Məhkəmə qərarları › İş №1(099)-135/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-135/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-135/2025 18.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı il tarixdə Neftçala rayonunun 1-ci Mayak kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Neftçala rayonunun 1-Mayak kəndində qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonunun Mirzəqurbanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə saat 19:30 radələrində qaynanası X3 yaşadığı evi ilə qonşu evdə tək yaşayan Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşmaqla həyətə, daha sonra evin giriş qapısını açmaqla evə qanunsuz girməklə əlində tutduğu kustar üsul ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə etməklə nümayiş etdirib ona xəsarət yetirəcəyi ilə hədələyib qorxudaraq Zərərçəkmiş şəxs yataq otağında döşəyin altında pul qabında saxladığı 800 manat məbləğində pulunu alıb sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində bildirmişdir ki, saxlanıldığı gün işdə olmuş, ona zəng vurub şöbəyə çağırmışlar. İşdən çıxıb şöbəyə getmişdir. Orada onu ailəsi ilə təhdid edib, uşağını yetimxanaya verəcəklərini, arvadını da tutacaqlarını demişlər. Bu səbəbdə qorxusundan cinayəti boynuna götürmüşdür. Özü Mirzəqurbanlı kəndində yaşayır. Həmin kənd Bakədən 9 km uzaqdadır. Hadisə törədilən gün evində olmuşdur. Lakin Bankədən gəlib zənbil götürmüşdür. Abbas adlı şəxslə xəstəxananın yanına gəlib qayıtmışdır. Orada Maqsudgildən “kurtka”, yəni gödəkçə götürmüşdür. Həmin gödəkçəni Bakıdan ona yollamışlar. Polisə zəng vurub çağrıldıqdan sonra özü getmiş, aparıb otağa onu qorxutmuşlar. Şöbədə ondan soruşmuşlar ki, “filan yerdən oğurluq olub sən eləmisən”. Demişdir ki, “yox, elə şey etməmişəm”. Onlar isə boynuna almağını demişdir. Özü isə qorxub boynuna almışdır. Onu vurmamışlar, qorxub boynuna almışdır. Hadisə gün Bankəyə Abbasla birlikdə gəlmiş, gödəkçə Abbasa məxsus olmuş, getməyi ona Abbas təklif etmişdir. Kənddə siqaret olmadığından özü də Abbasla birlikdə siqaret almaq üçün Bankəyə getmişdir. Bankəyə motosikiletlə getmişlər. İşinə düzgün baxılmasını, cinayəti özünün eləmədiyini, boynuna qoyduqlarını, bu işi eliyən adam olmadığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 181.2.3 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilib, bildirmişdir ki, arvadı Əfsanənin onurğa sütununda əyrilik olmuş, Əfsanənin əməliyyat olunması üçün təxminən 1500 manat pul lazım olmuş, həmçinin bir neçə mağazaya və bir neçə şəxsə borcu olmuşdur. O, bir müddətdir ki, evə bazarlıq edə bilməmiş, bütün bunlara görə utanmış və pul qazanmağın bir yolunu axtarmışdır. O, kimdən pul istəsə də verməmişdir. Evlənəndən sonra təxminən 4 il Neftçala rayonunun Bankə qəsəbəsində qaynanası Mehparəgilin evində qalmışlar. Daha sonra da qaynanasıgilə gediş gəlişləri mütəmadi davam etmişdir. O, qaynanasının qonşuluğunda evdə tək qalan adının sonradan Dilşad olduğunu bildiyi bir şəhid anasının qaldığını bilmişdir. 26 noyabr 2023-cü il tarixdə səhər saatlarında o, işdə olmuş, bu vaxt pula ehtiyacı olduğu üçün Dilşadın evinə oğurluğa girmək qərarına gəlmiş, həmin günü saat təxminən 17 radələrində işdən çıxanda traktordan özü ilə müxtəlif şeyləri kəsmək üçün istifadə etdiyi bıçağı götürüb gödəkçəsinin cibinə qoymuşdur. O, həmin bıçağın tiyəsini bu yaxınlarda fermanın ərazisindən tapıb dəstəyini özü düzəltmişdir. Salyan-Neftçala avtomobil yolunun qırağına çıxıb tanımadığı bir taksi ilə qaynanasıgilin evinə gəlmişdir. O, bir qədər qaynanasıgildə oturduqdan sonra saat təxminən 18 radələrində çıxıb yaxınlıqda evi olan bacanağı Muradgilin evinə getmiş, Muradla həyətlərində təxminən 25 dəqiqə kimi söhbət etdikdən sonra evə gəlmiş, yenə girib bir qədər oturduqdan sonra saat təxminən 19:30 radələrində həyətə çıxmış, həmin vaxt ətrafda heç kim olmamış, o, həyətə yığılmış daşların üzərinə çıxıb hasardan Dilşadın həyətinə tullanmış, Dilşadın evinin qarşısına keçmişdir. İçəridən işıq gəlmiş, o, evin qapısına yaxınlaşıb tanınmamaq üçün əynində olan qara rəngli vodolaska köynəyinin yaxasını yuxarı qaldırıb burnuna qədər qaldırmış, başındakı qara papağı da gözünün üstünə qədər çəkmişdir. Onun geyimləri həmin günü ümumiyyətlə qara rəngli olmuş, daha sonra cibindən bıçağı çıxarıb əlində tutmuş, birdən evin qapısını açıb içəri girmiş, Dilşad stolda oturub televizora baxmış, Dilşad onu görən kimi ayağa durmuş, o, Dilşadın qulağındakı sırğaları görmüş, əlindəki bıçağı göstərib Dilşaddan sırğaları istəmiş, Dilşad sırğaları verə bilməyəcəyini demiş, o, buna görə Dilşaddan pul istəmiş, Dilşad düz içəri otağa keçmiş, o, da onun arxasıyca gedib həmin otağın qapısının ağzında durmuş, bu vaxt Dilşad içəri sol tərəfdə olan yatağın üzərindəki döşəyi qaldırıb orada üzərində güllü naxışlar olan pul qabını götürüb zəncirbəndini açıb içərisindən pulları ona vermiş, o, dərhal evdən çıxmışdır. Daha sonra bıçağı cibinə qoyub gəldiyi yolla evin arxa tərəfinə keçib yenidən qaynanasıgilin həyətinə tullanmış, həyətdə pulları sayıb 2 ədəd 50-lik əskinaz və 7 ədəd 100-lük əskinaz olmaqla ümumilikdə 800 manat pul olduğunu görmüş, daha sonra evə çıxmış, evdə çay içdikdən sonra küçəyə çıxıb ətrafa baxmış, ətrafda sakitlik olduğunu görmüş, o, yenidən evə getmiş, otağa keçib saat təxminən 21 radələrində yatmışdır. Səhəri günü, yəni 27 noyabr 2023-cü il tarixdə səhər saat 07 radələrində evdən çıxıb işə getmiş, bıçağı götürdüyü yerə, yəni traktorun kabinasının şit hissəsinin kənarına qoymuşdur. O, 3 gün sonra tanımadığı bir taksi ilə Salyan şəhərinə heyvan bazarına gedib həmin puldan tanımadığı bir şəxsdən 370 manata 1 baş xırdabuynuzlu heyvan almış, həmin heyvanı tanımadığı bir taksi ilə gətirib saxlaması üçün onlarla qonşuluqda qalan Sərxana vermişdir. Həmçinin həmin puldan 200 manat Əfsanəyə vermiş, Əfsanə həmin pulu hardan əldə etdiyini xəbər almış, Əfsanəyə maaşını aldığını demiş, həmçinin həmin puldan qaynı Turala Bakı şəhər sakini olan digər xalası Gültəkinə olan 50 manat borcunu ödəniş terminalı vasitəsilə göndərməsi üçün vermişdir. Həmçinin təxminən 2023-cü ilin dekabr ayının əvvəlində Aydının mağazasına olan 25 manat borcunu vermişdir. Həmçinin qalan puldan özü üçün müxtəlif şeylərə xərcləmişdir. Başqa cinayət etməmişdir. Cinayəti özü tək törətmiş, hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, onu qorxutduqlarından cinayəti boynuna aldığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, bir həyətin uşağı olmuşdur. 26 noyabr 2023-cü ildə öz evində oturmuşmuş, televizora baxırmış, özü tək adamdır. Saat təxminən səkkiz olar ya olmazmış, görmüş ki, evinə üzü bağlı, əlində bıçaq bir nəfər girdi. Həmin adamın üzü bağlı olmuş, papağı aşağı basıb, köynəyini də qaldırmışdır. Həmin şəxs sırğasını verməsini istəmişdir. Lakin ona sırğasını verə bilməyəcəyini, çörək pulu verə biləcəyini demişdir. O isə demişdir ki, “çörək pulu yox sənin pulun çoxdur”. Gəlib yatağın yanında durmuşdur. O da 800 manat şəhid oğlunun il dönəmi üçün yığdığı yas pulunu, gedib yatağın başının altından götürüb, ona vermişdir. Həmin şəxs hasardan tullanıb getmişdir. Həmin vaxt qorxub əsə-əsə qalmış, qızı zəng vurmuş özü də cavab verib ağlamışdır. Həmin vaxt onu tanımamış, 15 gün sonra bunu gətirmişlər. Həmin vaxt səsindən və bıçağından onu tanımışdır. Səsi isə boğuntulu danışmışdır. Onun bıçağını isə traktordan aşkar etmişlər. Dörd bıçaq gətirmişlər, onların içindən həmin bıçağı tanımışdır. Bıçaq əyri bıçaq olmuş, dəstəyi də sarınmış. Təqsirləndirilən şəxs qonşusunun yeznəsi olmuş, iki ildə həmin qonşusugildə qalmışdır. Onu çəkilişlə həyətinə gətirmişlər, orada demişdir ki, tullanıb evə girib, sonra da qayınanasıgilə keçib, gecəni də orada qalmışdır. Təqsirləndirilən şəxslə barışmır, ondan şikayətçidir, cəzası nədirsə verilməsini istəyir, çünki şəhidin evinə girmək nə deməkdir. Xəstə olduğundan isə daha məhkəmə iclaslarında iştirak edə bilməyəcək. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusunun yeznəsidir, onu tanımır, lakin eşitmişdir. Özü anası tək yaşadığından mütəmadi onu yığıb danışmışdır. Hadisə günü də uşağı xəstə olmuş onu Bakıdan gətirmiş, evinə çatıb anasını yığmışdır. Saat doqquza beş dəqiqə işləmişdir. İlk əvvəl bacısı ilə danışıb, daha sonra isə anasını da yığıb qoşmuşdur. Bu zaman anası möhkəm ağlayırmış. Lakin onu başa sala bilməmişdir. Ancaq bıçaq, üçü bağlı, kravat sözlərin demişdir. Elə bilmiş ki, anasının gözünə nəsə görsənib. İyirmi dəqiqə keçəndən sonra anası özünə gəlib demişdir ki, “bıçaqla adam gəldi, pulumu aldı apardı, sırğalarımı isə vermədim”. Özü də anası ilə danışan kimi bacıların yığıb xəbər vermiş, onlar getmişlər, sonra isə əri tez taksi çağırmış, taksiyə minib getmiş, yolda 102 xidmətinə zəng vurmuşdur. Özü anasının evinə çatanda isə artıq polislərin ora gəldiyini görmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü heç bir şeyin şahidi olmamışdır. 2024-cü ilin oktyabr ayında şöbədən polislər həyətlərinə gəlib onu və ərini aparmışlar. Şöbədə onu döyüb hədə-qorxu gəlmişlər. Ondan tələb etmişlər ki, desin “ərim oğurluq edib”. Rəis, prokuror demişdir ki, “ya deməlisən, ya da səni Kürdəxanıya, uşağını isə yetimxanaya göndərcəyik”. Onu məcbur etmişlər, o da ərinin oğurluq etdiyini demişdir. Əvvəlcə isə ona ağ kağıza imza etdirmişlər, demişlər ki “imza et, işin bağlandı”. Polisdə onu aldatmışlar. Bu hadisə oktyabr ayında ya 19-u, ya da 20-si olub, dəqiq xatırlamır. Əri Aqili isə iki gün saxlayıb, sonra buraxmışlar. Dilşad onun anasının qonşusudur. Əri hadisə günü yaşadıqları kənddə olmuş, ayın 25-i isə dayısı qızının toyu olmuşdur. Oğurluqdan bir gün qabaq toyda olmuşlar, oğurluq günü isə də öz kəndlərində ərigil ata evinə yığışmışdır. 26-sı günü isə əri Bankədə olmayıb, bu barədə ona heçnə deməyib. Hadisə günü Abbas ona zəng vurub demişdir ki, “banka olan borcunuzu ödəyin, həmin vaxt da əri ata evində olmuşdur”. 26-sı gün əri öz qardaşı ilə birlikdə çıxıb ata evlərinə getmiş, onlar saat 17:30 radələrində çıxmış gecə 23:30 radələrində evə gəlmişdir. Abbasdan isə ona yalnız bir dəfə zəng gəlib, ailəsinin banka olan borcu ilə bağlı danışmışlar. Əri isə gecə evə gələndə ona heçnə deməmişdir. Ayın dördü günü isə əri ona aldığı maaşından pul verib. Əri evlərinin o tayında göldə işləmiş, aldığı maaşdan 200 manat ona pul vermişdir. Ondan polisdə həmin pulu soruşmuşlar, özü isə pulu ərinin verdiyini, maaş aldığını, özünün həkimə getməli olduğundan pulu da bu səbəbdən verdiyini bildirmişdir. Ərinin mobil telefonu olmuş, telefon öz üstündə olmuşdur. Bankəyə isə oğruluğun səhəri günü getmişdir. Orada eşitmişdir ki, oğurluq olub, özü də gedib Dilşada dəymişdir. İstintaq zamanı ifadə vermiş, müstəntiq onu dindirib yazmış, özü isə oxumadan qol çəkmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində əri Təqsirləndirilən şəxs qonşuluqda yaşayan anası Solamazgilə gedəcəyini deyib qardaşı Raqiblə yaşadığı evdən çıxıb getmiş, həmin gün saat təxminən 23:50 radələrində əri Aqil evə gəlib ona heç bir söz demədən yatmış, 29 noyabr 2023-cü il tarixdə qardaşı Tural ilə Salyan xəstaxanasına müayinəyə getmiş, daha sonra da evinə getmiş və müalicə üçün pul lazım olduğunu əri Aqilə demişdir. 03 dekabr 2024-cü il tarixdə saat 19 radələrində yaşadıqları evdə əri Aqil ona 200 manat pul göstərib demişdir ki, narahat olma pulum var sənə pul verəcəyəm. Onların pulu olmamış, Aqilin pul barədə özündən əmin danışdığı üçün Aqildən soruşmuşdur ki, səndə pul haradandır. Aqil müxtəlif əsassız bəhanələr gətirmiş, o, inanmamış və Aqildən pulu hardan əldə etməsini ona deməsini təkid etmişdir. Bundan sonra Aqil ona demişdir ki, 26 noyabr 2023-cü il tarixdə anasıgilə getdiyi gün çörək almaq və Mirhüseyn adlı taksi sürücüsündən bağlama götürmək bəhanəsi ilə qohumları və qonşuları Abbasla oradan çıxaraq Bankə qəsəbəsində anası Adiləgilin qonşuluğunda yaşayan şəhid anası Dilşadın evinə oğurluğa girib oradan pul götürmüşdür. Əri Aqil məbləği ondan gizlətsədə Abbasın çöldə dayanıb onun üçün gözətçilik etdiyini bildirmişdir. O, əvvəllki ifadəsində Aqil tutulmasın deyə və uşağına görə tam səmimi ifadə verməmişdir. Təxminən 10 aydır ki, gizlətdiyi söhbət onu narahat etdiyi üçün könüllü olaraq hər şeyi danışmaq qərarına gəlmiş və xahiş edir nəzərə alınsın. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadəsini təsdiq etmədiyini, ifadənin sonundakı xətt və imzaların özü tərəfindən icra edildiyini, onu döyüb, hədə-qorxu gəldiklərindən elə ifadə verdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Aqil onun əmisi nəvəsidir. Ayları dəqiq bilmir, lakin 26-sı günü öz həyətində iş görürmüş. Aqilin qardaşı ilə birlikdə evdən çıxıb öz ata yurdlarına getdiklərini görmüşdür. Özü isə həmin gün hüzür düşdüyündən ora gedib, saat 18:00 radələrində kəndə evinə gəlmişdir. Həmin vaxt Aqilin qardaşı zəng vurub demişdir ki, “gələndə siqaret və çörək al”. O isə üstündə pulunun olmadığını demiş, Aqilin qardaşı isə “gəl pul verim” demişdir. Bu zaman ona motosikilet sürdüyünü, özünündə zənbili olduğunu, hər iki zənbili bir yerdə tuta bilməyəcəyini, onunla birlikdə gedib öz zənbilini özünün tutmasını demişdir. Bundan sonra o, qonağının olduğunu, özünün gedə bilməyəcəyini, qardaşı Aqillə birlikdə getməsini demişdir. Özü isə ona bunun heç bir fərqinin olmadığını, hansısa birilə gedə biləcəyini bildirmişdir. Həmin vaxt özü də işləri ilə bağlı Bankəyə gedəcəkmiş. Saat yeddiyə işləmiş Aqillə birlikdə özünə məxsus motosikiletlə Bankəyə getmişdir. Yaşadığı kəndlə Bankə arasında altı-yeddi km məsafə olmuş, həmin yolu motosikiletlə dörd-beş dəqiqəyə saatda 100-110 km sürətlə gedirmiş. Ora çatanda tanışı taksi sürücüsünə zəng edib, gedib onun evindən özünə göndərilmiş gödəkçəni götürmüşdür. Gödəkçəni ona Bakıdan göndərmişlər, taksi sürücüsü evinə gətirmiş, həmin gödəkçəni isə gedib düz onun evinin qapısından götürmüşdür. Bundan sonra isə Aqillə birlikdə 50 metr qabağa dükana getmişdir. Çünki yaşadığı kənddə çörək və siqaret olmamışdır. Lakin ora gedəndə yolda borular olmuş, həmin vaxt ordan keçəndə Aqil onun arxasında motosikiletdən yerə düşüb, başında isə “kaska” qoruyucu olduğundan, bunu eşidə bilməmişdir. Aqilin motosikiletdən yıxılmağın bilməmiş, çünki həmin vaxt həm də içkili olmuşdur. Dükana çatdıqda isə görmüş ki, Aqil yoxdur. Buna görə geri qayıtmış, qayıdanda Aqilin ona tərəf gəldiyini görmüşdür. Həmin vaxt cəmi 10 metr yol geri qayıdanda Aqili görmüşdür. Aqil isə Bankədə ondan aralanmayıb, onunla bir yerdə olub. Sonra yenidən motosikiletinə minib dükana gəlmişlər. Dükandan isə aynoyun alıb saat yeddiyə qalmış gəlib yaşadıqları kəndə çatmışlar. Dükandan özünə siqaret almış, Aqil də siqaret və çörək almışdır. Həmin vaxt Aqilin üstündə üç-dörd manat pul olmuşdur. Qayıdanda isə Aqili ata evinə düşürmüşdür. Sonra isə öz evinə gedib çörək yemiş, Aqilə zəng vurmuş, telefona Aqilin arvadı cavab vermiş, Aqilin ata yurdunda olduğunu demişdir. Saat səkkizə işləmiş isə Aqilin ata yurduna getmiş, Aqil də orada olmuşdur. Əfsanəyə birinci dəfə zəng vuranda istəmədən olmuş, telefonu cibində sıxılıb zəng getmişdir, bunu Bankədə olan görmüş, lakin Əfsanəylə danışmamışdır. İkinci dəfə isə Əfsanəyə öz kəndində evində olarkən zəng vurmuşdur. Əfsanədən Aqilin evdə olub-olmasını soruşmuşdur. Əfsanəyə banka olan borclarını ödəmək lazım olduğunu, Aqili axtardığını demişdir. Ona qarşı istintaq zamanı təsir və ya təzyiq edilməyib, Əfsanəyə qarşı da təzyiq və ya təsir edilməsini bilmir. Aqildə isə bıçaq görmüş, çölə heyvana gedəndə yanında olmuşdur. Lakin Bankəyə gedəndə Aqildə bıçaq görməmişdir. Bankədə isə Aqil onun motosikiletindən yıxılandan sonra ən çox ondan iki dəqiqə ayrı qalmışdır, qalan vaxt birlikdə olmuşlar. Özü isə Dilşadın evin tanımır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, özü Neftçala rayonunun Mirzəqurbanlı kəndində mağaza işlədir. Kəndin hamısı gəlib ondan nisyə mal alır. Aqil də o cümlədən gəlib ondan nisyə ərzaq məhsulları alıb. Aqil tutulmamışdan iki-üç gün qabaq, təxminən noyabr ayının iyirmi beşindən sonra amma otuzundan əvvəl gəlib mağazaya borc qaytarmışdır. Daha sonra isə Aqilin işi şöbəyə düşüb, daha mağazaya gəlməyib. Aqilin şəhidin evinə girib oradan pul götürdüyünü, onu polisə verdiklərini eşitmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Aqil onun oğludur, hadisə baş verən günü də oğlu yanında olmuşdur. Həmin gün qardaşı qızının toyunun səhəri, əl-gördüsü imiş. Onun bacıları, qardaşları evinə gəlmişlər. Qardaşları isə onlara tərəf keçmək üçün Aqili çağırmış, Aqil qayıqla onları keçirmişdir. Aqil həmin vaxt ona xəbər edib, özü isə qardaşlarına yemək hazırlamışdır. Bundan sonra gecə on ikinin yarısına kimi Aqil onun evində olub. Daha sonra isə Aqil yenidən qardaşlarını Kürün o tayına keçirmiş, yenidən evə qayıtmışdır. Aqil öz evinə getmək istəyəndə isə evində qalan başqa qardaşından, Aqilin qorxaq olduğunu, onu öz evinə ötürməyi xahiş etmişdir. Aqil öz evinə getmiş, zəng vurub yoldaşından soruşanda da, yoldaşı Aqilin gəlib evdə yatdığını bildirmişdir. Aqil saat 19:00-dan gecə on ikinin yarısına kimi ata evində olmuşdur. Həmin ərəfədə isə bir dəfə qonşu ilə gedib çörək, siqaret alıb qayıtmışdır. Onun gedib gəlməyi isə heç on dəqiqə çəkməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Aqil onun kürəkənidir. Hadisə günü o, qapılarda işləməyə getmiş, evə də gec gəlmişdir. Həmin vaxt oğlu xəbər vermişdir ki, “ana qonşuya oğru girib”. Bundan sonra evdən çölə çıxmış, polislərin gəldiyini görmüş, Dilşadı çağırmışdır. Onu Dilşadın həyətinə çağırmışlar, ora keçmiş, Dilşad evə oğru girdiyini, kim olduğunu bilmədiyini demişdir. Sonra isə Dilşadın qızı gəlib demişdir ki, “anamın gözünə görünüb”. Anasına isə pulun hardandır demiş, Dilşad yığdığını demişdir. Rəis Şəbəndiyev on gün sonra isə onun uşağını aparmış, yoxlamışlar ki, uşağına aidiyyəti yoxdur, evə gəlməyib uşağı, həmin gün işdə olub. Rəis isə ona dubinka ilə onu döyməklə hədələmişdir. Səbəb isə yeznəsinin o evə girdiyini deməsini istəmişdir. O isə rəisə onu döyməyini belə ifadə verməyəcəyini demişdir. Sonra isə oğurluğu yeznəsinin üstünə yıxmışlar. Aqil on iki il onunla birlikdə yaşayıb, elə şey edə bilməz, Dilşadın evinə Aqil girməyib. Hadisə günü də Aqil onun evinə gəlməyib. Aqil həmin gün qəsəbəyə gəlməsindən də məlumatı olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü Bankə qəsəbəsində işlətdiyi mağazanın içərisində olub, Aqilin qohumu var bir gözü də qəribə mağazaya həmin adam gəlib. Aqilin özü isə mağazaya gəlməyib, onu görməmişdir. Mağazada yalnız Abbası görmüşdür. Aqil mağazanın içərisinə keçməyib, kamera görüntüləri də olub, baxılıb. Aqil həmin vaxt mağazadan qıraqda dayanıbsa da, onu görə bilməzmiş, çünki özü mağazanın içərisində olub, satış edib. Abbasın isə motoskleti olub, adətən mağazaya motoskletlə gəlib. Əvvəllər onlar gəlib mağazadan siqaret falan alıblar, lakin Aqil nadir hallarda mağazaya gəlib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özü Neftçala şəhərindən Bakı şəhərinə sərnişin daşımaqla dolanır. Hadisə günü Abbas ona xalasıgili Xırdalan şəhərinə aparmağı ondan xahiş etmiş, o, isə aparmış, eyni zamanda Abbas ona bir ədəd gödəkçə verəcəklərini onu da gətirməyini xahiş etmişdir. Özü isə gedib qayıtmış, Neftçala şəhərinə çatana az qalmış Abbasa zəng etmişdir. Abbas isə hüzr yerində olduğunu demiş, daha sonra axşam tərəfi saat səkkizə işləmiş, Abbas yığıb qapısına çatdığını demişdir. Özü isə həmin vaxt evdə olmadığından uşağını yığıb demiş, uşağı çıxıb gödəkçəni vermiş, onlar iki nəfər olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, işlədiyi təsərrüfatda işçilərlə dayanmışdır. Polislər gəlib, Aqili də yanlarında gətirmişlər. Polislər traktora sarı gedib, onları da çağırıblar. Aqildən bıçağın harada olduğunu soruşmuşlar, Aqil isə bıçağı göstərmişdir. Aqil o təsərrüfatda işləyib, traktor sürüb maaş alıb. Aqilə 210 manat maaş verilib, maaş təxminən ayın axırı verilib. Bıçağın yerin isə Aqil göstərmiş, traktorun içərisində sol tərəfdə olub bıçaq. Təqsirləndirilən şəxs müvafiq cinayətləri törətməsi faktı, özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan və ona lavə edilmiş fotoşəkillərdən görünür ki, quldurluq hadisəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə baş vermiş, evə baxış keçirilmiş, baxış zamanı eyniləşdirməyə yararlı əl barmaq izləri aşkar edilməmiş, təqdim edilmiş 01 ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (c 01, i.v 4-11) İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 01, i.v 93) İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-13-11/2-14690/2023 nömrəli rəyindən görünür ki, 1. xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs qarşı törədilmiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd pul kisəsinin üzərində əl izləri aşkar edilmədi. 2. Tədqiqata təqdim edilmiş 01 ədəd pul kisəsinin üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığı üçün DİN-in KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. (c 01, i.v 102-104) İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs işlədiyi fermada olan traktorun kabina hissəsindən bir ədəd dəstəyi qara rəngli lentlə örtülmüş tiyəsi metal materialdan olan bıçaq götürülmüşdür. (c 01, i.v 124-131) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c 01, i.v 140) İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən predmetlər 2 ədəd 100-lük manat əskinazlarıdır. Həmin pullar A00105756 və C43439001 nömrəlidir. Baxışda iştirak edən Şahid1 həmin pulların ona 03 dekabr 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (c 01, i.v 144-146) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 247 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər-hansı bir xəsarət izi aşkar edilmədi. (c 01, i.v 147) İş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan, ona əlavə edilmiş videoçəkiliş və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək, hadisə yerini və hadisənin baş vermə mexanizmini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində xx.xx.2023-cü il tarixdə videoçəkiliş ilə yoxlanılmış, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərdiklərini hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmişdir. (c 01, i.v 155-166) İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(053)- 57/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesab edilmişdir. (c 01, i.v 185-187) İş materiallarında olan xx.xx.2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 1 ədəd bıçağın tanınması zamanı tanınmalı olan bıçaq eyni növdən olan nömrələnmiş vəziyyətdə 4 ədəd bıçaq arasında təqdim edilmiş, ona tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif edilmiş, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərmişdir ki, 3 nömrəli sıra sayında göstərilmiş bıçaq 26 noyabr 2023-cü il tarixdə evinə daxil olub onun 800 manat pulunu ələ keçirən şəxs tərəfindən onu qorxutmaq üçün istifadə olunmuş bıçaqdır. (c 01, i.v 188-191) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, götürülmüş 01 ədəd bıçaq, 02 ədəd 100 manatlıq pul əskinazı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Neftçala RPŞ-nə təhvil veriləcəyi nəzərə alınmışdır. (c 01, i.v 195) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 01, i.v 202) İş materiallarında olan Neftçala RİHB-nın Tatarməhlə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü uşağı var, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (c 01, i.v 35-36) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlqaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c 01, i.v 40-41) İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/190 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaqkustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. Aparılmış tədqiqatın dəyəri 34,38 manatdır. (c 01, i.v 44-47) İş materiallarında olan 03 aprel 2024-cü il tarixli həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılmasına dair Neftçala RPŞ-nin müstəntiqi Nicat Sadıqov tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (c 01, i.v 68-69) İş materiallarında olan xx.xx.2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c 01, i.v 75) İş materiallarında olan "xxxx" MMC-dən alınmış telefon məlumatlarına dair disklərə baxış protokolundan görünür ki, Şahid6 istifadəsində olmuş 070 291 61 66 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 351 27 21 saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 19:05-də 28 saniyə, saat 19:29-da 10 saniyə, Şahid6 istifadəsində olmuş 070 291 61 66 saylı mobil nömrə ilə Şahid1 istifadəsində olmuş 070 247 13 47 saylı mobil nömrə arasında həmin gün saat 19:10-da 238 saniyə, saat 19:17-də 722 saniyə danışıq olmuş, Şahid6 telefon danışığı zamanı Neftçala rayonunun Bankə qəsəbəsinə aid antenin əhatəsində olmuş, xx.xx.2023-cü il tarixdə saat 19:34-də 070 222 07 47 saylı mobil nömrə ilə telefon danışığı zamanı Neftçala rayonunun Mirzəqurbanlı kəndinə aid antenin əhatəsində olmuşdur. (c 01, i.v 98-100) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Bankə qəsəbəsinə Abbasla birlikdə gəlmiş, Abbasa məxsus gödəkçəni götürmüşlər, kənddə siqaret olmadığından özü də Abbasla birlikdə siqaret almaq üçün Bankəyə getmiş, heç bir cinayət törətməmiş, saxlanıldığı gün şöbəyə çağrılmış, orada onu ailəsi ilə təhdid edib, uşağını yetimxanaya verəcəklərini, arvadını da tutacaqlarını demişlər, bu səbəbdə qorxusundan cinayəti boynuna götürmüşdür. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, zərərçəkmiş şəxsin və şahidlər ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə video-çəkilişlə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 136-139), xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 116-178, cild İİ – i.v. 114- 116 videoçəkilişlə, cild İİ – i.v. 215-217) şəxs qismində verdiyi ifadələrində, eləcə də videoçəkiliş vasitəsilə ifadəsi yerində yoxlanılarkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs hadisə günü Dilşadın həyətinə tullanıb, evin qapısına yaxınlaşıb tanınmamaq üçün əynində olan qara rəngli vodolaska köynəyinin yaxasını yuxarı qaldırıb burnuna qədər qaldırıb, başındakı qara papağı da gözünün üstünə qədər çəkib, daha sonra cibindən bıçağı çıxarıb əlində tutub, birdən evin qapısını açıb içəri girib, Dilşadın qulağındakı sırğaları görüb, əlindəki bıçağı göstərib Dilşaddan sırğaları istəyib, Dilşad sırğaları verə bilməyəcəyini dedikdə, buna görə Dilşaddan pul istəyib, Dilşad isə düz içəri otağa keçəndə, arxasıyca gedib həmin otağın qapısının ağzında durduğunu, Dilşadın evdən hardansa pulqabının içərisindən pul çıxardıb ona verdiyini, dərhal evdən çıxdığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıqaşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Neftçala Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün yuxarıda göstərilən ifadələrində hadisə günü zərərçəkmiş şəxsin evinə daxil olmamasını bildirməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən qorxudulduğunu və ailəsi ilə təhdid edildiyini bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin (videoçəkilişlə) isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi yuxarıda qeyd edilən ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şəxslərin ifadələri, telefon danışıqları məlumatları, istintaq hərəkəti protokolları, ekspertiza rəyi və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə saxlanc yerinə qanusuz daxil olaraq zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib basqın edərək quldurluq etməsini etiraf etmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi yuxarıda qeyd edilmiş ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Əksinə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə videoçəkilişlə dindirilmiş, dindirmə protokollarının sonu həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə video-çəkilişlə şübhəli şəxs qismində, eyni zamanda təqsirləndirilən şəxs qismində, eləcə də video-çəkilişlə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətmiş olduğu cinayət əməlini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" MMC-dən alınmış telefon məlumatlarına dair diskdəki tam neytral sübutlarla müəyyən edilir ki, Şahid6 istifadəsində olmuş 070 291 61 66 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 351 27 21 saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 19:05-də 28 saniyə, saat 19:29-da 10 saniyə, Şahid6 istifadəsində olmuş 070 291 61 66 saylı mobil nömrə ilə Şahid1 istifadəsində olmuş 070 247 13 47 saylı mobil nömrə arasında həmin gün saat 19:10-da 238 saniyə, saat 19:17-də 722 saniyə danışıq olmuş, Şahid6 telefon danışığı zamanı Neftçala rayonunun Bankə qəsəbəsinə aid antenin əhatəsində olmuşdur. Göründüyü kimi əvvəla Sadiq Abbasov məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi kimi hadisə günü Şahid6lə birlikdə Bankə qəsəbəsinə gedib, sonuncuya məxsus gödəkçəni götürüb, mağazadan çörək və siqaret alıb birlikdə yaşadıqları kəndə qayıtmaları göstərilən sübutla da tam təkzib edilir. Çünki 25 (iyirmi beş) dəqiqəlik müddət ərzində Təqsirləndirilən şəxs Şahid6lə iki dəfə telefon danışığının olması artıq həmin müddət göstərilən şəxslərin biryerdə olmalarını inkar edir. Əks nəticəyə gəlmək üçün isə məhkəmə eyni anda eyni məkanda olan iki şəxsin bir-birilə aralarında telefon vasitəsilə danışmalarını məntiqsiz və ağlabatan hesab etmir. Göstərilən hal şahid qismində ifadə vermiş Şahid6 də ifadəsində bununla bağlı göstərdiyi xüsusatları da tam təkzib edir və məhkəmə sonuncunun şahid qismində ifadəsində göstərdiyi həmin xüsusatları sübut kimi qəbul etmir. Eyni zamanda şahid qismində dindirilmiş Bankə qəsəbəsində həmin vaxt mağazada satıcı olan Şahid4 şahid qismində ifadəsində göstərdiyi; hadisə günü Bankə qəsəbəsində işlətdiyi mağazaya Abbasın tək gəlməsi, Aqilin isə mağazaya gəlməməsi, onu görməməsi, mağazada yalnız Abbası görməsi barədə ifadəsi də Abbas və Aqilin Bankə qəsəbəsində bir-birilərindən ayrılmadan daimi olaraq birlikdə olması halını inkar edir. Bundan başqa məhkəmə şahidlər Şahid1, Solmaz Sadıqova və Mehparə Əliyevanın məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidlər Şahid1 təqsirləndirilən şəxsin yaxın qohumu (arvadı), şahid Solmaz Sadıqovanın yaxın qohumu (anası), şahid Mehparə Əliyevanın isə qohumu (xalası, eyni zamanda qayınanası) olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Əksinə Şahid1 ibtidai istintaq zamanı videoçəkilişlə heç bir təsir və təzyiq altında olmadan yuxarıda elan və tədqiq edilmiş ifadəsi işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olduğundan məhkəmə məhz həmin ifadəni sübut kimi qəbul edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qeyd edilən Plenum qərarının 15-ci bəndində göstərilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Plenum qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakın istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlak öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 17-ci bəndinin 1-ci abzasına əsasən CM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-nin 177, 178, 180, 181-ci maddələri ilə, habelə CM-nin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində vahid cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması, özünün ağciyər fibroz kavernoz vərəmi xəstəliyindən əziyyət çəkməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.5-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs 08 dekabr 2023-ci il tarixdən 09 aprel 2024-ci il tarixədək, yəni 04 (dörd) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 07 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Neftçala RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməli, 02 (iki) ədəd 100 (bir yüz) manatlıq pul əskinazları Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,38 (otuz dörd manat, otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 dekabr 2023-ci il tarixdən 09 aprel 2024-ci il tarixədək, yəni 04 (dörd) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Neftçala RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin, 02 (iki) ədəd 100 (bir yüz) manatlıq pul əskinazları Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,38 (otuz dörd manat, otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar