Məhkəmə qərarları › İş №1(099)-130/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-130/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-130/2023 24.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1994-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 80-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsi, ev 142-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, habelə Təqsirləndirilən şəxs2 20 mart 2022-ci il tarixdə Bakı şəhərində, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-5,595 qram narkotik vasitə olan heroini əldə etmiş və həmin vaxt onunla birlikdə olan tanışı Təqsirləndirilən şəxs1 xəbəri olmadan Cəlilabad rayonuna gedərək üzərində saxlamaqla dışımış, bundan başqa, Təqsirləndirilən şəxs1 “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, qrupun üzü tərəfindən bir ədəd sellofan torbanın içərisində külli miqdarda-935 qram narkotik vasitə olan tiryək və 299 ədəd narkotik vasitə olan metadon həblərin Cəlilabad rayonunun Cəlilabad-Göytəpə avtomobil yolunun Cəlilabad şəhəri ərazisində olan avtomobil dayanacağının yaxınlığında gizlədilməsi barədə məlumat verməsindən sonra aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 23 mart 2022-ci il tarixdə, saat 23 radələrində Cəlilabad rayonunun Cəlilabad-Göytəpə avtomobil yolunun Cəlilabad şəhəri ərazisində olan avtomobil dayanacağın yanına gedib, həmin yerin yaxınlığında gizlədilmiş bir ədəd bağlamanın içərisində külli miqdarda-935 qram narkotik vasitə olan tiryək və təsiredici maddənin ümumi miqdarı külli miqdarda-11,96 qram olmaqla 299 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə, o cümlədən Təqsirləndirilən şəxs2 təkrarən olmaqla əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 əməkdaşları tərəfindən 23 mart 2022-ci il tarixdə, saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə saxlanılıb üzərilərində axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd bağlamanın içərisində külli miqdarda-935 qram tiryək və təsiredici maddənin ümumi miqdarı külli miqdarda-11,96 qram olmaqla 299 ədəd metadon həbləri aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda- 5,595 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Ailəsi ilə birlikdə Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, 80 №-li evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış və fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Az müddətdir ki, tiryəkdən istifadə etməyə başlamışdır. Tutulmamışdan bir-iki ay əvvəl intertendə, “İnstagram”da özünü iranlı kimi təqdim edən “Humayət” adlı bir nəfərlə tanış olmuş, həmin şəxs ona tiryək sata biləcəyini demişdir. Sonradan, yəni 2022-ci ilin mart ayında həmin şəxslə əlaqə saxlayarkən bu şəxs Cəlilabad-Göytəpə avtomobil yolunun kənarında olan dayanacağın yaxınlığına, yolun kənarına torba qoyduğunu, torbanın içərisində 25 qram tiryək olduğunu, həmin yerə gedib tiryəki götürüb istifadə etməsini, sonradan ona yenə də narkotik maddə göndərəcəyini və həmin narkotiki götürüb deyəcəyi yerə qoymasını və buna görə ona 1000 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Həmin söhbətdən sonra o, qərara gəlmişdir ki, Cəlilabad rayonuna gedib həmin yerdən 25 qram tiryəki götürsün. 23 mart 2022-ci il tarixdə, axşam saatlarında Cəlilabad rayonuna gedərkən tanışı Natiqlə rastlaşmış və ona Cəlilabad rayonuna getdiyini demiş, Natiq də Cəlilabad rayonundan evli olduğu üçün qayınatasıgilə getmək istədiyini bildirmiş, sonra raşılaşıb birlikdə yol taksisi ilə Cəlilabad rayonuna getmişlər. Rayona gedərkən Natiq onun nəyə görə getməsini bilməmiş, lakin rayona çatandan sonra o, Natiqə bir nəfər tanışının Cəlilabad-Göytəpə avtomobil yolunun kənarına narkotik maddə qoyduğunu, həmin narkotiki götürmək üçün gəldiyini və narkotik maddəni götürüb geri qayıdacağını bildirmiş, Natiq də heç nə deməmişdir. Onlar gecə saatlarında Cəlilabad rayonuna çatıb, Cəlilabad-Göytəpə avtomobil yolunun kənarında taksidən düşmüş, Natiq ona Göytəpə şəhərində yaşayan qayınatasıgilə gedəcəyini deyib ondan aralanmış, özü isə həmin yerdə yerləşən X1 yaxınlığında olan avtobus dayanacağına tərəf getmişdir ki, həmin yerin yaxınlığında gəzlədilməsi deyilən yerdən narkotik maddəni götürsün. Sonra o, narkotik maddəni götürmək üçün avtobus dayanacağından üzü Göytəpə şəhəri istiqamətində yolun kənarı ilə piyada həkərət edərkən bir neçə mülki geyimlə şəxslər onu saxlayıb polis əməkdaşları olduğunu bildirib onu tutmuş, həmin vaxt ondan xeyli aralı, təxminən 50-60 metr uzaqda olan Natiqi də polis əməkdaşları tutmuşdur. Sonra polis əməkdaşları ondan nəyə görə gəldiyini soruşmuş, o da 25 qram tiryək götürmək üçün gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları yolun kənarına gedib oradan bir ədəd sellofan torbanı götürmüş və həmin torbanın içərisindən yarım kilo tiryək və metadon həbləri aşkar olunmuşdür. Sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək həmin torbanın ona məxsus olmasını bildirmiş, o da etiraz etməmişdir. Polis əməkdaşları onu və Natiqi həmin yerdə saxlamış, sonra polis əməkdaşları içərisində narkotik maddələr olan bir ədəd sellofan torbanı ona verib üzərində saxlamasını bildirmiş, o da torbanı götürüb əynindəki gödəkcənin içəri hissəsinə qoyub üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən videçəkilişlə üzərinə baxış keçirilmiş, həmin vaxt Natiq də onun yanında olmuşdur. Baxış zamanı o, üzərində olan torbanı çıxarıb polis əməkdaşlarına təqdim edib, torbanın içərisində narkotik maddələr olduğunu və bu bağlanı iranlı tanışı “Humayət” adlı şəxsin dediyi yerdən götürdüyünü, Natiqlə birlikdə həmin torbanı götürmək üçün gəldiklərini və torbanı götürüb Bakı şəhərinə aparıb “Humayət” adlı şəxsin sonradan ona deyəcəyi yerə qoymalı olduqlarını və buna görə ona 1000 manat pul kart vasitəsi ilə göndəriləcəyini, həmin puldan 200 manatı Natiqə verəcəyini bildirmişdir. Sonra polis əməkdaşları onu və Natiqi polis şöbəsinə (BNMİ-nin CBRŞ-nə) aparmış, orada o, vəkilin (müdafiəçinin) iştirakı ilə izahat vermişdir. O, izahatını, sonra isə ifadəsini polislərin dedikləri kimi vermiş, yəni Natiqlə birilkdə narkotik maddələri götürmək üçün Cəlilabad rayonuna gəldiklərini bildirmişdir. Əslində isə Natiqin bu işdən xəbəri olmamış, Natiq qayınatasıgilə getmək məqsədi ilə onunla birlikdə gəlmiş, özü isə yalnız 25 qram tiryək götürmək üçün gəlmiş, torbanı gizlədildiyi yerdən götürə bilməmiş, həmin torbanı polis əməkdaşları götürmüş və torbanın içərisindən isə 25 qramdan çox tiryək bağlaması və metadon aşkar olunmuşdur. Onun narkotik maddələr əldə etməsi ilə bağlı tanışı Natiqlə əvvəlcədən heç bir razılaşması olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 25 qram tiryək götürmək üçün Cəlilabad rayonuna gəldiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 23 mart 2022-ci il tarixdə, gecə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad şəhəri ərazisinə, Cəlilabad-Göytəpə avtomobil yolunun kənarına tanış olduğu iranlının qoydurduğu içərisində narkotik maddə olan sellofan torbanı götürmək üçün gəlmiş və o, həmin yerdən sellofan torbanı götürdükdən sonra Natiqlə birlikdə avtobus dayanacağının yaxınlığında olarkən mülki geyimli polis əməkdaşları onları saxlayıb X2 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları bildirilmişdir. Sonra polis əməkdaşları onlara üzərilərində qanunsuz əşya və maddə varsa təqdim etmələri təklif olunmuş, bundan sonra o, üzərində olan sellofan torbanı təqdim edib bildirmişdir ki, torbada tiryək vardır, iki ay əvvəl “İnstagram” vasitəsilə tanış olduğu İran vətəndaşı “Humayət” adlı şəxs tərəfindən göndərilmişdir. “Humayət” adlı şəxs ona bildirmişdir ki, Cəlilabadda yükü var, gedib götürsün, Bakı şəhərində deyəcəyi yerə qoysun və buna görə ona 1000 manat pulu kart vasitəsi ilə göndəriləcəkdir. O, bu barədə tanışı Natiqə bildirmiş, Natiq də razılaşmış və o, götürəcəyi puldan 200 manatı Natiqə verməliymiş. Sonra polis əməkdaşları tərəfindən həmin sellofan torbaya baxış keçirilmiş və torbanın içərisindən tiryək bağlaması və metadon həbləri aşkar olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş tiryək kütləsi və metadon həbləri qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və üzərində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış və şəxsi axtarışın aparılması zamanı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt içərisində tiryək olan torba üzərində olmamış, həmin torbanı polis əməkdaşları yolun kənarından-gizlədildiyi yerdən götürüb ona vermişdir ki, baxış keçirilən vaxt onlara təqdim etsin. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, həmin torbanı özü götürdüyünü və narkotik maddəni götürmək üçün Natiqlə əvvəlcədən razılaşıb Cəlilabada gəldiklərini demişdir. Əslində isə o, içərisində tiryək olan torbanı gizlədildiyi yerdən götürməmiş, həmçinin narkotik maddəni götürmək üçün birlikdə gəlmələri barədə əvvəlcədən Natiqlə razılaşması olmamış, Cəlilabad rayonuna çatdıqdan sonra o, Natiqə narkotik maddə götürmək üçün gəldiyini demiş, o isə heç bir söz deməmiş, onunla birlikdə gəldiyinə görə o, narkotikə görə ona veriləcək puldan 200 manat pulu Natiqə verməyi fikirləşmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 25 qram tiryək götürmək üçün Cəlilabad rayonuna gəldiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsi, ev 142-də qeydiyyatda olmaqla yaşamış və fərdi qaydada fəhləliklə məşğul olmuşdur. O, bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və bununla bağlı narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Əslən Cəlilabad rayonundan olan, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır və aralarında yaxın münasibətləri vardır. 23 mart 2022-ci il tarixdə, axşam saatlarında təsadüfən Rəvanla rastlaşan vaxt Rəvan həmin gün Cəlilabad rayonuna gedib-gələcəyini demiş, onun da Cəlilabad rayonun Göytəpə şəhərində yaşayan qayınatasıgilə baş çəkmək üçün getmək fikrində olduğundan Rəvana onun da rayonu getmək istədiyinə bildirmiş və bu səbəbdən onlar taksiyə oturub birlikdə Cəlilabad rayonuna getmişlər. Həmin gün gecə saatlarında rayona çatdıqdan sonra Cəlilabad şəhəri ərazisində onlar taksidən düşmüş, həmin vaxt Rəvan ona nəsə çanta var götürüb geri qayıdacağını demiş, o da qayınatasıgilə baş çəkəndən sonra danışıb birlikdə Bakı şəhərinə qayıtmağı razılaşmışlar. Sonra o, Rəvandan aralanıb Göytəpə şəhəri istiqamətində yolun kənarı ilə piyada hərəkət edib ondan uzaqlaşmışdır. Rəvanın haradan və kimdən çanta götürməsini, həmçinin götürəcəyi çantanın içərisində nə olmasını bilməmişdir. O, Rəvandan təxminən 80 metr aralanandan sonra bir neçə mülki geyimli şəxslər polis əməkdaşları olduqlarını bildirib onu saxlamış, sonra onu avtobus dayanacağına tərəf aparmış, orada Rəvanın da başqa polis əməkdaşları tərəfindən saxlandığını bilmişdir. Sonra polis əməkdaşları onlardan nəyə görə birlikdə Cəlilabad rayonuna gəlmələrini soruşmuş, özü Göytəpə şəhərində yaşayan qayınatasıgilə getmək üçün gəldiyini, Rəvanın isə nəyə görə gəldiyini bilmədiyini demiş, Rəvan isə narkotik maddə götürmək üçün rayona gəldiyini bildirmişdir. Həmin vaxt onun üstündə narkotik maddə olmamış, Rəvanın üzərində isə narkotik madənin olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onları sorğu-sual etməyə başlamış, həmin vaxt Rəvan əynindəki gödəkcənin altından bir ədəd torbanı çıxarıb polis əməkdaşlarına təqdim edib torbanın içərisində narkotik maddələr olduğunu, tanışı bir nəfər şəxsin dediyi yerdən bu torbanı götürüb Bakı şəhərinə aparmaq istədiyini, buna görə ona 1000 manat pul veriləcəyini və həmin puldan 200 manat pulun da ona (Təqsirləndirilən şəxs2) da verilməli olduğunu bildirmişdir. Baxış zamanı Rəvanın təqdim etdiyi torbanın içərisindən tanımadığı narkotik maddələr (tiryək və metadon) aşkar olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Rəvana qarşı təzyiqlər göstərdiklərinə görə Rəvan belə izahat vermişdir. Əslində isə Rəvanın narkotik maddə götürmək üçün rayona getməsini əvvəlcədən o, bilməmiş, rayona çatandan sonra bu barədə Rəvan ona bildirmiş, o isə ona heç nə deməmiş, ondan ayrılıb qayınatasıgilə getmək üçün Göytəpə şəhərinə tərəf gedərkən polislər onu tutumuşlar. Onlar regional polis şöbəsinə (BNMİ-nin CBRŞ-nə) gətirildikdən sonra polis əməkdaşları ona qarşı təzyiqlər etmiş və cibinə bir büküm heroin qoyub həmin heroinin özünə məxsus olmasını üzərində axtarış zamanı bildirməyi məcbur etmişlər. Bundan sonra polis əməkdaşları vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı cibindən bir ədəd bükümdə heroin aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş heroini üç gün əvvəl Bakı şəhərində, Əhmədli qəsəbəsində 80 manat aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə həmin heroin ona məxsus deyil, heroini cibinə polis əməkdaşı qoymuşdur. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 23 mart 2022-ci il tarixdə, gecə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad şəhəri ərazisinə, Cəlilabad-Göytəpə avtomobil yolunun kənarından Rəvanın İranlı tanışının qoydurduğu içərisində narkotik maddələr olan sellofan torbanı götürmək üçün getmişlər. Rəvan həmin yerdən sellofan torbanı götürdükdən bir neçə dəqiqə sonra avtobus dayanacağının yaxınlığında mülki geyimli polis əməkdaşları onları saxlayıb X2 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilmişdir. Sonra polis əməkdaşları tərəfindən onlar sorğu-sual olunarkən Rəvan üzərində saxladığı içərisində narkotik maddələr olan sellofan torbanı təqdim edib həmin torbanın içərisində tiryək olduğunu, iki ay əvvəl “İnstagram” vasitəsilə tanış olduğu İran vətəndaşı “Humayət” adlı şəxs tərəfindən göndərildiyini, həmin narkotik maddəni götürüb Bakı şəhərinə aparıb ona deyəcəyi yerə qoymalı olduğunu, buna görə ona (Rəvana) kart vasitəsi ilə 1000 manat pul göndəriləcəyini, bu barədə ona (Təqsirləndirilən şəxs2) da bildirdiyini və alacağı puldan 200 manatı ona (Natiqə) verəcəyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin yerdə Rəvanın təqdim etdiyi sellofan torbaya baxış keçirilmiş və torbanın içərisindən bir ədəd bağlamada tiryək və metadon həbləri aşkar olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş tiryək kütləsi və metadon həbləri qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümdə heroin olmasını, Bakı şəhərində Əhmədli qəsəbəsi tərəfdə “onlayın” vasitəsi ilə 80 manata əldə etdiyini, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik maddə satmadığını, narkotiklərin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış və şəxsi axtarışın aparılması zamanı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmçinin Rəvanla birlikdə narkotik maddə götürmək üçün Cəlilabada getdiyini bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroini üzərinə polis əməkdaşı qoymuş, həmçinin Rəvanın nəyə görə Cəlilabada getdiyini əvvəlcədən bilməmiş, həmin gün o, qayınatagilə getmək məqsədi ilə Rəvanla birlikdə Cəlilabad rayonuna getmişdir.Üzərində aşkar olunmuş heroinlə bağlı, habelə Rəvannın üzərində aşkar olunmuş tiryəklə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nın əməkdaşıdır. 23 mart 2022-ci il tarixdə ona, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X2 olaraq əldə edilib saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdır. Həmin məlumat əsasında əməliyyat qrupu yarıdılmış və həmin gün gecə saat 23 radələrində əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilmiş və onlar Cəlilabad-Göytəpə avtomobil yolunun kənarında avtobus dayanacağının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışlar. Sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində sellofan torbada narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra həmin yerə regional şöbənin təhqiqatçısı Famil Həsənov gəlmiş və videoçəkilişlə saxlanılmış şəxslərin sorğu-sualı davam etmişdir. Onlardan təkrarən üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin altından bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbaya baxış zamanı torbanın içərisindən bir ədəd bağlamada tiryəkə oxşar kütlə və xeyli sayda metadon həbləri aşkar edilmişdir. Təhqiqatçı tərəfindən tiryəkə oxşar kütlə və metadon həbləri qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması üçün regional şöbəsyə gətirmişlər. Şöbədə təhqiqatçı Famil Həsənov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Sonra təhqiqatçısı Famil Həsənov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, Bakı şəhəri, Əhmədli qəsəbəsində 80 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən heroinə oxşar kütlə qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində aşkar olunmuş torbaya baxış zamanı Təqsirləndirilən şəxs1, eləcə də üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 hər hansı şikayəti və ya narazılığı olmamış, habelə onlarla şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə narkotik maddəni götürmək üçün Cəlilabad rayonuna gəldiklərini və götürdüyü narkotik maddəni Bakı şəhərinə aparıb ona deyiləcək yerə qoyduqdan sonra ona 1000 manat pul verilməli və onun da həmin puldan 200 manatı Natiqə verməli olduğunu bildirmiş, onun dediklərini Natiq də təsdiq etmiş, həmçinin Natiq də üzərində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını və istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Məhkəmə iclasında Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, BNMİ-nin CBRŞ-nın əməkdaşının 23 mart 2022-ci il tarixli “Raport”u ilə müəyyən edilir ki, həmin tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 24 mart 2022-ci il tarixli protokolla müəyyən edilir ki, daxil olmuş əməliyyat məlumatına əsasən 23 mart 2022-ci il tarixdə, saat 23:30-da BNMİ-nin CBRŞ-nın əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad şəhəri ərazisində, Cəlilabad- Göytəpə avtomobil yolunun kənarında avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış və onların saxlanılmaları ilə bağlı həmin yerdə 24 mart 2022-ci il tarixdə, saat 00:15-də BNMİ-nin CBRŞ-nın təhqiqatçısı Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan torbaya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisindən narkotik vasitə olan tiryəkə oxşar kütlə və narkotik vasitə olan metadon həblərinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə aşkar olunmuş narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirmişlər. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmşdür. Baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 mart 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin CBRŞ-nın təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bir az əvvəl ondan götürülmüş tiryəklə bağlı bildirmişdir ki, “İnstagram”da tanış olduğu “Hümayət” adlı şəxslə “votsap”la danışdıqdan sonra həmin şəxs tiryəki Cəlilabad şəhəri ərazisində bir yerə qoydurmuş, o da oradan tiryəki götürüb Bakı şəhərinə gətirib deyiləcəyi yerə qoymalı və buna görə ona kart vasitəsilə 1000 manat pul verilməliymiş. Sonra o, bu barədə yolda Natiqə demiş və bunun müqabilində alacağı puldan 200 manat pulu Natiqə verəcəkmiş. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 mart 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin CBRŞ-nın təhqiqatçısı Famil Həsənov tərəfindən Müdafiəçi2 iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlənin heroin olduğunu, Bakı şəhərində “onlayın” vasitəsilə 80 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd bükümdə tiryəkə bənzər kütlə və 30 ədəd listdə metadon tabletlərinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bağlamanı açdıqda, 1 ədəd bükümdə təmiz çəkisi-935,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 30 ədəd konvalyutda (listdə) olmaqla ümumi sayı 299 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur və həblərin təsiredici maddəsinin ümumi miqdar-11,96 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-5,595 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 934,95 qram, qalıq metadon 281 ədəd həblər və qalıq heroin 5,545 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 27 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-934,95 qram tiryək, 281 ədəd metadon həbləri və 5,545 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı üç ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli, 365 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik maddələrədən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasınə nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli, 366 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 31 may 2022-ci il tarixli, 1378 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət məcəlləsi 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 31 may 2022-ci il tarixli, 1379 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət məcəlləsi 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid3 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-içərisində tiryək olan torbanı gizlədildiyi yerdən götürməməsi, həmin torbanı gizlədildiyi yerdən polis əməkdaşları götürüb ona verməsi, onun narkotik maddələr əldə etməsi ilə bağlı tanışı Təqsirləndirilən şəxs2la əvvəlcədən heç bir razılaşmasının olmaması və onun 25 qram tiryək götürmək üçün həmin yerə getməsi, saxlanıldıqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqlər etməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-tanışı Rəvanla təsadüfən rastlaşıb onunla birlikdə Cəlilabad rayonuna getməklə məqsədinin Göytəpə şəhərində yaşayan qayınatasıgilə getmək olması, Rəvanın nəyə görə rayona getdiyini əvvəlcədən bilməməsi, rayona çatdıqdan sonra Rəvandan ayrılması, Rəvan tutulan vaxt onun yanında olmaması, Rəvanın üzərində narkotik madənin olmasını bilməməsi, tutulan vaxt özünün üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroini üzərinə polis əməkdaşının qoyması, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni içərisində tiryək olan torbanı gizlədildiyi yerdən götürməməsi, həmin torbanı gizlədildiyi yerdən polis əməkdaşları götürüb ona verməsi, onun narkotik maddələr əldə etməsi ilə bağlı tanışı Təqsirləndirilən şəxs2la əvvəlcədən heç bir razılaşmasının olmaması və onun 25 qram tiryək götürmək üçün həmin yerə getməsi, saxlanıldıqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqlər etməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni tanışı Rəvanla təsadüfən rastlaşıb onunla birlikdə Cəlilabad rayonuna getməklə məqsədinin Göytəpə şəhərində yaşayan qayınatasıgilə getmək olması, Rəvanın nəyə görə rayona getdiyini əvvəlcədən bilməməsi, rayona çatdıqdan sonra Rəvandan ayrılması, Rəvan tutulan vaxt onun yanında olmaması, Rəvanın üzərində narkotik madənin olmasını bilməməsi, tutulan vaxt özünün üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroini üzərinə polis əməkdaşının qoyması, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxış və şəxsi axtarışla bağlı protokollarla, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıması cinayəti, eləcə də Təqsirləndirilən şəxs2 təkrarən satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıması cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin”, “Metadon” və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Heroin 0,15 qramdan, metadonun 0,02 qramdan və tiryəkin 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı, metadonun 1,6 qramı və tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 935 qram tiryək və təsiredici maddənin ümumi miqdarı 11,96 qram olan 299 ədəd metadon, habelə Təqsirləndirilən şəxs2 götürülmüş 5,595 qram heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərin əvvəlcədən öz aralarında və digər şəxslərlə razılaşmaqla ayrı-ayrı növlərdən ibarət olan narkotik vasitələri əldə edib daşımaları onların bu maddələri qazanc əldə etmək niyyəti ilə əldə etmələrini özündə ehtiva edən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayətini törətmələri, eləcə də Təqsirləndirilən şəxs2 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıması cinayətini törətməsi təsdiq olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 25 mart 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli-23 mart 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Cəlilabad şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 80-də qeydiyyatda olmaqla (Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük soxozunda nömrəsiz fərdi yaşayış evində) yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AA 28416127 və AA ******* №-li şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X8 28 fevral 2012-ci ildə və X10 17 oktyabr 2017-ci ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 228.4-cü maddəsi ilə 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş və 30 iyul 2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 14 mart 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinin müddəaları nəzərə alınaraq məhkəmə hesab edir ki, 14 mart 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğun olması hazırki əməlinə münasibətdə cinayətin residivi yaratmır. İşdə olan, Bakı şəhəri, Yasamal rayon 24 saylı MKİS-dən verilmiş 31 may 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsi, ev 142-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası SN Nevrocərrahlıq Xəstəxanasından verilmiş xəstənin stasionar tibbi kartından çıxarışla və digər tibbi sənədlərlə müəyyən edilir ki, X3 “Sağ alın sümüyünün həcmli törəmə. Eozinefil qranuloma” diaqnrozu ilə onkoloji xəstədir. İşdə olan, AZE 11768837 və AZE 11768900 №-li şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X4 19 dekabr 2009-cu ildə və X7 14 noyabr 2014-cü ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq əldə edilmiş külli miqdarda narkotik vasitələrin satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. hallar), təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 mart 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə o və Təqsirləndirilən şəxs1 yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 934.95 qram tiryək, 281 ədəd metadon həbləri və 5,545 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci-50 (əlli) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 mart 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 mart 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 934.95 qram narkotik vasitə olan tiryək, 281 ədəd narkotik vasitə olan metadon həbləri və 5,545 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və məhkum Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar