Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-131/2025 13.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı Şəhəri 18 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1988-ci il tarixdə İmişli rayonu Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, İmişli rayonu Muradxanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan üç ədəd çətənə (kannabis) bitkisi əkərək, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, habelə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 829,06 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq, onun 107,86 qramını, ayrı-ayrılıqda 4,65 qram, 5,15 qram, 5,40 qram, 5,42 qram, 5,45 qram, 5,60 qram, 5,80 qram, 5,80 qram, 6,10 qram, 6,18 qram, 6,85 qram, 7,12 qram, 7,20 qram, 7,60 qram, 7,65 qram, 7,89 qram, 8,0 qram çəkilərdə olmaqla, on yeddi ədəd kibrit qutusunun içərisində və 700,0 qramını bir ədəd narıncı rəngli polietilen torbanın içərisində olmaqla, cəmi 807,86 qramını yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki otların arasında gizlətdiyi ağ rəngli plastmas materialdan olan vedrənin içərisində, 21,20 qramını isə ayrı-ayrılıqda 6,75 qram, 6,85 qram, 7,60 qram çəkilərdə olmaqla üç ədəd kibrit qutusunun içərisində əyninə geyindiyi özünə məxsus qara rəngli şalvarın sol yan cibində saxlamışdır. 26 iyun 2024-cü il tarixdə saat 15:18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən, oradan onun qanunsuz olaraq əkdiyi, aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etdiyi üç ədəd yaş vəziyyətdə, ümumi çəkisi 550,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, satış məqsədilə qanunsuz olaraq əldə edib, daşıyaraq həmin həyətyanı sahədəki otların arasında gizlətdiyi ağ rəngli plastmass materialdan olan vedrənin içərisində saxladığı 17 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda çəkiləri 4,65 qram, 5,15 qram, 5,40 qram, 5,42 qram, 5,45 qram, 5,60 qram, 5,80 qram, 5,80 qram, 6,10 qram, 6,18 qram, 6,85 qram, 7,12 qram, 7,20 qram, 7,60 qram, 7,65 qram, 7,89 qram, 8,0 qram olmaqla cəmi 107,86 qram çəkidə və bir ədəd narıncı rəngli polietilen torbada olmaqla 700,0 qram çəkidə, ümumilikdə 807,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, o cümlədən üzərində marixuananın mikrohissəcikləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, həmin gün saat 17:10 radələrində İmişli şəhəri, Heydər Əliyev prospekti, 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı isə onun əynindəki qara rəngli şalvarın sol yan cibindən üç ədəd kibrit qutusunda olmaqla, ayrı-ayrılıqda çəkiləri 6,75 qram, 6,85 qram və 7,60 qram olan, cəmi 21,20 qram çəkidə satış məqsədilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 7-8 ildir ki, marixuana çəkir. Həyətində bir-iki dənə kol əkib sonra istifadə edir. Hadisə ilə bağlı qeyd edir ki, saat 09:10-da evində oturub yemək yeyərkən polislər qapısına doluşmuşdur. Həmin vaxt öz yerindən tərpənməmiş, onun qoluna qandalı vurub gedib həyəti gəzmişlər. Həyəti axtarıb üç dənə çətənə kolu tapmışlar. Bu vaxt atası çölə çıxmışdır. Onu isə qolu qandallı yıxmışlar. Atası demişdir ki, “o uşağı niyə öldürüsüz”. Bu zaman atasını da vurub yıxmışlar, şəkilləri də var. Özü isə demişdir ki, “mən əkmişəm o heç siqaret də çəkmir”. Ondan sonra saat dördün yarısına kimi oturmuşlar onlarda. Bundan başqa özündə keçən ildən qalma bir sellofan “nəşə” olmuş, 300 qram olarmış. Həmin “nəşə”ni şirniyyat üçün tərəzidə çəkmişdir. Əməliyyatçı isə gəlib soruşmuşdur ki, “bu necə nəşədir”. O isə yaxşı olduğunu demişdir. Bundan sonra əməliyyatçı həmin paketi götürüb yerinə başqa paket gətirmişdir. Demişlər ki, “çəkiliş olacaq, biz gətirib qoyacayıq, nə desək onu da denən, biz özümüzü sığorta edək”. O tərəfdə isə buraxılmağına görə danışıqlar gedirmiş. Paketi Sonatanın arxasından çıxarıb, harada nəşə əkmişdirsə, aparıb orada ağacların arasına qoymuşlar. Çəkiliş zamanı da özü darvazının qabağına çıxmış, demişlər ki, “harada əkmisən get ora”. Həm də demişlər ki, “o yan bu yan olsa atanı aparacayıq”. Özü də düşünmüş ki, bunu eləyəcəklər, bu da onun üçün ölümdür. Çəkiliş zamanı polislər nə deyibsə onu da demişdir. Demə onu aldadırlarmış. Əynindəki qara kofta isə qadın koftasıdır. Çünki çəkiliş zamanı onu döyüb əynindəki paltarları cırdıqlarından, arvadının koftasını geyinmişdir. Birdə azadlığı məhdudlaşdırıldıqdan ümumiyyətlə 50 günmüş ki, özü evdən çölə çıxmırmış. Üzərindən aşkar olunmuş 03 ədəd kibrit qutusunda olan marixuananın da ona aidiyyəti yoxdur. Törətdiyi əmələ görə cəzası iki ildir, ondan artıq cəza isə allahsızlıqdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünu qismən təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitə olan çətənə, yəni el arasında “nəşə” kimi tanınan qurudulmuş marixuana istifadəçisidir. O, 2024-cü ilin aprel ayının 5-də saat təxminən 9 radələrində yaşadığı evin bağ sahəsində istifadə etdiyi qurudulmuş marixuananın onda olan toxumunu yaşadığı evin həyətindəki bağ sahəsində əkmişdir. Yetişməkdə olan çətənə bitkisi kollarının dibini yumuşaltmamış, peyin və su verməmiş, bitkilər öz-özünə inkişaf etmişdir. Məqsədi yetişdikdən sonra həmin çətənə bitkisinin yarpağını qurudub özü üçün istifadə etmək olmuşdur. Lakin 26 iyun 2024cü il saat 15:30 radələrində yaşadığı ünvanının yaxınlığında tək halda piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirməklə, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onun yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. O, baxışın keçirilməsinə etirazı olmadığını, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini təqdim edəcəyini bildirmişdir. Aqronomun iştirakı ilə videoçəkilişlə keçirilən baxış zamanı o, həyətyanı sahəsində 3 (üç) ədəd çətənə kolu yetişdirdiyini bildirmiş və aqronomun iştirakı ilə keçirilən baxış zamanı qeyd etdiyi yerdən ümumilikdə 3 (üç) ədəd çətənə bitkisini və 1 (bir) ədəd ağ rəngli qabın içərisində 1 (bir) ədəd narıncı rəngli torbada qurudulmuş marixuananı, 1 (bir) ədəd elektron tərəzini, 17 (on yeddi) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmişdir. Aqronom tərəfindən bitkilərə baxış zamanı həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq edilmədiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 3 (üç) ədəd çətənə bitkisi ağ rəngli torbaya qoyularaq elektron tərəzidə çəkilmiş və çəkisinin 800 (səkkiz yüz) qram olmasını görmüş, qurudulmuş marixuanların çəkisinə isə fikir verməmiş, həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzərinə o, aqronom və təhqiqatçı tərəfindən imzalar çəkilmişdir. Sonra həyətyanı sahədə qanunla qadağan olunmuş hər hansı bir əşya predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra ona şübhəli şəxs qismində tutulduğu izah olunmuş və polis şöbəsinə gətirilmişdir. İmişli Rayon Polis Şöbəsində xidməti otaqların birində ona hüquqlarını müdafiə etmək üçün öz istəyi ilə vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmeti təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 (üç) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı, əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan «Redmi» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaların çəkisi 32 (otuz iki) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, üzərinə o özü, müdafiəçi və təhqiqatçı tərəfindən imza edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin əlavə ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamış, heç kimə satmamış, özü istifadə etmək üçün kibrit qutusunda qablaşdırmışdır. O, narkotik vasitə olan el arasında “nəşə” kimi tanınan qurudulmuş marixuana istifadəçisidir. Marixuanadan 2006-cı ildən istifadə edir. Gün ərzində 6-7 qram “nəşə” yəni, bir kibrit qutusu qurudulmuş marixuana çəkir və çox çəkməsin deyə, tərəzini də istifadə edəcəyi narkotik vasitəni çəkib kibrit qutusuna qablaşdırmışdır. O, 2024-cü ilin aprel ayının əvvələrində bağ sahəsində qurudulmuş marixuanadan istifadə edərkən onların toxumunu sahəyə tullamış və orada həmin çətənə bikiləri yetişmişdir. Yaşadığı evdə plastmas vedrənin içərisində 700 qram deyil, 290 qram qurudulmuş marixuana olmuş, həmin marixuananı yaşadığı kəndin çöl sahəsində sellofan torba qarışıq tapmış, özündən aşkar olunmuş elektron tərəzidə hissə-hissə çəkmiş, çəkisinin 290 qram olmasını müəyyən edib bilmişdir. Polis əməkdaşları isə 290 qram narkotik vasitənin çəkisini artırıb 700 qram etmişlər, həmçinin də 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana olmamışdır. Aşkar olunmuş 17 ədəd kibrit qutusunda isə narkotik vasitə olmamışdır. O, tutularkən evinin həyətindən 3 ədəd çətənə bitkisi aşkar olunmuş, həmin bitkiləri həyətdə bağ sahəsində özü yetişmiş, lakin bitkilərə qulluq etməmişdir. Ona məxsus cəmi 300 qram qurudulmuş marixuana olmuş və 3 ədəd kibrit qutusunda olan marixuanalar da ona məxsusdur. Üzərindəki narkotik vasitəni çəkmək üçün götürmüşdür. 17 ədəd kibrit qutusunda marixuana olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, ifadələri təzyiq altında vermiş, oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək yetişdirməsi və İmişli rayonu ərazisində satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən idarənin rəisinə məruzə olunmuş, bundan sonra əməliyyat-istintaq qrupu yaradılaraq, qrupun rəhbəri təyin olunmuşdur. 26 iyun 2024-cü il tarixdə, saat 15:10 dəqiqədə onun yaşadığı ünvanın qarşısına gedib gözləmişlər, Təqsirləndirilən şəxs çölə çıxanda isə tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər əkdiyini və karobkalayıb 25 manatdn satdığını etiraf etmişdir. Daha sonra o, yaşadığı evin həyətyanı sahəsinə öz razılığı ilə baxış keçirilməsinə icazə vermiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqronomun da iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təhmasibin yaşadığı evin həyətyanı sahəsində 3 (üç) ədəd çətənə bitkisi kollarınabənzər kollar və həyətdə quru otların arasında vedərənin içərisindən bir torpada, torbanın içərisində şəffaf başqa sellofan torbalarda qurudulmuş marixanaya bənzər yaşıl kütlə aşkar olunmuşdur. Sellofanda 17 ədəd kibrit qutusu ilk görünüşündən marixuanaya bənzər qurudulmuş kütlələr olması müəyyən olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, daha sonra aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitki kollarına bənzər kollar polietilen torbaya qablaşdırılmış və elektron tərəzidə çəkilərək tərəflərindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilmiş və orada inzibati binada xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 (üç) ədəd kibrit qutusu və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Onlar tərəfindən heç bir narkotik vasitə gətirilib, həyətinə və üzərinə qoyulmamış, çünki Təqsirləndirilən şəxs onlardan da ayıqdır, onun özü bu işdə professordur, belə hal mümkün deyildir. Evindəkilər isə baxış zamanı əllərində telefon gəzirmişlər. Ona qarşı tərəflərindən heç bir hədə, fiziki-psixi təsir edilməyib. Onun evinə 9-a işləmiş getmələri barədə bildirdikləri isə tamamilə yalandır. Təqsirləndirilən şəxs dedikləri cəfəngiyyatdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişdir. İşdə olan BNMİ-nin xmiü baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib və külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 3) İşdə olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin xmiü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 4-5) İşdə olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizdən görünür ki, yaşadığı İmişli rayonu Muradxanlı kəndindəki nömrəsiz fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. (c 1, i.v 10) İşdə olan 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün saat 15:18-dən 15:37-dək video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Muradxanlı kəndində yaşadığı evinin həyətyanı bağ sahəsindən 3 (üç) ədəd yaş vəziyyətdə köküstə çətənə (kannabis) bitkiləri, plastmas vedrə və içərisindəki narıncı polietilen torbada qurudulmuş marixuana, şəffaf sellofan torbalarda içərisində qurudulmuş marixuana olan 17 ədəd kibrit qutuları və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 12-14) İşdə olan 26 iyun 2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətində baxış keçirilən zaman aşkar edilmiş narkotik tərkibli bitki olan 3 (üç) ədəd çətənə (marixuana) koluna aqro-texniki qaydada qulluq edilmiş yəni, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. (c 1, i.v 15) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10-dan tutulmuş hesab edilmişdir. (c 1, i.v 30) İşdə olan 26 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 17:10-dan 17:20-dək İmişli Rayon Polis Şöbəsinin inzibati binasında, xidməti otaqların birində videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman onun əynindəki qara rəngli şalvarın sol yan cibindən 3 (üç) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 34-36) İşdə olan Məhkəmə-bioloji ekspertizasının 27 iyun 2024-cü il tarixli 3-16-16/2-18/616 nömrəli rəyindən görünür ki, üzərində “... Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,85 qram, 6,75 qram, 7,60 qram, ümumi çəkisi 21,20 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərindəki ağ kağızda “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən …” sözləri yazılmış və imzalar olan 1 ədəd plastmas vedrədəki 17 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,85 qram, 7,20 qram, 7,12 qram, 7,89 qram, 8,0 qram, 7,60 qram, 7,65 qram, 6,10 qram, 5,60 qram, 6,18 qram, 5,40 qram, 5,80 qram, 5,80 qram, 5,45 qram, 4,65 qram, 5,42 qram, 5,15 qram və 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 700,0 qram, ümümi çəkisi 807,86 qram bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin plastmas vedərədə bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. Tədqiqata təqdim olunmuş cəmi 20 ədəd kibrit qutusunda və 1 ədəd polietilen torbada ümumi çəkisi 829,06 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkibinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №7 dairəvi möhürü əksi ilə möhürlənmiş bir ədəd sintetik torba bağlamadakı cəmi 3 ədəd yaş vəziyyətdə ümumi çəkisi 550,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin ekspert rəyinin qeyd hissəsindən görünür ki, marixuananın ümumi çəkisi 829,06 qram, cəmi təhqiqata sərf edildi 0,42 (hər ob-0,02 qr) qram, qalıq 828,64 qramdır. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 550 qram, cəmi təhqiqata sərf edildi 0,15 qram (hər ob 0,05 qr) qalıq 549,85 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat təşkil edir. (c 1, i.v 42-45) İşdə olan İmişli Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 80-86) İşdə olan İmişli Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 5(036)-67/2024 nömrəli qərarından görünür ki, DİN-in BNMİ-nin xmiü baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi 26 iyun 2024-cü il tarixli qərara əsasən əməliyyat tədbirinin təxirəsalınmadan həyata keçirilməsi qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 107-108) İşdə olan 3 saylı İstintaq Təcridxanası tərəfindən İmişli rayon prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli xüsusi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqribən saat 11:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman döş qəfəsinin sol yuxarı 1/3-də sarımtıl rəngli qançır, sağ saidin arxa səthində, sol saidin aşağı 1/3-də sıyrılmış qərtməkli yaralar, sarğı nahiyyəsində sıyrıntılar aşkar olunmuşdur. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. (c 1, i.v 111) İşdə olan 415 nömrəli, xx.xx.2024-cü il tarixli tibbi ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər – sağ saidin aşağı 1/3-nin arxa səthində, sol saidin aşağı 1/3-nin bayır və iç səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əmələ gəlmə müddəti 1-2 günə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (c 1, i.v 112-113) İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən və İmişli Rayon Məhkəməsinin xx.xx.202022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.202022ci il tarixli hökmü ilə isə üzərində qəti olaraq 01 il 08 ay 02 gün müddətə azadlığın məhdudlaşdıırlması cəzası saxlanılmışdır. (c 1, i.v 131-132, 134-137) İşdə olan 18 iyul 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aşkar edilmiş narkotik vasitənin 828,64 qram qurudulmuş marixuananın qalıq çəkisi və 03 ədəd yaş halda qalıq çəkisi 549,85 qram çətənə kannabis bitkiləri iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlancı otağına təhvil verilmişdir. (c 1, i.v 138-140) İşdə olan İmişli RİHB-nın Muradxanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və 2011-ci il təvəllüdlü uşağından ibarətdir. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 147-148) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2024-cü il tarixli 5253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asıllılıq sndromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 169-170) İşdə olan İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş sorğuya cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs üzərində İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzanın müddəti 16 avqust 2024-cü il tarixdə başa çatır. Onun 26 iyun 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixə kimi 01 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. (c 1, i.v 172, cild İİ i.v) İşdə olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Redmi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən sahibinə qaytarılmış, 26 iyun 2024-c il tarixli evə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollara əlavə edilmiş videoçəkilişlərin CD diskləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmışdır. (c 1, i.v 196- 208) İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Redmi markalı mobil telefon atası Qoşqar Nəsirova təhvil verməsi üçün Müdafiəçi2 verilmişdir. (c 1, i.v 213) İşdə olan 26 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Ramil Qurbanov tərəfindən qərarın təsviri hissəsində göstərilənlərə əsasən 2084-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. (c 2, i.v) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan üç ədəd çətənə (kannabis) bitkisi əkərək, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəsi üçün aşağıdakı dəlilləri gətirmişdir: saxlanılarkən üzərində heç bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya, predmet olmamış, yaşadığı evin həyətyanı sahəsində 03 ədəd çətənə (kannabis) bitkisi əkmiş, eyni zamanda öz şəxsi istifadəsi üçün orada təxmini çəkisi 300 qram olan qurudulmuş marixuana və elektron tərəzi olmuşdur, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüş əvəzinə isə, yaşadığı evin həyətyanı sahəsinə 17 ədəd kibrit qutusunda və bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana qoyulmuş, eyni zamanda da üzərinə 03 ədəd kibrit qutusunda qurudulmuş marixuana qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə və təhdidinə məruz qaldığını, təzyiqin və təhdidin isə döyülməsi, atasının məsuliyyətə cəl edilməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində cinayət təqibi aparılmış, müvafiq olaraq 26 noyabr 2024-cü il tarixli qərarla (cild İİ) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. X7 Məhkəməsi «X1rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxsdə baxış zamanı təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq saxlanılarkən polis əməkdaşlarının ona qarşı zorakılıq etmədiyini, evinə və üzərinə təhqiqatçıdan əvvəl heç kəsin baxış, axtarış keçirmədiyini, şikayət və vəsatətinin olmadığını, üzərinə şəxsi axtarış keçirilərkən öncə təhqiqatçı, daha sonra müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən, polis şöbəsinə gətirələrkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya mənəvi zorakılığın edilmədiyini, üzərinə təhqiqatçıdan əvvəl axtarış keçirilmədiyini, təhqiqatçı və digər polis əməkdaşları tərəfindən ona qarşı təsir, zorakılıq edilmədiyini öz səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ilkin izahat, şühbəli və təqsirləndirilən şəxs (videoçəkilişlə) qismində ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 53-55) və xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 62-65) şəxs qismində verdiyi ifadələrində eləcə də üzərinə və yaşadığı evə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş elektron tərəzinin, narkotik vasitələrin və çətənə bitkilərinin özünə məxsus olduğunu, özü istifadə etdiyini, eyni zamanda narkotiklərin satışı ilə məşğul olduğunu, bir kibrit qutusu marixuananı 25 manata ehtiyyacı olduğundan tamah edib satdığını, ifadələrində isə təqsirləndirilən şəxs tutularkən evinin həyətindən 03 ədəd bitki kollarının aşkar olunduğunu, çəkdiyi 300 qram qurudulmuş marixuananın və 17 qutuda narkotik vasitə qabın içərisində olduğunu və 03 ədəd kibrit qutusunda olan marixuananın cibində olduğunu, narkotik vasitələri heç kəsə heç vaxt satmadığını, özü istifadə etmək üçün qablaşdırdığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. İstintaqın sonrakı mərhələsində isə yaşadığı evdə plastmas vedrənin içərisində 700 qram deyil, 290 qram qurudulmuş marixuana olmasını, həmin marixuananı yaşadığı kəndin çöl sahəsində sellofan torba qarışıq tapdığını, özündən aşkar olunmuş elektron tərəzidə hissə-hissə çəkdiyini, çəkisinin 290 qram olmasını müəyyən edib bildiyini, polis əməkdaşlarının isə 290 qram narkotik vasitənin çəkisini artırıb 700 qram etdiklərini, həmçinin də 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana olmadığını bildirmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən (ilkin ifadələrindən) fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı əlavə dindirilərkən, istərsə də məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs (videoçəkilişlə) qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən və məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitələrin ona aid olduğunu bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitələr ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə ibtidai istintaqın sonraki mərhələlərində və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ilkin ifadələrini (aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən və yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitələrin ona aid olduğunu, həmin vasitənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 26 iyun 2024-cü il tarixli şəxsi axtarış, baxış keçirilməsinə dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan videogörüntülər, maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 27 iyun 2024-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar İmişli Rayon Vəkil Bürosunun vəkili Anar Əliyev Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və baxışa dair 26 iyun 2024-cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, yaşadığı evin həyətinə baxış keçirilən zaman, oradan onun qanunsuz olaraq əkdiyi, aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etdiyi üç ədəd yaş vəziyyətdə, ümumi çəkisi 550,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin həyətyanı sahədəki otların arasında gizlətdiyi ağ rəngli plastmass materialdan olan vedrənin içərisində saxladığı 17 ədəd kibrit qutusunda, ümumi çəkisi 107,86 qram çəkidə və bir ədəd narıncı rəngli polietilen torbada olmaqla 700,0 qram çəkidə, ümumilikdə 807,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, o cümlədən üzərində marixuananın mikrohissəcikləri olan bir ədəd elektron tərəzi, daha sonra müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan əynindəki qara rəngli şalvarın sol yan cibindən üç ədəd kibrit qutusunda olmaqla, ümumi çəkisi 21,20 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, eləcədə yaşadığı evin həyətinə baxış keçirilərkən üzərindən, yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitənin çəkisini, olduqları bükümlərin sayını mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın, baxışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan vasitələr və maddənin özünə məxsus olmasını təsdiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntülərdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı və yaşadığı evin həyətinə baxış həyata keçirilmiş, şəxsi axtarışın və baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və yaşadığı evin həyətindən aşkar olunmuş – ittihamda təsvir olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün ümumi çəkisi 829,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana tədarük etməsi, həmin narkotik vasitəni 17 ədəd kibrit qutusunda qablaşdırmaqla, yaşadığı evin həyətində olan plastmas vedrənin içərisində bir ədəd politelin torbada təmiz çəkisi 700,0 qram olan qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri olan elektron tərəzi ilə birlikdə saxlaması, 03 ədəd kibrit qutusunda ümumi çəkisi 21,20 qram olan qurudulmuş marixuananı isə üzərində daşımaqla gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 166 dəfə) çox olub külli miqdar təşkil etməsi, həmin narkotik vasitəni ümumilikdə 20 ədəd kibrit qutusunda qablaşdırmaqla, üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri olan elektron tərəzi ilə birlikdə üzərində və yaşadığı evin həyətində daşıyaraq, saxlaması kimi işin faktiki hallarını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 saylı qərarındakı hüquqi mövqeyi ilə müqayisə edərək, Təqsirləndirilən şəxs ümumi çəkisi 829,06 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkarlanmasını, həmin narkotik vasitənin bir hissəsinin çəkilərək ümumilikdə 20 ədəd kibrit qutularında qablaşdırılmasını, narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar edilməsini, qablaşdırılmış narkotik vasitədən 03 ədəd kibrit qutusunda üzərində gəzdirməklə, daşımasını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə həmin norma (hazırki işin kontekstində) şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən qurudulmuş marixuan narkotik vasitə hesab edilir, həmin vasitənin xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Məhkəmə tərkibi tərəfindən müəyyən edilmiş, hökmün“təsviri-əsaslandırıcı” hissəsində təsvir olunmuş Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkəmə hesab edir ki, sonuncunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən o, həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, təqsirləndirilən şəxsin əvvəllərdə anoloji cinayətlərdə təqsirli bilinərək məhkum edilməsini, onun kriminal keçmişini, narkotik vasitənin aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən 829,06 qram qurudulmuş marixuananın ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, son nəticədə isə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin, eyni zamanda ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətinin, konkret müəyyən qrup insan və fərdin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Habelə Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 25 (iyirmi beş) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilib ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və İmişli RPŞnin maddi sübutların saxlanılması otağında saxlanılan 03 ədəd yaş vəziyyətdə ekspertiza tətqiqatından sonrakı qalıq çəkisi 549,85 qram olan çətənə (kannabis) bitkiləri, tədqiqatdan sonra qalıq çəkisi 828,64 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 25 (iyirmi beş) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 03 ədəd yaş vəziyyətdə ekspertiza tətqiqatından sonrakı qalıq çəkisi 549,85 qram olan çətənə (kannabis) bitkiləri, tədqiqatdan sonra qalıq çəkisi 828,64 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-131/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-131/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver