Məhkəmə qərarları › İş №1(099)-126/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-126/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-126/2022 02.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1985-ci ildə Saatlı rayonunun Yeni Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkini, yəni çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə əldə edib özündə saxladığı narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki boranı bitkilərinin arasında olan torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda-31 ədəd çətənə (kannabis) bitkisini kultivasiya etmiş, daxil olmuş məlumat əsasında 27 avqust 2021-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı, evin həyətyanı sahəsində külli miqdarda-31 (otuz bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Saatlı rayonunun Yeni Novruzlu kəndində olan, hazırda əmisinin ailəsi yaşadığı, atasına məxsus evdə uşaqları ilə birlikdə qeydiyyatda olsa da, faktiki olaraq himayəsində olan üç azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında olan fərdi yaşayış evində yaşayır, heç bir yerdə işləmir, sağ əlindən əlildir və İİİ dərəcə əlil kimi pensiya alır. Hazırda subaydır, arvadı Aygün Gülməmmədova 2018-ci ildə ağır xəstəlikdən vəfat etmişdir.Təxminən 4-5 il əvvəl Bakı şəhəri, Mərdəkan qəsəbəsində fəhlə işləyərkən fəhlə kimi birlikdə işləyən şəxslərdən bir az “nəşə” (qurudulmuş marixuana) alıb istifadə etmişdir.Həmin vaxt “nəşə”dən (qurudulmuş marixuanadan) istifadə edən şəxslər kibrit qutusunda olan marixuananı istifadə etdikdən sonra qutuların içərisində olan toxumları yer atmış, o da yerdən həmin toxumları yığıb özündə saxlamış, sonra rayona qayıtdarkən toxumları aparıb yaşadığı evdə gizlədib saxlamışdır.Mütəmadi olaraq “nəşə”dən (qurudulmuş marixuanadan) istifadə etməmiş, əldə etdiyi vaxtlarda gizli olaraq istifadə etmişdir. 2021-ci ilin aprel ayında həmin toxumları yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki torpaq sahəsində əkdiyi boranı bitkilərinin arasındakı torpağı şumlayıb həmin yerə əkmişdir.Toxumları əkdiyi yerdə çətənə bitkiləri çıxdıqdan sonra onlara su verməklə qulluq etmişdir.Həmin çətənə bitkiləri özünün şəxsi istifadəsi üçün əkib-yetişdirmişdir.27 avqust 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə olarkən həyətinə bir qrup polis əməkdaşları gəlib ona həyətdə çətənə bitkiləri əkməsi barədə məlumat olduğunu, həyətinə baxış keçiriləcəyi bildirilmiş, o da həyətində çətənə bitkiləri əkdiyini etiraf edib həyətinə baxış keçirilməsinə etiraz etməmişdir.Sonra polis əməkdaşları tərəfindən bir neçə nəfər mülki şəxsin və özünün iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilmişdir.Baxış zamanı o, yaşadığı evin arxa tərəfindəki boranı bitkilərinin arasında, çətənə bitkiləri əkdiyi yeri polislərə göstərmiş və həmin yerdə 31 ədəd çətənə bitkiləri aşkar edilmişdir.Sonra polis əməkdaşları tərəfindən həmin bitkilər torpaqdan çıxarılıb qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır.Şifahi sorğu zamanı o, həyətində aşkar olunmuş çətənə bitkiləri özünün əkib-yetişdirdiyini bildirmişdir.O, marixuanadan daim istifadə etməmiş, yalnız əldə etdiyi vaxtlarda istifadə etmişdir.O, çətənə bitkiləri yalnız özünün şəxsi istifadəsi məqsədi ilə əkmiş, sonradan əldə edəcəyi marixuananı kiməsə satmaq niyyəti olmamış və heç kimə marixuana satmamışdır.Törətdiyi əməlindən peşmandır.Hazırda himayəsində üç azyaşlı uşağı vardır və həmin uşaqlara özü qulluq edir, yəni evdə özü yemək bişirir, paltarları yurur, başqa işləri görür və onların tərbiyəsi ilə məşğul olur.Arvadı vəfat etdikdən sonra evlənməmiş, hazırki vaxtadək uşaqları onunla birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayırlar və onlara özündən başqa qulluq edən şəxs yoxdur.Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 27 avqust 2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirində o da iştirak etmişdir. Belə ki, 27 avqust 2021-ci il tarixdə, axşam saatlarında Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elvin Həmidov tərəfindən əməliyyat-axtarış qrupunun üzvləri, Təqsirləndirilən şəxs, hal şahidləri və mütəxəssis-aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkiləri əkilib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də evin həyətyanı sahəyə baxış keçiriləcəyi bildirilmiş, Ənnağı da baxışın keçirilməsinə etiraz etməmiş, həm də həyətində çətənə bitkiləri əkdiyini etiraf etmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs həyətində çətənə kolları əkdiyi yeri, yəni evinin arxa tərəfində sahədə əkdiyi çətənə kollarını onlara göstərmiş və həmin sahədə 31 ədəd çətənə bitkiləri aşkar edilmişdir.Baxışda iştirak edən aqronom aşkar olunmuş bitkilərin çətənə kolu olduğunu və onlara aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərildiyini bildirmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özünün şəxsi istifadəsi üçün yetişdirdiyini bildirmişdir.Aşkar edilmiş çətənə bitkiləri kökündən çıxarılıb kisəyə qablaşdırılıb götürülmüşdür.Bundan sonra müstəntiq tərəfindən baxışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid5 ifadəsində bildirmişdir ki, o, 27 avqust 2021-ci il tarixdə, axşam saatlarında Sabirabad RPŞ-nin əməkdaşlarının xahişi ilə Sabirabad şəhərində Ənnağı adlı şəxsin (Təqsirləndirilən şəxs) yaşadığı evin həyətinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir.Polis əməkdaşları ilə birlikdə Ənnağı adlı şəxsin həyətində olarkən polis əməkdaşları Ənnağıya həyətində çətənə bitkiləri əkməsi barədə məlumatları olduğunu və buna görə də həyətinə baxış keçirəcəklərini bildirmiş, Ənnağı da həyətinə baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Ənnağının iştirakı ilə polis əməkdaşları tərəfindən həyətə baxış keçirilmişdir. Baxış zamanı Ənnağı yaşadığı evin arxa tərəfindəki sahədə olan bitkiləri göstərib çətənə kolları olduğunu, onları özünün əkib-yetişdirdiyini demişdir. Həmin yerdə çətənə kolları aşkar olunmuşdur.Sonra polis əməkdaşları tərəfindən həmin bitkilər torpaqdan kökündən çıxıralıb sayılmış, cəmi 31 ədəd olmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bitkilər kisəyə qablaşdırılıb götürülmüş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 27 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi keçirilməsi haqqında” 27 avqust 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə daxil olmuş məlumata əsasən Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerlşən fərdi yaşayış evinin həyətinə Təqsirləndirilən şəxs, hal şahidləri və mütəxəssis-aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə 31 ədəd çətənə koluna oxşar bitkilər aşkar edilmiş və həmin bitkilər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 27 avqust 2021-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar olunmuş 31 (otuz bir) ədəd bitkilər tərkibində narkotik maddələr olan çətənə kollarıdır və onlar xüsusi qaydada əkilməklə həmən bitkilərə aqrotexniki qaydada xidmətlər olunmaqla yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 28 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs yaşadığı ” sözləri və imzalar olan 1 ədəd sintetik torba bağlamada 20 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi-2600,0 qram), 1 ədəd sintetik torba bağlamada 7 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi-2700,0 qram), və 1 ədəd sintetik torba bağlamada 4 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi-3900,0 qram) olmaqla, 3 ədəd sintetik torba bağlamada cəmi 31 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-9200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 29 avqust 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 31 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri iş üzrə maddi subut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ƏƏSMN-nın tabeliyində DSMFPHŞ 10 saylı Regional Ərazi Filialının Saatlı RQŞ-nin 13 sentyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil kimi müddətsiz olaraq 110 manat məbləğində sosial müavinət təyin edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 sentyabr 2021-ci il tarixli rəyi lə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opidlərin və kannabiodlərin birgə qəbul edilməsi nəticəsində yaranan Asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayəti törətmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 31 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanının “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 29 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikasının DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayon İHB-nın Bəylik kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Yuxarı Novruzlu kəndində qeydiyyatdadır (faktiki olaraq ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamaqla) və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, AZ-İ 947701, AZ-İİ 605723 və AZ-İİİ 300787 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə müyyən olunur ki, 16 may 2007-ci ildə X3, 20 iyul 2009cu ildə X4 və 13 aprel 2014-cü ildə X5 doğulmuşlur. İşdə olan, AZ-İ 949066 №li ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X1 18 may 2018-ci ildə vəfat etmişdir. İşdə olan, Sabirabad rayon İHB-nın Bəylik kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs arvadı Aygün Gülməmmədova vəfat etdikdən sonra uşaqları Təqsirləndirilən şəxs himayəsində yaşayırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan (15 yaşlı) uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs hazırda himayəsində üç uşağının-bir yetkinlik yaşına çanmayan və iki azyaşlı uşağının olmasını, arvadı vəfat etdikdən sonra himayəsində olan həmin uşaqları təkbaşına böyütməsini, habelə cəzanı yüngülləşdirən digər halları məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin müddəaları tətbiq edilməklə ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının təxirə salınması mümkündür. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri şəxsiyyət əleyhinə aid olan cinayətlər kateqoriyasına aid deyil, habelə onun himayəsində 08 və 13 yaşında iki azyaşlı uşağı vardır, eləcə də himayəsində olan üç uşağını, bir yetkinlik və iki on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan üç uşağın, o cümələdən iki azyaşlı uşağın valideyn qayğısına ehtiyacının olması, onların tərbiyə edilməsinin zəruriliyi, habelə uşaqların dövlət tərəfindən qorunan mənafeyi nəzərə alınaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi himayəsində olan uşaqları 14 yaşına çatanadək, o cümlədən kiçik uşağı 13 aprel 2014-cü ildə doğulmuş X5 14 yaşına çatanadək, yəni 13 aprel 2028-ci il tarixədək təxirə salınmalıdır. Habelə Təqsirləndirilən şəxs üzərinə uşaqların qayğısını çəkmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmalı, eləcə də Təqsirləndirilən şəxs davranışına nəzarət qeydiyyat yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Habelə Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 31 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X6 X9 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq olunsun və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi himayəsində olan uşağı-13 aprel 2014-cü ildə doğulmuş X7 14 (on dörd) yaşına çatanadək, yəni 13 aprel 2028-ci il tarixədək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərinə azyaşlı uşaqlarının qayğısını çəkmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətinin həyata keçirilməsi qeydiyyat yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 31 (otuz bir) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar