Məhkəmə qərarları › İş №1(099)-134/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-134/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-134/2023 12.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, “SOCAR”-da fəhlə işləmiş, Neftçala rayonu Bankə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,343 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Neftçala rayonu Bankə qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən siqaretin selofanına bükülmüş, bir ədəd bükülüdə 2,343 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə Neftçala rayonu Bankə qəsəbəsində yaşayır. Narkotik vasitələrdən istifadə edir. 11 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Salyan şəhər avtovağzalında olarkən yerdən siqaretin sellofanına bükülmüş halda heroin tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Axşam ondan bir az istifadə etmiş, qalan hissəsini isə cibinə qoymuşdur. Səhəri gün, yəni 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bankə qəsəbəsində yaşadığı küçədə dayandığı zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Polis işçiləri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl ona əgər üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın sol yan cibində bir ədəd bükülüdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq, zərfə qoyulub möhürlənmiş və götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və hər hansı şəxsə narkotik satmamışdır. Üzərində aşkar olunan heroini də öz şəxsi istifadəsi üçün əldə edib saxlamış, satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirnilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə o, 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Neftçala rayonu Bankə qəsəbəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində şüğhəli şəxs kimi tutulmuşdur. Ona təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və əgər üzərində narkotik vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən siqaretin sellofanına bükülmüş, bir ədəd bükümü çıxarıb təqdim etmiş, bükümdə heroin olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin gütlə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik satmasını müəyyən etməmişlər. Məhkəmədə şahid qismində dindirilən Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış aparılması və götürmə haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılan zaman o, əynindəki şalvarın cibindən bir ədəd bükümdə, 2,9 qram çəkidə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, 11 sentyabr 2022-ci il tarixdə Salyan şəhərində avtovağzalda tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 18/1011 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-2,343 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 5922 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Neftçala rayonu Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 19 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan qəsəbədə yaşayır, əvvəllər ailəli olmuş, sonra nikahı pozulmuş, himayəsində 22 may 2006-cı ildə doğulmuş bir övladı vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X4 22 sentyabr 2022-ci il tarixli arayışdında göstərilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol, ruhi-əsəb və narkoloji xəstəliklə bağlı qeydiyyatda olmamışdır. İş materiallarında olan sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Rahib Ağayev şəhiddir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 2,343 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2,343 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar olunan heroini öz istifadəsi üçün saxladığını, hər hansı şəxsə satmaq məqsədinin olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını - Təqsirləndirilən şəxs özünün narkomaniya xəstiəliyindən əziyyət çəkməsini, üzərində aşkar olunmuş narkotik vasitənin miqdlarını, bir bükümdə olmasını, narkotik vasitəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun narkotik vasitəni satmaq məqsədinin olmaması və öz istifadəsi üçün əldə etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə digər abunəçidən “ əl çatan yer var”, xx.xx.2022-ci il tarixdə “Nazim salam qardaş necəsən.. mənəm Məhəmməddi.. qardaş imkan elə mə” məzmunlu mesajların gəlməsi sübut növü kimi götürülsə də, həmin mesajlar məzmunca narkotik vasitənin satışına dəlalət etmir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı Rahib Ağayevin şəhid olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd videodisk cinayət işinin materiallarında saxlanılmalı, Neftçala Rayon Polis Şöbəsində saxlanılan 2,293 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd videodisk cinayət işinin materiallarında saxlanılsın, Neftçala Rayon Polis Şöbəsində saxlanılan 2,293 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar