Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-128/2024 06.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), X19 və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi keçid-1, ev 98-də qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Sabirabad rayonu Çöl-Beşdəli kəndi ərazisində 93 km/saat sürətlə idarə etmiş, həmin vaxt qeyd olunan qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri pozmuş, avtomobilin qabaq hissəsi ilə yolun hərəkət hissəsini sağ kənarından sola doğru keçən velosipedçi X10 və velosipedin arxa oturacağında əyləşmiş X4 vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Suliddin Əliyevin təpə, sol-gicgah-ənsə nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, təpə, sol gicgah nahiyələrində, sağ ayağın üst səthində yaralar, sol qamış və incik sümüklərinin qapalı yerdəyişən sınıqları, sol yanaq nahiyəsində, sağ bazu oynağının üst səthində, sağ dirsək oynağının bayır səthində, sol əlin üst səthində, sağ qalça tini proyeksiyasında, sol budun yuxarı 1/3-də arxa səthdə, sol diz oynağının ön səthində, sağ diz oynağının bayır səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə başın qapalı küt travmasından baş beyin toxumasına qansızmadan hadisə yerində, Xədicə Əliyevanın isə sol təpə-gicgah, ənsə nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sol təpə-gicgah, ənsə nahiyəsində yaralar, sol məmə xətti üzrə 5- 6-7-8-9-cu qabırğaların qapalı yerini dəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, sol gicgah-alın nahiyəsində, sol gözaltı nahiyədə, alt çənədə, sol bazunun aşağı 1/3-də bayır səthdə, döş qəfəsinin ön səthində, sol körpücük xətti üzrə 8-11-ci qabırğa səviyyəsində, sol bud çanaq oynağının bayır səthində, sol diz oynağının iç səthində, sol aşıq baldır daban oynağının ön səthində sağ baldırın aşağı 1/3-də arxa səthdə sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid, başın qapalı küt travmasından baş beyin toxumasına qansızma nəticəsində stasionar müalicədə olduğu Bakı şəhəri, “City Hospital”da 20 mart 2023-cü il tarixdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi ilə birlikdə Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid-1, ev 98-də qeydiyyatda olmaqla yaşayır. Bu hadisə olan vaxtadək "xxxx" MMC-də “Ford tranzit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işləmiş, hazırda işləmir. 2018-ci il tarixdən “BC” dərəcə sürücülük vəsiqəsi vardır. Onun işi işlədiyi şirkətdən verilən yol vərəqəsinə əsasən idarə etdiyi avtomobillə şirkətin əməkdaşlarını respublikanın müxtəlif bölgələrinə aparıb orada olan “Milliön” aparatlarından pul kasetlərini götürüb şirkətin Bakı şəhərində yerləşən ofisinə təhvil verməkdən ibarət olmuşdur. İşlədiyi şirkət tərəfindən ona 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir. 17 mart 2023-cü il tarixdə, səhər saatlarında idarə etdiyi avtomobillə aran rayonlarına “Milliön” aparatlarında olan pul kasetlərini götürməyə getmiş, onunla birlikdə şirkətin əməkdaşları-mühafizəçi Elnur və inkassator İlkin adlı şəxslər olmuşlar. Onlar həmin gün saat 15 radələrində Sabirabad rayonun Bala Həşimxanlı kəndindən çıxıb, pul kasetlərini təhvil vermək üçün Bakı şəhəri istiqamətində, idarə etdiyi “Ford tranzit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmiş, avtomobildə mühafizəçi Elnur və inkassator İlkin adlı şəxslər olmuşlar. O, idarə etdiyi avtomobillə Sabirabad rayonun Çöl-Beşdəli kəndinin ərazisində asfalt yolla 90-92 km/saat sürətlə hərəkətdə olarkən qarşıda, təxminən 100-150 metr məsafədə yolun sağ ehtiyat hissəsi ilə üzərində velosipedlə iki nəfər şəxsin hərəkət etdiyini görmüşdür. Velosipedi bir nəfər kişi idarə etmiş, arxa tərəfində də bir nəfər balaca qız oturmuşdur. O, idarə etdiyi avtomobillə velosipedlə hərəkət edən şəxslərə təxminən 50 metr qalmış velosipedi idarə edən şəxsin yolun sağ tərəfindən sol tərəfinə keçməsi üçün velosipedlə yola daxil olub hərəkət edib yolun sağ tərəfindən sol tərəfinə keçməsini görmüşdür. Velosipedçi yolun sağ tərəfindən onun yoluna çıxan kimi o, velosipedi vurmaması üçün avtomobilinin sükanını sol tərəfə döndərib əyləci basmış və avtomobil sürüşərək gedib yolun sol tərəfində velosipediüzərində olan şəxslərlə birlikdə vurmuşdur. Velosipedi vurduqdan sonra avtomobil bir qədər hərəkət etmş, sonra yolun sol ehtiyat hissəsində avtomobili saxlamışdır. Sonra o və avtomobildə olan şəxslər avtomobildən düşüb hadisə yerinə gəlmiş, həmin vaxt hadisə yerinə yoldan keçən şəxslər də toplaşmışlar. Ora toplaşmış adamların deməsindən bilmişdir ki, velosipedi idarə edin kişi artıq keçinmiş, uşaq isə sağdır. Sonra orada olan şəxslərdən kimsə uşağı öz avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Bir qədər sonra təcili yardım avtomobili gəlib dünyasını dəyişmiş kişini də aparmışlar. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində ölmüş şəxs X12, xəsarət alan, sonradan xəsəxanada vəfat etmiş uşaq X7 olmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti təxminən 90-92 km/saat olmuş, hadisə zamanı onun üçün təhlükə anı velosipedin yolun sağ tərəfindən sol tərəfinə keçməsinə başladığı andan yaranmış, həmin vaxt da avtomobillə velosiped arasında təxminən 50 metr məsafə olmuşdur. Ehtiyatsızlığı nəticəsidə bu hadisənin baş verməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Ölmüş şəxslərin hüzr mərasimində qohumları iştirak edib üzrxaqlıq etmiş və mərhumun ailəsinə maddi köməklik edilmişdir. Hadisədən sonra mərhumun ailəsi ilə, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmuşdur. Bir daha o, zərərçəkmiş şəxsin hüquqi varisinə üzrxaqlıq edib bu hadisənin ehtiyatsızlığı nəticəsində baş verdiyini və hazırda belə bir hadisinin baş verməsinə görə peşmançılıq çəkdiyini bildirir. Törətdiyi cinayətə görə ona cəza verilərkən hazırda ailəli olmaqla, himayəsində iki uşağının olması, həmçinin 1-ci Qrabağ müharibəsinin iştirakçısı olmaqla müharibə veteranı olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonun Çöl-Beşdəli kəndində yaşayır. X21 əri, mərhum Xədicə Əliyeva qızıdır. Əri və qızı 17 mart 2023-cü il tarixdə yaşadıqları Çöl-Beşdəli kəndinin ərazisində avtoqəza (yol-nəqliyyat hadisəsi) baş verməsi nəticəsində vəfat etmişlər. 17 mart 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evdə olarkən kənd sakinləri ona məlumat vermişlər ki, əri Suliddin və qızı Xədicənin yolda velosipedlə hərəkətdə olarkən maşınla vurulmuş və onlar Şirvan şəhər xəstəxanasına aparılmışlar. Sonra o, evdən çıxıb Şirvan şəhər xəstəxanasına getmiş, orada əri Suliddinin hadisə yerində vəfat etməsi, qızı Xədicənin isə vəziyyətinin ağır olması barədə ona məlumat verilmişdir. Səhirsi gün əri Suliddinin meyiti dəfn olunmuşdur. Həmçinin vəziyyəti ağır olduğundan qızı Xədicə müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərinə xəstəxanaya aparılmış, orada həkimlərin səyinə baxmayaraq qızı Xədicə də 20 mart 2023-cü il tarixdə xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşur ki, hadisəni törədən şəxs Bakı şəhər sakini, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs olmuşdur. Hadisəni törətmiş Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak edib baş vermiş hadisə ilə bağlı ona üzrxaqlıq etmiş, həmçinin ona maddi köməklik göstərilmişdir. O, bu hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini başa düşür, ona görə də təqsirləndirilən şəxslə barışmış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Dünya Əliyevanın istintaq orqanına və məhkəməyə ünvanlandığı 02 avqust və 28 sentyabr 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyan ödənilmiş, hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, Rauf da həmin şirkətdə sürücü işləmiş və münasibətləri yaxşı olmuşdur. İşlədiyi şirkətin iş fəaliyyətinə uyğun olaraq olaraq onlar, yəni sürücü, nəzarətçi kimi özü, bir nəfər də şirkətin işçisi-inkassator İlkin adlı şəxs respublikanın müxtəlif bölgələrində olan “Milliön” aparatlarındakı pulun çıxarıb mərkəzə çatdırılması işi ilə məşğul olurlar. 17 mart 2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı avtomobillə onlar aran rayonlarına gedib “Milliön” aparatlarında olan pul kasetlərini götürməyə getmiş, “Milliön” aparatlarında olan pul kasetlərini götürüb həmin gün günorta saatlarında Bakı şəhəri istiqamətində hərəkət etmişlər. “Ford Transit” markalı avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, avtomobildə sərnişin kimi özü və İlkin olmuşdur. Onlar avtombillə Sabirabad rayonunun Çöl-Beşdəli kəndinin ərazisində hərəkətdə olan zaman, təxminən 150 metr məsafədə yolun sağ tərəfi, yolun qırağı ilə velosipedlə iki nəfərin hərəkət etdiyini, velosipedi bir nəfər kişinin idarə etməsi, arxa tərəfində isə bir nəfər balaca qızın əyləşməsini görmüşdür. Raufun idarə etdiyi avtomobil həmin velosipedə çatmağa təxminən 50 metr qalmış, anidən velosipedin sol tərəfə hərəkət edib yolun sağ tərəfindən sol tərəfinə keçməsini görmüşdür. Velosipedçi yolun sağ tərəfindən Raufun hərəkətdə olduğu yola çıxan kimi Rauf avtomobilin sükanını sol tərəfə çevirib avtomobilə tormoz vermiş və avtomobil sürüşərək gedib yolun sol hərəkət zolağında velosipedə dəymiş, sonra bir az irəli gedib yolun sol ehtiyat hissəsində dayanmışdır. Onlar avtomobildən düşüb vurulmuş şəxslərin yanına getmiş, hadisə yerinə yoldan keçən adamlar da toplaşmışlar. Orada olan şəxslər velosipedi sürən şəxsin artıq öldüyü, uşağın isə yaralı olduğu bildirilmiş, sonra kimsə uşağı avtomobilə mindirib xəstəxanaya aparmış, sonra təcili yardım avtomobili ora gəlib velosipedi sürən kişini də aparılmışdır. Ölmüş kişi və yaralı uşağın kim olmalarını bilməmişdir. Sonradan eşitmişdir ki, yaralı uşaq da xəstəxanada ölmüşdür. Hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürəti təxminən 90 km/saat olmuş, həmçinin hadisə nəticəsində o, digər sərnişin və sürücü xəsarət almamışlar. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Çöl- Beşdəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X13rdaşı, mərhum Xədicə Əliyeva qardaşı qızıdır. 17 mart 2023-cü il tarixdə, saat 15 radələrində evdə olarkən kürəkəni Xanbala Əhmədov ona məlumat vermişdir ki, Çöl-Beşdəli kəndindən keçən avtomobil yolunda qardaşı Suliddin və qızı Xədicə velosipedlə hərəkətdə olarkən onları maşın vurmuşdur. O, Xanbala ilə birlikdə hadisə baş verən yerə getmiş, orada qardaşı Suliddinin yerdə uzanmış və hərəkətsiz halda, Xədicənin isə yaralı vəziyyətdə olduğunu görmüşdür. Hadisə yerində ona məlum olmuşdur ki, qardaşı Suliddin artıq vəfat etmiş, həmkəndlisi Farizin maşını ilə Xədicə Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışdır. Sonra təcili yardım avtomobili gəlib qardaşı Suliddini də tibbi ekspertizadan keçirmək üçün aparmışlar. Səhərisi günü mərhum qardaşı Suliddinin meyiti dəfn olunmuşdur. Xədicənin vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə-xəstəxanaya aparılmış və bir neçə gündən sonra Xədicə də orada vəfat etmişdir. Sonra Xədicənin də meyitini gətirilib kənddə dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Çöl-Beşdəli kəndindən keçən avtomobil yolunda bu hadisəni “Ford” markalı avtomobillə Bakı şəhər sakini Təqsirləndirilən şəxs törətmişdir. Məhkəmə iclasında şahid X8 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 17 mart 2023-ci il tarixli protokol və protokola əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yernin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl-Beşdəli kəndinin ərazisində baş vermişdir. Həmin yerdə yolun hərəkət hissəsi asfalt olmaqla üzəri düz, quru və hamardır, habelə həmin yerdə yolda sürət həddi saatda “50 km"dir. Həmin yerdə yol bir zolaqlı olmaqla hərəkət hissəsinin eni 5,60 metr, sol və sağ ehtiyat hissələri torpaq örtükdən ibarətdir. Asfalt üzərində hərəkət axınını ayıran nişanlanma xətti yoxdur. Hadisənin baş verdiyi asfalt yolda dayandıqda yolun sol və sağ tərəfi boş sahə və yaşayış evləridir. Velosipedin vurulması yolun sol hərəkət hissəsində baş vermişdir. Velosipedin vurulmasından yolun sağ qurtaracağına qədər olan məsafə 4,60 m, sol qurtaracağına qədər olan məsafə isə 1 metrdir. Velosipedçi yolun sağ ehtiyat hissəsindən vurulmaya kimi 5,10 metr məsafə qət etmişdir. Hadisə yerində “Ford Tranzit” markalı nəqliyyat vasitəsinə xarakterik tormoz izləri aşkar olunmamışdır. İşdə olan, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 17 mart 2023-cü il tarixli, 58 №-li aktla müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq olmuş, sərxoş vəziyyətdə olmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 aprel 2023-cü il tarixli, 11 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı X6 təpə, sol-gicgah-ənsə nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, təpə, sol gicgah nahiyələrində, sağ ayağın üst səthində yaralar, sol qamış və incik sümüklərinin qapalı yerdəyişən sınıqları, sol yanaq nahiyəsində, sağ bazu oynağının üst səthində, sağ dirsək oynağının bayır səthində, sol əlin üst səthində, sağ qalça tini proyeksiyasında, sol budun yuxarı 1/3-də arxa səthdə, sol diz oynağının ön səthində, sağ diz oynağının bayır səthində sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 17 mart 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Suliddin Əliyev ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. Suliddin Əliyevin ölümünə səbəb almış olduğu başın qapalı küt travması nəticəsində, baş beyin toxumasına qansızma olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 aprel 2023-cü il tarixli, 12 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı X1 təpə-gicgah, ənsə nahiyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sol təpəgicgah, ənsə nahiyəsində yaralar, sol məmə xətti üzrə 5-6-7-8-9-cu qabırğaların qapalı yerini dəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, sol gicgah-alın nahiyəsində, sol gözaltı nahiyədə, alt çənədə, sol bazunun aşağı 1/3-də bayır səthdə, döş qəfəsinin ön səthində, sol körpücük xətti üzrə 8-11-ci qabırğa səviyyəsində, sol bud çanaq oynağının bayır səthində, sol diz oynağının iç səthində, sol aşıq baldır daban oynağının ön səthində sağ baldırın aşağı 1/3-də arxa səthdə sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 17 mart 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Xədicə Əliyevanın ölümünə səbəb almış olduğu başın qapalı küt travması nəticəsində, baş beyin toxumasına qansızma olmuşdur. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 27 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İşdə olan, təkrar məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 31 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş videoyazılara görə velosipedçinin sola doğru trayektoriyasını dəyişməsi anından “Ford Transit” markalı avtomobillə vurulması anına kimi t=1,68+0,03 saniyə vaxt keçmişdir. Ekspertizaya təqdim olunmuş videoyazılara görə “Ford Transit” markalı avtomobilin orta sürəti Vor=93 km/saat olmuşdur. Təqdim olunmuş məlumatlara əsasən “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ (2 saylı ASAN xidmət) 20 iyun 2018-ci il tarixdə verilmiş AC 361462 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs “BC” dərəcə olmaqla 20 iyun 2028-i il tarixədək sürücülük hüquqi vardır. İşdə olan, BB 244787 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən edilir ki, “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətindədir. İşdə olan, "xxxx" MMC-dən verilmiş “Avtomobil üçün yol vərəqəsi”nin surəti ilə müəyən edilir ki, “01 yanvar-31 dekabr 2023-cü il” dövrü üçün “Ford Transit” markalı, **- JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki cəhətdən saz vəziyyətdə sürücü Təqsirləndirilən şəxs təhvil verilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, istintaq orqanı tərəfindən “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. İşdə olan, istintaq orqanının 02 avqust 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş, şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Bakı şəhəri, Binəqədi RİH-nin M.Ə.Rəsulzadə qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi keçid-1, ev 98-də qeydiyyatda olmaqla ailəsi (arvadı və uşaqları-2002-ci təvəllüdlü X14 və 2005-ci təvəllüdlü X15) ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, 021200 №-li “Müharibə veteranı” vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə, eləcə də Təqsirləndirilən şəxs müharibə veteranı olması bu məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), eləcə də işin faktiki halları (o cümlədən zərərçəkmiş şəxsin idarə etdiyi velosipedlə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət zolağına qəflətən daxil olub hərəkət etməsi, təqsirləndirilən şəxsin velosipedçini gördüyü andan baş verə biləcək hadisənin qarşısını almağa çalışıb avtomobili digər hərəkət zolağına keçirib velosipedçinin qarşısından ötüb keçməyə çalışarkən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsinin baş verməsini) nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər) məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin istintaq orqanı tərəfindən “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İstintaq orqanı tərəfindən “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-213 (iki yüz on üç) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-128/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-128/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver