Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-128/2025 30.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi Şahid7, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1972-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, Beyləqan Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 2 (iki) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndində əsasən cəzası 6 (altı) ay azaldılmış, 05 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla, orada yaşamış, 10 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair məsələyə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Hazırkı cinayət işi 16 oktyabr 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş və məhkəmənin hazırlıq iclasının 06 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 30 iyun 2024-cü il tarixdə, saat 22:30-da Beyləqan rayonu, Birinci Şahsevən kəndində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib, həmin gün saat 23:20-də şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,581 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı şahidlər- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini Şahid5, İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi Şahid4, Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Şahid6 ifadələri, “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş CD disk, 3-16- 16/2-18/630 nömrəli, xx.xx.2024cü il tarixli “materialların məhkəmə ekspertizası” (məhkəmə-kimyəvi ekspertiza), həmçinin, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5448 nömrəli rəyləri, Beyləqan Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı, əyləri ilə, əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli cavabı və maddi sübutlarla tam təsdiq olunmuşdur. Yuxarıda adları qeyd olunan şahidlərin hər biri ayrı-ayrılıqda məhkəmədə dindirilərkən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri təsdiq etmələrini bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş “xüsusi məlumat”da 10 may 2025-ci il tarixdə, saat 16:55 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı kamerada qəflətən səhhətinin pisləşdiyi, dərhal xidmət aparan əməkdaşlar tərəfindən təcridxananın tibbi-sanitar hissəsinə aparıldığı, həkimlər tərəfindən göstərilən tibbi yardıma baxmayaraq, həmin tarixdə, saat 17:05 radələrində öz əcəli ilə vəfat etdiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ailəsinə göndərilmiş məktubda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulmuş müddəalar (ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir (106-1.1, 106.1.2 və 106-1.3-cü maddələr)) izah olunmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid7 məhkəməyə ərizə ilə müraciət edib, Təqsirləndirilən şəxs onun qardaşı olduğunu bildirərək, təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmiş, bununla əlaqədar olaraq, xx.xx.1973-cü ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, işləməyən, məhkumluğu olmayan, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şahid7 (FİN: xxxxxxx) ərizəsi təmin edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs mərhum qardaşı Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi Şahid7 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mərhum təqsirləndirilən şəxsin müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin hüquqi varisinin mövqeyindən kənara çıxa bilməməsini əsas gətirərək, sonuncunun fikirləri ilə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Sabunçu Rayon Şöbəsinin “meyitin ekspertizasına dair” 138 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs meyitində xəsarət aşkar edilməmiş, ölümünə səbəb baş beyinin hemorragik insultu (beyinə qansızma) olmuş, meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölüm faktında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə göstərilənlərlə əlaqədar həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); Cinayət-Prosessual Məcəllənin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Sözügedən Məcəllənin 106-1.1-ci maddəsinin tələbinə görə, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə, onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Barəsində bəhs olunan Məcəllənin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda, cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. 321.2.1-ci maddədə qeyd olunur ki, müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən və müdafiə tərəfinin razılığı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 132.2-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4, 132.1.6, 132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Belə ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ölmüş Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,481 qram olan psixotrop maddə metamfetamin məhv edilməli; şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik dəyərində qiymətləndirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinin tələbinə görə, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs öldüyündən, məhkəmə məsrəfləri hesab edilən 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına aid köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1, 106-1.1, 106-1.3, 321, 358, 381, 383-389-cu maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyü üçün onun barəsində başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirlən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs öldüyündən məhkəmə məsrəfləri hesab edilən 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına aid edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ölmüş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,481 qram olan psixotrop maddə metamfetamin məhv edilsin; şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-128/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-128/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver