Məhkəmə qərarları › İş №1(099)-139/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-139/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-139/2023 19.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X15 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1966-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan,Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/10, mənzil 35-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,918 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 29 iyun 2022-ci il tarixdə saat 18:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/14 nömrli binanıın yaxınlığında küçədə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 1lən şəxsi axtarış zamanı əynindəki qısaqol köynəyin sol döş cibindən qeyd edilən çəkidə və bükümdə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, 2022-ci ilin sentyabr ayının əvvəlində Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş dəqiq vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 5,252 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, satışını realizə etmək üçün həmin narkotik vasitə heroini elektron tərəzidə çəkib, 0,238 qr, 0,397 qr, 0,251 qr, 0,275 qr, 0,330 qr, 0,424 qr, 0,182 qr, 0,457 qr, 0,393 qr, 0,553 qr, 0,333 qr, 0,278 qr, 0,318 qr, 0,272 qr, 0,358 qr və 0,193 qr hissələrə ayıraraq, ümumilikdə 16 ədəd sellofan kəsiklərinə büküb, elektron tərəzi ilə birlikdə üzərində saxlayaraq daşımış, 02 sentyabr 2022-ci il tarixdə qeyd olunan narkotik vasitə heroinin 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,238 qr, 0,397 qr, 0,251 qr və 0,275 qr olmaqla, ümumi təmiz çəkisi 1,161 qram olan hissəsini 20 manat pul müqabilində Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə Lənkəran şəhər sakini X10, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qr, 0,424 qr, 0,182 qr və 0,457 qr olmaqla, ümumi təmiz çəkisi 1,393 qram olan hissəsini 20 manat pul müqabilində Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə Lənkəran şəhər sakini X11 və 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qr, 0,553 qr, 0,333 qr və 0,278 qr olmaqla, ümumi təmiz çəkisi 1,557 qram olan hissəsini 20 manat pul müqabilində Lənkəran şəhəri, H.Abdullayev küçəsində Lənkəran rayonu, Girdəni kənd sakini X1, qalan 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qr, 0,272 qr, 0,358 qr və 0,193 qr olmaqla, ümumi təmiz çəkisi 1,141 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 02 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhərində keçirdikləri əməliyyat tədbirləri zamanı sonuncular Lənkəran şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərlərində şəxsi axtarış keçirilərkən ondan aldıqları çəkilərdə və bükümlərdə narkotik vasitə heroinlər sellofan kəsiklərinə bükülmüş halda X7 əynində olmuş qısa şalvarın (şortun), X8 əynində olmuş şalvarın və X3 əynində olmuş şalvarın sol yan ciblərindən aşkar edilib qablaşdırılaraq götürülmüş, həmin gün davam etdirilmiş əməliyyat tədbirləri nəticəsində özü də saat 15:45 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sağ arxa cibindən qalan 4 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qr, 0,272 qr, 0,358 qr və 0,193 qr olmaqla, ümumi təmiz çəkisi 1,141 qram narkotik vasitə heroin və sağ yan cibindən narkotik vasitələrin satışında vasitə kimi istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 sentyabr 2022-ci il tarixdə onu yenidən saxlayıb onu Lənkəran Rayon Polis Şöbəsinə aparıb üzərinə baxış keçirmişlər. Axtarış zamanı onun üzərindən az miqdarda şüşə (metamfetamin) aşkar edilmişdir. 16 bükümdə heroin və elektron tərəzi ona aid olmamışdır. Ona az miqdarda şüşəni sənədləşirəcəklərini dediklərindən o razılaşıb sənədlərə imza etmişdir. O heç kimə heroin satmamışdır. İdrak Rəcəbovu, Malik Rəcəbovu və Cavidan Kərimzadəni çörək sexində işləyən fəhlə kimi tanıyır və narkoman olduqlarını bilir. Lakin, o həmin şəxslərə narkotik satmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində o psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən 15-20 ilə yaxındır ki, tüstüsünü udmaq yolu ilə qəbul etdiyini, metamfetamini Lənkəran şəhəri ərazisində müxtəlif yerlərdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən aldığını, sonuncu dəfə 29 iyun 2022-ci il tarixdə saat 14-15 radələrində Lənkəran şəhəri Böyük Bazar ərazisinə gedərək, əvvələrdə metamfetamin aldığı şəxsi görüb,həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında 1 büküm metamfetamin aldığını, həmin günü təxminən saat 18 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsi 14 nömrəli binanın yaxınlığında olarkən polis əməkdaşlarının onu saxlayaraq regional şöbəyə apardıqlarını, orada vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriklərini, axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olduğu halda təqdim etməsini təklif etdiklərini, o da istifadə məqsədi ilə aldığı, əynindəki qısaqol köynəyin sol döş cibində saxladığı 1 ədəd metamfetamin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etdiyini və bükümdə psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 20 manat Lənkəran şəhəri böyük bazar ərazisində üzdən tandığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirdiyini, metamfetaminin elektron tərəzində çəkildikdən sonra qablaşdırılaraq üzərinin möhürləndiyini və bu barədə protokol tərtib edildiyini, rpotokolu imzaladığını bildirmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, o, sonuncu dəfə 2 sentyabr 2022-ci il tarixdə saat 10-11 radələrində Lənkəran şəhəri böyük bazar ərazisinə gedib orada əvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manat qarşılığında dörd büküm heroin alaraq, istifadə etmək üçün üzərində saxladığnı və onu istifadə edən zaman artıq doza qəbul etməmək və narkotik vasitə satıcıları tərəfindən aldadılmamaq üçün 1 ədəd elektron tərəzi də aldığını, 02 sentyabr 2022-ci il tarixində günorta saat 15 radələrində yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində olarkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə apardıqlarını, orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirildiyini, onların təklifi ilə o üzərində olan 4 ədəd bükümdə heroini və elektron tərəzini onlara təqdim etdiyini və həmin bükümlərin elektron tərəzidə çəkilərək qablaşdıdırıldığını, sonrada bu barədə protokol tərtib edildiyini və o protokolu imzaldığını bildirmişdir.4 ədəd bükümündə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir və bükümlərdə içərisində “Kakos” olduğunu, şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmişdir, nəticədə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar edilmiş dörd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə bükümün çəkisi 1,29 qram olmuşdur. Sonra dörd bükümdə olan heroin və elektron tərəzi ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürləndiyini, həmçinin Lənkəran şəhər sakinləri X11, X10 və X4 heroin satmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi özünün ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, habelə əlavə şahid qismində dindirilmiş X13, X14 və X3 məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamailə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhərində yaşayan X5 qanunsuz olaraq, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. 29 iyun 2022-ci il tarixdə saat 18 radələrində X17 şəhəri, Z.Əliyeva küçəsində Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs və Əyyar Ağayevlə birlikdə saxlanılmışlar. Həmin şəxslərin üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, onları Polis şöbəsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki köynəyinin sol döş cibindən 1 ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim edərək, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə 0,99 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və təzyiq olunmamışdır. Dindirilmiş Şahid4 Şahid3 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi ev 78/10 mənzil, 35-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlayaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. 02 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində Təqsirləndirilən şəxs saxlnılaraq Lənkəran rayon Polis Şöbəsinə dəvət edilmiş, orada vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş. O da əynindəki şalvarının sağ yan cibində qoyduğu bir ədəd elektron tərəzi və şalvarının sağ arxa yan cibində qoyduğu 4 ədəd bükümdə olan heroini çıxarıb təqdim etmiş və bükümlərdə narkotik vasitə heroin olduğunu, onu Lənkəran şəhəri ərazisində öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilsədəondan hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Aşkar edilən 4 ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,29 qram olmuşdur. Daha sonra götürülmüş kütlə zərfə qoyulmuş, möhürlənərək, üzəri imzalarla təsdiq edilmiş və bu barədə protokol tərtib edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhər sakinləri X13, X14 və X4 narkotik vasitə heroin satması da müəyyən edilmişdir. Dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun qeyd etdiyi xüsusatları təsdiq etdi. Dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. 2 sentyabr 2022-ci il tarixdə Xəlil onların işlədiyi çörək sexindən çörək almışdır. Lakin o Xəlildən narkotik vasitə almamışdır. Onu polis əməkdaşları saxlayıb üzərində axtarış apararkən üzərindən bir bükümdə 0,25 qram çəkidə heroin aşkar olunduğunu qeyd etmişlər. Lakin həmin heroin ona aid deyil. İstintaq vaxtı onu Təqsirləndirilən şəxslə üzləşdirmişlər. Üzləşmə zamanı o Xəlildən narkotik vasitə aldığını təsdiq etmişdir. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. X13 ibtidi istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o narkotik vasitə olan heroini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul etdiyini, narkotik vasitələri Lənkəran şəhərində mərkəzi bazarda Xəlil adlı şəxsdən aldığını, 2 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan ərazidə Xəlildən 20 manata dörd bükümdə narkotik maddə heroin aldığnı, həmin günü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X13 ilə üzləşdirilərkən o ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. 2 sentyabr 2022-ci il tarixdə Xəlil gələrək sexin qapısını döyüb çörək istəmişdir. O da Xəlilə çörək satmışdır. Həmin vaxt Xəlil ona narkotik satmamışdır. O narkotikdən istifadə edir. Narkotiki tanımadığı şəxslərdən alır. İfadə verərkən və üzləşdirilərkən Xəlildən 20 manat verməklə narkotik aldığını təzyiq altında demişdir. Onun narkotik saxlamasına görə məhkəmədə işinə baxılaraq ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən şikayət verməmişdir. Lakin o Xəlildən narkotik vasitə almamışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində təxminən altı-yeddi aydır ki, narkotik vasitə olan heroindən hər gün istifadə etdiyini, narkotik vasitələri Lənkəran şəhərində mərkəzi bazarda Xəlil adlı şəxsdən aldığını, 2 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran şəhəri mərkəzi bazarda Xəlilin ona 20 manata dörd bükümdə narkotik maddə olan heroin satdığını, həmin gün Lənkəran Şəhər-Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan da görünür ki, Təqsirləndirilən şəxs ilə X14 üzləşdirilərkən o ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən X13 CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O həmin məhkəmə iclasında əməlini səmimi etiraf etmiş və 2 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 20 manat verməklə narkotik vasitə heroin almasını təsdiq etmişdir. Dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Xəlil onların işlədikləri çörək sexindən çörək almaq üçün sexə gəlib-gedir. Lakin o Xəlildən narkotik almamışdır. Polis əməkdaşları onu saxlayarkən onun üzərində narkotik olmamışdır. Basqı (təsir) altında o cür ifadə vermişdir. Əvvəllər Xəlildən narkotik almışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitə olan heroindən istifadə etdiyini, 2 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri, H.Abdullayev küçəsində Xəlildən dörd bükümdə kakos (heroin) deyilən narkotik vasitə alaraq, üzərində saxladığını, həmin dörd bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olduğunu, narkotik vasitələrin satış ilə məşğul olmadığını, həmin günü, yəni 02 sentyabr 2022-ci il tarixdə Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanıldığını bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X6 üzləşdirilərkən o ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 29 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə, saat 18:30 radələrində BNMİ-nin CBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsi, 78/14 nömrəli binanın yaxınlığında olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qısaqol köynəyin sol döş cibindən 1 ədəd bükümündə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Metamfetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,99 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir. Həmin kütləni Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan 02 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 15:45 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ arxa cibindən 04 ədəd bükümündə narkotik vasitə heroin və əynindəki şaılvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,29 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni 20 manat qarşılığında 4 büküm halında Lənkəran şəhəri ərazisində İlyas adlı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin qeydə alındığı disklərdə olan görüntülər nümayış etidirilərkən də protokollarda qeyd edilən xüsusatların videogörüntülərlə üst-üstə düşməsi təstiq olunur. Cinayət işinin materiallarında olan 02 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilmişdir ki, X6 üzərindən 4 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd narkotik vasitə olan heroinin çəkisi 1,73 qram olmuşdur. Şifahi sorğu zamanı Cavidan Kərimzadə bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhəri, H.Abdullayev küçəsində Xəlil adlı şəxsdən ümumilikdə 20 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolundan görünür ki, 02 sentyabr 2022-ci il tarixli, şəxsi axtarış zamanı X7 üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, İdrak Rəcəbov həmin narkotik vasitəni özünə məxsus olduğunu, Lənkəran şəhər sakini Xəlil adlı şəxsdən 20 manat qarşılığında aldığını və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolundan görünür ki, 02 sentyabr 2022-ci il tarixli, şəxsi axtarış zamanı X8 üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Malik Rəcəbov həmin narkotik vasitəni özünə məxsus olduğunu, Lənkəran şəhər sakini Xəlil adlı şəxsdən 20 manat qarşılığında aldığını və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli 19/752 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,918 qram olan maddə ağ rəngli kristal formada olan maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 19/921 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram, 0,272 qram, 0,358 qram, 0,193 qram; ümumi təmiz çəkisi 1,141 qram olan eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza 03 sentyabr 2022-ci il tarixli 19/920 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ X3 təqdim etdiyi bükümlər” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,393 qram, -0,553 qram, -0,333 qram, -0,278 qram, ümumi təmiz çəkisi -1,557 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş 03 sentyabr 2022-ci il tarixli, 19/923 saylı rəyində göstərilmişdir ki, X7 üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,238 qram; 0,397 qram; 0,251 qram; 0,275 qram ümumi təmiz çəkiləri- 1,161 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 19/924 saylı rəyində göstərilmişdir ki, X8 üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram; 0,424 qram; 0,182 qram; 0,457 qram ümumi təmiz çəkiləri- 1,393 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 sentyabr 2022ci il tarixli 19/948 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə olan narkotik vasitə heroinlə X13, X14 və X3 üzərilərindən çıxan ayrıayrılıqda 4 bükümdə, ümumi 16 büküm təşkil edən narkotik vasitə heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 iyul 2022ci il tarixli 749 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 sentyabr 2022-ci il tarixli 921 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına 20 avqust 2022-ci il tarixli məktubla verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs Lənkəran şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs psixotrop maddələr qəbul edir, üzərində aşkar edilmiş psixotrop maddəni əldə etməkdə məqsədi istifadə etmək olmuşdur. Onun psixotrop maddə aldığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına 17 noyabr 2022-ci il tarixli raportla verilmiş cavabdan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs - Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, bina 78/10, mənzil 35-də qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini satış, üzərindən aşkar edilmiş elektron tərəzini isə satış zamanı narkotik vasitənin və ya psixotrop maddənin çəkisini müəyyən etmək məqsədilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhər sakinləri Malik Rəcəbov, İdrak Rəcəbov və Cavidan Kərimzadəyə narkotik vasitə heroin satdığı müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə aldığı, Lənkəran şəhər sakini, İlyas adlı şəxsin şəxsiyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 1 ədəd sellofan bükümündə ümumi təmiz çəkisi 0,918 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,868 qram qalığı, 16 ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli ümumi təmiz çəkisi 5,252 qram olan olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 4,572 qram qalığı, 1 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran Şəhər Psixatriya Xəstəxanasının arayışından məlum olur ki, Quliyev X9 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyat müvəkkili Şahid3 29 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 02 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında ” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə saat 14-15 radələrində Lənkəran şəhəri Böyük Bazar ərazisinə gedərək, əvvələr də metamfetamin aldığı şəxsi görüb, həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında 1 büküm metamfetamin almışdır. Həmin günü təxminən saat 18 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsi 14 nömrəli binanın yaxınlığında olarkən polis əməkdaşlarının onu saxlayaraq regional şöbəyə aparıb, orada vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirmişlər. Polis əməkdaşlarının təklifi ilə o köynəyin cibində saxladığı 1 ədəd metamfetamin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra da onu 234.1-ci maddəsi ilə zaminə buraxmışlar. Sonra da 2 sentyabr 2022-ci il tarixdə onu yenidən saxlayıb onu Lənkəran Rayon Polis Şöbəsinə aparıb üzərinə baxış keçirmişlər. Axtarış zamanı onun üzərindən az miqdarda şüşə (metamfetamin) aşkar edilmişdir. 16 bükümdə heroin və elektron tərəzi ona aid olmamışdır. Ona az miqdarda şüşəni sənədləşirəcəklərini dediklərindən o razılaşıb sənədlərə imza etmişdir. O heç kimə heroin satmamışdır. İdrak Rəcəbovu, Malik Rəcəbovu və Cavidan Kərimzadəni çörək sexində işləyən fəhlə kimi tanıyır və narkoman olduqlarını bilir. Lakin o həmin şəxslərə narkotik satmamışdır. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edidiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, işdə olan vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, həmin istintaq hərəkətlərinin qeydə alındığı məhkəmədə nümayiş etdirilən video görüntülərin baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları ilə üst-üstə düşməsi, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsi və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, şahidlər Malik Rəcəbov, İdrak Rəcəbov və Cavidan Kərimzadənin məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı vəkillərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adları qeyd edilən şəxslərlə üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, Təqsirləndirilən şəxs Malik Rəcəbov, İdrak Rəcəbov və Cavidan Kərimzadəyə 2 sentyabr 2022-ci il tarixdə ayrı ayrılıqda hər birinə bir bükümdə satdığı narkotik vasitə heroinlərin videoçəkilişlə aşkar edilərək götürülməsini təsdiq edən şəxsi axtarış və götürmə aparılması protokolları, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərin eyni tərkibli olması, habelə ondan aşkar edilərək götürülmüş heroinlərlə Malik Rəcəbov, İdrak Rəcəbov və Cavidan Kərimzadədən aşkar edilərək götürülmüş heroinlərin eyni tərkibli olması və Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin üzərində heroinin izlərinin olması barədə ekspertiza rəyləri, onun narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilən əməliyyat məlumatının olması barədə təqrirlə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməli tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsini işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmədə dindirilmiş şahidlər İdrak Rəcəbov, Malik Rəcəbov və Cavidan Kərimzadə ifadələrində çörək sexində işlədiklərini və Təqsirləndirilən şəxs tanıdıqlarını, tutulduqları gün Xəlilin onların işlədikləri sexə gəldiyini təsdiq etsələr də ondan narkotik vasitə heroin almadıqlarını bildirmişlər. Məhkəmə onların bu ifadələrini özlərini və biri digərini müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş vəkillərin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti protokollarında İdrak Rəcəbov, Malik Rəcəbov və Cavidan Kərimzadənin üzərinə şəxsi axtarış keçirilərkən hər birinin üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüş və sorğu edilərkən həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs müəyyən məbləğdə pul verməklə öz istifadələri üçün aldıqlarını təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində də qeyd edilən xüsusatlar təsdiq edilmişdir. Eyni zamanda məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər İdrak Rəcəbov, Malik Rəcəbov və Cavidan Kərimzadədən aşkar edilərək götürülmüş heroinlərlə eyni tərkiblidirlər. Bundan başqa Lənkəran Rayon Məhkəməsinin X7 barəsində çıxarmış olduğu 08 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən İdrak Rəcəbov CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum olunmuşdur. O həmin məhkəmə iclasında ifadə verərək 4 bükümdə narkotik vasitə heroini 20 manat verməklə Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1966-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/10, mənzil 35-də qeydiyyatda olmaqla yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən şəxs Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 sentyabr 2022-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistka İnformasiya İdarəsinin verdiyi tələbnamədən, məhkəmə hökmünü surətindən və Lənkəran İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Quliyev X9 Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq cəzadan azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinəəsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinəəsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Quliyev X9 Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq cəzadan azad olunmuş və qeyd edilən amnistiya aktına əsasən onun məhkumluğu ödənilmişdir, ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəylərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən toksikomaniyadan və narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 0,868 qram mtafemtamin, 4,572 qram heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44,51-2, 132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən başlayaraq 1 iyul 2022-ci il tarixə kimi həbsdə qaldığı 3 (üç) gün ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin başlanğıcı 2 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan və narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 0,868 qram mtamfetamin, 4,572 qram heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 65 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar