Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-131/2023 14.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədirliyi ilə, hakimlər- Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Kürdəmir şəhəri İ.Məmmədov küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində xx.xx.1994-ci il təvəllüdlü Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Zərərçəkmiş şəxs satıcı işlədiyi Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 3 ünvanında yerləşən "xxxx" market MMC-yə məxsus 6 saylı mağazaya müştəri qismində daxil olaraq, marketin vitrinində olan 01 ədəd 400 qram çəkidə 9 manat 15 qəpik dəyərində “Head and Shoulders” markalı saç şampununu və 01 ədəd 70 qram çəkidə 5 manat 19 qəpik dəyərində “Rexona” markalı ətiri talayıb oradan uzaqlaşarkən, Zərərçəkmiş şəxs onu görüb, ardınca qaçaraq Kürdəmir şəhəri Ü.Hacıbəyov küçəsində ona çatıb ələ keçirdiyi əmlakları geri qaytarmasını tələb edərkən, həmin əmlakları əldə saxlamaq üçün, o əvvəldən şalvarının sağ yan cibində saxladığı 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, qara dəstəkli, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat məişət təyinatlı bıçağı çıxardıb, silah qismində açıqcasına nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə getməklə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib öldürəcəyi hədəsi ilə basqın edib "xxxx" market MMC-yə ümumilikdə 14 manat 34 qəpik məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız oğurluqla bağlı törətdiyi əmələ görə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsindən yeni çıxdığından pulu olmamışdır. 06 avqust 2022-ci il tarixdə saat 13 radələrində Kürdəmir şəhərində yerləşən "xxxx" marketə oğurluq məqsədilə girmiş, oradan «Head and Shoulders» şampununu və bir ədəd “Rexona” markalı ətiri götürüb köynəyinin altına qoymuş, mağazadan çıxmaq istədikdə marketin işçisi Samir adlı şəxs onu görüb nə oğurladığını soruşmuş, o dərhal mağazadan çıxıb qaçmağa başlamış, mağazanın işçisi Samir onun arxasınca qaçmış, oğurladığı şampunu və ətiri yolda qaçarkən parka tullamışdır ki, sonradan götürsün. Samir ona çatdıqdan sonra üzərini yoxlamağa başlamış və üzərindən heç nə tapmadığından geri qayıtmışdır. Sonradan qayıdıb parkın ərazisinə atdığı şampunu tanımadığı şəxsə 5 manata, «Rexona»nı isə 2 manata satmışdır. Hadisə vaxtı üzərində mətbəx bıçağı olmuşdur. Lakin, Samirin üzərinə bıçaq çıxarmamış, onu qorxutmaq və ya öldürmək niyyəti olmamışdır. Özünü yalnız oğurluqla bağlı təqsirli bilir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, əvvəllər dəfələrlə oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-ci maddəsi ilə 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli AMNİSTİYA qərarının 4-cü bəndinə əsasən, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyi, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin ("xxxx" market) nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə saat 13 radələrində Kürdəmir şəhərində inzibatçı kimi çalışdığı "xxxx" marketdən Seymur adlı şəxs «Head and Shoulders» şampununu və bir ədəd “Rexona” markalı ətiri oğurlamışdır. Seymurun ətiri oğurlamasını özü görməmiş, kassir işləyən Samir Seymuru kameradan görmüş və bundan sonra, oğurladığı məhsulları geri almaq üçün o, Seymurun arxasınca qaçmışdır. Samir bir müddət sonra marketə qayıtmış və Seymurun onun üzərinə bıçaq çıxardığını, onun hədəsindən qorxduğundan geri çəkildiyini və oğurladığı əşyaları ala bilməyib marketə qayıtdığını bildirmişdir. Seymurun oğurladığı məhsulların ümumi dəyəri 14 manat 70 qəpik olmuşdur. Dəymiş zərər marketə tam ödənilmişdir. Seymurla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə Kürdəmir şəhərində çalışdığı "xxxx" marketdən sonradan adını sonradan bildiyi Seymurun «Head and Shoulders» şampununu və bir ədəd “Rexona” markalı ətiri oğurladığını, onun həmin şampunla ətiri köynəyinin aşağı tərəfindən gizlədərk mağazadan çıxmasını kamerada görmüş, ona yaxınlaşıb nə oğurlamasını soruşduqda Seymur marketdən çıxıb qaçmış, özü də onun arxasınca qaçmağa başlamışdır. Marketdən çıxarkən İlqar adlı şəxsdən onu tanıyıb tanımamasını soruşmuş, İlqar ona həmin şəxsi orta məktəbdən tanıdığını, ona “Tümi” deyildiyini bildirmişdir. Seymura çatdıqdan sonra oğurlanmış əşyaları qaytarmaq üçün onun üzərini axtarmaq istəmiş, lakin Seymur onun üstünə qulpu qara rəngli olan bıçaq çıxarmış və ölümlə hədələmişdir. Bıçağı gördükdə qorxmuş, Seymur onu öldürməklə hədələdiyindən geri çəkilmişdir. Seymurun onun üzərinə bıçaq çıxarması həyatı üçün təhlükə olmuş və qorxu hissi keçirmişdir. Seymurun onu bıçaqla vurmasından qorxub ondan uzaqlaşıb marketə qayıtmışdır. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Hazırda Seymuru bağışlamır, onunla barışmır, ondan şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 6 avqust 2022-ci il tarixdə sat 13 radələrində "xxxx" marketin girişində «Tümi» ləqəbli kimi tanıdığı Seymurun marketdən çıxıb qaçdığını, onun arxasınca isə marketin işçisi Samirin qaçdığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Seymur marketdən şampun və ətir oğurladığı üçün Samir həmin əşyaları ondan geri almaq üçün arxasınca qaçmışdır. Daha sonra heçnədən məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə sonuncunun onun üzərinə bıçaqla gəlib oğurladığı əmlakları qaytarmayağacını, ondan uzaq durmağı, yaxınlaşarsa onu öldürəcəyi ilə hədələmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1485 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş "xxxx" Market MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" Kürdəmir 6 mağazasında baş vermiş quldurluq hadisəsi nəticəsində 1 ədədinin qiyməti 9.15 manat olan 1 ədəd 400 qram olan “Head and Sholders” markalı saç şampunu və 1 ədədinin qiyməti 5.19 manat 1 ədəd 70 qram olan “Rexona” markalı ətir Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Baş vermiş hadisə ilə əlaqədar olaraq "xxxx" MMC-ə 14.34 manat məbləğində zərər dəymişdir. “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 660 nömrəli məktubdan görünür ki, Əliyev X2 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, lakin həkim narkoloqun qeydiyyatındadır. Məhkəmədə tədqiq edilmiş 6 avqust 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Kürdəmir rayonu, H.Əliyev prospektində yerləşən "xxxx" marketdir. Məhkəmədə tədqiq olunmuş 6 avqust 2022-ci il tarixli «təqdim olunmuş əşyaya baxış və götürmə aparılması haqqında» protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qara dəstəyi olan gümüşü rəngli mətbəx bıçağını təqdim edib həmin bıçağın hadisə vaxtı üzərində olduğunu göstərmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində xx.xx.1994-ci il təvəllüdlü Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Zərərçəkmiş şəxs satıcı işlədiyi Kürdəmir şəhəri, Heydər Əliyev prospektində 6 saylı "xxxx" marketə müştəri qismində daxil olaraq, marketin vitrinində olan 01 ədəd “Head and Sholuders” şampununu və 01 ədəd “Rexona” adlı ətiri talayaraq soyğunculuqla əldə etmişdir. Lakin əldə etdiyi əmlakları əldə saxlamaq üçün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs hədələyək üzərinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin zaman tək olmuş, ona kömək göstərən olmamışdır. Bir sıra əməliyyat axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs 01 ədəd “Rexona” markalı ətri satdığı şəxsi müəyyən etmək mümkün olmamışdır. Bundan başqa onun Respublika ərazisində eyni zamanda Kürdəmir rayonu ərazisində hər hansı bir cinayət törətməsi barədə məlumat daxil olmamışdır. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli qərarla: -Kürdəmir şəhəri, Heydər Əliyev prospektində 6 saylı "xxxx" marketdən götürülmüş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. -Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Şahid2 təqdim etdiyi 01 ədəd “«Head and Shoulders»” şampunu iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki: -Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixdə X1 şəhərində RF-nın 228-ci maddəsinin 4-ci hissəsi ilə qanunsuz narkotik maddə satmaqda təqsirli bilinmişdir. -Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2009-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2009-cu il tarixli AMNİSTİYA qərarının 2.5 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasından azad olunmuşdur. -Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci,177.2.3-ci,29.177.2.2-ci və 29,177.2.3-ci maddələri ilə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. -Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. -Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qəarının 4-ci bəndinə əsasən, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunduğundan, hazırda məhkumluğu ödənilmədiyindən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən, onun yenidən qəsdən cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək ifadəsində hadisə vaxtı üzərində bıçaq olsa da belə, Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmadığını, onu öldürməklə hədələmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusata tənqidi yanaşaraq bu ifadələrini işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir, onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində Təqsirləndirilən şəxs "xxxx" marketdən oğurladığı şampunu və ətiri geri qaytarmaq üçün onun arxasınca qaçdığını, Seymurdan oğurladığı əşyaları geri istədikdə sonuncu cibindəki bıçağı çıxarıb onu öldürməklə hədələdiyini, həyatı üçün təhlükə hiss etdiyindən qorxub oradan uzaqlaşdığını israrla təsdiq etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi bu xüsusatı iş üzrə təqsirləndirilən şəxsin təqsirliyini təsdiq edən sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zərərçəkmiş hüquqi şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, eskpertizanın rəyini və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliyini təsdiq edən mötəbər sübut hesab edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, …… oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs əldə etdiyi əmlakı saxlamaq məqsədi və tamah niyyəti ilə Zərərçəkmiş şəxs insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bıçaqla üzərinə gələrək öldürəcəyi ilə hədələməsi, əmlakı geri qaytarmayacağını bildirməsi məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur. 16 avqust 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2022-ci il tarixdə CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs haqqında heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə barışmasını, dəymiş zərərin aradan qaldırılmasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluğun silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi) maddənin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “ağır cinayət” anlayışına daxildir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə, məhkəmə hesab edir ki, o, bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı CM-nin 234.1-ci maddəsilə və dəfələrlə talama cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən talama cinayətini törətmişdir. Bu hal bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir və islaholunmazdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş cəzanın son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və hazırda Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına saxlanılır Kürdəmir şəhəri, Heydər Əliyev prospektində 6 saylı "xxxx" marketdən götürülmüş 01 ədəd DVD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd «Head and Shoulders» şampunu isə "xxxx" marketə qaytarılmalıdır. . İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid2 təqdim etdiyi 01 ədəd “«Head and Shoulders»” şampunu "xxxx"marketə qaytarılsın, 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-131/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-131/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver