Məhkəmə qərarları › İş №1(099)-139/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-139/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-139/2024 19.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X6 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1954-cü ildə Sabirabad rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Biləsuvar şəhəri Təyyarə meydanında yerləşən ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən ayrı-ayrılıqda 1,149 qr, 0,348 qr, 0,341 qr olmaqla ümumilikdə 1,838 qr çəkidə heroini, ayrı-ayrılıqda 12,520 qr, 0,785 qr, 0,874 qr, 0,892 qr, 0,192 qr, 0,339 qr, 0,190 qr, 0,258 qr, 0,132 qr olmaqla ümumilikdə külli miqdarda 16,182 çəkidə narkotik vasitə heroini və 40 ədəd olan qəhvəyi rəngli dairəvi formalı, hər biri çəkisi 0,04 qr olmaqla ümumilikdə 1,6 qr metodon həblərini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, həmçinin o, istintaqa məlum olmayan tarixdə mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını Biləsuvar şəhəri Təyyarə Meydanında yerləşən yaşadığı evin həyətində torpaq sahəsində qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda 3 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, Biləsuvar Rayon Polis Şöbəsinin (bundan sonra – Biləsuvar RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 06 iyun 2023-cü il tarixdə saat 18:05 dəqiqədə Biləsuvar şəhəri, Təyyarə Meydanında yerləşən X3 məxsus marketin yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman 1,838 qr çəkidə heroin üç ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüdə olmaqla əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən, eləcə də həmin tarixdə saat 20:10-dan etibarən Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evdə və həyətyanı sahəsində axtarış keçirilərkən 16,182 çəkidə heroin doqquz ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüdə və 40 ədəd metodon həbləri “Teraflu” dərman paketində olmaqla, mətbəxin sağ küncündə olan kauçuk səbətin içərisindən və evin sağ yan tərəfindən ümumilikdə 3 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 350,0 qram olan əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə axşam saatlarında siqareti qurtardığı üçün siqaret almaq məqsədi ilə evindən çıxıb mağazaya gedərkən yolda maşın saxlamış, polislər onu maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində ondan siqaretini almış, sonra isə ona geri qaytarmışlar. Sonra siqaret qutusuna baxarkən içindən narkotik çıxmışdır. Lakin o, bu yaşınadək narkotikdən istifadə etməmiş, heç vaxt da narkotik satışı ilə məşğul olmamışdır. Sonra isə polis əməkdaşları ondan əvvəl evinə getmiş, evinin qapısını qırıb evinə də narkotik vasitə qoymuşlar. Evində axtarış keçirilərkən də evindən aşkar edilmiş narkotik vasitələr və dərman həbləri ona məxsus olmamış, həmin kütlələri evinə polis əməkdaşları qoymuşlar. O, həyatı boyu davakar olmuş, davranışları sərt olmuş, lakin heç vaxt narkotik istifadə etməmiş və satmamışdır. Aşkar olunmuş narkotiklərdə onun əl izi də ola bilməz. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən və evinə baxış keçirilərkən videoçəkilişdən istifadə edilmiş, həmin vaxt da həyətindəki narkotik kollarının ona aid olduğunu demiş, heroin və dərmanların isə ona aid olmadığını bildirmişdir. Onun üzərindəki siqaret qutusunu polislər götürmüş, yarım saat sonra isə ona qaytarmışlar. O, da bildirmişdir ki, siqaret qutusuna və evinə heroinləri və dərmanları “siz” yəni polis əməkdaşları qoymuşlar. Polis əməkdaşları ilə aralarında əvvəllər ziddiyyətlər olmuşdur, belə ki, rəis müavini Elnur onu bir neçə dəfə yanına çağırıb müxtəlif sözlər demiş, oğlanlarından danışmış, lakin o, Elnurun dediklərini etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hədə-qorxu gəlinmiş, lakin o, həmişə öz fikirlərini demişdir, lakin ona qarşı fiziki zor tətbiq edilməmişdir. Onda olan siqaret qutusunun içində 3 ədəd siqaret qalmışdır. Siqaret qutusunu ondan Elnur və Aqşin götürmüşdür. Onu polis şöbəsinə günorta saat 16 radələrində aparmışlar və təxminən 1 saat sonra üzərinə şəxsi axtarış keçirilmişdir. İstintaq zamanı ifadələrinə imza etməmişdir. O, evində tək yaşayır. Evinə Aqşinin dəstəsi girmiş, qıfılı sındırmış, sonra isə məftillə qapını bağlamışlar. Onu Lənkəran rayonuna narkoloji ekspertizadan keçirmək üçün aparmışlar və onun narkotik istifadə etmədiyi nəticəsinə gəlinmişdir. Həyətində olan bitkilərdən xəbəri olmamış, onlara qulluq etməmişdir. Onun iki oğlu da polis tərəfindən həbs edilmişdir. Oğlunun birini bir il üç ay əvvəl, digərini isə o, tutulmamışdan iki ay əvvəl tutmuşlar. Oğlunun birini Azərbaycan Respublikası CM-in 234.4.3, digərini isə həmin məcəllənin 234.1-ci maddəsi ilə tutmuşlar. Həmin kollar həyətindən çıxdığı üçün ona məxsus olduğunu bildirmişdir, lakin həmin kollardan xəbəri olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə apararkən hakimə də hazırda göstərdiyi formada bildirmişdir. Lakin çətənə kollarının yarpaqlarından istifadə etmədiyini desə də həmin bitkilərin həyətindən çıxmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 iyun 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı və 07 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində verdiyi ifadəsində məhkəmə istintaqında verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin hazırkı iclasda dediklərindən fərqli olaraq qeyd etmişdir ki, həyətində aşkar edilmiş 03 ədəd çətənə kolu ona məxsusdur, özü əkib becərmiş, həmin kolları əkməkdə satış məqsədi olmamışdır. Həmçinin həmin ifadəsində üzərinə və evinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulması barədə hər hansı qeydlər etməmişdir. Təqsirləndirilən şəxs elan edilən ifadəsini qismən təsdiq etmiş, narkotik vasitədən istifadəsi ilə bağlı yazılanları təsdiq etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sonuncu həmin məhkəmə iclasında verdiyi izahatında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, çətənə bitkilərinin yarpaqlarından istifadə etdiyi üçün həmin bitkinin toxumlarını Biləsuvar şəhərində yerləşən evinin həyətində torpaq sahəsində əkib, onlara qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. Üzərində və evində narkotik vasitə və qanunsuz dərman preparatı olmamışdır. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən onun evinə yerləşdirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı andan hal-hazıradək ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq tətbiq olunmamışdır. Lakin polis əməkdaşları tərəfindən qanunsuz ittiham edilməsinə etiraz məqsədi ilə sənədlərə imza etməkdən imtina etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. Biləsuvar rayonu Təyyarə meydanında yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə CAB-ın əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında 06 iyun 2023cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında Şahid2 tərəfindən qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 06 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu Təyyarə meydanında yolla piyada hərəkət edən zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra həmin şəxs ərzaq mağazasının yaxınlığında saxlanılmış, polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Alcatel one touch” markalı mobil telefonu, sağ yan cibindən isə özünə məxsus “Milano” markalı siqareti təqdim etmiş və üzərində narkotik vasitə olmadığını bildirmişdir. “Milano” markalı siqaret qutusunun içərisinə baxıldıqda üzərindən üç ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmiş, bükülülər açılıb baxıldıqda içərisində heroinə bənzər narkotik vasitə olması müəyyən edilmişdir. Daha sonra onun razılığı ilə Biləsuvar şəhəri Təyyarə meydanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus qanunla qadağan edilmiş heç bir əşya və narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilərkən evdən iki ədəd “Teraflu” dərman paketinin içərisində 40 ədəd həbin olması müəyyən olunmuşdur. Həmçinin evdə olan səbətin içərisində şəfaf rəngli sellofanda 9 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülülər açılıb baxıldıqda içərisində heroinə bənzər narkotik vasitə olması müəyyən edilmişdir. Bundan sonra fərdi yaşayış evinin həyətinə baxış keçirilməyə başlanılmış, evinin sağ yan tərəfində 3 ədəd tərkibində narkotik maddə olan çətənəyə bənzər bitki kolları olması, həmin çətənəyə bənzər bitki kollarının ətrafının alaqlardan təmizlənməsi və aqrotexniki qulluq edilməsi müəyyən olunmuşdur. O, həmin kolların çətənə kolu olmasını və özünə məxsus olmasını bildirmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs marketin yaxınlığında saxlamışlar, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı hədəqorxu gəlinməmiş, onun siqaret qutusuna və evinə heç kim narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxs mənzilinə gələrkən həyətinin qapısını özü açıb, belə ki, qapısını necə bağlayıbsa elə açıb. Əgər onun qapısında qıfıl olmuşsa və onu polis əməkdaşları sındırmışlarsa bu barədə videoçəkiliş zamanı deyə bilərdi, lakin deməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda kifayət qədər məxfi məlumatlar vardır. Lakin ondan narkotik alan şəxslər Camaldan qorxduqları üçün onun üzünə qarşı ifadə vermirlər. Təqsirləndirilən şəxs oğlanlarından biri narkotik vasitələrin satışı ilə məhkum olunmuş və hazırda həbsdədir. Digər oğlu isə narkotik vasitələrin istifadəsinə görə həbs olunmuş, hal-hazırda isə cəzasını bitirib azadlığa çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən çıxan heroin və metadonların ona aid olmadığını, lakin narkotik kollarının həyətindən çıxdığı üçün ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik istifadə etdiyini bildirmişdir, Camalın evinə Camalla birlikdə getmişlər və onun evinə hər hansı şəxs tərəfindən narkotik vasitə qoyulmasını görməmişdir.Evə axtarış keçirilərkən Təqsirləndirilən şəxs qapını özü açmışdır. Camalın qızları və digər qohumları onun yaşadığı evin ətrafında yaşamış, axtarışa gedərkən də həmin şəxslər evin ətrafında toplaşmışlar. Belə olan halda axtarışdan əvvəl onun evinə heç kim gedə bilməzdi. Təqsirləndirilən şəxs 90-cı illərdən tanıyır və onun narkotik istifadəçisi olduğunu, cinayətə meyilli olmasını bilir. Onun qızları da aktiv insanlardır və onlar icazə verməzlər ki, Camalın iştirakı olmadan hər hansı polis əməkdaşı onun evinə girib ora narkotik qoysun. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün hazırda belə formada ifadə verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələri əldə etməsinə, saxlamasına, istifadəsinə və satmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 06 iyun 2023-cü il tarixli raport, “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkəti, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Biləsuvar rayon Təyyarə Meydanı deyilən ərazidə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş video çəkilişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .6-8; 12; 42-44) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 35) - “Şəxsi axtarış və götürmə aparılması barədə” 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Alcatel one touch” markalı mobil telefonu, sağ yan cibindən isə özünə məxsus “Milano” markalı siqareti təqdim etmiş və üzərində narkotik vasitə olmadığını bildirmişdir. “Milano” markalı siqaret qutusunun içərisinə baxıldıqda üzərindən üç ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülülərin içərisində heroinə bənzər narkotik vasitə olması müəyyən edilmişdir. (i.v. 42-44 ) -“baxış keçirilməsi” haqqında 06 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus qanunla qadağan edilmiş heç bir əşya və narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra yaşadığı evin mətbəx otağına baxış keçirilən zaman, mətbəxin sağ küncdə olan kauçuk səbətin içərisinə yığılmış sellofanlar olması müəyyən edilmişdir. Həmin səbətə baxıldıqda bir ədəd elektron tərəzinin olması aşkar edilmişdir. Səbətin içərisinə baxıldıqda iki ədəd “Teraflu” dərman paketi olması, həmin paketlər açılıb baxıldıqda üzərinə “F M-40” yazılmış 40 ədəd həbin olması müəyyən olunmuşdur. Səbətin içərisində şəfaf rəngli sellofanda 9 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülülərin içərisində heroinə bənzər narkotik vasitə olması müəyyən edilmişdir. Evin mətbəxindən aşkar edilmiş 9 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü 1 ədəd paketə qoyularaq qablaşdırılmışdır. Bundan sonra fərdi yaşayış evinin həyətinə giriş darvazasından saat əqrəbi istiqamətində baxış keçirilməyə başlanılmışdır. Evinin sağ yan tərəfində 3 ədəd tərkibində narkotik maddə olan çətənəyə bənzər bitki kolları olması, həmin kollardan birincisinin təxminən 30 sm hündürlüyündə, ikincisinin təxminən 1 metr hündürlüyündə, üçüncüsünün isə təxminən 70 sm hündürlüyündə olması, həmin çətənəyə bənzər bitki kollarının ətrafının alaqlardan təmizlənməsi və aqrotexniki qulluq edilməsi müəyyən olunmuşdur. O, həmin kolların çətənə kolu olmasını və özünə məxsus olmasını bildirmişdir. Həmin narkotik vasitələr ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Habil Məmmədov və digər iştirakçılar imzalamışlar. (i.v. 45-53) - 06 iyun 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş tərkibində narkotik maddə olan çətənəyə bənzər 3 bitki kolunun çıxarıldığı yer münbit torpaqdır və çətənə bitkisinin becərilməsi üçün münbit şərait vardır. Narkotik vasitələrin əkildiyi torpaq nəmlidir. Həmin kolların çıxarıldığı yerə arotexniki qulluq edilmiş və gübrə verilmişdir. Kolların əkildiyi yer həyətyanı sahənin digər hissələrindən fərqli olaraq alaq otlarından təmizlənmiş, bu da həmin bitkilərə xüsusi qulluq edilməsini göstərir. (i.v.54) -Məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 19/620 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində heroinə bənzər maddələr olan 3 bükülü.... " sözlər və imzalar olan zərfdəki, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,149 qr; -0,348 qr; - 0,341 qr: ümumi təmiz çəkisi: -1,838 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, T.Meydanında yerləşən evinə keçrilən axtarış zamanı aşkar edilmiş içərisində heroinə bənzər narkotik vasitə olan 9 ədəd bükülü və 40 ədəd üzərində F/M40 yazılmış həb......” sözlər və imzalar olan zərfdəki, 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -12,520 qr: -0,785 qr: -0,874 qr: -0,892 qr: 0,192 qr: -0,339 qr: -0,190 qr: -0,258 qr: 0,132 qr: ümumi təmiz çəkisi: 16,182 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindirlər; 2 ədəd dərman paketindəki ümumi sayı: 40 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biri eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -1,6 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşayış evinin həyətindən aşkar olunmuş 3 ədəd çətənə koluna bənzər bitki kolu olan bağlama.....” sözlər və imzalar olan kisədəki, ümumi sayı 3 (üç) ədəd, ümumi təmiz çəkisi: -350,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkiləridir. (i.v. 62-65). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 84-85) -Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 4(022)-37/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmışdır. (i.v.110-111) - Biləsuvar Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 5(022)-187/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 06 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v.121) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 iyul 2023-cü il tarixli, 755 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 164) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində və evində hər hansı narkotik vasitənin olmaması, narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmaması, üzərinə və evinə polis əməkdaşları tərəfindən narkotik vasitə heroin və metadon yerləşdirilməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolu, protokola əlavə edilmiş videoçəkiliş, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs ilk öncə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilərkən şifahi nitqində, daha sonra dövlət vəsaiti hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadələrində üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını bildirsə də həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən onda olan siqaret qutusunun içərisinə qoyulması barədə hər hansı fikir bildirməmiş, məhkəmə istintaqında siqaret qutusunun ondan alınıb təxminən 30 dəqiqə sonra ona qaytarıldığını bildirsə də ibitidai istintaq zamanı verdiyi izahat və ifadələrində belə qeydlər etməmişdir. Halbuki, ibtidai istintaq zamanı istintaq hərəkətlərinə əlavə edilmiş videoçəkiliş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aktiv şəkildə özünü müdafiə etməyə çalışmış, polis əməkdaşlarının ona hər hansı təzyiq etmədiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluq edilməsi onun aktiv şəkildə özünü müdafiə etməsi halı ilə istisna olunur. Məhkəmə belə hesab edir ki, əgər məhkəmə istintaqında qeyd etdiyi kimi Təqsirləndirilən şəxs siqaret qutusu ondan alınıb təxminən yarım saat sonra ona qaytarılsaydı Təqsirləndirilən şəxs bu fikirləri mütləq şifahi nitqində göstərərdi. Həmçinin Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə heroin və metadonların da polis əməkdaşları tərəfindən o, polis şöbəsində olarkən onun evinə qoyulmasını bildirsə də bu halı hər hansı sübutla təsdiq edə bilməmiş, əksinə məhkəmə istintaqı zamanı şahid Biləsuvar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs evinin qonşuluğunda qızları yaşamış, onun qızları Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə əvvəlcədən məlumatlı olmuş, Təqsirləndirilən şəxs polis şöbəsində olarkən qızları da həmin evə nəzarət etmişlər və onların orada olduğu halda hər hansı polis əməkdaşı evdə axtarışdan əvvəl evə daxil olub həmin yerə hər hansı heroin və metadon yerləşdirə bilməzdi. Təqsirləndirilən şəxs evində axtarış keçirilərkən də polis əməkdaşları Təqsirləndirilən şəxs sonra onun evinə girmiş və sonuncunun iştirakı ilə evindən heroin və metadon həbləri tapılmışdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə fikizi-kimyəvi və məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/620 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 12 büküm ümumi təmiz çəkisi 18.020 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bundan əlavə Təqsirləndirilən şəxs evinə videoçəkiliş vasitəsi ilə axtarış keçirilərkən şifahi nitqində həyətyanı sahəsində aşkar edilmiş çətənə kollarının özü tərəfindən əkilib qulluq edildiyini və həmin bitkinin yarpaqlarından istifadə etdiyini bildirmiş, eləcə də polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və psixoloji təzyiq göstərilmədiyini qeyd etmişdir. Həmçinin həmin vidoeçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitki kollarının özü tərəfindən əkildiyini bildirsə də həmin bitkiləri polis əməkdaşlarına könüllü qaydada təqdim etməmiş, evində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmiş, lakin həmin kollar polis əməkdaşları tərəfindən onun həyətyanı sahəsində aşkar edildikdən sonra və həmin bitkilər torpağa əkili halda olduğundan həmin bitkilərin özünə aid olmasını deməyə məcbur olmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərinə və evinə hər hansı polis əməkdaşı tərəfindən narkotik vasitə qoyulmamış, Təqsirləndirilən şəxs narkotik satması barədə Biləsuvar RPŞ-nin X2 kifayət qədər məxfi əməliyyat məlumatları olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin bir hissəsini (narkotik tərkibli btikilərin onun tərəfindən əkilib becərilməsi hissəsini) inandırıcı hesab edir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qalan hissəsini və məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə yuxarıda qeyd edilən 24 dekabr 2021-ci il tarixli qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi bir neçə müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirmiş və həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə və saxlama, həmin Məcəllənin 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, heroin və metadon isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 02 ədəddən (4 hissə) başlayır. Heroinin külli miqdarının (qramla) isə aşağı həddi 02 qram, metadonun külli miqdarının aşağı həddi isə 1,6 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 18.020 qram olmaqla külli miqdar təşkil edən heroini və təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram olmaqla külli miqdar olan 40 ədəd metadon həblərini qanunsuz əldə etməsi, üzərində və evində saxlaması Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, bundan əlavə 03 ədəd olmaqla xeyli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 18.020 qram olmaqla külli miqdar təşkil edən heroini ümumilikdə 12 bükümə bölərək üç bükümünü üzərində, 9 bükümünü evində saxlaması, eləcə də narkotik vasitələrin çəkilib xırda bükümlərə bölünməsində istifadə edilən elektron tərəzini evində saxlamsı hərəkətlərində həmin maddələrə münasibətdə satış məqsədini tam təsdiq edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan heroin və metadon həblərini qanunsuz olaraq əldə edib, saxlaması onun məhz həmin kütləni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı qismən etirafedici (03 ədəd çətənə kollarını kultivasiya etməsi hissəsi) ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 06 iyun 2023-cü il tarixli protokollar, həmin istintaq hərəkətlərinə əlavə edilmiş videogörüntülər, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə fiziki kimyəvi və bioloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 19/620 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, metadon həbləri, çətənə kolları və elektron tərəzi ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ümumilikdə 6 dəfə məhkum olunub cəzalandırılsa da hazırkı cinayəti törətdiyi vaxt məhkumluğu olmamışdır. (i.v. 117-120) -Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Rəhimov X5 şəhəri, A.Qasımov küçəsi nömrəsiz evdə tək yaşayır. Heç bir yerdə işləmir, ictimai yerlərdə səs-küy salaraq insanları narahat edir, onu tanıyanlar ondan narazılıq edirlər. (i.v. 174- 175). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ahıl yaşında olmasını, Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halın və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 iyun 2023-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan 03 ədəd çətənə bitkisi, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 17,660 qram heroin, ekspert tədqiqatından sonra ümumi qalıq sayı 36 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan 03 ədəd çətənə bitkisi, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 17,660 qram heroin, ekspert tədqiqatından sonra ümumi qalıq sayı 36 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi və üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar