Məhkəmə qərarları › İş №1(099)-132/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-132/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-132/2023 27.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə 31 avqust 1984-cü ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, DOST İş Mərkəzi MMC-nin Neftçala rayon filialında sosial işçi olan, məhkumluğu olmayan, Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu xx.xx.1981-ci il təvəllüdlü Şahid3 yaşadığı Neftçala rayonunun Dördlər kəndindəki evindən xəbərsiz Bakı şəhərinə naməlum ünvana getməsində Şahid3 xalası qızının əri, xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs rolunun olduğunu düşündüyü üçün sonuncunu qəsdən öldürmək qərarına gələrək, 30 avqust 2022-ci il tarixdə, saat 11 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs yaşadığı Neftçala rayonunun Xıllı qəsəbəsindəki fərdi yaşayış evinə gəlib ondan Şahid3 Bakı şəhərində hansı ünvanda yaşaması barədə soruşmuş, Zərərçəkmiş şəxs ona bu barədə məlumatının olmadığını bildirdikdən sonra onlar sakit tərzdə söhbət edə-edə evdən çıxan zaman, evin zalında, şalvarının bel nahiyəsinə keçirərək əvvəlcədən özü ilə gətirdiyi tiyələrinin uzunluğu 161 mm olan, təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən kənd təsərrüfatında heyvanların qırxılması üçün istifadə edilən qayçını çıxarıb heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan arvadı-1967-ci il təvəllüdlü Şahid1, Şahid3 övladları, 2009-cu il təvəllüdlü Şahid4, 2005-ci il təvəllüdlü Şahid5, Şahid3 bacısı Şahid2 gözlərinin qarşısında aşkar surətdə onlara əzab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə ardıcıl zərbələr vuraraq döş qəfəsinin sağ yarısının ön səthində döş boşluğuna keçən, sağ ağciyəri zədələyən bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən, sol ağciyəri zədələyən bir ədəd həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər, sol qoltuqaltı nahiyədə döş boşluğuna keçən daxili orqanları zədələməyən, döş qəfəsinin arxa kürəkarxa nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən, sol bazunun yan və iç nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə hər iki ağciyərləri zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən Zərərçəkmiş şəxs qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq subay olsa da, qeyri-rəsmi qaydada həmkəndlisi Şahid3 ilə ər-arvad münasibətində olmaqla Səadətin evində onunla birlikdə, eyni zamanda valideynlərinə məxsus evdə yaşamışdır. Səadətin əvvəlki mərhum ərindən iki uşağı vardır, onlar da Səadətlə birlikdə yaşayırlar.Mərhum Zərərçəkmiş şəxs həmkəndlisi, həm də Səadətin xalası qızının əri kimi tanımış, münasibətləri yaxşı olmuşdur.El arasında Səxavətə həm də “Əşrəf” deyə müraciət edirlər.21 avqust 2022-ci il tarixdə Səadətin evinə getmiş, qapı bağlı olduğundan öz evinə qayıtmışdır. Səhəri gün Səadətin xalası oğlu Əvəzağa ilə görüşüb Səadətin harada olmasını öyrənməsi üçün onu Əşrəfgilə (Səxavətgilə) göndərmiş, lakin onlar Əvəzağaya Səadətin yerini deməmişlər. Səadətin Bakı şəhərinə getməsini güman etdiyindən o, Əvəzağa ilə birlikdə Bakı şəhərinə gedib 3-4 gün Səadəti axtarsalar da, onu tapa bilməyib rayona geri qayıtmışlar və Əvəzağa rayon polis şöbəsinə gedib Səadətin itkin düşməsi ilə bağlı müraciət etmişdir.29 avqust 2022-ci il tarixdə o, telefonla Səxavətlə danışıb Səadətin yerini soruşsa da, onun Səadətin yerini deməməsindən güman etmişdir ki, Səadətin yerini Səxavət bilir və onu gizlədir. O, səhərisi gün-30 avqust 2022-ci il tarixdə Səxavətgilə gedib bu məsəlini dəqiqləşdirmək istəmiş, həm də Səxavətin əvvəllər məhkum olunan şəxs olmasını və ona qarşı hər hansı bir təhlükə yarada biləcəyini düşünüb evində olan qoyun qırxmaq üçün istifadə olunan qayçını götürmüşdür ki, ona qarşı bir təhlükə olsa özünü müdafiə etsin. O, 30 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Səxavətin evinə getmiş, Səxavət onu evə dəvət etmiş və onlar birlikdə otağa keçmişlər. Həmin vaxt otaqda Səxavətin arvadı Rəsmiyyə və Səadətin iki uşağı-Hafiz və Məryəm olmuşdur. Otaqda o, Səxavətlə 5-10 dəqiqə söhbət edib Səadətin yerini soruşmuş, o da Səadətin harada olmasını bilmədiyini demişdir.O, Səxavətlə söhbət edərkən uşaqlar otaqdın çıxmış, Rəsmiyyə isə otaqda qalmışdır.Bir az sonra Səadətin bacısı (Rəxşəndə Əzizova) da Səxavətgilə gəlmiş, bundan sonra Rəsmiyyə də otaqdan çıxmışdır. O, otaqdan çıxıb getmək istəyərkən Səxavətlə aralarında əvvəl sözlə, daha sonra biri-biriniə əl atıb tutaşmaqla mübahisə etmişlər. Həmin vaxt Səxavət əlində olan, görə bilmədiyi bir əşya ilə onun sol bilək nahiyəsinə xəsarət yetirmiş, o da şalvarının bel hissəsində gizlətdiyi qoyun qırxmaq üçün istifadə olunan qayçını çıxarıb Səxavətin bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə, təxminən 3-4 dəfə vurmuşdur. Vurduğu zərbədən Səxavət yerə yıxılmış, bu zaman Rəsmiyyə və digərləri qışqırıb otağa daxil olmuş, özü isə əlindəki qayçını ora atıb evdən çıxıb yaşadığı evə getmişdir.O, qayçı ilə Səxavəti vurarkən uşaqlar otaqda olmamış, lakin Rəsmiyyə otağın qapının yanında olmuş və onun Səxavəti qayçı ilə vurmasını görmüşdür.Evə gəldikdən sonra o, paltarlarını dəyişib küçəyə çıxmış, həmin vaxt polis əməkdaşlarının avtomobillə hərəkət etdiyini görüb, onlara işarə edib çağırmış və törətdiyi cinayəti bildirib onlara təslim olmuş və onlar onu Neftçala RPŞ-ə aparmışlar. Onun əvvəldən Səxavəti öldürmək fikri olmamış, qayçını özünü müdafiə etmək məqsədi ilə götürmüş, Səadətin yerini demədiyinə görə Səxavətlə qarşılıqlı olaraq mübahisə edib dalaşakən Səxavət əlindəki görmədiyi əşya ilə onun bilək nahiyəsinə xəsarət yetirdiyinə görə o da onu bıçaqla vurub xəsarətlər yetirmiş, nəticədə Səxavət aldığı xəsarətlərdən ölmüşdür. Səxavəti qayçı ilə vurarkən Səxavətin arvadı Rəsmiyyə bunu görmüş, Səadətin uşaqları otaqda olmamış, qapının yanında olmuş, onlar hadisədən sonra otağa daxil olmuşlar. O, verilmiş ittiham üzrə (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs öldürməsində) özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs aralarında olan mübahisəyə görə qayçı ilə vurub öldürduyünə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs atasıdır. Təqsirləndirilən şəxs atası Səxavətin ögey dayısı nəvəsidir və onunla münasibətləri yaxşı olmuşdur.Şahid3 anası Rəsmiyyənin xalası qızıdır, Səadətin əri vəfat etmiş və iki uşağı vardır. Son vaxtlar Səadətin Salehlə yaxın münasibətləri olsa da, onların bir yerdə yaşamaları barədə məlumatı olmamışdır. 2022-ci ilin avqust ayının ikinci yarısında o, Bakıda olarkən anasının xalası oğlu Əvəzağa ilə Saleh Bakı şəhərinə gəlib onunla görüşüb ondan Səadətin evdə olmadığını, Bakıda harada olmasını soruşmuş, o da onlara Səadətin yerini bilmədiyini bildirmişdir. 30 avqust 2022-ci il tarixdə, günorta saatlarında bacısı ona zəng vurub atasının vəziyyətinin pis olduğunu bildirmiş və o həmin gün rayona getmiş, evə çatanda atasının vəfat etdiyini bilmiş, elə həmin gün də atasının meyitini dəfn etmişlər. Sonradan ona ailə üzvləri məlumat vermişlər ki, demişlər ki, 30 avqust 2022-ci il tarixdə, səhər saatlarında Saleh onların evinə gəlib atası Səxavətdən Səadətin yerini soruşub onu gizlətdiyini bildirib mübahisə etmiş, sonra özü ilə gətirdiyi qoyun qırxmaq üçün istifadə olunan qayçı ilə atası Səxavətə çoxsaylı zərbələr vuraraq onu öldürmüşdür. Saleh atası Səxavətlə mübahiə edib onu qayçı ilə vurub öldürərkən anası və Səadətin azyaşlı uşaqları da evdə olmuş, elə onların gözü qarşısında Saleh qayçı ilə atası Səxavətə bir neçə dəfə vurub öldürmüşdür. Hazırda ailəsi və o, Təqsirləndirilən şəxsla barışmamış və törətdiyi cinayətə görə ona qanunla nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Məclum Əliyevin məhkəməyə ünvanladığı 10 yanvar 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmamış və ona qanunla nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əridir. Ailədə və tanıyanlar Səxavətə həm də “Əşrəf” deyə müraciət etmişlər.Şahid3 onun xalası qızıdır və onun mərhum ərindən iki uşağı vardır.Təqsirləndirilən şəxs Səxavətin ögey dayısı nəvəsidir və münasibətləri yaxşı olmuşdur.Son vaxtlar Səadət ilə Salehin yaxın münasibətlərinin olmasını eşitsə də, onların birgə yaşamaları barədə məlumatı olmamışdır.17 avqust 2022-ci il tarixdə Səadət onlara gəlib Salehin onun evinə gəlib teztez narahat etməsini, həmçinin uşaqlarını dolandıra bilmədiyinə görə Bakı şəhərinə işləmək üçün gedəcəyini bildirib iki azyaşlı uşağını-Hafiz və Məryəmi onun yanında qoyub işləmək üçün Bakı şəhərinə getmişdir. 2022-ci ilin avqust ayının ikinci yarısında xalası oğlu Əvəzağa onlara gəlib Səadətin harada olmasını soruşmuş, onlar da Səadətin işləmək üçün Bakı şəhərinə getməsini, lakin harada qalmasını bilmədiklərini demişlər. 28 avqust 2022-ci il tarixdə polis şöbəsindən onu, mərhum əri Səxavəti və Sədaətin uşaqlarını rayon polis şöbəsinə dəvət edib Əvəzağanın Səadətin itkin düşməsi ilə bağlı polisə müraciət etdiyi bildirilmiş, onlar da Səadətin işləmək üçün Bakı şəhərinə getməsini, lakin harada qalmasını bilmədiklərini, telefon əlaqələrinin olmadığını demişlər. Həmin gün gecə saatlarında Saleh əri Səxavətə zəng vurub danışmış, bu danışandan sonra ərinin təzyiqi qalxmış, səhhəti pisləşmişdir.Sonra yenidən Saleh dəfələrlə zəng etsə də, əri Əşrəfin telefona cavab verməmişdir. 29 avqust 2022-ci il tarixdə Saleh təkrar əri Səxavətə zəng vurmuş, bu zaman o, Səxavətdən xəbərsiz telefonu götürüb özü Salehlə danışmış, sonra saat 14 radələrində təkrar Saleh zəng etmiş və o, Salehlə Səxavətin hazırda səhhətinin yaxşı olmadığını, həkim çağırdıqlarını bildirmişdir. 30 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Saleh onlara gəlib evə daxil olub Səxavətlə görüşmüş, sonra onlar digər otağa keçmiş, arxadan özü və Səadətin uşaqları da birlikdə həmin otağa daxil olmuşlar. Bir az sonra Səadətin bacısı Raxşəndə də ora gəlmişdir.Saleh və Səxavət otaqda söhbət edərkən o, Səadətin oğlu və qızına “siz keçin o biri otağa” demiş, özü isə Rəxşəndəni qapıda qarşılayıb onu yataq otağına aparıb söhbət etmişlər. Qısa müddətdən sonra o, yataq otağının qapısının qarşısına çıxıb dayanmış, bu zaman görmüşdür ki, əri Səxavət olduğunu otağın qapısını açmışdır ki, Salehi yola salsın. Həmin vaxt Səxavət Salehin qarşı tərəfində Salehə nisbətdə solda dayanmış vəziyyətdə olmuşdur. O, bu anda görmüşdür ki, Saleh əlində olan bıçağa oxşar əşya ilə Səxavətin sinə nahiyəsinə bir dəfə vurmuş, Səxavət isə müvazinətini itirərək “məni niyə vurursan” deyib geriyə çəkilmiş, sonra Saleh əlindəki bıçağa oxsar əşya ilə Səxavətin bədənin sol tərəfinə dayanmadan bir neçə dəfə vurmuş və qapıdan təxminən 2-3 metr aralıda Səxavət döşəməyə yerə yıxılmış, yerə yıxılan vaxt pencərənin pərdəsindən tutduğu üçün pərdə qopub yerə düşmüşdür. Baş verənləri o, görüb qışqıraraq köməyə adam çığırmış, Səxavətin vurulduğunu uşaqlarda görmüş və qorxduğundan Məryəm pencərədən tullanıb qaçmışdır.Sonra o, Salehin onlara da xəsarət yetirəcəyini düşünüb pencərədən Hafizi və Rəxşəndəni çıxarmaq istəmiş, lakin onlar otaqdan çıxmamışlar.Saleh əlindəki bıçağa oxşar alətlə (qayçı ilə) Səxavətə xəsarət yetirdikdən sonra Səxavətin ünvanına nəsə deyib sakit halda otaqdan həyətə çıxıb, evin arxa tərəfinə keçib o biri qapıdan çıxıb oradan uzaqlaşmışdır.O, Səxavət yanına qayıdarkən onun paltarlarına ilişib qalmış əşyanı, yəni Salehin Səxavəti vurduğu əşyanı görmüş, həmin əşyanın qoyun qırmaq üçün olan iri qayçı olmasını bilmişdir.Hadisədən dərhal sonra Hafiz “102” xidmətinə zəng vurub polisə məlumat vermiş, bir müddət sonra təcili tibbi yardım gəlib yaralı vəziyyətdə olan Səxavəti xəstəxanaya aparmış, həmin vaxt Səxavətin paltarlarına ilişib qalmış qayçını da onunla birlikdə aparmışlar.Xəstəxanaya aparıldıqdan sonra Səxavət vəfat etmişdir. Hadəsədən sonra o, Səxavətin telefonunu götürüb baxarkən telefonun səsyazma düyməsi açıq olmasını görüb bağlamış, daha sonra prokurorluq və polis orqanın əməkdaşları evə gəlmiş və Səxavətin telefonunu onlara təqdim etmişdir. Prokurorluq əməkdaşları onun iştirakı ilə hadisə olan yeri və ətrafı müayinə ettmi, sonra sənədləşmə aparmışlar. Hadisə baş verən vaxt evin yataq otağının qapısının qarşısında o, Raxşəndə, Hafis və Məryəm olmuşdur. Saleh əlindəki alətlə, yəni qayçı ilə onun, Rəxşəndənin və Səadətin azyaşlı uşaqlarının gözü qarşısında Səxavətin sinə və digər nahiyələrinə çoxlu saydı zərbələr vuraraq onu öldürmüşdür. Salehin Səxavəti nəyə görə öldürməsini bilməsə də, sadəcə olaraq Salehin son vaxtlar yaxın münasibət olduğu Səadətin onlar tərəfindən gizlədildiyini və Səadətin harada olmasının ona deyilməməsini fikirləşib bu səbəbdən əri Səxavəti öldürmüşdür.Hadisədən əvvəl Səxavətin Salehin əlinə xəsarət yetirməsi barədə Salehin dedikləri tam yalandır. Hadisə baş verməzdən əvvəl və hadisə baş verən vaxt əri Səxavət Salehə heç bir xəsarət yetirməmiş və Səxavətin əlində də, heç bir əşya olmamışdır.Həmçinin Saleh ani olaraq əri Səxavətə əlindəki əşya ilə (qayçı ilə) xəsarətlər yetirib öldürmüş, həmin vaxt səxavət özü də nə baş verdiyini anlamamışdır. Saleh əvvəl Səxavəti vurandan sonra o, orada olan stolu götürüb Salehin qarşısını almaq istəmiş, lakin stola gücü çatmamış, elə bu zaman Saleh əlindəki qayçı ilə təkrar Səxavətə vurmuş və Səxavət yerə yıxılmış, Saleh isə sakit halda evdən çıxıb getmişdir. Məhkəmə iclasında şahidlər Şahid5, Şahid4 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, əvvəllər Yavər Əzizovla evli olmuş, sonra məhkəmənin qərarı ilə Yavərdən ayrılmış, 2018-ci ildə keçmiş əri Yavər intihar edərək özünü öldürmüşdür. Hazırki vaxtadək o, iki uşağı Nafis və Məryəmlə birlikdə Xıllı qəsəbəsində özünə məxsus evdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs xalası qızı Rəsmiyyənin əri olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, təxminən 2 ildir ki, o, Təqsirləndirilən şəxsla bir müddət qeyri-rəsmi ər-arvad münasibətində olmuş və Saleh aradabir onun yaşadığı evə gəlib-getmişdir. Son vaxtlar münasibətləri pişləşdiyindən o, Salehdən ayrılmaq istəmiş, lakin Saleh buna imkan verməmiş, tez-tez evinə gəlib onu narahat etmişdir. Bununla bağlı olaraq da o, bir neçə dəfə polisə müraciət etmişdir. 17 avqust 2022-ci il tarixdə Salehdən qurtulmaq, həm də maddi vəziyyəti aşağı olduğu üçün Bakı şəhərinə gedib işləmək istəmiş, bu səbəbdən o, xalasıqızı Rəsmiyyəgilə gəlib oğlu Hafisi və qızı Məryəmi onlara tapşırıb işləmək üçün Bakı şəhərinə getmişdir. Əvvəllər mobil telefonu olmuş, sonradan Saleh həmin telefonu sındırdığından mobil telefonu olmamış, həmçinin o, Səxavətgilə olduğu yeri Salehə deməmələrini xahiş etmişdir ki, Saleh gəlib, onu tapmasın. Sonradan ona məlum olmuşdur ki, Saleh onu xalasıoğlu Əvəzağa ilə birlikdə axtarsalar da, tapa bilməmişlər.30 avqust 2022-ci il tarixdə xəbərlərdə Səxavətin Saleh tərəfindən öldürüldüyünü eşitmiş, sonradan isə oğlu Hafis və qızı Məryəm ona Salehin qayçı ilə Səxavətə xəsarətlər yetirib öldürməsini gördüklərini danışmışlar. İşdə olan, “Baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, hadisənin baş verdiyi Neftçala rayonunun Xıllı qəsəbəsində yerləşən X5 məxsus fərdi yaşayış evidir.Evə daxil olduqda dəhliz kimi istifadə olunan evin zalı yerləşir.Giriş qapısından daxil olduqda solda otaq yerləşir.Mərhum Zərərçəkmiş şəxs arvadı Şahid1 (baxışda iştirak edən) deməsinə görə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs əvvəl bu otaqda söhbət etmişlər.Bir qədər irəlidə ikinci otaq-yataq otağı yerləşir. Şahid1 zal və giriş qapısının içəri tərəfini təqdim edib, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin yerdə öldürdüyünü bildirir. Həmin zala daxil olduqda üzəbüzdə qarşı divara söykənmiş divan vardır. Zalın mətbəx tərəfində evin 3-cü otağının qarşısında stol və 6 ədəd taxta materiallı stullar vardır.Zalın evin qabaq hissəsi istiqamətində iki ədəd plastik pəncərəsi vardır və döşəməsi taxta materialındandır. Zalın pəncərələrində ağ və çəhrayı rəngli pərdəsi vardır.Zala daxil olduqda sağ tərəfdə giriş qapısının yerləşdiyi divarda olan birinci pəncərənin qarşısında döşəmənin üzərində qanabənzər maye axıntısından gölməçə vardır.Həmin gölməçədən pambığa hopdurulub nümunə qabında çubuqla qanabənzər mayedən nümunə götürülmüşdür. Şahid1 giriş qapısının daxilini göstərib, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoyun qırxmaq üçün istifadə olunan qayçı ilə öldürməsini bildirmişdir. Həmin qanabənzər maye axıntısının yanında çəhrayı rəngli pərdə vardır və bu pərdə müvafiq qaydada götürülmüşdür. Həmin pəncərənin ağ rəngli pərdəsi də qanabənzər ləkələrə bulaşmış, həmçinin döşəmə üzərində də qanabənzər ləklər və ayaq izləri vardır. Evin ikinci otağının qarşısında stulun üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı Şahid1 əri Zərərçəkmiş şəxsa məxsus “Redmi 5A” markalı telefonu təqdim edib hadisə zamanı telefonun səsyazma proqramının açıq olmasını və səsyazma proqramını özü dayandırmasını bildirmiş və həmin telefon qablaşdırılaraq götürülmüşdür.Həmçinin evin həyət darvazasının çöl tərəfində solda, qumun üzərində “Samsung” markalı, üzəri parlaq göy rəngli telefon və qırmızı rəngli üzlük aşkar edilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə Zərərçəkmiş şəxs meyitinə baxış (xarici müayinə) keçirilmiş və baxış zamanı Meyitin xarici müayinəsi zamanı meyitin əynində olan paltarlar-01 ədəd göy və ağ rəngli xətləri olan şortik, 01 ədəd göy və qara rəngli tursik, 01 ədəd xırda qara rəngli bəzəkləri olan ağ rəngli qısaqol, üç düymə köynək və köynəyə ilişmiş vəziyyətdə olan 01 ədəd qoyun qırxmaq üçün istifadə olunan qayçı müvafiq qaydada qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, Neftçala RPŞ-nin əməkdaşının 30 avqust 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Neftçala rayonunun Xıllı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi hadisəsi barədə daxil olmuş məlumatına əsasən Təqsirləndirilən şəxs Xıllı qəsəbəsində üzərində bir ədəd paltar çantası ilə birlikdə saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi muayinə barədə” 30 avqust 2022-ci il tarixli, 782 №-li protokolla müəyyən edilir ki, 30 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “orta dərəcəli” sərxoşluq aşkar edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 30 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə və əlavə laborator müayinələrin cavabına, qərarda qoyulan sualları nəzərə alıb aşağıdakılar göstərilmişdir: Zərərçəkmiş şəxs meyitinin bədənində döş qəfəsinin sağ yarısının ön səthində döş boşluğuna keçən, sağ ağciyəri zədələyən bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən, sol ağciyəri zədələyən bir ədəd; sol qoltuqaltı nahiyədə döş boşluğuna keçən zədələməyən, döş qəfəsinin arxa kürəkarxa nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən, sol bazunun yan və iç nahiyələrinin deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Bu xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, qərarda qeyd olunan hadisə gününə 30 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sağ və sol yarısının ön səthinin, sol qoltuqaltı nahiyənin döş boşluğuna keçən, sağ və sol ağciyəri zədələyən deşilib-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, döş qəfəsinin arxa kürəkarası nahiyəsinin və sol bazunun yan və iç nahiyələrinin deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb-hər iki ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur.Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlər təqdim olunmuş qoyun qırxmaq üçün qayçı ilə vurma nəticəsində yetirilməyə xarakterikdir.Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətlərin yerləşməsinə, formasına görə demək olar ki, xəsarətləri alarkən ayaqüstü və yaxud ona yaxın vəziyyətdə ola bilərdi.Bu xəsarətlər qısa zaman kəsiyində ard-arda yetirildiyinə görə hansı ardıcıllıqla yetirilməsi müəyyən etmək mümkün deyildir.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 2-3 saat əvvəl baş vermişdir.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İşdə olan, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-tibbi bioloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB/H/(İV). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd qayçının, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, şortik, trusik, bir ədəd pərdə, bir ədəd pambıq tampon və cubuqlu pambıq tampon üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB/H/ İV) qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər.Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Balfa (İİİ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa).Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı ücün maddi sübutlar üzərindəki quru qan ləkələrinin rezus faktoru haqqında fikir söyləmək mümkün olmadı. İşdə olan, məhkəmə-tibbi kriminalistik ekspertizasının 27 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sol nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş qayçının tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər predmetin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin sol yarısının ön səthində bir ədəd yara ona məxsus köynəyinin ön səthinin sol nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə, döş qəfəsinin arxa kürəkarxa nahiyəsində olan bir ədəd yara ona məxsus köynəyin arxa səthinin nahiyəsində olan bir ədəd zədə, sol bazunun yan və iç nahiyəsində olan yara ona məxsus köynəyin arxa səthinin sol nahiyəsində olan zədəsi ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər.Mərhum Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin sağ yarısının ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş yara onun paltarı üzərində öz əksini tapmamışlar, bu da, paltarın yerdəyişməsi ilə (yuxarı qalxması, kənara çəkilməsi və s.) izah oluna bilər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şort və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.Ekspertizaya təqdim edilmiş pərdə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.Ekspertizaya təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı qayçıdır (kənd təsərrüfatında heyvanların qırxılması üçün istifadə edilən qayçı-“qırxlıq”) və soyuq silah hesab edilmir. Qayçının üzərində hər hansı bir zədə və ya deformasiya əlamətləri aşkar edilmədi. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, «Telefonun yaddaşında olan audio yazısına baxış keçirilməsi haqqında» 02 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, istintaq orqanına təqdim edilmiş «Samsung» markalı mobil telefon aparatı mərhum Zərərçəkmiş şəxs məxsus olmuşdur. Telefonun üzərində 055/808-32-20 və 050/923-99-20 mobil telefon nömrələri vardır.Telefonun səs yazma proqramında “30 avq 11.07” adlı səs yazısı vardır. Həmin səs yazısı (audioyazı) 1 saat 24 dəqiqə 45 saniyədən ibarətdir. Audio yazıda iki kişi və qadın səsli şəxslərin bir-biriləri ilə söhbət etmələrindən ibarətdir. Həmin şəxslər bir-birlərinə “Saleh”, “Əşrəf” və “Rəsmiyyə” deyə müraciət edirlər. Həmin “Saleh” adlı şəxs “A” kimi, “Əşrəf” adlı şəxs “B” kimi, “Rəsmiyyə” adlı şəxs isə “C” kimi qeyd edilməklə (istintaq orqanı tərəfinqdən) həmin audio yazıda işlədilən ifadələr aşağıdakılardır:C:-paltarları sər, mən girinc olacamda indi, Naməlum şəxs: xalanın telefon gətir, gəl bura, A:-Hafiz bir dənə şey gətir, gətir onu buraz, icazə verirsən, burada siqaret çəkim, səndən icazə almalıyam. Rəsmiyyə xala dedi ki, paralic vurub, mən ona görə gəldim yanına, B:-İynə dərman, A:- Sən var a, valeh var ha, B:-Valehi, Valehi mənə qulaq as, mən gələcəm, mən genə gələcəm, Valeh indiyə qədər söhbəti bilmir. Mənim ürəyim gəlmir ki, Valeh söhbəti bilsin, istəmirəm bilsin, mənə lazımdı bu, mənə lazımdı şöbəyə getmək, rəmsiyyəyə lazımdı?, yoldaşımın şöbədə nə işçi var. A:-aparmışdılar. B:-necə yəni aparmışdılar.A:-Vallah bilmirəm nə olub, Əvəzağa sizdən şikayət edib, Əvəzağa şikayət eliyibdə, B:- Bildim də, onu bildim. A:-Mən 102-yə yada çıxmamışam, Əvəzağa çıxıb, B:-Bildim. A: Yəni ki, bu çıxıb Cəbrayılın yanına, mən xalam qızının Əşrəf gizlədib, Rəsmiyyə gizlədib, B:-Əşrəf deməyib, məni adımı deyib, qanuni adımı deyib, A:-Toba mən səndən şikayət eləməmişəm, B:- onu mən bilirəm, sən şikayət eləməmisən. A:-And olsun yaradan allaha, B:-Onu da bilirəm ki, sənlik deyil, dedim rəis kimdi dedi filankəs. A: Əvəzağa səndən şikayət eliyib, B:-Bizi filankəs, dedim ala necə filankəs, sən axı bizimlə bir sinifdə oxumusan, yoldaş olmuşuq, A:-Onlar istəyir ki, sən, B:-Qızım burdan gedən də avariyaya düşüb, mənə lazım idi, sənində qızın oturub, evdə sənində yoldaşın evdədir blət, sənin mənə dediyin sözlər yadındadır telefonda?, olar heç olmasa sənin özünə aiddir onlar, mənə ki sözlər deyibsən, ağzıma gətirmək istəmirəm o sözləri, heç olmasa sənin özünə aiddir, A:- Mən sənə pislik eləmədim, yox ee bu həyatda yaşamışıq (ağlayaraq), B:- Pisliyin dəyməmişdi, dəyməmişdi, gənə səndən incimirəm, nə barədə incimirəm, bilə-bilə eliyirsən bilmiyə bilmiyə eliyirsən, allahın bilər özün bilərsən, amma mən sənə qarşı pis olmamışam, onu bil. Dayımın oğludur, dayımın nəvəsidir, Valehin oğludur, xətrini çox istəmişəm, indidə istəyirəm. Nə olur olsun xətrini istəyəcəm. A:- Biz qohum-əqrabayıq axı, əmi, B:- Bu yerə gətirib çıxarmaq., A:- Aa yox e vest nəsil bilir ki, bu mənim arvadımdır. B:- Mən sənə dəfələrlə demişəm, demişəm ki, alınmırsa Saleh get özün., A:- Yox ee, o çıxsın, o çıxsın. B:- Yox ee, iki-üç günə gələcək o, gələcək, A:- Əşrəf əmi, o yeri bilinir, sərhədi keçib, B:- o hardadır ki, burda, şəhərdə, A:- Uje bütün şeylərdən yoxluyublar onu., B:- Ala yoxlasınlar da onların işidir, sənin mənim işim deyil o. Veriblər qoy yoxlasınlar.düzələcək, A: əmi həyətivə kimsə gəldi, B: mənim həyətim onsuzda.., A:- Səadət gəldi, bu Səadətdir, B-: Əla Səadət, A-: Gəl otuzdur, məni üzbəüz, başqa heçnə, B:- Yox bacısıdır., A:- Bacısıdır? Hanı, B:- Onnan məni otuzdurma, A:- Otuzdurmayım? B:- Rəsmiyyə, məndən uzaqda dayan. C:- sən burda, sən nöş gəlmisən bura, B:- Dayanda dayan, A:- Mən Əşrəfin evinə gəlmişəm. C: Nöşün? B:- Apar onu, C:- Əşrəfi bu günə sən salmısan, B:- Rəsmiyyə yaxşı da Rəsmiyyə..., A:- Onu apar oyana, B:- Apar o tərəfə, Saleh getsin, A: yox, yox, oturmuşuq, C:- Yox ee lazım deyil, B:- Apar o tərəfə, apar o tərəfə. Get yaxşı get. Eşitdin bu şey bax sənin xətrinə elədim. A:- Həə allah canını sağ eləsin, B:- Ay allah, Ay allah. A:- Əmii, paralic vurub səni?, ancaq sənə bir dənə söz deyəcəm, bir kəlmə, deyib çıxıb gedəcəm, B:- Hə deyərsən, hə bir kəlməvi de, de mənə. A:- əmi paralic vurub, səni paralic vurub?. B:- Yüngül, A:- Rəsmiyyə xala mənə dedi. B:- İynə dava dərman hamısı o du, indi 4 dənə iynə vurdular. A: Doğurdan? B:- Sən öl. Qapını ört, gəl, gəl. B: öldüm, öldüm, Ay allah, Ay allah, Ay allah öldüm, Ay allah öldüm ( bu vaxt qışqırıq səsləri olur), Naməlum şəxs: çıx, çıx, A: zəng elə zəng elə, hara zəng edirsən. Qəhbə, qoy ölsün, məni Səadətdən elədinsə sənin var yoxunu s...m. S....r, sən qəhbəsən, S...m sənin var yoxuvu. A:- Ayə nə olub, hara gedirsən?, Naməlum şəxs: qışqırıq səsləri eşidilir. İnilti səsləri gəlir, digər orada olan naməlum xanım (Raxşəndə) Rəmsiyyə, Rəsmiyyə deyərək səsləyir ( bu zaman bir nəfər şəxs isə qışqırır), D:- çıx çölə., E:- öldü, öldü. C: Adə tez ol, 102 yə zəng elə, öldürdü Əşrəfi. Tez ol dana əə, Əşrəf, Əşrəf, Əşrəf.. Ay allah heç kim yoxdu ki, X9 öldü ki, Bu bıçaq deyil ki, Kimdi bu kimdi bu. Əşrəfi öldürdü, Əşrəfi öldürdü. Naməlum şəxs: Kim?, C:- Saleh, Saleh. Sonra isə qışqırıq, ağlama səsləri. Həmin səs yazısının geri qalan hissəsində daha sonra oraya gələn şəxslərlə orada olan şəxslərin qışqırıq, danışıq və təcili yardımın çağırılması ilə bağlı danışıqlarından ibarətdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və əməlinin tövsif edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə götürülmüş bir ədəd qanabənzər ləkəyə bulaşmış pərdə, bir ədəd metal qayçı (xırdabuynuzlu heyvanın tüklərini qırxmaq üçün istifadə olunan dəmir alət-qayçı), bir ədəd qanabənzər ləkəyə bulaşmış üzərində “R, Fashion, 0018” yazısı şortik, bir ədəd qanabənzər ləkəyə bulaşmış üzərində “öztaç” yazısı olan tursik, bir ədəd qanabənzər ləkəyə bulaşmış üzərində “R.Ş.A” yazısı qısaqol köynək, bir ədəd qanabənzər maye pambıq və bir ədəd qabda qanabənzər nümunə iş üzrə maddə sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Neftçala rayon prokurorluğunda maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə zərərçəkmiş şəxsin hüquqi varisi Məclum Əliyevin, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxs əlində olan əşya ilə onun bilək nahiyəsinə xəsarət yetirməsi, onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması, yaşadığı evdən qoyun qırmaq üçün istifadə olunan qayçını özünü müdafiə etmək məqsədilə götürməsi, Zərərçəkmiş şəxslə mübahisə edərkən Səxavətin əlində olan əşya ilə onun əlinə xəsarət yetirdiyinə görə Səxavəti qayçı ilə vurmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərdiyi xüsusatları, yəni hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxs əlində olan əşya ilə onun bilək nahiyəsinə xəsarət yetirməsi, onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması, yaşadığı evdən qoyun qırmaq üçün istifadə olunan qayçını özünü müdafiə etmək məqsədilə götürməsi, Zərərçəkmiş şəxslə mübahisə edərkən Səxavətin əlində olan əşya ilə onun əlinə xəsarət yetirdiyinə görə Səxavəti qayçı ilə vurmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər zərərçəkmiş şəxsin hüquqi varisi Məclum Əliyevin, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5 və Şahid3 ifadələri, ekspert rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə ilə tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində yuxarıda qeyd olunan xüsusatları obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs xuliqanlın niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi xuliqanlıq niyyəti ilə və həmin Məcəllənin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi xüsusi amansızlıqla qəsdən adam öldürmədən ibarətdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin Qərarın 8-ci bəndində bildirilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin bu Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid5 ifadələrisi, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürmə prosesində müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirərək zərərçəkmiş şəxsin yaxını adamı-arvadı Şahid1 (eləcə də azyaşlı Şahid4 və yetkinlik yaşına çatmayan Şahid5) gözləri qarşısında onlara, xüsusən də zərərçəkənən arvadı Şahid1 xüsusi əzab verdiyini dərk edib zərərçəkmişə çoxsaylı xəsarətlər, o cümələdən insan həyatı üçün təhlükəli olan xəsarətləri qoyun qırxmaq üçün istifadə olunan qayçı ilə yetirilməklə müşahidə olunan halları xüsusi amansızlıqla qəsdən adam öldürmənin əlamətləri kimi, eləcə də təqsirləndirilən şəxsin heç bir əsaslı səbəblər olmadan (yaxın münasibətdə olduğu şəxsin olduğu yeri zərərçəkmişin deməməsi bəhanəsi ilə) zərərçəkmişə qəsdən çoxsaylı xəsarətlərin yetirilməsini xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmənin əlamətləri kimi qəymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs öldürmüşdür. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 07 may 2013-cü il tarixli amnistiya haqqında qərarına əsasən həmin cəzadan azad edilmiş və hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Neftçala Rayon Məhkəməsinin qərarlarının surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs inzibati xəta törətdiyinə görə 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmiş, habelə inzibati xəta törətdiyinə görə 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan, Neftçala rayonu, Xıllı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli məktubu və əlavə edilmiş sənədlərin surəti ilə müəyyən edilir ki, 08 aprel 2019-cu il tarixdə müddətli əmək müqaviləsi ilə Təqsirləndirilən şəxs DOST İş Mərkəzi MMC-nin Neftçala rayon filialında sosial işçi kimi işə götürülmüş, 26 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs iş yoldaşları arasında intizamlı, nəzakətli və təvazökar bir insan kimi özünü tanıtmış, lakin son 6 ay ərzində Saleh iş yoldaşları ilə kobud şəkildə davranmış, ona tapşırılan işləri yerinə yetirməmiş, heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən dəfələrlə işinə vaxtlı-vaxtında gəlməmiş, ona tapşırılan təmizlik və abadlıq işlərinə laqeyd yanaşmış, işçi yoldaşları ilə kobud davranışına görə hər dəfə işçilər narazılıqlarını bildirmişlər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan, Neftçala rayonu, Xıllı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, xx xxxxxx 1957-ci il təvəllüdlü mərhum Əliyev X4 rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olub həmin ünvanda ailəsi ilə birlikdə yaşamış və yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Habelə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Neftçala rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd qanabənzər ləkəyə bulaşmış pərdə, bir ədəd metal qayçı (xırdabuynuzlu heyvanın tüklərini qırxmaq üçün istifadə olunan dəmir alətqayçy), bir ədəd qanabənzər ləkəyə bulaşmış üzərində “R, Fashion, 0018” yazısı şortik, bir ədəd qanabənzər ləkəyə bulaşmış üzərində “öztaç” yazısı olan tursik, bir ədəd qanabənzər ləkəyə bulaşmış üzərində “R.Ş.A” yazısı qısaqol köynək, bir ədəd qanabənzər maye pambıq və bir ədəd qabda qanabənzər nümunə hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Neftçala rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd pərdə, 1 (bir) ədəd metal qayçı (xırdabuynuzlu heyvanın tüklərini qırxmaq üçün istifadə olunan dəmir alət-qayçı), 1 (bir) ədəd üzərində “R, Fashion, 0018” yazısı olan şortik, 1 (bir) ədəd üzərində “öztaç” yazısı olan tursik, 1 (bir) ədəd üzərində “R.Ş.A” yazısı olan qısaqol köynək, 1 (bir) ədəd üzərinə qanabənzər maye hopdurulmuş pambıq hissəsi və 1 (bir) ədəd qabda qanabənzər nümunə hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar