Məhkəmə qərarları › İş №1(099)-126/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-126/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-126/2025 15.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, və müdafiəçi- Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 71-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış mqəsədi ilə qanunsuz olaraq xüsusi ilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə və satışını həyata keçirmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı olması güman edilən “Əkbər” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, 16 iyun 2024-cü il tarixdə Biləsuvar rayonuna gəlmiş, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 95-ci kilometri göstərən yol nişanının yanında cinayətkar qrupun üzvü tərəfindən gizlədilmiş xüsusilə külli miqdarda 850,0 qram çəkidə psixotrop maddə metamfetamin, külli miqdarda 56,510 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 5865,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən 70 ədəd metadon həblərini əldə edib daşıyaraq “KHAZAR” markalı 77YN189 dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, həmin tarixdə saat 17:25 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ələt- Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 95-ci kilometri göstərən yol nişanının yaxınlığında avtomobildə olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş orada “KHAZAR” markalı 77YN189 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa sağ ayaqaltısında olan üzəri yapışqan lentlə sarılmış sellofan torbanın içərisindəki idman çantasından 1 ədəd üzəri yapışqan lentlə sarılmış falqa bükülüdə təmiz çəkisi -56,510 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 2 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi -605,0 qram, -245,0 qram olmaqla ümumilikdə təmiz çəkisi - 850,0 qram olan ağ rəngli kristallardan ibarət xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 9 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi -225,0 qram, -540,0 qram, -290,0 qram, -210,0 qram, -460,0 qram, -510,0 qram, -715,0 qram, -1865,0 qram, -1050,0 qram olmaqla ümumilikdə təmiz çəkisi -5865,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı, 2,8 qram təşkil edən 7 ədəd konvalyutda ümumi sayı 70 ədəd qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan külli miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evdə olan zaman İran nömrəsindən zəng gəlmiş, həmin şəxs ona pulsuz, yəni pulunu sonradan ödəmək şərti ilə 20 qram marixuana göndərəcəyini demişdir. 16 iyun 2024-cü il tarixdə, o marixuananı götürmək üçün Biləsuvar rayonuna getmiş, göy rəngli selofanda həmin 20 qram marixuananı götürdükdən sonra avtombilə əyləşib bir qədər getdikdən sonra polis əməkdaşları onu tutmuşlar. Polislər onu tutduqdan sonra onu döyərək üzərinə bağlama qoymuşlar. O da, məcbur qalıb etirafedici ifadə vermişdir. O narkotik istifadəçisidir, 20 qram marixuana götürməyə getdiyi üçün əməlindən peşimandır. Məhkəmədən əməlinin düzgün tövsif olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 16 iyun 2024-cü il tarixdə İran vətəndaşından 20 qram marixuana almağa razılaşmış, bu məqsədlə həmin gün saat 17- 18 radələrində iranlı ilə razılığa uyğun olaraq Ələt-Astara yolunun 94-cü kilometrliyini göstərən yol nişanının yanına gəlmiş, orada kolların arasında böyük bir göy rəngli sellofan torba görmüşdür. Torba böyük olduğu üçün ona şübhəli gəlmişdir. Amma elə başa düşmüşdür ki, ona göndərdiyi narkotik vasitə torbanın içərisindədir, şübhə yaratmamaq üçün böyük torbaya qoyubdur. Həmin vaxt həyəcanlı olduğuna və qorxduğuna görə tələsik torbanı götürüb avtomobilin arxa sağ ayaqaltısına qoymuş, hərəkətdə olarkən YPX əməkdaşları avtomobili saxlamışlar. Bu zaman əməliyyatçılar yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Bundan sonra videoçəkiliş aparılmaqla onu Biləsuva ərazisinə gətirən sürücü Musa adlı şəxsin idarə etdiyi KHAZAR markalı 77YN189 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomaşının arxa sağ ayaqaltısından onun qoyduğu üzəri yapışqan lentlə sarılmış göy rəngli sellofan torba aşakar olunaraq götürülmüşdür. Torba açıldıqda bir neçə bükülülər aşkar edilmişdir. Bir ədəd bükülüdə heroinə oxşar maddə olması, iki ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə olması, doqquz ədəd bükülüdən qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması və bir bükülüdən yeddi konvaluytda olmaqla 70 ədəd metadon həbləri olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, «20 qram marixuana götürmək üçün getdiyini, həmin narkotik vasitəsini götürdükdən sonra polis əməkdaşları tərəfindən tutularaq, döyülməsi və üzərinə xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr qoyması» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır.16 iyun 2024-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs olduğu ehtimal olunan “KHAZAR” markalı 77YN189 dövlət qeydiyyat nişanlı avtomibil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hisəsində 95-ci kilometri göstərən yol nişanının yaxınlığında DYPB-nin əməkdaşları tərəfindən avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək saxlanılmaqlarının səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış və baxış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs və sürücü Şahid1 idarə etdiyi «KHAZAR” markalı 77YN189 dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı və videoçəkiliş ilə «KHAZAR” markalı 77YN189 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə xarici mobil nömrə ilə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən Əkbər adlı şəxsin ona göndərdiyi bağlama olduğunu bildirdi. Bundan sonra avtomobilin arxa sağ ayaqaltısından üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bir ədəd göy rəngli sellofan torba aşkar edildi, həmin torba açıldı içərisində 11 ədəd bükülü aşkar edildi. Aşkar olunbuş bükülələr baxış keçirilən zaman bükülülərin içərisində müxtəlif novdə narkotik vasitə və psixotorp maddalər aşkar edildi, bükülülər tərəzidə çəkilərəq qablaşdırıldı və möhürləndi. Şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdşları X6, X7 və X3 eyni məzmunlu ifadə verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2024-cü il tarixdə Rabil ona demişdir ki, “məni Biləsuvara apar, qayıdandan sonra yol haqqı olaraq 100 manat verəcəm”. O da razılaşmışdır. Həmin gün saat 15 radələrində onun idarə etdiyi KHAZAR markalı 77YN189 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan ərazisində “Hacıoğlu” restoranına gəlmişlər. Ora çatanda Rabil demişdir ki, “bir az irəli gedəcəyik. Biləsuvara girişdə adam var görüşüb qayıdacam”. O da heç bir söz deməmişdir. Sonra onlar Biləsuvar rayonu ərazisinə daxil olmuşlar. Yolda 95-ci kilometri göstərən yol nişanının yanında Rabil ayaqyoluna getmək üçün ondan avtomobili saxlamağı xahiş etmişdir. O, avtomobili saxlamış, hava isti olduğu üçün motorxananın qapısını qaldırmış və avtomobilin yağına və suyuna baxmışdır. Bu zaman Rabil əlində bir ədəd göy rəngli sellofan torba gətirib avtomobilin arxa sağ ayaqaltısına qoymuşdur. Sonrada ona demişdir ki, “qayıt gedək”. O, Rabildən torbada nə olduğunu soruşmuş, Rabil bildirmişdir ki, “torbanın içərisində narkotik vasitə vardır”. O, bunu bilən kimi Rabilə iradını bildirmişdir ki, “mənə bu barədə niyə əvvəlcədən deməmisən, niyə məni aldadıb bura gətiribsən”. Elə bu zaman YPX avtomobili saxla işarəsi vermişdir. O, avtomobili yolun kənarına verib saxlamışdır. Həmin vaxt bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirib onlara polis şöbəsinə getməyi bildirmişlər. Şöbədə onların üzərilərinə videoçəkilişlə baxış keçirilmiş, qanunla qadağan olunmuş heç bir yad predmet aşkar olunmamışdır. Bundan sonra onun idarə etdiyi avtomobilə videoçəkilşlə baxış keçirilmiş, baxış zamanı avtomaşının arxa sağ ayaqaltısından onun qoyduğu üzəri yapışqan lentlə sarılmış göy rəngli sellofan torba aşakar olunaraq götürülmüşdür. Aşkar olunmuş bağlamaya baxış keçirilərkən oradan bükümlər aşkar olunmuş, bükümlərin içərisinə baxış keçirilərkən müxtəlif növdə narkotik vasitələr aşkar olunmuşdur. Onun tutulan vaxta kimi həmin narkotik vasitədən və Rabilin narkotik vasitə götürmək üçün gəldiyindən heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi və bioloji ekspertizasının 17 iyun 2024-cü il tarixli 19/497 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxslər Təqsirləndirilən şəxs məxsus Şahid1 idarə etdiyi avtomaşından aşkar edilmiş bağlamada olan narkotik maddələr...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -56,510 qram olan maddə tiryəkdən kustar üsullas hazırlanmış narkotik vasitə heroindir; 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -605,0 qram, -245,0 qram olmaqla ümumi təmiz çəkisi: -850,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -225,0 qram, -540,0 qram, -290,0 qram, -210,0 qram, -460,0 qram, -510,0 qram, - 715,0 qram, -1865,0 qram, -1050,0 qram olmaqla ümumi təmiz çəkisi: -5865,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 7 ədəd konvalyutda ümumi sayı -70 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -2,8 qramdır (bir həbdə 0,04qr). Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon adlı dərman “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Ekspertiza tədqiqatından sonrakı qalıq 56,410 qram narkotik vasitə heroin, 849,8 qram psixotrop maddə metamfetamin, 5864,1 qram qurudulmuş marixuana və 63 ədəd metadon həbləri təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli 535 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli 2021 saylı ambulator məhkəmə psixitarik ekspertizasının rəyindən görünür ki, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2021 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda X5 Aşkar Olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan 16 iyun 2024-cü il tarixli «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» protokoldan və videogörüntüdən görünür ki, ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid1 təklif olunmuşdur ki, «KHAZAR” markalı 77YN189 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə onlara aid narkotik vasitə və yaxud qanunla qadağan edilmiş soyuq silah, odlu silah digər əşya varsa, təqdim etsinlər. Şübhəli şəxs Şahid1 idarə etdiyi avtomobildə ona məxsus qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirdi. Lakin şübhəli şəxs Təqsirləndirilən şəxs tanışı Şahid1 idarə etdiyi avtomobildə ona məxsus narkotik maddə olduğunu bildirdi və avtomobilin arxa oturacağın sağ ayaqaltı hissəsindən bir ədəd üzərinə ağ rəngli yapışqan lentlə sarılmış, üzərinə göy rəngli sellofan torba keçirilmiş çantanı təqdim etdi, həmin çantanın içərisində narkotik vasitə olduğunu, xarici mobil nömrə ilə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən Əkbər adlı şəxsin ona göndərdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərinə göy rəngli sellofan torba keçirilmiş çantaya tərəfimdən baxış keçrilməyə başlanıldı. Göy rəngli sellofan torba kəsilib açılarkən üzərinə şəffaf rəngli yapışqan lentlə sarılmış bir ədəd gümüşü kağıza bükülmüş bükülü aşkar edildi, çanta tam kəsilib açılarkən içərisindən qara rəngli idman çantası aşkar edildi. Həmin çanta açılarkən içərisindən 11 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bağlama çıxdı. Ümumilikdə aşkar olunmuş 12 ədəd bağlamalardan 7 ədəd qara, iki ədəd ağ, bir ədəd qırmızı, bir ədəd göy və bir ədəd qəhvəyi rəngli üzəriləri şəffaf rəngli yapışqan lentlə sarılmış bağlamalar olması müəyyən edildi. Həmin bağlamaların hər biri ayrıayrılıqda açılıb baxıldıqda qəhvəyi rəngli bağlamadan əlavə bir ədəd qəhvəyi rəngli içərisində narkotik vasitə heroinə bənzər maddə olan bağalama aşkar edildi. Aşkar edilmiş ümumilikdə 13 ədəd bağlamalar hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda və şöbənin elektron tərəzisində çəkildikdə 9 ədəd bağlamadan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşakar edildi və şöbənin elektron tərəzisində çəkildikdə bükülü ilə birlikdə çəkiləri: 1ci bağlama 1955 qram, 2-ci bağlama 1130 qram, 3-cü bağlama 790 qram, 4-cü bağlama 570 qram, 5-ci bağlama 305 qram, 6-cı bağlama 645 qram, 7-ci bağlama 500 qram, 8-ci bağlama 285 qram, 9-cu bağlama 245 qram olması müəyyən edildi, 10-cu bağlamadan 265 qram psixotrop maddə metamfetaminə bənzər maddə, 11-ci bağlamadan 655 qram psixotrop maddə metamfetaminə bənzər maddə, 12-ci bükülüdən üzərinə “Metadon 40” sözləri yazılmış hər birində 10 həb olan 7 ədəd konvalyutda dərman həbləri və 12-ci bükülüdən 95 qram narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edildi. Aşkar olunmuş bükülülər elektron tərəzidə çəkildikdən sonrada ekspertizaya göndərilməsi üçün bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Bundan başqa, Şahid1 idarə etdiyi avtomobildən hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan 22 iyun 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi və götürmə» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "TECNO" markalı telefonun üzərində ***-***-**-** nömrənin olduğu müəyyən edildi. "TECNO" markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “+98930 702 0835”, “+98903 576 6938”, “+98936 608 1670”, “+98936 874 2322”, “+98936 287 2964”, “+98902 297 1734”, “ Emi +98914 754 9171”, “+98914 152 7211”, nömrə müəyyən olundu. Təqsirləndirilən şəxs məxsus "TECNO" markalı telefonun “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, sonuncu ilə İran mobil operatoruna aid yuxarıda qeyd olunan nömrələr arasında 16 iyun 2024-cü il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə “WhatsApp” vasitəsilə çoxsaylı danışıqlarının, səsli mesajları, “+98936 *** **** saylı nömrədən göndərilən narkotik vasitənin olduğu yer barədə məkan fotoşəkilləri və zəngləri qeydə alınmışdır. Bəzi mesajlar müddətli olduğu üçün silinmişdir. Həmçinin +98936 *** **** saylı nömrədən narkotik vasitəni daş adı ilə təklif olunması barədə mesajda gəlmişdir. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilməsi üçün Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 95-ci kilometri göstərən yol nişanının olduğu yerə gedildi. İş üzrə təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təklif olundu ki, ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar rayonu ərazisində “Ələt-Astara yolunun 95-ci kilometri göstərən yol nişanının yanından İİR vətəndaşı Əkbər adlı şəxsin ona göndərdiyi içərisində külli miqdarda nakotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddə olan bağlamanı götürdüyü yeri əyani olaraq göstərib təqdim etdi. Bu barədə tərəfimdən fotocədvəl tərtib edilərək işə əlavə edilmişdir. İş materiallarında olan 16 iyun 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 18 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 16 iyun 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Qax rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli «maddi sübut qismində tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 56,410 qram narkotik vasitə heroin, 849,8 qram psixotrop maddə metamfetamin, 5864,1 qram qurudulmuş marixuana və 63 ədəd metadon həbləri sübut kimi tanınmış saxlanılması üçün Biləsuvar RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Biləsuvar rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 16 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» qərarla şəxsi axtarış və avtombilə baxış keçirilməsinə dair 4 ədəd CD diskdə olan videogörüntü və Təqsirləndirilən şəxs götürülmüş, üzərində ***-***-**-** nömrəsi olan bir ədəd «TECNO» markalı mobil telefon maddi sübut kimi tanınmış, 4 ədəd CD disk iş materiallarına əlavə edilmiş, 1 ədəd mobil telefon Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olanBakı şəhəri Nəsimi rayon Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 03 avqust 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən, nikah haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 71-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və 23 oktyabr 2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrıca icraata qəbul edilməsi haqqında” şərarla Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddçlçrin mənbəyini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunmalı ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 56,410 qram narkotik vasitə heroin, 849,8 qram psixotrop maddə metamfetamin, 5864,1 qram qurudulmuş marixuana və 63 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş, üzərində ***-***-**-** nömrəsi olan bir ədəd «TECNO» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və avtombilə baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 4 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddətində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 16 iyun 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 mart 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Biləsuvar Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 56,410 qram narkotik vasitə heroin, 849,8 qram psixotrop maddə metamfetamin, 5864,1 qram qurudulmuş marixuana və 63 ədəd metadon həbləri məhv edilsin. - Biləsuvar Rayon Polis Şöbsində saxlanılanTəqsirləndirilən şəxs götürülmüş, üzərində ***-***-**-** nömrəsi olan bir ədəd «TECNO» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. -İş materiallarına ədavə olunmuş şəxsi axtarış və avtombilə baxış keçirilməsinə dair 4 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddətində işlə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar