Məhkəmə qərarları › İş №1(099)-123/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-123/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-123/2025 22.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X4 iştirakı ilə xx xxxxxx 1996-cı ildə Rusiya Federasiyası, Dağıstan Respublikasının Levişinski rayonun Kakamaxi kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, yük nəqliyyat vasitəsinin sürücüsü işləmiş, məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikasının Levişinski rayonun Kakamaxi kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs X7 20-21 iyul 2024-cü il tarixdə İran İslam Respublikasının (bundan sonra İran) Astara şəhərində satış məqsədi ilə qanunsuz olaraq ümumi təsiredici maddəsi 44,2 qram təşkil edən külli miqdarda-298 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin əldə edib, üzərində “Actoverco Liriver preqabalin 100 mg” yazısı olan 1 konvolyutda 4 ədəd, digər konvolyutda 6 ədəd kapsul olmaqla, ümumilikdə 2 konvolyutda 10 kapsul preqabalini idarə etdiyi “DAF” markalı, “P900EP26/AM384868” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücü kabinasının ön panelində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş hissədə, üzərində heç bir yazısı olmayan narıncı-göy rəngli 288 kapsul preqabalini isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əl çantasının astar hissəsində gizlədərək nəqliyyat vasitəsinin sürücü kabinasında saxlayıb İrandan Azərbaycan Respublikasına daşıyaraq Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına gilas yükü apararkən 24 iyul 2024-cü il tarixdə, saat 08 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonun ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və Rəcəb Məhəmmədovun idarə etdiyi “DAF” markalı, “P900EP26/AM384868” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük nəzarəti qaydasında yoxlanılarkən nəqliyyat vasitəsinin sürücü kabinasının ön panelində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş hissədə üzərində “Actoverco Liriver preqabalin 100 mg” yazısı olan 2 konvolyutda 10 kapsul və sürücü kabinasında olan əl çantasında-malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əl çantasının astar hissəsində gizlədilmiş 288 kapsul, cəmi ümumi təsiredici maddəsi 44,2 qram təşkil edən külli miqdarda-298 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CMnin 206.2 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, xeyli müddətdir ki, yük avtomobilin sürücüsü kimi xarici ölkələrə müxtəlif təyinatlı yüklər daşımaqla məşğul olmuşdur. O, 20 iyul 2024-cü il tarixdə İrandan Rusiyaya yük aparmaq məqsədilə idarə etdiyi “Daf” markalı (“P900EP26/AM384868” dövlət nömrə nişanlı) yük maşını ilə Azərbaycan Respublikası ərazisindən keçməklə, Azərbaycan-İran sərhəddini keçib İranın Astara şəhərinə getmişdir. O, İrana keçdikdən sonra bel nahiyəsində ağrılar olduğu üçün 20 iyul 2024-cü il tarixdə Astara şəhərində apteklərdən birinə girib ağrıkəsici dərman istəmiş və ona 2 konvolutda 20 kapsul adını bilmədiyi ağrıkəsici dərman vermişlər. Əvvəllər də yaşadığı rayonda bel nahiyəsində olan ağrıları ilə bağlı müalicə olunmuş və həkim ona dərmanlar yazmışdır ki, ağrıları olanda istifadə etsin. Həkimin yazdığı dərmanların adı yadında qalmadığı üçün aptekdən sadəcə ağrıkəsici dərman istəmiş və ona aldığı həmin dərmanı (preqabalin) vermişlər. Həmin dərmanı qəbul etdikdən sonra ağrıları azaldığından yenidən bu dərmandan almaq istəmiş, lakin apteklərdə tapa bilməmişdir. 21 iyul 2024-cü il tarixdə Astara şəhərində əvvəllər tanımadığı bir nəfər taksi sürücüsünə yaxınlaşıb aldığı dərmanı göstərib bu dərmana ehtiyacı olduğunu bildirmiş, taksi sürücüsü də bu dərmanı tapa biləcəyini demiş, sonra o, taksi sürücüsünə ******* (iki milyon) İran pulu (tüməni) verib onun üçün həmin dərmandan almasını xahiş etmişdir. Az sonra taksi sürücüsü ona bir ədəd sellofan torbada dəqiq sayını bilmədiyi qədər dərmanı (preqabalini) gətirib ona vermişdir. İranda qaldığı müddətdə (20-24 iyul 2024-cü il tarixlərdə) ağrıları olduğu üçün əvvəl özü aldığı dərmandan 10 ədədini istifadə etmiş, qalan 10 ədədini maşının sürücü kabinasının ön panelində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerə qoymuşdur ki, ağrıları olanda oradan götürüb istifadə etsin. Taksi sürücüsünün ona verdiyi dərmanları isə əl çantasının içərisinə qoymuş və əl çantası da sürücü kabinasının ön panelində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olmuşdur. Aldığı dərmanların qadağan olunmuş dərmanlar olduğunu bilməmiş, həm də aptekdən alındığı üçün dərmanların narkotik tərkibli olmaqla və qadağan olunmuş darmanlar olmasından xəbəri olmamış, ona görə də dərmanları maşında gizlətməmiş, maşının kabinasında saxlamışdır ki, ağrıları olanda oradan götürüb istifadə etsin. İranın Astara şəhərində idarə etdiyi maşına gilas yükü yükləndikdən sonra İran-Azərbaycan sərhəd məntəqəsinə gəlmiş və 24 iyul 2024-cü il tarixdə səhər saatlarında İran gömrüyünü keçib Azərbaycan Respublikası ərazisinə-Astara gömrüyünə daxil olmuşdur. Gömrük postunda gömrük əməkdaşları ondan maşında və üzərində narkotik maddələrin, qadağan olunmuş hər hansı əşya və ya maddələrin olub-olmaması soruşulmuş, o da üzərində və maşınında belə maddələrin olmadığını, maşında yalnız gilas yükü olduğunu bildirmişdir. Bundan sonra gömrük əməkdaşları maşının yoxlanmasına başlamışlar. Yoxlama zamanı maşının kabinasında-ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş hissədə olan 10 ədəd və həmin yerə qoyduğu əl çantasının içərisindən dəqiq sayını bilmədiyi qədər dərmanları aşkar edib götürmüşlər. Şifahi sorğu zamanı ondan aşkar olunan dərmanlar barədə soruşulmuş, o da bel nahiyəsində ağrıları olduğu üçün həmin dərmanları aptekdən aldığını bildirmiş, gömrük əməkdaşları isə ona aşkar olunmuş dərmanların qadağan olunmuş preqabalin adlı dərmanlar olduğunu demiş, o da həmin dərmanların qadağan olunmuş dərmanlar olmasından xəbəri olmadığını bildirmişdir. Gömrük əməkdaşları onun iştirakı ilə həmin dərmanları saymış, sonra cəmi 298 ədəd olan bu dərmanları gömrük əməkdaşları qablaşdırıb götürmüş, daha sonra sənədləşmə aparılmışdır. Maşınında aşkar olunmuş, sonradan adının preqabalin olduğunu bildiyi dərmanları o, xəstəliyi lə bağlı şəxsi istifadəsi üçün almış, həmin dərmanları kiməsə satmaq niyyəti olmamışdır. Aldığı dərmanların qadağan olunmuş dərmanlar olmasını əvvəldən bilməsə də, hər bir halda bu dərmanları İrandan alıb gətirdiyinə görə əməlindən peşmandır. Eyni zamanda təqsirləndirilən şəxs Rəcəb Məhəmmədov ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, həmçinin bu ifadələrində göstərmişdir ki, o, İranda olarkən 2 ədəd konvolutda 20 kapsul dərmanı aptekdən ağrıkəsici kimi almış və həmin dərmanların qadağan olunduğunu bilməmiş, lakin tanımadığı taksi sürücüsündən 288 kapsulu preqabalin adı ilə almış və bu dərmanın gömrükdən keçirməyin qanunsuz olduğunu bildiyindən həmin dərmanları əl çantasının astar hissəsini söküb orada gizlətmişdir. Aldığı dərmanların (preqabalinin) istifadəsi ilə bağlı həkim təyinatı və resepti olmamış, sadəcə belində ağrıları olduğu üçün kiminsə məsləhəti ilə bu dərmanı (preqabalini) ağrıkəsici kimi istifadə etmişdir. Təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DGK-nin Astara Gömrük İdarəsinin əməkdaşıdır. 24 iyul 2024-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsində İran istiqamətindən Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 08 radələrində yük sənədlərinə əsasən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Rusiyaya gilas yükü aparan Rusiya Federasiyası vətəndaşı X2 idarə etdiyi “Daf” markalı yük maşını Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı o, Rəcəb Məhəmmədovdan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, yəni narkotik vasitələr, silah-sursat, dərman preparatları, qızıl-zinət və digər predmetlərin olubolmadığını soruşmuş, o da üzərində və idarə etdiyi maşında qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri onda şübhə doğurduğundan yük nəqliyyat vasitəsinə yoxlama tətbiq etmək qərarına gəlmiş, sonra iki nəfər hal şahidinin və sürücü Rəcəb Məhəmmədovun iştirakı ilə “Daf” markalı (“P900EP26/AM384868”dövlət qeydiyyat nişanlı) yük nəqliyyat vasitəsi yoxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü kabinasında-ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş hissədə üzərində pregabalin (X8) yazısı olan 2 konvolutda 10 kapsul dərman, həmin yerdə olan əl çantasının astar hissəsində gizlədilmiş, üzərində heç bir yazısı olmayan 288 kapsul dərman (əl çantasının astar hissəsi sökülərək götürülməklə) aşkar edilmişdir. Şifahi sorğu zamanı Rəcəb Məhəmmədov aşkar olunmuş dərman kapsulların özünə məxsus olmasını, bu dərmanları İranda aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş dərman kapsulları qablaşdırılıb götürülmüş, sonra bununla bağlı protokol tərtib olunmuşdur. Həmçinin stasionar rentgen qurğusundan yoxlama zamanı nəqliyyat vasitəsində, habelə şəxsi yoxlama zamanı Rəcəb Məhəmmədovun üzərində gömrük orqanından gizlədilmiş və ya bəyan olunmayan, həmçinin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, 24 iyul 2024-cü tarixdə, səhər saatlarında bir nəfər gömrük əməkdaşının xahişi ilə Astara gömrük postunda Rusiya vətəndaşı olan bir nəfər şəxsin (Rəcəb Məhəmmədovun) idarə etdiyi “DAF” markalı yük maşının yoxlanılmasında hal şahidi kimi iştirak etmişdir. Yoxlama zamanı gömrük əməkdaşları maşının sürücü kabinasının ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən 10 ədəd dərman həbləri və orada olan əl çantasının astar hissəsi sökülərək içindən xeyli sayda, dəqiq yadında qalmadığı qədər dərman həbləri aşkar etmişlər. Şifahi sorğu zamanı sürücü həmin dərmanların özünə məxsus olmasını və istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş dərmanlar gömrük əməkdaşları tərəfindən sayılmış, sonra qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokolla müəyyən edilir ki, RF-nın vətəndaşı X7 17 aprel 2023-cü il tarixdən mütəmadi olaraq Azərbaycan Respublikasından tranzit keçməklə RF-dan İrana getmiş və geri qayıtmış, sonuncu dəfə 20 iyul 2024-cü il tarixdə, saat 11:35-də “X13 Məntəqəsi”ndən keçməklə Azərbaycan Respublikası istiqamətindən İrana getmiş və 24 iyul 2024-cü il tarixdə, saat 07:49-da yenidən həmin nəzarət məntəqəsindən keçməklə İrandan Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. İşdə olan, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 24 iyul 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 08 radələrində Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına gilas yükü aparan Rusiya Federasiyasının vətəndaşı X2 idarə etdiyi “DAF” markalı, “P900EP26/AM384868” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi yoxlama xəttində saxlanılıb hal şahidləri və sürücü Rəcəb Məhəmmədovun iştirakı ilə nəqliyyat vasitəsi yoxlanılmışdır. Yoxlama zamanı avtomobilin kabinasının ön panelində şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş hissədən üzərində “Actoverco Liriver preqabalin 100 mg” yazısı olan 2 konvolyutda 10 ədəd kapsullar, habelə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə kabinada olan əl çantasının astar hissəsində gömrük nəzarətindən gizlədilmiş üzərində heç bir yazısı olmayan narıncı-göy rəngli 288 ədəd kapsullar aşkar edilmişdir. Aşkar olunmuş cəmi 298 ədəd kapsullar qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, materialların məhkəmə ekspertizasının 25 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “203666 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi RF vətəndaşı Təqsirləndirilən şəxs (imza) “yazısı və imzalar olan paketdəki-üzərində “Actoverco LİRİVER preqabalin 100 mg” markalanma göstəricisi olan 2 (iki) ədəd konvalyutda, birində 4 ədəd, digərində 6 ədəd, ümumilikdə 10 ədəd qəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullardır və ümumilikdə 10 ədəd kapsuldan ibarət preqabalin təsdiredici maddəsinin ümumi miqdarı 1 qram təşkil edir (bir kapsulda 0,1 qr preqabalin olmaqla) və üzərində heç bir markalanma göstəricisi olmayan 288 ədəd narıncı-göy rəngli kapsul preqabalin tərkibli kapsullara aiddir və 288 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 43,2 qram təşkil edir (bir kapsulda 0,15 qr preqabalin olmaqla). Tədqiqata təqdim edilmiş preqabalinin 298 kapsul olmaqla təsiredici maddəsinin ümumi miqdarı-44,2 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq preqabalin 291 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 19 sentyabr 2024-cü il tarixli qərarla və 20 sentyabr 2024-cü il tarixli Aktla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə 291 kapsul preqabalin və bir ədəd əl çantası üzrə maddi sübut kimi tanınmış və 291 kapsul preqabalin saxlanması üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağına, habelə bir ədəd əl çantası saxlanması üçün DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. İşdə olan, Rusiya Federasiyası Dağıstan Respublikasının “Levişinski Mərkəzi Rayon Poliklinikası”ndan verilmiş 5845 №-li ambulator kartadan çıxarışla müəyyən edilir ki, xx xxxxxx 1996-cı il təvəllüdlü X7 “FAD (fəqərarası disklər) L3-L4/L4-L5/L5-S1 yırtığı, kəskin mərhələdə xroniki residiv kursu, belin funksional blokadası. Belin osteoxondrozu, şiddətli ağrı sindromu” diaqnozu ilə nevroloji qeydiyyatdadır. Xəstə müntəzəm olaraq planlı ambulator müalicə alır. Xəstəyə resetlə Diklofenak, Saidbekov qarışığı, medokalm, fenibut, finlepsin, keterol və naltrekson dərmanları yazılmışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 avqust 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı X3 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub, lakin hal-hazırda Rəcəb Məhəmmədovda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (idarə etdiyi yük maşınının sürücü kabinasından və orada olan əl çantasının astar hissəsindən aşkar edilmiş dərman kapsulların qadağan olunmuş dərmanlar olmasından məlumatının olmaması, aptekdən aldığı və taksi sürücüsündən əldə etdiyi dərmanların adını bilməməsi və onları sadəcə ağrıkəsici dərman kimi alması və bu dərmanları satmaq üçün yox, yalnız özünün şəxsi istifadəsi üçün əldə etməsi, taksi sürücüsündən aldığı dərmanları əl çantasının astar hissəsində gizlətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni idarə etdiyi yük maşınının sürücü kabinasından və orada olan əl çantasının astar hissəsindən aşkar edilmiş dərman kapsulların qadağan olunmuş dərmanlar olmasından məlumatının olmaması, aptekdən aldığı və taksi sürücüsündən əldə etdiyi dərmanların adını bilməməsi və onları sadəcə ağrıkəsici dərman kimi alması və bu dərmanları satmaq üçün yox, yalnız özünün şəxsi istifadəsi üçün əldə etməsi, taksi sürücüsündən aldığı dərmanları əl çantasının astar hissəsində gizlətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, idarə etdiyi yük maşınının sürücü kabinasında və orada olan əl çantasının astar hissəsində aşkar olunmuş dərmanların preqabalin olmasını, həmin dərmanları aptekdən və taksi sürücüsündən əldə etdiyini, preqabalin dərmanının gömrükdən keçirilməsinin qanunsuz olmasını bildiyini və bu səbəbdən taksi sürücüsündən aldığını dərmanları əl çantasının astar hissəsini söküb orada gizlətdiyini bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən və onların külli miqdarının Siyahısı”na əsasən (cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən güclü təsir edən maddələrin külli miqdarına görə) adı “Preqabalin” olan maddə güclü təsir edən maddədir və preqabalinin 5 qramdan artıq hissəsi külli miqdar hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovdan götürülmüş ümumi təsiredici miqdarı-44,2 qram təşkil edən 298 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin külli miqdar təşkil edir. Habelə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Rəcəb Məhəmmədovun külli miqdarda preqabalin əldə etməsi onun bilavasitə həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirmək üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəcəb Məhəmmədov satış məqsədi ilə qanunsuz olaraq ümumi təsiredici miqdarı-44,2 qram təşkil edən 298 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin əldə etmiş, saxlamış, daşımış, habelə külli miqdarda preqabalin maddəsini daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Rəcəb Məhəmmədovun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, RF-nın vətəndaşı Rəcəb Məhəmmədovun Azərbaycan Respublikasında məhkum olunması barədə məlumat yoxdur. İşdə olan sənədlərlə, o cümlədən RF Dağıstan Respublikasının Levişinski rayonun “Kakamaxi kənd şurası” başçısı tərəfindən verilmiş 27 sentyar 2024-cü il tarixli xasiyyətnamə ilə müəyyən olunur ki, Rəcəb Məhəmmədov xx xxxxxx 1996-cı il ildə Rusiya Federasiyası, Dağıstan Respublikasının Levişinski rayonun Kakamaxi kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşıdır, subaydır, RF, Dağıstan Respublikasının Levişinski rayonun Kakamaxi kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət (sakit və müsbət xarakterli olmaqla kənd sakinlərin hörmətini qazınmış, kəndin ictimai işlərində fəal iştirak etmişdir) xarakterizə olunur. İş üzrə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovun barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Rəcəb Məhəmmədovun barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədova cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxs Rəcəb Məhəmmədov törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əcnəbilər onlara təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilər. Həmçinin həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəcəb Məhəmmədov təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, habelə CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs Rəcəb Məhəmmədov təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 291 kapsul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə "Azərbaycan Respublikasının Narkomanlığa və X5 X9 üzrə Dövlət Komissiyası" tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübut olan və DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bir ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-114 (bir yüz on dörd) manat təqsirləndirilən şəxs Rəcəb Məhəmmədovdan tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə X6 cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X7 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, habelə Azərbaycan Respublikası CM-nin 52.1-1ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 291 kapsul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bir ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-114 (bir yüz on dörd) manat məhkum olunmuş şəxs X1 tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs X7 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar