Məhkəmə qərarları › İş №1(099)-135/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-135/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-135/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 11 avqust 1993-cü ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şivan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 81-də qeydiyyatda olmaqla yaşayan, iş üzrə 07 sentyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 3,311 qram narkotik vasitə heroini və 6,60 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşımaqla saxlamış, 07 sentyabr 2021-ci il tarixdə saat 01:30-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində yerləşən “İL OİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibində 3,311 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda 6,60 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. 06 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxıb məhəllədə gəzərkən yerdə bir ədəd kibrit qutusunda 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və üç ədəd bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin maddələri özü istifadə etmək üçün üzərində saxlamışdır. 07 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “İLOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Orada şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa, onları könüllü təqdim etməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu, sol yan cibindən isə iki ədəd falqa kağızına bükülmüş büküm, bir ədəd qara rəngli sellofana bükümü təqdim etmişdir. Həmin 1 ədəd kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuana, iki ədəd falqa kağızına bükülmüş və 1 ədəd qara rəngli sellofan bükülmüş bükümlər açıldıqda isə içərisindən narkotik vasitə heroin bənzər maddə aşkar olunmuşdur. Həmin maddələri götürülmüşdür. Heroini və qurudulmuş marixuananı satmaq məqsədi olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə baxışında dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Aaxtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 sentyabr 2021-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 07 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Şirvan şəhəri, 1 May küçəsində yerləşən “İL OİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlayaraq Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və üzərində şəxsi axtarış aparılmasından əvvəl narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu və sol yan cibindən isə bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd kibrit qutusunun içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 1 ədəd sellofan bükümün içərisindən isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin 1 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd sellofan bükümdə olan kütlənin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Şahid2 da məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, sol yan cibindən isə iki ədəd falqa kağızında və 1 ədəd qara rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Kompleks materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 18/966,967 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxsüzərindən götürülmüş 3 ədəd kağız bükümdə ayrı –ayrılıqda təmiz çəkiləri-1,702 qram, 0,697 qram, 0,912 qram-ümumi təmiz çəkisi-3,311 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinidir, 1 ədəd kibrit qutusunda təmiz çəkisi-6,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra heroinin qalıq 3,161 qr, marixunanın qalıq çəkisi isə 6, 58 qram olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 4316 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 sentyabr 2021-ci il tarixə kimi cəzasının 01 il 02 ay 18 gününü çəkmiş, 09 ay 06 gün qalmışdır. Şirvan Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə «8 noyabr Zəfər Günü» münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən çəkilməmiş qalan 09 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Ekspertiza tədqiqatından sonra qalmış 3,161 qram heroin və 6,58 qram qurudulmuş marixuana 09 dekabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Şirvan Şəhər Polis Şöbəsində saxlanca verilmişdir. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində şikayət və təklif daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdlarından artıq miqdarda narkotik vasitə heroini və qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 3,311 qram heroini və 6,60 qram qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin miqdarda narkotik maddələri satış məqsədi ilə əldə etməsi həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan ilkin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yalnız narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolan görünür ki, onun üzərində narkotik vasitələr aşkar olunduğu zaman həmin maddələri öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda ibtidai istintaqda verdiyi ifadələrində də narkotik vasitələri öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Bundan əlavə məhkəmə istintaqında şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrindən məlum olur ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadəçisi olması barədə məlumat olmuş, satışı ilə məşğul olması barədə məlumat olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsiən dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələr miqdarca az olmaqla onları satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni satmaq üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla, onun üzərində aşkar olunan narkotik vasitəni satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə etməsi kifayət qədər sübuta yetirildiyindən əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis şöbəsində saxlanılan 3,161 qram heroin və 6,58 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 99 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 3,161 qram narkotik vasitə heroin və 6,58 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 99 (doxsan doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar