Məhkəmə qərarları › İş №1(099)-13/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-13/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-13/2023 24.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs "xxxx"QSC-nin nümayəndəsi Nümayəndə və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1967-ci ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, "xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işləmiş, hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X11 ilə 28 sentyabr 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus xeyli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs kimi xx.xx.2020-ci il tarixli, AT00-005692 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006008 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006435 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006624 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000263 nömrəli təhvil-təslim aktları ilə ona etibar edilmiş 30000 kq “Ammofos/Apatit/Phosagro”, 5000 kq “Ammofos/Evroxim”, 15000 kq “Ammonium Nitrat/Evroxim”, 10000 kq “Ammonium Nitrat/Minudobreniya” və 22500 kq “Nitroammofos/Minudobreniya” gübrəsinin satışından əldə etdiyi ümumilikdə 41770 manat pul vəsaitini bütövlükdə "xxxx" QSC-nin bank hesabına köçürməli olduğu halda, həmin məbləğin 3292,75 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, onun maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus 38477,25 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə şəxsi ehtiyaclarına xərcləyib ona etibar edilmiş ümumilikdə 38477,25 manat məbləğində nağd pul vəsaitini─ özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni ittihamda göstərilmiş məbləğdən daha az pul vəsaiti mənimsəməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2020-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən həmin Cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcıanbardar vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən fəaliyyətə başlamışdır. Cəmiyyətin mülkiyyətində olan müxtəlif növ, müxtəlif qiymətlərdə gübrə məhsulları təhviltəslim aktları ilə ona təhvil verilmişdir. Gübrə məhsullarını şəxsən təhvil alaraq Cəlilabad rayonu Alar kəndindəki cəmiyyətin icarəyə götürdüyü anbara yığılmışdır. Satıcı-anbardar kimi vəzifəsi Cəlilabad rayonu Alar kəndində yerləşən anbara daxil olmuş müxtəlif növ gübrələri qəbul etmək, əsas anbarda olan ona təhvil verilmiş müxtəlif növ gübrələrin ayrıayrı müştərilərə satışını həyata keçirmək, satışdan əldə olunmuş pulları nağd və elektron qaydada cəmiyyətə çatdırmaq və sair işlərdən ibarət olmuşdur. Cəmiyyətdə işə götürüldüyü vaxt ona bir ədəd "xxxx" ASC-yə məxsus post terminal aparatı, bir ədəd kassa aparatı və digər zəruri qurğular təqdim edilmişdir. Gübrələri ayrı-ayrı müştərilərə satarkən müştərilər hər bir halda subsidiya (fermer-güzəştli) plastik bank kartından istifadə etməklə həmin gübrələri satın almışlar. Hər hansı müştəri birbaşa aldığı gübrənin pulunun hamısını birbaşa nağd qaydada ödəməmişdir. Belə ki, gübrə almaq istəyən müştəri fermer plastik bank kartından istifadə edərək aldığı gübrə məhsulunun yalnız 70 % ödənişini kart vasitəsi ilə həyata keçirir. Həmin fermer kartından aldığı gübrə məhsulunun 70 % yalnız "xxxx" ASC-nin post terminalı vasitəsi ilə həyata keçirilir. Alınan gübrənin məbləğinin 30 % isə nağd qaydada anbardar kimi ona təhvil verilmişdir. Bundan sonra cəmiyyətə məxsus daxili mühasibatlıq proqramı vasitə ilə satılan məhsullar barədə sistemdə qeydiyyat aparmışdır. Həmin proqramda olan məlumatlar istənilən vaxt cəmiyyət tərəfindən görünmüşdür. Hər günün sonunda gübrələrin satışından əldə etdiyi 30 % nağd pulları bank və ya ödəmə nöqtələri vasitə ilə Cəmiyyətin bank hesabına göndərməli olmuşdur. 2021-ci ilin aprel ayında cəmiyyət tərəfindən yoxlama aparılmış, ona təhvil-təslim aktı ilə verilən gübrə məhsullu və satışı yoxlanılmış və hesablnda çatışmamazlıq müəyyən olunmuş, bundan sonra audit yoxlaması aparılmışdır. Audit aktında qeyd edilmişdir ki, anbardar kimi o, cəmi cəmi 82500 kq gübrə məhsulunu qəbul etmiş, 77149.90 kq gübrənin anbarda olmalı halda yerində olmamış, nəticədə onun hesabında 58707,25 manat çatışmamazlıq müəyyən edilmişdir. Təxminən 6000-7000 manat dəyərində nağd şəklində müştərilərə gübrə satsa da qalan hissəsini isə nisyə vermişdir. Şirkətə olan borcların çoxusu nisyə verdiyi müştərilərdə qalmışdır, şirkətin pulunu heç vaxt şəxsi ehtiyacları üçün xərcləməmişdir. Sadəcə, işinə çox məsuliyyətsiz yanaşmışdır, alqı-satqıların çoxunu nisyə icra etmiş, həmin zaman çox hallarda sənədləşmə də aparmamışdır. Belə ki, Bərdə rayonu ərazisində fermerliklə məşğul olan 2 nəfər tanışına gübrəni nisyə vermişdir. Onlardan biri X3r, dəqiq tarixini xatırlamır, 2021-ci ildə 10230 manat dəyərində gübrə məhsulunu nisyə vermişdir. Şamil Əmrəliyev həmin il məhsul əldə edə bilmədiyinə görə gübrə pulunu verə bilməmiş, yalnız 2022-ci ilin sentyabr ayında 2000 manat vermişdir. Şamilin hazırda cəmiyyətə 8230 manat borcu var. X1 da 2021-ci ilin dəqiq xatırlamadığı ayında 10000 manat dəyərində gübrə məhsulunu nisyə vermişdir. Ehtibar da həmin il gəlir əldə edə bilmədiyi üçün cəmiyyətə olan borcunu tam ödəyə bilməmiş, 2022-ci ilin avqust sentyabr aylarında ona 3000 manat ödəmiş, 7000 manat isə cəmiyyətə borcu qalmışdır. Ümumilikdə həmin şəxslərə 20200 manat dəyərində nisyə mal vermiş, sonradan onlardan aldığı ümumilikdə 5000 manat vəsaiti cəmiyyətə ödəmişdir. Digər nisyə mal verdiyi şəxsləri isə xatırlamır. Cəmiyyətə vurduğu ziyandan məhkəmə baxışı zamanı daha 10000 manatını cəmiyyətə ödəmişdir. Əməlindən peşimandır, cəmiyyətə vurduğu zərəri tam ödəyəcəkdir, ona yüngül cəza verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinə əsasən cəmiyyətdə hüquqşünas vəzifəsində işləyir. Cəmiyyətin hüquqi məsələləri ilə bağlı müvafiq orqanlarda təmsilçi kimi etibarnamə əsasında iştirak edir. Cəmiyyət 2019-cu ilin dekabr ayından ölkənin müxtəlif ərazilərində rayonlarda olan anbar və satış nöqtələri vasitəsi ilə həmin gübrələrin satışını həyata keçirir. Cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcı-anbardar işləmiş Təqsirləndirilən şəxs cəmiyyətə məxsus pul vəsaitini mənimsəməsi barədə cəmiyyətin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət edilmiş və həmin müraciət aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilmişdir. 28 sentyabr 2020-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə əsasən Alar kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuş və fəaliyyətə başlamışdır. Qurban İşlədiyi müddətdə əsas anbardan və mərkəzləşdirilmiş qaydada müxtəlif kənd təsərrüfatı təyinatlı gübrələr təhvil almışdır. Cəmiyyət tərəfindən aparılan yoxlama zamanı Qurbanın məsul olduğu anbara 82,500 kq müxtəlif növ gübrələrin mədaxil olunmuş, həmin gübrələrdən 5350,10 kq məxaric olunduğu və anbarda 77149.90 kq gübrənin qalmalı olduğu halda anbarda gübrənin olmadığı, Qurbanın hesabında məlum olmuşdur. Cəmiyyətdə keçirilən audit yoxlamasının nəticəsi ilə Təqsirləndirilən şəxs hesabında 77149.90 kq gübrə satışından əldə etdiyi təqribən 58 min manat çatışmamazlıq müəyyən edilmişdir. Prokurorluqda aparılan araşdırmadan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 58707,25 manat pul vəsaitini mənimsəmişdir. Sonradan 5146,5 manat Qurban tərəfindən cəmiyyətə ödənilmiş, 53560,75 manat qalıq qalmışdır. Həmin məbləğdə vəsaitin Təqsirləndirilən şəxs tutularaq cəmiyyətə ödənilməsinə dair mülki iddianın təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs veriləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cəlilabad regional anbarında satıcı-anbardar vəzifəsində işləyir. Vəzifəsi ərazidə olan satış təmsilçiləri, satış nöqtələri və fermerlərə şirkətə məxsus bitki toxumları və müxtəlif növ gübrələrin satışını həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs çalışdığı cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul ediləndən sonra tanımışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə Bakı təchizat anbarı, Salyan regional və Cəlilabad regional anbarlarından müxtəlif növ gübrələri təhvil almışdır. Sonradan cəmiyyətinin işçilərindən eşitmişdir ki, Qurban gübrə satışından əldə etdiyi təqribən 58 min manatı cəmiyyətə mədaxil etməyərək mənimsəmişdir. Lakin Qurbanın konkret olaraq hansı məbləğdə pul vəsaiti mənimsəyib mənimsəməməsi barədə məlumatı yoxdur. Özü hər hansı bir yoxlama aparmamış, sadəcə cəmiyyətin əməkdaşlarından Qurbanın pul vəsaiti mənimsədiyini eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 şahid X7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermiş. İş üzrə əlavə şahid qismində dindirilmiş X8 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında ədavət və ya düşmənçilik yoxdur. Bərdə rayonunda fermer təsərrüfatı ilə məşğuldur. Ona məxsus torpaq sahəsində pambıq əkməyə qərar vermişdir. Pambıq sahəsini inkişafı üçün "xxxx" QSC-də işləyən tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin vaxt maddi imkanı çatmadığı üçün Qurbandan gübrəni nisyə verməsini xahiş etmişdir. Qurbandan çəkisini dəqiq xatırlamır, lakin 10230 (on min iki yüz otuz) manat dəyərində gübrə məhsulunu nisyə götürməyə razılaşmışlar. Razılığa əsasən həm maddi vəsait əldə edən kimi Qurbana olan gübrə borcunu verəcəyinə, ən gec halda isə pambıq məhsulunu satan kimi ödəyəcəyinə razılaşmışlar. 2021-ci ilin dəqiq xatırlamadığı ayında Qurbandan nisyə olaraq 10230 manat dəyərində gübrə məhsulları almışdır. Nisyə alqı satqı zamanı sənədləşmə aparılıb aparılmamasını xatırlamır. Gübrə məhsulları keyfiyyətli olmamış, nəticədə əkdiyi pambıqda məhsul əldə edə bilmədiyi üçün ziyan görmüş, pul vəsaiti əldə edə bilməmişdir. Maddi imkanı çatmadığına görə Qurbanın işlədiyi müəssisəyə borcunu tam ödəyə bilməmişdir, lakin 2022-ci ilin sentyabr ayında borcundan 2000 manatını Qurbana ödəmiş, sonuncu da işlədiyi müəssisəyə mədaxil etmişdir. Hazırda həmin müəssisəyə 8230 (səkkiz min iki yüz otuz) manat borcu vardır. Həmin borcu etiraf edir, lakin maddi imkanı çatmadığına görə hazırda ödəyə bilmir. İş üzrə əlavə şahid qismində dindirilmiş X12 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında normal münasibətlər var, ədavət və ya düşmənçilik yoxdur. Bərdə rayonunda, fermer təsərrüfatı ilə məşğuldur. İstifadəsində olan torpaq sahəsində pambıq və digər kənd təsərrüfatı malları əkib becərmək istəmişdir. Torpaq sahəsində əkin işləri aparmaq üçün gübrə almaq istmiş və "xxxx" şirkətində işləyən tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. Maddi imkanı olmadığı üçün gübrəni nisyə satmasını Təqsirləndirilən şəxs xahiş etmişdir. Çəkisini dəqiq xatırlamır, 10000 (on min) manat dəyərində gübrə məhsulunu nisyə alqı-satqısına razılaşmışlar. Nisyə alqı satqı zamanı sənədləşmə aparılıb aparılmamasını xatırlamır. Pul vəsaiti əldə edən kimi Qurbanın pulunu verəcəyini, həmçinin əldə edəcək məhsulun satışından qazanacağı pul vəsaitində Qurbana olan borcunu verəcəyini bildirmişdir. 2021ci ilin dəqiq xatırlamadığı ayında Qurbandan nisyə olaraq 10.000 manat dəyərində gübrə məhsulları almış və əkin sahəsində istifadə etmişdir. Lakin məhsul əldə edə bilməmiş, nəticədə ziyan görmüş, pul vəsaiti əldə edə bilməmişdir. Maddi imkanı çatmadığına görə Qurbanın işlədiyi müəssisəyə borcunu tam deyil, qismən ödəmişdir. Belə ki, 2022-ci ilin avqust ayında 500, sentyabr ayında 2500, ümumilikdə 3000 manat Qurbana ödəmiş, sonuncu da işlədiyi müəssisəyə mədaxil etmişdir. Hazırda həmin şirkətə 7000 (yeddi min) manat borcu vardır. Lakin maddi imkanı çatmadığına görə hazırda ödəyə bilmir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübularla da təsdiq olunur. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli 9/8801 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 58707,25 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır. İş materiallarında olan 20 may 2021-ci il tarixli 9/3245 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 58707,25 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır. İş materiallarında olan cəmiyyət tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, AT00-005692 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006008 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006435 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006624 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000263 nömrəli təhvil-təslim aktları və xx.xx.2021 tarixli, 27/21-A nömrəli, xx.xx.2021-ci il tarixli, 18/20-A nömrəli üzləşdirmə aktlarından bir daha görünür ki, Təqsirləndirilən şəxs həmin təhvil-təslim aktları ilə 30000 kq “Ammofos/Apatit/Phosagro”, 5000 kq “Ammofos/Evroxim”, 15000 kq “Ammonium Nitrat/Evroxim”, 10000 kq “Ammonium Nitrat/Minudobreniya” və 22500 kq “Nitroammofos/Minudobreniya” gübrəsi təhvil verilmişdir. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli auditor hesabatında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 77149,90 kq, yəni 58187,95 (əlli səkkiz min bir yüz səksən yeddi manat 95 qəpik) manat çatışmazlıq-əskikgəlmə və 519,30 (beş yüz on doqquz manat 30 qəpik) manat kənarlaşma məbləği nəzərə alınaraq (58187,95 manat + 519,30 manat), yekunda 58707,25 (əlli səkkiz min yeddi yüz yeddi manat 25 qəpik) kənarlaşma-mənimsəmə yaranmışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin nümayəndəsi Nümayəndə Ağabal oğlu məhkəməyə iddia ərizəsi təqdim edərək zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSCni mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmasını, şirkəitə dəymiş 58707,25 (əlli səkkiz min yeddi yüz yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğində maddi zərərin, 500 manat audit xərclərinin və 267 (iki yüz altmış yeddi) manat dövlət rüsumunun- cəmi 59474,25 (əlli doqquz min dörd yüz dörd) manat 25 (iyirmi beş) qəpik Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin nümayəndəsi məhkəməyə arayış təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən şirkətə dəymiş ziyanın bir qisminin ödənildiyi, məhkəməyə təqdim etdiyi mülki iddianın 5146 (əlli bir min qırx altı) manat 5 (beş) qəpik məbləğinədən azadılmasını xahiş etmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X12 məhkəməyə 26 dekabr 2022-ci il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs nisyə 10000 (on min) manat dəyərində gübrə aldığını, sonradan 3000 (üç min) manatını ödədiyini, hazırda 7000 (yeddi min) manat borcunun qalmasını göstərmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X9 məhkəməyə 26 dekabr 2022-ci il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs nisyə 10230 (on min iki yüz otuz) manat dəyərində gübrənin 2000 (iki min) manatını ödədiyini, hazırda 8230 (səkkiz min iki yüz otuz) manat borcunun qalmasını göstərmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli «MilliÖn» ödəmə sistemi vasitəsi ilə ödənilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 10.000 (on min) manat "xxxx" QSC-nin hesabına ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-yə vurulmuş ziyanın 15146 manatı ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şirkətə satıcı-anbardar təyin edilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qəimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad rayonu, Alar inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Kərimov X10 rayonu, Alar Kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və xx.xx.2008ci il təvəllüdlü azyaşlı oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən X4 verilmiş 10230 manat və X12 10000 manat, ümumilikdə isə 20230 (iyirmi min iki yüz otuz) manat ona verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, məhkəmə baxışında aparılmış araşdırma ilə müəyyən edilir ki, "xxxx" QSC-yə məxsus gübra məhsullarını yuxarıda adı qeyd edilən şəxslərə nisyə olaraq satmış, sonradan onlardan ümumilikdə 5000 manat alaraq cəmiyyətə mədaxil etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd edilən gübrə məhsullarını nisyə satdığı üçün pul vəsaiti əldə edə bilməmiş və mənimsəməmişdir. Qeyd olunan xüsusat üzrə Təqsirləndirilən şəxs mənimsəmə niyyəti olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan yuxarıda qeyd olunan 20230 manat xaric edildikdə, onun tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərər 38477,25 manat müəyyən edilir. CM-nə əsasən beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ “xeyli miqdar” hesab edilir. Məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş, həmin cəmiyyətə məxsus əmlakı mənimsəməklə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə əhatə olunur. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 27-ci bəndində göstərilir ki, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslər, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ittiham olunduğu CM-in 179.3.2-ci maddəsindən həmin məcəllənin 179.2.3 və 179.2.4-cü maddəsinə tövsif edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4 maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, maddi ziyanı qismən ödəməsi (38477,25 manat ziyandan 15146 manat hissəsini) ödəməsi, qalan hissənidə tamamilə qəbul etməsini və ödəmək niyətində olmasını, himayəsində bir nəfər azyaşlı övladının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CMnin 59.1.4 , 59.1.14 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyini nəzərə alaraq, ona cəza təyin edilərkən CM-in 46.2-ci maddəsinə əsasən, dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin təqsirləndirildiyi maddələrin sanksiyalarında həmin cəza öz əksini tapmadığı hallarda CM-in 46.2-ci maddəsi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia qismən ödənilməlidir. Belə ki, mülki iddia da ilk olaraq 58707,25 manat göstərilmiş, sonradan mülki iddianın məbləği azaldılaraq 53560,75 manat maddi zərər, 500 manat audit xərclərinin və 267 manat dövlət rüsumunun- cəmi 54327,75 məbləğinin Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilməsi göstərilmişdir. Lakin məhkəmə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyan 38477,25 manat dəyərində müəyyən olunur. Həmin məbləğin də, 15146 manat hissəsi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, 23331,25 manat hissəsi isə qalmışdır. Odur ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan üzrə 23331,25 manat, audit yoxlamasının keçirilməsi üzrə 500 manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 267 manat, cəmi 24098,25 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənilmə, qalan hissədə isə təmin edilməməlidir. Həmçinin, cəmiyyətdən nisyə gübrə məhsulları almış X8 və X6 qarşı həmin məhsulların dəyərinin ödənilməsi üzrə mülki iddia vermək hüququ izah edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Mülki iddia qismən təmin olunaraq zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan üzrə 23331,25 manat, audit yoxlamasının keçirilməsi üzrə 500 manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 267 manat, cəmi 24098,25 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkəti QSC-nin hesabına ödənisin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar