Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-136/2022 09.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi- hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -1060,458 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 6,126 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edərək, satışını həyətə keçirmək məqsədilə elektron tərəzidən istifadə etməklə narkotik vasitə heroini 05 (beş) bükümlərdə ayrı-ayrılıqda təmzi çəkiləri -1035,0 qram, -0,921 qram, -0,577 qram, -12,471 qram, -11,435 qramdan ibartət hissələrə, psixotrop maddə metamfetamini 03 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,314 qram, -2,979 qram , 2,833 qramdan ibarət hissələrə bölərək 20 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Lənkəran şəhər sakini Şahid4 02 (iki) ədəd bükümdə olan ayrı-ayrılıqda çəkiləri -0,921 qram, -0,577 qram narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi -0,314 qram psixotrop maddə metamfetamini 20 manat müqabilində satmış, qalan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində və əlindəki torbada saxlayaraq daşımış, keçirilən əməliyyat axtarış tədbirlər nəticəsində 20 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları tərəfindən Lənkəran şəhəri H.Abdullayev küçəsində saxlanılmış və üzərinə baxış keçirilən zaman əlində daşıdığı qara rəngli sellofan torbada olan 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1035,0 qram narkotik vasitə heroin, əynində olan şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -12,471 qram, -11,435 qram; ümumi təmiz çəkisi 23,90 qram narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri -2,979 qram, -2,833 qram psixotrop maddə metamfetamin və sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü yalnız narkotik vasitələrin istifadəsində təqsirli bilir. 20 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində öz istifadəsi üçün yarım qram heroin olmuşdur. Tanımadığı şəxsdən “Kiçik bazar” deyilən ərazidə 15 manata narkotiki alıb qayıdarkən Lənəkəran şəhəri, Hənifə Abdullayev küçəsi 11 saylı binanın qarşısında saxlanılmışdır. Bir ədəd qara rəngli selofan torbanı və şalvarının cibindən 4 bükümü çıxarıb təqdim etmiş, lakin onların içərisində nə olduğunu bilməmişdir. Üzərində aşkar olunan elektron tərəzi ona məxsus deyil. Ayağında ağrıları olduğu üçün 1990-cı ildən narkotikdən istifadə edir. Ömürlük ikinci qrup əlildir. İmran adlı şəxsi Lənkəran rayon sakini kimi tanısa da ona narkotik satmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış və o, Lənkəran şəhəri H. Abdullayev küçəsində saxlanılaraq şöbəyə aparılmışdır. Şöbədə Mehman əlindəki qara rəngli sellofan torbada olan heroini, daha sonra əynindəki şalvarının cibindən 4 ədəd sellofan bükümü və digər cibindən elektron tərəzini təqdim etmişdir. 4 ədəd bükümlərin içərisindən iki bükümdə heroin və iki bükümdə isə metamfetamin aşkar olunmuşdur. Qara torbanın içərisində olan heroinin çəkisi 1170 qram, üzərində aşkar olunan heroinin çəkisi təxminən 25 qram və metamfetaminin çəkisi təxminən 6 qram olmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotiki və metamfetamini tanımadığı şəxsdən “Kiçik bazar” deyilən ərazidən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Lənkəran ŞRP-nın binasında Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Mehman içərisində heroin olan əlindəki torbanı, daha sonra şalvarının cibindən 4 ədəd bükümləri və elektron tərəzini təqdim etmişdir. 4 bükümün içərisində iki bükümdə heroin və iki bükümdə metamfetamin aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 (CM-in 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmuş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır) ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Lənkəran şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şöbədə üzərinə baxış keçirilmiş və narkotik aşkar olunmamışdır. Heroindən istifadə edir. Mehmanı tanıyır, ondan narkotik almamış, polis şöbəsində ifadələrində Mehmanın adını çəkməmişdir. İbtidai istintaq zamanı narkotiki Təqsirləndirilən şəxs almasına dair ifadəsində göstərdiyi xüsusatı təsdiq etmir. Lakin Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində və üzləşmə zamanı uzərində aşkar olunan iki bükümdə heroini və bir bükümdə metamfetamini 20 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində 20 manata aldığını göstərmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 19/949 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əlində qara rəngli sellofan torbada olan bir ədəd bağlamada heroinə bənbzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1035,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümlərdə heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd paketdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -12,471 qr: -11,435 qram: ümumi təmiz çəkisi -23,906 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümlərdə olan metamfetaminə bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -2,979 qr; -2,833 qram: ümumi təmiz çəkisi -5,812 qram olan ağ rəngli kristal formada olam maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Beləliklə, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus heroinlər və metamfetaminlər, Şahid4 məxsus heroinlər və metamfetamin ilə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 sentybar 2021-ci il tarixli 1031 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli sellofan torbanın içərisindən bir ədəd bağlamada heroinə bənzər kütlə, üzərindən olan şalvarın sağ cibindən 2 bükümdə narkotrik vasitə heroinə bənzər kütlə, 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, sol yan cibindən isə elektron tərəzi aşkar olunmuşdur. İş materiallarında olan 2 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,471 qram, 11,435 qram: ümumi təmiz çəkisi 23,906 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,979 qram və 2,833 qram: ümumi təmiz çəkisi - 5,812 qram ağ rəngli kristal formada metamfetamin və bir ədəd elektron tərəzi maddi subut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan 5 dekabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb istintaq aparılmışdır. Lənkəran Rayon Məhkəməsinin 7 fevral 2022-ci il tarixli hökmünə əsasən Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddsilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində yalnız şəxsi istifadəsi üçün “yarım” qram heroinin aşkar olunması, qara rəngli torbada olan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması, İmran adlı şəxsi tanısa da ona narkotik vasitə satmaması, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Eyni zamanda, məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid4 hazırda Təqsirləndirilən şəxsla eyni İstintaq Təcridxanasında saxlanılmasını, həbsdə olan şəxslər arasında münasibətlərin və davranışın özünəməxsusluğunu və açıq məhkəmə iclasında bilavasitə Təqsirləndirilən şəxs üzünə qarşı doğru ifadə verməkdə çətinlik çəkməsini nəzərə alıb Şahid4 ifadəsində Təqsirləndirilən şəxs heroin və metamfetamin almaması barədə göstərdiyi xüsusata dair tənqidi yanaşaraq onun bu ifadəsini işin obyektiv hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Şahid4 məhkəməyədək icraat zamanı şahid qismində vermiş olduğu ifadəsində heroin və metamfetamini Təqsirləndirilən şəxs 20 manata almasına dair göstərdiyi xüsusat işin obyektiv hallarına uyğun gəldiyi üçün həmin halı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında polis şöbəsində döyüldüyünü, bu səbəbdən də sənədlərə imza etməkdən imtina etdiyini bildirmişdir. Həmin fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs qarzı zor tətbiq etmə faktı təsdiq olunmadığından 14 oktyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsinə dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007; Həmçinin, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertizanın rəyi və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 Təqsirləndirilən şəxs üzərində heroinin və metamfetaminin aşkar olunduğunu bir daha israrla təsdiq etmişlər. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində xırda bükümlərdə külli miqdarda heroinin, metamfetaminin və elektron tərəzinin aşkar edilməsi, Şahid4 20 manat pulun müqabilində heroin və metamfetamin satması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən« Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən mənbədən əldə etdiyi külli miqdarda metemfetamini və heroini Şahid4 satması, habelə üzərində aşkar olunan elektron tərəzinin, xırda bükümlərdə heroini və metamfetamini qanunsuz əldə edib satış məqsədi ilə üzərində saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Buna görə də, o, CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 20 sentyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən, habelə hökmün surətindən görünür ki, Qasımov X1 Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 iyun 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən üç il keçmədiyi halda yenidən qəsdən cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. İş materiallarında olan Lənkəran Şəhər Mənzil Təsərrüfatı idarəsinin 18 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakerizə olunur ( ailəsinə və qonşulara hörmətlə yanaşmış, barəsində şikayət daxil olmamışdır). İş materiallarında olan 3 dekabr 2021-ci il tarixli 1024 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda durmur. Məhkəməyə təqdim edilmiş DSMF-nın 1 saylı Lənkəran-Astara Regional filialının 3 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlillik üzrə aylıq 259 manat 78 qəpik məbləğində ömürlük əmək pensiyası alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi ondan ibarətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi əhalinin sağlamlığına ciddi zərər vurulur, o, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən cinayət törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarasından, yəni 6 ildən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji tibbi yoxlamanın 23 sentyabr 2021-ci il tarixli 1031 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “Narkomaniya” xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının vəşərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram, 2 ədəd bükümlərdə ayrıayrılıqda təmizz çəkiləri 12,471 qram, 11,435 qram: ümumi təmiz çəkisi 23,906 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,979 qram və 2,833 qram: ümumi təmiz çəkisi -5,812 qram ağ rəngli kristal formada metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2021-ci ildən hesablansın və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 1 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmizz çəkiləri 12,471 qram, 11,435 qram: ümumi təmiz çəkisi 23,906 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,979 qram və 2,833 qram: ümumi təmiz çəkisi -5,812 qram ağ rəngli kristal formada metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-136/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-136/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver