqla ümumilikdə 1400 manat pul göndərmişdir. Bundan sonra Peyman “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona “mekan” atmışdır. O, həmin “məkan” üzrə Bakı şəhəri, Pirşağı rayonunda hazırda dəqiq xatırlamadığı ünvana gedib orada olan həyət evinin qarşısında quraşdırılmış dəmir borunun içərisindən bir ədəd sellofan torbanın içərisində 2 kiloqrama yaxın narkotik vasitə heroin və 400 qram metamfetamin götürmüşdür. O, həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində yaşadığı evə gətirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində o, Peymandan aldığı həmin narkotik vasitə və psixotrop maddələri götürüb özü ilə Bakı şəhərindən tanımadığı taksi ilə Ağcabədi rayonu Kəhrizli kəndinə gəlmiş və Bakı şəhərindən gətirdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yaşadığı evin həyətində olan unitaz qapağının içərisinə gizlətmişdir. Bu haqda onunla yaşayan ailə üzvlərinin heç bir məlumatı olmamışdır. 13 aprel 2023-cü il tarixdə axşam radələrində qonşusu Şahid4 ********** saylı mobil nömrəsindən onun istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edib ondan “patı” və “kakos”un olub-olmamasını soruşmuşdur. O, isə Dəyanətə onda istədiyi maddələrin olduğunu demişdir. Dəyanət ondan 0,5 qram “kakos” və 0,5 qram “patı” istəmişdir. O, isə Dəyanəti tanıdığı üçün ona 40 manata verəcəyini demişdir. Dəyanət ona kənddə yerləşəm təkər sexinin qarşısında olacağını demişdir. Təxminən bir neçə dəqiqə sonra o, təxminən 0,5 qram 2 bükümdə olan narkotik vasitə heroin və təxminən 0,5 qram olan 2 bükümdə olan psixotrop maddə metamfetamini Dəyanətə gətirib həmin sexin qarşısında vermişdir. Bunun müqabilində Dəyanət ona 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman evin həyət qapısının döyülməsini eşitmişdir. Həyətə düşüb qapını açmış və bir neçə nəfər mülki və polis geyimində şəxsləri görmüşdür. Həmin şəxslər Ağcabədi rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə gizlətməkdə şübhəli olduğunu, yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçiriləcəyini bildirmişlər. O, artıq nəsə gizlətməyinin heç bir mənasının olmadığını anlayıb polis əməkdaşlarına yaşadığı ünvanda narkotik vasitə gizlətdiyini bildirib yerini göstərə biləcəyini demişdir. Baxış zamanı o, yaşadığı evin həyətində olan unitaz qapağının içərisində gizlətdiyi əski parçasına bükülmüş sellofan torbanın içərisində iki ədəd bükümləri təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin sellofan torbaya baxış keçirilmiş, həmin iki ədəd büküm elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitə olan heroin bükümünün çəkisi 1730 qram, içərisində psixotrop maddə olan metamfetam bükümünün çəkisi 355 qram olmuşdur. Bundan sonra həmin bükümlər bir ədəd ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar bunu öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları baxışın davamı olaraq yaşadığı evə də baxış keçirəcəklərini bildirmişılər. O, etiraz etməmişdir. Baxış zamanı yaşadığı evdən əlavə olaraq hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onu Ağcabədi Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarəkn üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxsla uşaqlıqdan eyni məhəllədə böyüməklə münasibətləri yaxşı olmuşdur. Onunla demək olar ki, hər gün görüşmüşlər. Lakin Təqsirləndirilən şəxs heç vaxt pulla narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxsla 13 aprel 2023-cü il tarixdə görüşməklə Məmmədovda olan 1-1,5 qram çəkidə narkotik vasitə heroini birlikdə istifadə etmişlər. Lakin Təqsirləndirilən şəxs pul ilə narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin almamışdır. İbtidai istintaqda polis işçilərinin təzyiqi altında Təqsirləndirilən şəxs 40 manat pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almasına dair ifadə verməyə məcbur olmuşdur. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 13 aprel 2023-cü il tarixdə saat 22:00 radələrində istifadəsində olan ********** mobil nömrəsindən Qadirin istifadəsində olan ********** mobil nömrəsinə zəng edib onda “kakos” və “patı” olub-olmamasını soruşmuşdur. Qadir də ona olduğunu demişdir. O, Qadirə yarım qram narkotik vasitə heroin və yarım qram psixotrop maddə metamfetamin sifariş etmişdir. Qadir həmin maddələrin müqabilində ondan 40 manat pul alacağını demişdir. O, Qadirə təkər təmiri sexində olacağını, oraya gəlməsini demişdir. Bir neçə dəqiqədən sonra Qadir sexin qarşısına gəlmiş, orada görüşmüşlər. O, Qadirə 40 manat pulu vermiş, Qardir də ona 2 bükümdə narkotik vasitə olan heroin, 2 bükümdə isə psixotrop maddə olan metamfetamin vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 aprel 2023-cü il tarixdə icraatına Ağdam rayonu, Səməd Vurğun küçəsi, ev 5-də qeydiyyat olmaqla, Ağcabədi rayonu, Kəhrizli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, evində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı, Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs alınmış əməliyyat məlumatı əsasında yaşadığı ev əvə həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs razılaşaraq bu barədə ərizə yazıb vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Baxışda Təqsirləndirilən şəxs da iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində yerləşən sınmız unitaz hissəsinin içərisindən bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Göy rəngli sellofan torba açıldıqda içərisində iki ədəd skoçla bağlanmış bükümlərin olması müşahidə olunmuş və həmin bükümlər açıldıqda, birinci bükümün içərisində narkotik vasitə heroinə bənzər, ikinci bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Evdə və həyətdə başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs evinin həyətindəki unitazın içərisindən aşkar olunan heroini və metamfetamini sosial şəbəkədə tanış olduğu iranlının göndərdiyini bildirmişdir. Baxış başa çatdırıldıqdan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 4 aprel 2023-cü il tarixdə saat 12 radələrində evinə gedərək onu polis şöbəsinə aparmaları, həmin vaxt üzərində 19 ədəd metadon həbləri və 0,5 qram heroin olması, evində isə hər hansı narkotik vasitənin olmaması, bir neçə saatdan sonra evinə qaytarmaqla evdə axtarış aparmaları, həyətdəki unitazın içərisinə narkotikin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsi yalanldar. Ona qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Bundan başqa 14 aprel 2023-cü il tarixdə icraatına Ağcabədi rayonu Kəhrizli kəndində yaşayan Şahid4 narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid4 cinayətkar əməlini ifşa etmək məqsədi ilə müvafiq əməliyyat tədbirləri keçirilməklə onu həmin gün saat 13 radələrində Ağcabədi rayonu Kəhrizli kəndində saxlamış və rayon polis şöbəsitnə gətirmişlər. Rayon polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı Şahid4 üzərindən 04 ədəd gümüşü rəngli kağız bükümləri aşkar edilmişdir. Həmin bükümlər açıldıqda 2 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin bükümlər elekton tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid3 və Şahid2 Sahib oğlu da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, həmin gün saat 17:15 dəqiqədən başlayaraq saat 18:00-dək olan müddətdə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən evinin həyətinə və evinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşayış evinin sağ tərəfində yerləşən sınmız unitaz hissəsinin içərisindən bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Göy rəngli sellofan torba açıldıqda içərisində iki ədəd skoçla bağlanmış bükümlərin olması müşahidə olunmuşdur. Həmin bükümlər açıldıqda, birinci bükümün içərisində qəhvəyi rəngli, kəskin spesfik iyi olan narkotik vasitə heroinə bənzər, ikinci bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən olunmuşdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1730,0 qram olmuşdur. İçərisində psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 355,0 qram olmuşdur. Bundan sonra həmin bükümlər bir ədəd ağ kağız zərfdə qablaşdırılmış, üzəri imzalandıqdan və Azərbaycan Respublikası DİN-nin 143 saylı möhürü vurulduqdan sonra ekspertizaya təqdim edilməsi məqsədilə götürülmüşdür. 14 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, həmin gün saat 13:55-dən başlayaraq saat 14:20-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Şahid4 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, həmin vaxt Şahid4 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümü çıxarıb stolun üzərinə qoymuş, həmin 04 ədəd gümüşü rəngli kağız bükümləri açıldıqda 2 ədəd bükümün içərisində qəhvəyi rəngli, kəskin spesfik iyi olan narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Narkotik vasitə heroinə bənzər 2 ədəd bükümlərin ayrı-ayrılıqda çəkiləri 0,29 qram və 0,28 qram, psixotrop maddə metamfetaminə bənzər 2 ədəd bükümlərin ayrıayrılıqda çəkiləri 0,31 qram və 0,33 qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış və üzərinə Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 15 aprel 2023-cü il tarixli, 18/419 nömrəli rəyindən görünür ki, Şahid4 üzərindən aşkar olunmuş 2 ədəd gümüşü rəngli kağız (falqa) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,254 qram, 0,263 qram- ümumi çəkisi-0,517 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd gümüşü rəngli kağız (falqa) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246qram, 0,242qram-ümumi çəkisi-0,488 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın 15 aprel 2023-cü il tarixli, 18/420 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi-1675,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 325,0 qram olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Şahid4 üzərindən götürülmüş 2 büküm və Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Şahid4 üzərindən götürülmüş 2 büküm və Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 bağlamada olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli, 1245 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istfadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 235 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır, ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqlı olmuşdur, əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan 13 iyul 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqından protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:17, 20:18, 23:36 radələrində Şahid4 istifadəsində olan +**********10 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********58 saylı mobil nömrəsinə qarşlıqılı zənglərin edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İnfinix ZERO 20” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, «İnfinix ZERO 20” markalı mobil telefonun fotoqalereyasında 15 fevral 2023-cü il tarixdə 00551 saylı “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramından +**********38 saylı hesab nömrəsinə 375 manat məbləğində pulun köçürülməsinə dair qəbzin fotoşəkili, 09 mart 2023-cü il tarixdə 51667 saylı “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramından +**********52 saylı hesab nömrəsinə 240 manat məbləğində pulun köçürülməsinə dair qəbzin fotoşəkili, 11 mart 2023-cü il tarixdə 13047 saylı “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramından +**********52 saylı hesab nömrəsinə 300 manat məbləğində pulun köçürülməsinə dair qəbzin fotoşəkili, 11 mart 2023-cü il tarixdə 51667 saylı “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramından +**********52 saylı hesab nömrəsinə 350 manat məbləğində pulun köçürülməsinə dair qəbzin fotoşəkili, 17 mart 2023-cü il tarixdə 51474 saylı “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramından +**********52 saylı hesab nömrəsinə 1250 manat məbləğində pulun köçürülməsinə dair qəbzin fotoşəkili, 20 mart 2023-cü il tarixdə 51474 saylı “milliön” ödəmə terminalı vasitəsi ilə “m10” ödəniş proqramından +**********52 saylı hesab nömrəsinə 150 manat məbləğində pulun köçürülməsinə dair qəbzin fotoşəkili aşkar edilmişdir. “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə İran İslam Respublikası mobil operatorlarına aid +**********88 saylı mobil nömrənin sahibinin “Pemi” adı ilə qeydə alındığı, həmin mobin nömrənin sahibi ilə 2023-cü ilin mart-aprel aylarında dəfələrlə qarşılıqlı zənglərin aparıldığı aşkar edilmişdir. “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə İran İslam Respublikası mobil operatorlarına aid +**********53 saylı mobil nömrənin sahibinin “Nadir ik” adı ilə qeydə alındığı, həmin mobil nömrənin sahibinin Təqsirləndirilən şəxs mesaj vasitəsi ilə “50-862- 16-52 m10 milion aparatinan m10 seç və pulu yukle” məzmunda mətnlərin, bundan başqa narkotik vasitə olan heroinə bənzər kütlənin bir ədəd şəffaf selofan torbada, istintaqa dəqiq məlum olmayan məkanın yerinin atılması, həmin məkan üzrə binanın blokunun işarələnməsi, blokun içərisində olan su sayğacı yerləşən qutunun işarələnmiş şəklində çəkilib göndərməsi aşkar edilmişdir. “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə İran İslam Respublikası mobil operatorlarına aid +**********66 saylı mobil nömrənin sahibinin “Remiz” adı ilə qeydə alındığı aşkar edilmişdir. Nəcəfov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 13 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs 0,517 qram metamfetamini və 0,488 qram narkotik vasitə heroini əldə etməyə görə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməklə barəsində cəza təyin edilmişdir. Şahid4 məhkəmə baxışında verdiyi ifadəsində həmkəndlisi Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə narkotik vasitə əldə etdiyini, 13 aprel 2023cü il tarixdə saat 22:00 radələrində istifadəsində olan ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsinə zəng edərək onunla görüşüb, 40 manat pul verməklə 2 bükümdə heroin, 2 bükümdə isə metamfetamin almasını göstərmişdir. Ağcabədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şahid4 barəsində olan həmin hökm 27 dekabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan 20 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, cəzası 5 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə Qaradağ rayon məkhəməsinin qərarı ilə cəzanın çəkilməmiş 01 il 05 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 26 aprel 2023-cü il tarixli, 502 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetində qeydiyyatda durur. Lakin psixiatrik qeydiyyatda yoxdur. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2015 və 2016-cı illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 1675,488 qram narkotik vasitə heroini və 325,517 qram psixotrop maddə metamfetamini əldə etməsi, daşıması, heroinin 0,488 qramını, metamfetaminin 0,517 qramını tanışı Şahid4 satması, qalan hissəsini isə yaşadığı Ağcabədi rayonu Kəhrizli kəndində yerləşən evinin həyətindəki unitaz qabının içərisində saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs polis işçilərinin 14 aprel 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evə gələrək onu polis şöbəsinə aparmaları, bir neçə saat polis şöbəsində saxladıqdan sonra axşamüstü evinə qaytarmaqla iştirakı ilə evinin həyətinə və evinə baxış keçirmələri, evinin həyətindəki unitaz qabının içərisinə heroinin və metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-səmimi və qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, telefon danışıqları və pul köçürmələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alınması ilə bağlı olaraq digər şəxslərlə “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə çoxsaylı əlaqələr saxlamaqla köçürmələr həyata keçirmiş və narkotik vasitələri əldə edə biləcəyi məkanlar barədə məlumatlar əldə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Beləliklə, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi on iki il müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti səkkiz ildən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 1674,9 qram narkotik vasitə heroin və 324,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «ZERO 20» markalı mobil telefon isə onun ailəsinə verilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 1674,9 qram narkotik vasitə heroin və 324,9 qram psixotrop maddə metamfetamin məhv edilsin, «ZERO 20» markalı mobil telefon isə Təqsirləndirilən şəxs ailəsinə verilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar