Məhkəmə qərarları › İş №1(099)-134/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-134/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-134/2025 09.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nurəddin qızı, zərərçəkmiş şəxsin hüquqi varisi X15 oğlu, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və mütəxəssis X7 iştirakları ilə, xx xxxx 1983-cü ildə Astara rayonu Şüvi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Şüvi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs keçmiş arvadı X3 qonşusu X8 ilə arasında olan sevgi münasibətini 2023-cü ilin sentyabr ayında aşkar etdikdən sonra bunu, öz şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib qıcıqlanaraq Namik Əhədovu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirmək üçün 29 iyun 2024cü il tarixdə, saat 21 radələrində sonuncuya məxsus qonşuluğunda yerləşən fərdi yaşayış evinə gedərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan həmin evdə yaşayan şəxslərin iradəsi ziddinə evə qanunsuz daxil olub mətbəxdə olan Namik Əhədovu qəsdən öldürmək məqsədi ilə özü ilə gətirdiyi zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “T03- 63” modelli, “T 5824” №-li, xarici çaxmaqlı, yivsiz odlu qoşalülə ov silahı ilə sonuncuya sağ döş qəfəsi istiqamətində bir dəfə qəsdən atəş açaraq Namik Əhədovun ölümünə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin yaralanması ilə əlaqədar kəskin qanitirmə ilə nəticələnən ürək, hər iki ağciyəri zədələyən odlu silahın dəlib keçən güllə (kartec) yarası, habelə dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid qabırğaların iki tərəfli (sol lll-Vİİ, sağ ll-V) sınıqları, döş sümüyünün sınığı, döş boşluğunda qanaxma (1200 ml), döş qəfəsinin ön və arxa, sol bazu nahiyələrində odlu silah güllə (kartec) yaraları xəsarətlərini yetirməklə Namik Əhədovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə Zərərçəkmiş şəxs Nurəddin qızının mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş, lakin nitq qabiliyyəti olmadığı üçün onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədə o göstərmişdir ki, 2023-cü ilin sentyabr ayınadək Namik Əhədov və ailə üzvləri ilə münasibəti yaxşı olmuş, Namik hər gün onların yaşadığı evə gəlib-getmişdir. 2023-cü ilin sentyabr ayında arvadı Gülbiyyənin gizli telefon işlətdiyini aşkar etmiş və telefonda Namiklə Gülbiyyənin lüt fotoşəkillərinin olduğunu görmüşdür. Bundan sonra Gülbiyyə Namiklə sevgi münasibəti yaşadığını və telefonu ona Namikin aldığını bildirmişdir. Həmin gün Namiki çağırıb Gülbiyyəyə telefon almasının və onunla sevgi münasibəti yaşamasının səbəbini soruşmuşdur. Namik əvvəlcə etiraf etməmiş, Gülbiyyənin telefonunda olan şəkilləri Namikə göstərdikdən sonra Namik başını aşağı salıb heç nə deməmişdir. Namiklə aralarında mübahisə olsa da, hər hansı dava-dalaş baş verməmiş, Namiki və sonuncunun arvadı Çiçəyi həyətindən qovmuşdur. Həmin vaxtdan Namik və ailə üzvləri ilə əlaqəsi kəsilmişdir. Həmçinin, Gülbiyyədən boşanmışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evə qayıdarkən Namikin həyətinin qarşından keçmiş və həmin vaxt Namik yaşadığı həyətin giriş qapısının qarşısında tək dayanmışdır. Namik avtomobilini görüb əli ilə işarə edərək və söyüş söyərək onu təhqir etmişdir. Avtomobili saxlamayıb evinə getmiş və ailə üzvləri ilə birlikdə yemək yemişdir. Evdə olan zaman Namikin onu təhqir etməsinə əsəbiləşmiş, həmçinin Namikin Gülbiyyə ilə sevgi münasibəti yaşamasını və Gülbiyyənin telefonunda aşkar etdiyi fotoşəkilləri xatırlayıb Namik Əhədovu öldürmək qərarına gəlmişdir. Yatdığı otağa daxil olub atasından yadigar qalan və öz adına sənədləşdirdiyi tüfəngi gizli formada pəncərədən çölə atmış və siqaret çəkmək adi ilə çölə çıxmışdır. Həyətindəki çəpərdən keçərək Namikin yaşadığı evə getmiş və mətbəxə daxil olmuşdur. Namik həmin vaxt mətbəxdə televizora baxmışdır. Mətbəxə daxil olan zaman Namik əlindəki tüfəngi görüb ayağa qalxmış və onun üstünə tərəf gəlmişdir. Namikə tüfənglə bir dəfə atəş açmış və sonuncu yerə yıxılmışdır. Atəş açmaqda məqsədi Namiki öldürmək olmuşdur. Həmin vaxt evdə Namikdən başqa heç kim olmadığına görə heç kim onu görməmişdir. Namikin evindən heç nə götürməmiş və tüfəng əlində yaşadığı evə tərəf qayıtmışdır. Özünə harada, hansı səbəbə görə və necə atəş açdığını, habelə özünə atəş açdıqdan sonra silahı və patronları hara atdığını xatırlamır. Namiki öldürməyə getməsindən ailə üzvlərinin xəbəri olmamış və heç kim Namiki öldürmək üçün ona kömək etməmişdir. Namik Əhədovu namus-qeyrət üstündə öldürmüş və heç kim onu bu cinayəti törətməyə təhrik etməmişdir. Məhkəmədən əməlindən peşman olmasını, himayəsində 4 uşağının olmasını, hazırda özünün qüsurlu olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşama qədər yaşadığı evdə olmuş, saat 18 radələrində anası Zərərçəkmiş şəxs işlədiyi Astara rayon Mərkəzi Xəstəxanasına getmiş, atası Namik Əhədov isə bütün gün evdə olmuşdur. Həmin gün atasının telefonla danışan zaman, eləcə də həyətdə olarkən hər hansı şəxslə mübahisə etməsinin şahidi olmamışdır. Axşam üstü kəndin mərkəzinə çıxıb tanışları ilə söhbət etmiş, saat 21 radələrində qardaşı Xəyyam zəng edərək evə gəlməsini demişdir. Yaşadığı evə daxil olan zaman atasının üzü üstə mətbəxdə başı qapıya tərəf uzandığını və çoxlu qan itirərək öldüyünü görmüşdür. Sonradan qonşusu Təqsirləndirilən şəxs qoşalülə ov tüfəngi ilə yaşadığı evə gəldiyini və mətbəxdə atəş açaraq atasını öldürdüyünü, sonra isə öz yaşadığı evə tərəf getdiyini və evinə çatmamış həyətdə həmin tüfənglə çənəsindən atəş açaraq özünə xəsarət yetirdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında arvadı Gülbiyyənin telefonunda atasının və Gülbiyyənin fotoşəkillərini aşkar etdikdən sonra Bəşirlə Namikin arasında mübahisə olsa da, hər hansı dava-dalaş olmamışdır. Həmin tarixdən sonra isə ümumiyyətlə həmin ailə ilə onlar arasında heç bir mübahisə olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nurəddin qızı ifadəsində göstərmişdir ki, Namik Əhədov xx.xx.2024-cü il tarixdə saat 12 radələrində oyanıb yemək yedikdən sonra televizora və telefona baxmışdır. Həmin vaxt Namikin əhvalı normal olmuş, sonuncuya hər hansı şübhəli zəng gəlməmiş və Namik heç kimlə telefonda mübahisə etməmişdir. Gecə növbədə olduğu üçün saat 19 radələrində evdən çıxıb Astara rayon X2 şöbəsinə işə getmiş, həmin vaxt oğlu İlham evdə olmuş və yaşadığı evdə heç bir problem olmamışdır. Həmin gün oğlu İlham evdə olmayan zaman Təqsirləndirilən şəxs qoşalülə ov tüfəngi ilə yaşadığı evə qanunsuz daxil olub mətbəxdə atəş açıb Namik Əhədovu öldürmüşdür. Təxminən bir il öncə Namikin arvadı Gülbiyyəyə telefon verməsinə görə Bəşirlə Namik arasında mübahisə olsa da, dava-dalaş olmamışdır. Gülbiyə Namikin əmisi nəvəsidir. Bundan sonra Bəşir və ailə üzvləri ilə əlaqəsi kəsilmiş, lakin ailələr arasında düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bəşirlə 2008-ci ildə tanış olmuşdur. Bəşir onunla tanış olmazdan öncə Gülbiyyə Əhədova ilə ailə qurmuş və bu nikahdan Əli, Anar, Tunar və Nuranə adlı dörd övladı dünyaya gəlmişdir. Lakin məlum hadisədən sonra Gülbiyyə Türkiyəyə köçmüşdür. O, isə Bəşirlə faktiki olaraq ər arvad münasibətlərində yaşamışlar və hazırda Bəşirin uşaqlarına özü baxır. 2023-cü ilin sentyabr ayında Bəşir Gülbiyyənin telefon işlətdiyini aşkar etmişdir. Gülbiyyə əvvəlcə telefonu hardan aldığını etiraf etməsə də, daha sonra həmin telefonu ona qonşuları Namikin aldığını demişdir. Bəşir həmin telefona baxdıqda Gülbiyyənin Namiklə gizli telefonla danışdığını və onların arasında sevgi münasibəti olduğunu müəyyən etmiş və bundan sonra Gülbiyyə Namiklə müxtəlif tarixlərdə cinsi əlaqədə olduğunu etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Bəşir istifadəsində olan avtomobillə evdən çıxıb Bakı şəhərinə getmiş, saat 19 radələrində Bəşir evə qayıtmış və onlar birlikdə yemək yeyib çay içmişdir. Həmin vaxt Bəşirin əhvalı normal olmuşdur. Saat 21 radələrində Bəşir siqaret çəkəcəyini bildirib həyətə düşmüş, yarım saat keçsə də, Bəşir evə qayıtmamışdır. Həyətə düşüb Bəşiri axtarmış, həmin vaxt güllə səsi gəlmiş və qışqıraraq baldızı Ətrifəni çağırmışdır. Ətrifə onun yanına gəlmiş və onlar birlikdə çəpərə tərəf qaçmışdır. Çəpərin yaxınlığında Bəşirin yerdə uzandığını və üzündən qan axdığı, habelə tüfəngin yanında yerdə olduğunu görmüşdür. Bəşirin üzündən qan axsa da, sonuncu həmin vaxt hərəkət edə bilmişdir. Ətrifə ilə birlikdə Bəşiri yaşadığı evin qarşısına gətirmiş, sonuncu pilləkəndə oturmuşdur. Bəşiri gətirərkən Ətrifə bir əlində tüfəngi gətirmiş, həyətdə olan zaman Ətrifə Bəşirdən tüfəngin içində güllə olub-olmadığını soruşmuş, Bəşir də, başı ilə güllə olduğunu təsdiq edib tüfəngi Ətrifədən almış və güllələri çıxartmışdır. Səs-küyə qonşular gəlmiş və təcili tibbi yardım xidmətinin əməkdaşları Bəşiri xəstəxanaya aparmışlar. Sonra ona məlum olmuşdur ki, Bəşir Namiki qoşalülə ov tüfəngi ilə öldürmüşdür sonra həyətdə həmin silahla çənə nahiyyəsindən atəş açaraq intihara cəhd etmişdir. Bəşirin Namiki və özünü vurmasının şahidi olmamışdır. Bəşir Namiki keçmiş arvadı Gülbiyyəyə telefon verdiyi və onunla cinsi əlaqədə olduğu üçün öldürmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Namik Əhədovu namus üstündə öldürmüşdür. Çünki, Namiklə Bəşirin arvadı Gülbiyyənin arasında intim münasibət olması aşkar olana qədər Namiklə Bəşirin, həmçinin ailə üzvlərinin münasibəti çox yaxşı olmuşdur. Namiklə Gülbiyyə arasında olan yazışmalar silinsə də, həmin şəxslərə aid olan yarıçılpaq şəkillər Gülbiyyənin işlətdiyi telefonda qalmışdır. Namikin Gülbiyəyə telefon verməkdə məqsədi sonuncu ilə əlaqə saxlamaq olmuşdur. Bəşir xx.xx.2024-cü il tarixdə atasından qalan tüfəngi götürüb Namikin yaşadığı evə getmiş və Namikə yaşadığı evdə atəş açaraq öldürmüşdür. Daha sonra yaşadığı evə qayıdan zaman həyətdə həmin tüfənglə özünə atəş açıb xəsarət yetirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhərdən axşama kimi qardaşı Bəşirin həyətində təmir işləri görmüş, axşam saat 19-20 radələrində Bəşir evə gəlmişdir. Həyətdə Bəşirlə salamlaşıb hal-əhval tutmuş, Bəşir onu evə yeməyə dəvət etmişdir. Lakin, o, evə gedəcəyini bildirib yaşadığı evə getmişdir. Təxminən 2 saat sonra evdə olan zaman bacısı Ətrifə ona zəng edərək Bəşirin özünü tüfənglə vurduğunu bildirmiş və dərhal Bəşirin evinə getmişdir. Orada olan zaman bilmişdir ki, X22 yaşadığı evə gedib sonuncunu tüfəngdən atəş açaraq öldürmüş, daha sonra isə yaşadığı evin həyətində Namiki vurduğu tüfənglə çənəsindən atəş açaraq intihara cəhd etmişdir. Bəşir Namiklə yalnız Gülbiyyədə telefon aşkar olanan zaman, yəni 2023-cü ilin sentyabr ayında mübahisə etmişdir. Həmin vaxt da, onlar arasında dava-dalaş olmamışdır. X19 ilə intim münasibətdə olduğu üçün öldürmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPMin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 iyun 2024-cü il tarixli 16 nömrəli rəyində göstərilir ki, Namik Əhədovun ölümünə patronu mərmi (gülləkartec) ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində döş qəfəsinin yaralanması ilə əlaqədar ürək, hər iki ağciyəri zədələyən, daxili və xarici qanaxma səbəb olmuşdur. Namik Əhədovun ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. Namik Əhədovun bədəni üzərindəki xəsarətlər - ürək, hər iki ağciyəri zədələyən odlu silahın dəlib keçən güllə (kartec) yarası, qabırğaların iki tərəfli (sol lll-Vİİ, sağ ll-V) sınıqları, döş sümüyünün sınığı, döş boşluğunda qanaxma (1200 ml), döş qəfəsinin ön və arxa, sol bazu nahiyələrində odlu silah güllə (kartec) yaraları aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, odlu silahdan 1 dəfə açılmış atəş nəticəsində əmələ gəlmişdir. Meyitdəki yara ölçüsünü, yara ətrafında, kanalında, yumşaq toxumaların və daxili üzvlərin yayılmış formada dağılması onu göstərir ki, döş qəfəsində olan odlu silah yarasına atəş yaxın məsafədən patronu güllə (mərmi-kartec) ilə dolmuş bir atəş nəticəsində əmələ gələ bilərmiş, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2024-cıı ilə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Odlu silah yaralanması ov tüfəngindən açılmış atəş nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Namik Əhədovun bədəni üzərində aşkar edilmiş odlu silah yaralarının yerləşmə nahiyəsini nəzərə alaraq qeyd etmək olar ki, döş qəfəsi nahiyəsinə açılmış atəşin istiqaməti yara kanalına görə sağdan sola, yuxarıdan aşağıya, öndən bir qədər arxaya doğru olmuşdur. Namik Əhədov odlu silahdan xəsarət alan zaman ayaq üstə və ya yarımoturaq vəziyyətdə olmaqla, bədənin sağ yarısı xəsarət yetirən şəxsə tərəf olmuşdur. Namik Əhədovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol, psixotrop və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 26 iyul 2024-cü il tarixli 3- 16-16/2-3/1169;3/1204 nömrəli rəyində göstərilir ki, təqdim edilmiş silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “T03- 63” modelli, “T 5824” №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəş açılmır, çaxmaqların döyüş bölməsindən çıxması üçün öndəki tətiyə normal hesab olunan 1,9 kq, arxa tətiyə isə 2,7 kq qüvvə ilə təsir etmək tələb olunur. Silahın hissələrinin üzərində onun təyinatını dəyişdirən və üzərindəki zavod işarələrində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdirlər. 1 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur,istifadəyə (atəşə) yararlıdır. 1 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş “T03-63” modelli, “T 5824” №-li ov tüfənginin sağ lüləsindən atılmışdır. 1 (bir) ədəd güllə yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən 16 kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissəsidir. “Brenneke” tipli güllədir, döyüş sursatı hesab edilmir. Həmin güllənin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün yararsız olduğundan onun tədqiqata təqdim edilmiş “T03-63” modelli, “T 5824” №-li ov silahından atılıbatılmadığını müəyyən etmək mümkün deyil. Ov silahından sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodika olmadığından atəşin vaxtını və sayını müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 456/2024-MTBŞ saylı ekspert rəyində göstərilmişdir ki, Namik Əhədovun ABO sistemi üzrə qan qrupu: B-alfa/lll/. Təqsirləndirilən şəxs B-alfa/lll/. Ekspertizaya təqdim edilən 03 ədəd pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində, mərhum Namik Əhədova məxsus jilet, qısaqol mayka, vilvet şalvar, trusik və Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, şortik üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, əksər ləkələrdə, həmçinin alfa aqqlyutinini də alınmışdır. Beləliklə, həmin qan ləkələri B-alfa/lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Namik Əhədova və eyni qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 331-MTKŞ/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, Namik Əhədova məxsus paltarların (qolsuz jilet və qısaqol köynək) ön səthində sağda 01 (bir) ədəd və arxa səthində solda 01 (bir) ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələrin formasına, morfoloji əlamətlərinə, onlardan və ekspertizaya təqdim edilmiş güllədən rəngli əksalma üsulu ilə alınmış kontaktoqrammalarının analizinin nəticəsinə, eləcə də, təqdjim edilmiş güllənin konstruksion xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, N.S.Əhədova məxsus partarların (qolsuz jilet və qısaqol köynək) ön səthində sağda olan dəlib-keçən zədə odlu silah zədələnməsinin giriş, arxa səthində solda olan zədə isə çıxış dəliyidir. Bu odlu silah zədələnməsi qurğuşun tərkibi olan mərmi ilə (güllə ilə) doldurulmuş odlu silahdan, çox güman ki, atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmış bir atəş nəticəsində əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş güllənin və ya ona oxşar digər güllənin təsirindən əmələ gəlməsi inkar olunmur. Namiq Əhədova məxsus şalvarın və trusikin üzəridə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin və şortikin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli T561/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,3- Vətəndaş B.Ə.İsrafılovda sifətin geniş toxuma defekti, hər iki əng, alın cibləri, burun boşluğu, hər iki orta və arxa konxaları zədələyən əsas sümüyün sol qanadının yerdəyişmiş sınığı, sağ almacıq qövsündə yerdəyişmiş sınıq, hər iki əng cibinin və sümüyün qəlpəli sınığı, damaq sümüyünün qəlpəli sınığı, burun sümüyü və çəpərdə qəlpəli sınıq, alın cibində və burun çıxığı arasında qəlpəli sınıq, alt çənə sümüyündə qəlpəli sınıq, yumşaq toxumalarda geniş ödem, qansızma və hava qabarcıqları, ağız və burun boşluğunda, udlaqda süngərvari maddə aşkar edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvənin təsirindən törənmiş, odlu silahdan yaxın məsafədən açılmış bir atəş nəticəsində yaranması mümkündür, yetirilmə müddəti xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə istər birlikdə, istərsə də ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Təqdim edilən tibbi sənədlərdə yaranın dəlib-keçən olmasını göstərən əlamətlər qeyd edilməmişdir. Çox güman ki, bu atəş kor olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4368 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan ictimai təhlükəli əməli törədən zaman hər hansı psixi pozuntudan və xəstəlikdən əziyyət çəkməmiş, onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və sair psixi pozuntu aşkar edilməmişdir. Sonuncu ona ittiham olunan ictimai təhlükəli əməli törədən zaman emosional reaksiya keçirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə və onları idarə edə bilmək iqtidarına malik olmuşdur. Sonuncuda ictimai təhlükəli əməli törətdikdən sonra yüngül dərəcəli depressiv epizod müəyyən edilir. Təqsirləndirilən şəxs əməli hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Sonuncu psixi vəziyyətinə görə hazırda istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır.Ekspert rəyində həmçinin qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs emosionallıq, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, hirslilik, söz götürməmək, qıcığa qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Sonuncu hadisə vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman situasiya ilə əlaqədar emosional reaksiya keçirmişdir. Sonuncu ittiham olunmuş cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional reaksiya halını keçirərək özünə tüfənglə atəş açmışdır. Emosional halından asılı olaraq Bəşir İsarfilov özünə atəş açarkən hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs keçirdiyi emosional halı-situasiya fonunda, hiss və yaşantılarının dərinləşməsindən ibarət olmuşdur. İş materiallarında olan 29 iyun 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Astara rayon Şüvi kəndində yerləşən Namik Əhədova məxsus iki mərtəbəli fərdi yaşayış evidir. Evin girişində eyvandan pilləkənlə yuxarıya çıxdıqda qarşıya taxta qapı çıxır. İçəri daxil olduqda mətbəxdə başı giriş qapısına tərəf üzü üstə yerə uzadılmış vəziyyətdə kişi cinsli insan meyiti aşkar olunmuş və meyitin Namik Əhədov olduğu müəyyən edilmişdir. Sonuncunun meyitinin yanında və soyuducunun üzərində qanabənzər ləkələr aşkar edilmiş və götürülmüşdür. Namik Əhədovun silahdan açılmış atəş nəticəsində qəsdən öldürüldüyü və atılmış güllənin sonuncunun bədənindən çıxaraq mətbəx mebelinə dəyib mebelin içinə düşdüyü aşkar edilmiş və güllə götürülmüşdür. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Bundan sonra baxış Təqsirləndirilən şəxs özünü silahla vurduğu yerdə və yaşadığı evdə davam etdirilmişdir. Təqsirləndirilən şəxs özünü silahla vurduğu yer onun evi ilə Namik Əhədovun evinin arasında yerləşən sahədir, həmin yerdə torpaq qatının üzərində qanabənzər ləkələr aşkar edilmiş və götürülmüşdür. Sonra baxış iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı ev istiqamətində hərəkət etmiş, sonuncunun yaşadığı evin sol kənarında evin divarının kənarı ilə keçən kiçik quyunun içərisində boş, istifadə edilmiş patron aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Şahid2 Bəşirin Namik Əhədova və özünə atəş açadığı, qoşalülə ov tüfəngini və dolu patronu, həmçinin Bəşirin istifadəsində olmuş “Samsung Galaxy A8” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı həyətə və evə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. İş materiallarında olan 30 iyun 2024-cü il tarixli «meyitə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, meyitin bədəni üzərində döş qəfəsinin yuxarı 1/3-nin sağ ön səthində 3x2 sm ölçüdə ovalvari formada toxuma çatışmamazlığı ilə müşahidə olunan odlu silah güllə yarasının giriş yarası, döş qəfəsinin orta 1/3-nin sol bayır səthində qoltuqaltı nahiyyədə 2.5x1.4 sm ölçüdə odlu silah güllə yarasının çıxış yarası və sol bazunun orta 1/3-nin iç səthində 6x4 sm ölçüdə odlu silah yarası, habelə aşağı ətrafların hər iki baldır nahiyələrində silkulyar formada xəstəliklə əlaqədar yaralar aşkar edilmiş, başqa xəsarət aşkar edilməmişdir. Meyitin əynində olmuş paltarlar – tünd göy rəngli qısaqol jilet, tünd göy rəngli qısaqol köynək, qara rəngli şalvar və göy rəngli tuman müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli «paltarlara baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Namik Əhədovun hadisə zamanı əynində olan 01 ədəd tünd göy rəngli jilet, 01 ədəd tünd göy rəngli qısaqol köynək və 01 ədəd göy rəngli tuman üzərində zədələr aşkar olunmuş və qanabənzər ləkələr müşahidə edilmişdir. 01 ədəd qara rəngli şalvar üzərində hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli «paltarlara baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd üzərində göy-ağ-boz-qara rəngli xırda dama-dama şəkilli təsvirləri olan şortik üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli «paltarlara baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən əşyalar xx.xx.2024-cü il tarixdə hadisə yerindən götürülmüş 01 ədəd “T5824” nömrəli, 16 kalibrli qoşalülə ov tüfəngi, həmin tüfəngə aid 01 ədəd dolu patron, 01 ədəd boş patron, yəni giliz və 01 ədəd güllədir. Silahın ümumi uzunluğu 115 sm, lüləsinin uzunluğu 72 sm olmaqla, lüləyinin içəri hissəsində 1969-cu il qeyd edilmişdir. Silahin nömrəsi T5824-dir. İstifadə edilmiş patronlara əsasən demək olar ki, silah 16 kalibrli qoşalülə tipli ov tüfəngidir. Dolu patronun uzunluğu 6 sm, dib hissədə diametri 2 sm və içərisi dolu olmaqla dib hissədə üzərində “16 CHEDDİTE” hərf-rəqəmləri həkk edilmişdir. Boş patronun, yəni gilizin uzunluğu 7 sm, dib hissədə diametri olmaqla dib hissədə üzərinə 4 ədəd 16 rəqəmi yazılmış, kənarlarında isə “16 cal SLUG 70 MM” hərf-rəqəmləri həkk edilmişdir. Güllə- atəşdən sonra deformasiyaya uğramışdır. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, baxışda iştirak edən Şahid1 “Samsung J5 Prime” markalı mobil telefonun Gülbiyyə Əhədovaya məxsus olduğunu, sonuncuya həmin telefonu Namik Əhədovun aldığını və təqdim etdiyi mobil telefonda Gülbiyyə və Namikin yarıçılpaq şəkillərinin olduğunu bildirmişdir. Mobil telefonun kontaktlar hissəsində Namik Əhədovun adı yazılaraq “***-***-**-**” saylı mobil nömrəsi qeyd edilmişdir. Mobil telefonda “WhatsApp” və “WhatsApp Business” yazışma şəbəkələri olsa da, telefondan sonuncu dəfə istifadə edilərkən həmin şəbəkələrdən çıxıldığı üçün daxil olmaq və köhnə mesajlara baxış keçirmək mümkün olmamışdır. Baxış zaman Şahid1 bildirmişdir ki, Gülbiyyənin gizli telefon işlətdiyi aşkar edildiyi gün Gülbiyyə telefonu heç kimə xəbəri olmadan Namik Əhədovun yanına aparmış və sonuncu mobil telefonda olan “WhatsApp” və “WhatsApp Business” yazışmaları, səsyazılarını və fotoşəkilləri silmişdir. Daha sonra Bəşir mobil telefonun “Zibil qutusu” bölməsinə daxil olaraq oradan yalnız mobil telefonun qalareyasında olan fotoşəkilləri bərpa edə bilmişdir. Mobil telefonun qalereyasına daxil olarkən, həmin bölmədə Gülbiyyənin çoxsaylı yarıçılpaq fotoşəkillərinin olduğu, habelə sonuncunun özünün cinsi orqanının və müxtəlif nahiyələrinin fotoşəklini çəkdiyi müəyyən edilmişdir. Həmçinin, fotoşəkillərin arasında bir nəfər kişi cinsli şəxsin cinsi orqanın fotoşəkillərinin olduğu müəyyən edilmiş, Şahid1 həmin fotoşəkillərin Namik Əhədova məxsus olduğunu bildirmişdir. Həmçinin, mobil telefonun qalareya bölməsində Namik Əhədovun müxtəlif fotoşəkillərinin olduğu aşkar edilmişdir. Bundan başqa, mobil telefonda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. İş materiallarında olan İş üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Astara rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(018)- 1491/2023 saylı qətnaməsində göstərilmişdir ki, iddiaçı Təqsirləndirilən şəxs cavavbdeh Gülbiyyə Əhədovaya qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilmiş və həmin nikahdan dünyaya gələn uşaqlar Təqsirləndirilən şəxs himayəsində saxlanılmışdır. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli Lənkəran Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:02 radələrində xəstəxananını cərrahiyyə şöbəsinə «Başın ön nahiyyəsinin böyük ölçülü açıq yarası (odlu silah yaralanması) » diaqnozu ilə daxil olmuşdur. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs05 iyul 2024-cü il tarixdə «Üz nahiyyəsinin dəlib-keçən odlu silah yaralanması, alt çənənin fleqmanozu» diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli Astara Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhiəsəb, narkoloji və onkoloji kabinetində qeydiyyatda durmur.. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli Astara rayon Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Şüvi kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır, ailəsindən boşanmışdır, hazırda X1 ilə faktiki olaraq yaşayır, himayəsində xx.xx.2010-cu il təvəllüdlü X11 adlı yetkinlik yaşına çatmayan oğlu, xx.xx.2012-ci il təvəllədülü X5, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəldiyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan 13 iyul 2024-cü il tarixli Respublika Psixatriya X10 Şəxs tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli Astara rayon polis şöbəsinin məktubundan görünür ki, 18 may 2024-cü il tarixdə 1553 saylı şəhadətnamə ilə Təqsirləndirilən şəxs adına “Toz” markalı, 16 kalibrli, 5824 nömrəli, qoşa lüləkli ov silahının istifadəsinə icazə verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 16 oktyabr 2024-cü il taixli qərarı ilə 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “T03- 63” modelli, “T 5824” №-li, xarici çaxmaqlı, yivsiz odlu qoşalülə ov silahı, 01 ədəd patron, 01 ədəd giliz və 01 ədəd deformasiyaya uğramış güllə; Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar - 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd üzərində göy-ağboz-qara rəngli xırda dama-dama şəkilli təsvirləri olan şortik; Namik Əhədova məxsus hadisə zamanı əynində olmuş paltarlar - 01 ədəd tünd göy rəngli jilet, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd göy rəngli tuman; Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A24” markalı mobil telefon, Namik Əhədova məxsus “Samsung Galaxy A8” markalı mobil telefon və Gülbiyyə Əhədovanın istifadəsində olmuş “Samsung J5 Prime” markalı mobil telefon, Təqsirləndirilən şəxs və Namik Əhədovun istifadəsində olmuş mobil nömrələr arasında aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş CD-R diskləri, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 03 ədəd pambıq tampon maddi sübut qismində tanınmış, 2 ədəd CD disklər iş materiallarına əlavə olunmuş, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “T03- 63” modelli, “T 5824” №-li, xarici çaxmaqlı, yivsiz odlu qoşalülə ov silahı, 01 ədəd patron, 01 ədəd giliz və 01 ədəd deformasiyaya uğramış güllə Astara RPŞ-nə təhvil verilmiş, digər maddi sübutlar isə Astara rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1 və 157.1-ci maddələri ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini tam etiraf etməsini, «Üz nahiyyəsinin dəlib-keçən odlu silah yaralanması, alt çənənin fleqmanozu» diaqnozu stasionar müalicə olunması, hazırda nitq qabiliyyətini itirməsini, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayəti odlu silahdan istifadə edərək törətməsi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 120.1 və 157.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 120.1 və 157.1-ci maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 157.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə dörd günü bir günə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qəti cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Astara rayon polis şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “T03- 63” modelli, “T 5824” №-li, xarici çaxmaqlı, yivsiz odlu qoşalülə ov silahı, 01 ədəd patron Daxili İşlər Nazirliyinin X21 Baş İdarəsinə təhvil verilməli, 01 ədəd giliz və 01 ədəd deformasiyaya uğramış güllə məhv edilməli, Astara rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar - 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd üzərində göy-ağ-boz-qara rəngli xırda dama-dama şəkilli təsvirləri olan şortik, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 03 ədəd pambıq tampon məhv edilməli, Namik Əhədova məxsus hadisə zamanı əynində olmuş paltarlar - 01 ədəd tünd göy rəngli jilet, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd göy rəngli tuman, Namik Əhədova məxsus “Samsung Galaxy A8” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A24” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Gülbiyyə Əhədovanın istifadəsində olmuş “Samsung J5 Prime” markalı mobil telefon özünə qaytarılmalı, iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs və Namik Əhədovun istifadəsində olmuş mobil nömrələr arasında aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş CD-R diskləri cinayət təqibi materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməməli, cəzasının çəkilmə müddətinin əvvəlinin 12 iyul 2024-cü il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-in 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 157.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə dörd günü bir günə, yəni 1 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Astara rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar - 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd üzərində göy-ağ-boz-qara rəngli xırda dama-dama şəkilli təsvirləri olan şortik, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 03 ədəd pambıq tampon məhv edilsin. Namik Əhədova məxsus hadisə zamanı əynində olmuş paltarlar - 01 ədəd tünd göy rəngli jilet, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd göy rəngli tuman, Namik Əhədova məxsus “Samsung Galaxy A8” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A24” markalı mobil telefon onun yaxın qohumlarına, Gülbiyyə Əhədovanın istifadəsində olmuş “Samsung J5 Prime” markalı mobil telefon özünə qaytarılsın. -Astara rayon polis şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “T03- 63” modelli, “T 5824” №-li, xarici çaxmaqlı, yivsiz odlu qoşalülə ov silahı, 01 ədəd patron Daxili İşlər Nazirliyinin X21 Baş İdarəsinə təhvil verilsin, 01 ədəd giliz və 01 ədəd deformasiyaya uğramış güllə isə məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar