Məhkəmə qərarları › İş №1(099)-136/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-136/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-136/2023 25.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Sabirabad rayonu Yaxa- Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Yaxa- Dəllək kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının sonlarında qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkini, yəni çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə əldə edib özündə saxladığı narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində nar ağacının və balqabaq kolllarının arasında torpaq sahəsində əkmiş, həmin toxumlardan cücərmiş tərkibində narkotik maddələr olan külli miqdarda 44 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 2022-ci ilin avqust ayında, müxtəlif günlərdə həmin bitkilərin hissələrini toplayıb 1500,0 qram çəkidə, yəni külli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddə olan qurudulmuş marixuana hazırlamaqla çətənə bitkilərinin yanında torpaq üzərində və 1 ədəd sellofon torbada qanunsuz saxlamış, 16 avqust 2022-ci il tarixdə Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evə, həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman həyətyanı sahədəki bağçada 44 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli həmin çətənə (kannabis) bitkiləri, həmin bitkilərin yanında isə torpaq üzərində yığılmış vəziyyətdə və sellofon torbada olmaqla, ümumilikdə 1500,0 qram çəkidə, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Yaxa-Dəllək kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Hadisədən bir neçə ay əvvəl, təqribən 2022-ci ilin mart ayında kənd Bələdiyyə sədri Amil Vəlişov onunla söhbət edərək, ona çətənə bitkilərinin toxumlarını verəcəyini, həmin bitkilərin əkib becərəcəyini təklif etmiş, həmin dövr, yəni becərəcəyi vaxt hər ay ona 200 manat verəcəyini, satışdan sonra isə 5000 manat pul və avtomobil verəcəyini vəd etmiş, o, da maddi vəziyyətinin çətin olmasına görə razılaşmışdır. Bundan sonra, həmin ərəfədə Amil ona təxminən 100-ə yaxın toxum vermişdir. O, da həmin toxumları yaşadığı evin həyətində əkib becərmişdir. Lakin nəticədə 44 ədəd bitki çıxmışdır. Həmin bitkilərin təqribən 15-20 qramını qurudaraq marixuana narkotik vasitə hazırlamış və həmin marixuananı selofan bağlamada həyətində bitkilərin yanında saxlamışdır. 16 avqust 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları həyətə gəlib, ona narkotik bitkilər əkib becərməyi məlumat aldıqlarını, buna görə də həyətinə və yaşadığı evinə baxış keçirəcəklərini bildirmişlər. Polislər baxış keçirilən zaman iki nəfər şəxsin hal şahidi kimi iştirak edəcəklərini də bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O da baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, evin qarşısındakı bağçada nar ağaclarının və boranı bitkisinin aralarında torpağa əkdiyi 44 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Bundan əlavə həmin bitkilərin yanında torpaq üzərində çətənə bitkisinin qurumuş hissələri və sellofon torbada saxladığı narkotik vasitə qurudulmuş çəkisi təqribən 15-20 qram olan marixuana aşkar edilmişdir. Həmin bitki və marixuana polis tərəfindən götürülmüş və protokol yazılmışdır. Marixuananın miqdarı 1500 qram olmamış, polis tərəfindən həmin çəkidə qoyulduğunu düşünür, marixuananın çəkisi cəmi 15-20 qram olmuşdur. Cinayət işi açılandan sonra Amil ondan cinayət işinə xitam verilməsi və onun azadlıqda qalması müqabilində ondan 39000 manat almış, sonradan 35000 manatını qaytarmışdır. Əməlindən peşimandır, himayəsində 3 azyaşlı qızı vardır, yoldaşı hamilədir, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o, “hadisədən əxminəm 4-5 ay əvvəl Bakı şəhərində fəhlə işləyərkən orada tanımadığı Balakən rayonundan olan fəhlədən çətənə bitkisinin toxumlarını almış, 2022-ci ilin mart ayının əvvəllərində yaşadığı evin qarşısında yerləşən bağçada özündə saxladığı 44 ədəd çətənə bitkisinin toxumlarını torpağa əkərək becərmişdiş, qurudulmuş marixuana istifadə etdiyi üçün 2022-ci ilin avqust ayının əvvəllərində çətənə bitkisinin bəzi hissələrini qurutmaq üçün yığıb çətənə bitkilərinin yanındakı bağçada torpaq üzərində və sellofon torbada saxlamışdır” sözlərini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “həyətindən aşkar olunan qurudulmuş marixuananın 1500 qram deyil, təqribən 20 qram olması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadəsinin qeyd olunan hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır və təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir, “çətənə toxumların kənd bələdiyyə sədri Amil Vəlişov tərəfindən ona verilməsi, cinayət işinə xitam verilməsi və onun azadlıqda qalması müqabilində Amil Vəlişovun ondan 39000 manat alması” xüsusatı üzrə Məhkəmə tərəfindən ərazi hüquqmühafizə orqanlarına məlumat verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 16 avqust 2022-ci il tarixdə Sabirabad rayonu Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitə saxlaması, eləcə də narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmış, eyni zamanda aqronomu və hal şahidləri dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Yaxa-Dəllək kəndindəki evinə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur, sonuncuya narkotik tərkibli çətənə bitkilərini əkməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat aldıqlarını bildirmişlər və həyətinə, tikililərə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilmiş, həyətyani sahədəki bağçadan 44 ədəd yaş vəziyyətdə çətənə bitkiləri aşkar edilmişdir. Bundan əlavə həmin bitkilərin yanında torpaq üzərində yığılmış vəziyətdə və 1 ədəd sellofon torbada narkotik vaisitə olan qurdulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Dəvət edilmiş aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib müstəntiqə təqdim etmişdir. Daha sonra 44 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb eyni zamanda torpaq üzərində aşkar edilmiş çətənə bitkisinin qurumuş hissələri və selleofon torbada aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs çətənə toxumlarının Bakıda adını xatırlamadığı şəxsdən aldığını, satış məqsədi olmadığını, öz istifadəsi üçün əkdiyini və qurudaraq marixuana hazırladığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşları Şahid4 və Şahid2 oxşar məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Minbaşı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyir. 16 avqust 2022-ci il tarixdə səhər saat 12 radələrində polis əməkdaşları ona zəng edib Sabirabad rayonu Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, evə baxış keçirəcəklərini bildirib hal şahidi qismində iştirak etməsini təklif etmişlər, o, da razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətə gedərək baxış keçirmişlər. Evin həyətyani sahədəki bağçadan 44 ədəd yaş vəziyyətdə çətənə bitkiləri aşkar edilmişdir. Bundan əlavə həmin bitkilərin yanında torpaq üzərində yığılmış vəziyətdə və 1 ədəd sellofon torbada narkotik vasitə olan qurdulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Dəvət edilmiş aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib müstəntiqə təqdim etmişdir. Daha sonra 44 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılmış, həmçinin marixuana da qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadələr verərək Şahid5 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş üzrə əlavə şahid qismində çağrılaraq dindirilmiş X7 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ondan polisə şikayət edərək həyətində aşkar olunmuş çətənə kollarının tumlarını onun verdiyini, becərməsini, aylıq qazancından da ona 200 manat pul verilməsini bildirmişdir. O bu barədə polisə də izahat vermişdir. Təqsirləndirilən şəxs həyətindən polislər tərəfindən narkotik vasitə aşkar olunduqdan sonra onun ailə üzvləri onun yanına gələrək, ondan Valehin himayəsində azyaşlı uşaqları olduğundan tutulmaması üçün ondan bir nüfuzlu adam kimi kömək istəmişdir. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün ondan 10000 manat pul almış, həmin pulun girov olduğunu düşünmüşdür, sonradan Valeh ondan şikayətlər etdiyi üçün onun pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs 39 min manat deyil, cəmi 10 min manat pul almış, məhkəmədə onun zaminliyə buraxılması üçün girov qoyacağını düşünmüş, lakin sonradan pulu qaytarmışdır. Heç vaxt Təqsirləndirilən şəxs çətənə toxumları verməmiş, ona həyətində çətənə toxumlarını əkməsini təklif etməmiş, Valeh tərəfindən ona böhtan atılmasının səbəbini bilmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 avqust 2022-ci il tarixli, 18/883 nömrəli rəyində qeyd olunmuşdur ki, 1. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış ..bitkilər ...” sözləri və imzalar olan 06 sintetik torbada ümumi sayı 44 ədəd yaş vəziyyətdə, ümumi çəkisi -51000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış...marixuanaya oxşar kütlə...” sözləri və imzalar olan 01 ədəd polietilen torbada olan çəkisi -1500,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə qurudulmuş marixuandır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 44 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş 44 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuanadan 0,1 qram tədqiqata sərf olunmuş, 1499,90 qram qalıq qalmışdır. Çətənə (kannabis) bitkilərindən 4,4 qram tədqiqata sərf olunmuş, 50995,60 qram qalıq qalmışdır. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 5065 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və qeydə alınmış videoçəkilişdən görünür ki, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yaxa-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman həyətyanı sahədəki bağçadan külli miqdarda-44 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 51000 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərin yanında torpaq üzərində yığılmış vəziyyətdə və 1 ədəd sellofon torbada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda-1500,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyatyanı sahəyə baxış keçirilmişdir. Baxış zamana 44 ədəd narkotik tərkibli çətənə bitkisi kolu aşkar edilmişdir. Həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğu müəyyən edilmişdir. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 44 (qırx dörd) ədəd çətənə (kannabis) bitkiləri və 1499,90 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli ”cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 sentyabr 2019-cu il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sabirabad rayonu, Minbaşı İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətləri və tibbi sənədlərdən görünür ki, Məmmədov X2 rayonu, Yaxa-Dəllək kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, arvadından, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvlüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı azyaşlı uşaqlarından ibarətdir, hazırda arvadı Fidan Məmmədova hamilədir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs çətənə kolları və qurudulmuş marixuanna narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini və arvadı Fidan Məmmədovanın hamilə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə qətimkan tədbiri barəsində məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilməklə, o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs olunmasının əvvəli 18 avqust 2022-ci il tarixdən göstərilmişdir. İş materiallarında olan şühbhəli şəxs qismində tutulma haqqında protokoldan isə görünür ki, o, 16 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ambulator məhkəmə narkoloji rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 44 (qırx dörd) ədəd çətənə (kannabis) bitkiləri və 1499,90 qram qurudulmuş marixuanna məhv edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutlduğu 16 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-1-ci maddəsi ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 44 ədəd çətənə (kannabis) bitkiləri və 1499,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar