Məhkəmə qərarları › İş №1(099)-14/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-14/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-14/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədova Gülər Fəxrəddin qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1957-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan, hazırda Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 23 B, mənzil 30 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının ortalarında İran İslam Respublikasında (bundan sonra İİR) müəyyən olmayan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyəti müəyyən olmayan üzvü tərəfindən müəyyən edilməmiş mənbədən əldə edilmiş külli miqdar təşkil edən 785,0 qram heroin narkotik vasitəsi və 199,2 qram metamfetamin psixotrop maddəsini qrupun şəxsiyyəti məlum olmayan üzvündən bir ədəd sellofan bağlamada qanunsuz olaraq əldə etmiş, məddələrin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Kamaz 5410” markalı, 68BG163/68ZA020 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunun alt hissəsində olan, sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhədə olan boşluğun sağ tərəfində yerləşdirərək saxlamış, İİR-dan Azərbaycan Respublikasına daşımış, 25 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin vaxt gömrük yoxlaması zamanı yuxarıda qeyd olunan külli miqdarda heroin narkotik vasitə və metamfetamin psixotrop maddəsi gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı qismən öz ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə aşağıdakı qaydadada sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ittiham olunan maddələrlə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz 5410” markalı, 68BG163/68ZA020 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İİR-dan tranzit keçməklə Naxçıvandan Bakıya “Sirab” suyu daşımaqla məşğul olur. 24 sentyabr 2020-ci il tarixdə Babək rayonunun Sirab kəndində yerləşən Sirab zavodundan “sirab suyu” yükünü yük avtomobilinə yükləmiş, günorta saatlarında Culfa gömrük postundan keçməklə İİR-ın Culfa şəhərinə daxil olmuşdur. Həmin gün saat 16 radələrində İranda Siyarut adlanan ərazidə idarə etdiyi yük avtomobilini saxlamış və yanacaq vurmuşdur. Yanacaq vurduqdan sonra yoluna davam etmiş və çay içmək üçün X3 adlanan ərazidə dayanmışdır. İİR ərazisində dayandığı müddətlərdə idarə etdiyi yük maşınını nəzarətsiz buraxmırmış və yola davam etməmişdən qabaq nəqliyyat vasitəsinin ətrafına dövr edərək nəzarət edirmiş. Həm də nəqliyyat vasitəsinin təkərləri köhnə olduğundan onlara da baxırmış ki, onu yolda qoymasın. Çay içdikdən sonra yenidən yoluna davam etmiş və 25 sentyabr 2020-ci il tarixdə gecə saat 00:10-da İranın Parsabad və Aslandüz şəhərlərinin arasında yerləşən polis postunda yük avtomobilini saxlamış və içərisində yatmışdır. 25 sentyabr 2020-ci il tarixdə saat 05:30-da yuxudan oyanmış və yoluna davam etmişdir. Davam etməzdən qabaq yenə nəqliyyat vasitəsinin ətrafına dövr edərək nəzarət etmişdir. İran gömrüyünə çatmamış yanacaq vurmaq məqsədi ilə yük avtomobilini saxlamış, yanacaq çəninə 40 litr dizel yanacağı vurmuşdur. 20 litr dizel yanacağını isə plastik qaba doldurmuş və yük avtomobilinin kabinkasına qoymuşdur. Daha sonra İran gömrüyünə daxil olmuşdur. İİR gömrüyünün əməkdaşları xidməti it vasitəsilə idarə etdiyi yük maşınını yoxlamışlar. Hətta onların pulu ilə 10 min tümən də pul vermişdir ki, maşını ətraflı yoxlasınlar. Onlar yoxlayıb təmiz olduğunu bildirmişdirlər. Bundan sonra 20 litr dizel yanacağının olduğu plastik qabı avtomobilin qoşqusunun alt hissəsində olan sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhənin içərisindəki boşluğa qoymuşdur. Yenidən həm metal lövhəyə və nəqliyyat vasitəsinin digər yerlərinə baxaraq nəzarət etmişdir. Çünki, mütəmadi olaraq sürücü yoldaşlarından eşidirmiş ki, İİR ərazisində Azərbaycanlıların idarə etdiyi nəqliyyat vasitələrinə narkotik vasitələr atırlar. Bundan sonra apardığı yükə aid sənədləşmə işləri ilə məşğul olmuş, buna görə də təqribən 15-20 dəqiqə ərzində maşını nəzarətsiz qalmışdır. Bu vaxt onunla nəqliyyat vasitəsinin arasında təxminən 150-200 metr məsafə var imiş və qeydiyyat otağına daxil olduğundan maşını müşahidə etmək imkanı yox imiş. Sənədləşmə aparıldıqdan sonra o, avtomaşına əyləşib, saat 11 radələrində Azərbaycana keçərək “Biləsuvar” gömrük postuna daxil olmuşdur. İdarə etdiyi yük avtomobilinə gömrük əməkdaşları tərəfindən xidməti itin tətbiqi ilə baxış keçirilmişdir. Baxış zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə avtomobilin qoşqusunun alt tərəfinə reaksiya vermişdir. Bundan sonra avtomobil yoxlanılmış və avtomobilin qoşqusunun alt hissəsində olan sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhənin içərisindəki boşluqdan bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin bağlama açılaraq baxış keçirilmiş və bağlamanın içərisində qara rəngli sellofan torbaya bükülmüş, üzərləri yapışqanlı lentlə sarınmış iki ədəd bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlərə də açılaraq baxış keçirilmiş, birinci bükümün içərisində açıq qəhvəyi rəngli maddə aşkar edilmiş, ikinci bükümə ağ rəngli, kristallik formada maddə aşkar edilmişdir. Bu zaman o, şifahi olaraq həmin bağlamalarda olan maddələrin nə olduğunu, həmin maddələrin idarə etdiyi yük avtomobilində gizlədilməsindən məlumatsız olduğunu bildirmiş, aşkar edilmiş maddələri İranda olduğu müddətdə kiminsə gizlədə biləcəyini və gömrük sərhədindən keçdikdən sonra isə ölkə ərazisində hər hansı bir yerdə dayandıqda gizlicə gəlib götürə biləcəklərini ehtimal etdiyini qeyd etmişdir. Həmin vaxt o, həyəcanlanmış, şəkəri qalxmış, özünü narahat hiss etmişdir. O, orada gömrük əməkdaşlarına bildirmişdir ki, sonuncu dayanacağı yer Bakı şəhərindəki “Meyvəli” adlandırılan bazar olacaqdır. Bundan sonra onun maşınına narkotik atan şəxslərin ifşa olunması məqsədilə gömrük əməkdaşları şərti olaraq bir ədəd bağlama hazırlayıb avtomaşından narkotikə bənzər maddələr aşkar olunan yerə yerləşdirmişlər və o, gömrük əməkdaşları ilə birlikdə Biləsuvardan Bakıya, Meyvəli bazarına gəlmişdir. Saat 17 radələrində Bakı şəhərinə çatdıqdan sonra o, nəzarət altında avtomobilini Bakı şəhərindəki “Meyvəli” bazar deyilən yerin qarşısından Xocahəsən qəsəbəsinə gedən yolun kənarında yük avtomobillərinin dayanacağı üçün nəzərdə tutulmuş yerdə saxlamışdır. Lakin onun avtomobilinə heç kəs yaxınlaşmamış və daha sonra onu Cənub Ərazi Baş Gömrük İdarəsinə gətirmişlər. Yük avtomobilindən aşkar edilmiş maddələrin nə olduğu barədə heç bir məlumatı yoxdur. Yalnız Biləsuvar gömrük postunda yoxlanılan zaman ona məlum olmuşdur ki, avtomobilinin qoşqusunun alt hissəsində metal lövhənin içərisindən aşkar edilmiş bağlamada narkotik vasitə və psixotrop maddə var. Narkotik aşkarlanan avtomaşının alt hissəsində olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhədəki boşluğu istənilən şəxs əyilərək istənilən əşyanı yerləşdirə bilər. Yük qoşqusunun alt hissəsinə bir qədər əyilərək əlini uzadıb istənilən əşyanı yerləşdirmək mümkündür. Buna görə də düşünür ki, narkotik vasitəni iran əsilli şəxslər maşınına atmışlar ki, Azərbaycan ərazisində öz adamları narkotiki maşın dayandığı yerdən rahatlıqla götürüb istifadə etsinlər. Özü 30 ilə yaxındır ki, sürücü işləyir, heç vaxt narkotik vasitələrin daşınması ilə məşğul olmayıb. Onun heç bir günahı olmadığı üçün bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda inspektor vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə postda İİR-dən gələn yük avtomobillərinə nəzarəti həyata keçirirmiş, saat 11 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs “Kamaz 5410” markalı, 68BG163/68ZA020 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Naxçıvandan “sirab suyu” yükü gətirərək gömrük postuna daxil olmuşdur. Sənədləri yoxladıqdan sonra avtomaşına gömrük əməkdaşları, hal şahidlərinin iştirakı ilə xidməti it tətbiq olunmaqla baxış keçirilmişdir. Yoxlama əvvəl yük maşınında gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq yazılı bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs isə avtomobilində gömrük nəzarətindən gizlədilmiş, ümumiyyətlə hər hansı qanunsuz əşya olmadığını bildirmiş, sonra baxış keçirilməyə başlamışdır. “Erik” ləqəbli xidməti it xüsusi işarə və hərəkətlərlə avtomobilin qoşqusunun alt tərəfinə reaksiya vermişdir. Bundan sonra avtomobilin qoşqusunun alt hissəsində olan, sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhənin içərisindəki boşluğun sağ tərəfində bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin bağlama açılaraq baxış keçirilmiş və bağlamanın içərisində qara rəngli sellofan torbaya bükülmüş, üzərləri yapışqanlı lentlə sarınmış iki ədəd bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən birində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, ikinci bükümdə isə ağ rəngli, kristallik formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq həmin bağlamalarda olan maddələrin nə olduğunu, həmin maddələrin idarə etdiyi yük avtomobilində gizlədilməsindən məlumatsız olduğunu bildirmiş, aşkar edilmiş maddələri İranda olduğu müddətdə kiminsə gizlədə biləcəyini və gömrük sərhədindən keçdikdən sonra isə ölkə ərazisində hər hansı bir yerdə dayandıqda gizlicə gəlib götürə biləcəklərini ehtimal etdiyini qeyd etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs sonuncu dayanacağı yerin Bakı şəhərindəki “Meyvəli” adlandırılan bazar olacağını bildirmişdir. Bundan sonra yük avtomaşınından aşkar edilən heroinə və metamfetaminə bənzər maddələr götürülərək qablaşdırıldı və bu barədə protokol tərtib edildi. Bundan sonra aşkar edilmiş narkotik vasitənin hər hansı bir şəxs tərəfindən götürülüb götürülməməsini araşdırmaq üçün əməliyyat şöbəsinin əməkdaşlarının iştirakı ilə avtomobildən aşkar bağlamaya oxşar bağlama hazırlanıb avtomobilin qoşqusunun altına yəni, narkotik vasitələrin aşkarlandığı yerə yerləşdirilmişdir. Daha sonra isə əməliyyat şöbəsinin əməkdaşları tərəfindən tədbir davam etdirilməsi üçün nəqliyyat vasitəsi sürücü Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinə yola salınmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomaşınından narkotik vasitələrin aşkar edilməsi üzrə əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədi ilə şərti həmin şərti olaraq büküm həmin yük avtomobilindən narkotik aşkarlanan yerə yerləşdirilmiş və 25 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə təyinatı üzrə Bakı şəhərinə yollanmışlar. Saat 17 radələrində Bakı şəhərinə çatdıqdan sonra sürücü Təqsirləndirilən şəxs nəzarət altında avtomobilini Bakı şəhərindəki “Meyvəli” bazar deyilən yerin qarşısından Xocahəsən qəsəbəsinə gedən yolun kənarında yük avtomobillərinin dayanacağı üçün nəzərdə tutulmuş yerdə saxlamış, həmin yer nəzarətdə saxlanılmışdır. Həmin gün, saat 17:00–dan saat 23:30-a kimi əməliyyat tədbirləri davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinə hər hansı bir şəxsin yaxınlaşmadığı, narkotik əvəzi şərti olaraq avtomaşına yerləşdirilmiş bükülü hər hansı bir şəxs tərəfindən götürülməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs İİRdan keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına “sirab suyu” gətirdiyi “Kamaz” markalı yük avtomaşınına baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı gömrük xidmətinin xidməti iti işarə və hərəkətlərlə avtomobilin qoşqusunun alt tərəfinə reaksiya vermişdir. Bundan sonra avtomobilin qoşqusunun alt hissəsində olan, sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhənin içərisindəki boşluqdan bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin bağlama açılaraq baxış keçirilmiş və bağlamanın içərisində iki ədəd bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlərin birində açıq qəhvəyi rəngli, ikinci bükümdə isə ağ rəngli, kristallik formada narkotikə bənzər maddələr aşkar edilmişdir. Aşkar olunan maddələr qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2001 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Dövlət Gömrük Komitəsinə məxsus 005899 №li 1 ədəd sellofan paketdə yapışqan lentlə bağlanmış bir ədəd bükümdə təmiz çəkisi 199,2 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digəri, üzəri yapışqan lentlə bağlanmış bir ədəd bükümdə təmiz çəkisi 785,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: metamfetiminin tədqiqatdan sonrakı qalığı, 199,15 qram, heroinin isə 784,95 qram təşkil edir. Ekspertiza dəyəri isə 65 manatdır. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2684 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının oldmadığı qeyd olunmuşdur. İş materiallarında olan kompüter texniki ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 5- 734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung J2” markalı telefonda olan məlumatların əldə edilməsinə dair tədqiqat aparılmış, lakin hər hansı bir məlumat mübadiləsi müəyyən edilməmişdir. Qeyd: tədqiqatın dəyəri 59 manat 94 qəpik təşkil edir. İş materiallarında olan “nəqliyyat vasitəsinin gömrük yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, 25 sentyabr 2020-ci il tarixdə Biləsuvar gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5410” markalı, 68BG163/68ZA020 dövlət qeydiyyat nişanlı yük avtomobilin qoşqusunun alt hissəsində olan, sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş metal lövhənin içərisindəki boşluğun sağ tərəfindən aşkar edilmiş içərisində iki ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroinə oxşar və psixotrop maddə sayılan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5410” markalı, 68BG163/68ZA020 dövlət qeydiyyat nişanlı yük avtomobilindən götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin aşkar olunduğu hissəyə baxış keçirilməsi haqqında 13 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində olan, sağ və sol arxa təkərləri bir-birinə birləşdirən metal körpü ilə qoşqunun ramasının arasında olan və içərisindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuş metal lövhəyə baxış keçirilir. Metal lövhə zavod konstruksiyasında nəzərdə tutulmuş hissədir yəni, xüsusi saxlanc yeri hesab olunmur. Eyni zamanda həmin metal lövhəni yalnız qoşqunun alt hissəsinə girdikdən sonra görmək mümkündür, kənardan müşahidə olunmur. Qeyd olunan hissəyə qoşqunun istər sağ istərsə də sol tərəfindən hər hansı xüsusi alət və vasitələrdən istifadəyə ehtiyac olmadan qoşqunun altına keçərək yaxınlaşmaq və hər hansı əşyanı oraya yerləşdirmək yaxud atmaq mümkündür. İş materiallarına əlavə edilmiş “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5410” markalı, 68BG163/68ZA020 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dəfələrlə İİR ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə gəlmiş və eyni qaydada geri qayıtmışdır. Sonuncu dəfə o, İİR ərazisindən keçməklə ölkə ərazisinə gəlmək üçün xx.xx.2020-ci il tarixdə saat 14:01-də Naxçıvan MR Culfa gömrük postu istiqamətində İİR ərazisinə daxil olmuş, xx.xx.2020-ci il tarixdə saat 10:33-də İİR ərazisindən keçməklə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postuna gəlmişdir. İş materiallarında olan istintaq orqanının 21 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı yük avtomaşınından aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı qalıq 784,95 qram heroin narkotik vasitə və 199,15 qram metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı yük avtomobilindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 26 sentyabr 2020-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin gün, saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2020ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 fevral 2021-ci il tarixli ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında prokoloda 26 sentyabr 2020-ci il tarixi göstərilsə də, onun tutulması, yəni azadlığının faktiki məhdudlaşdırılması (25 sentyabr 2020-ci il, saat 11:10 dəqiqədən başlanmaqla idarə etdiyi yük avtomobilinə gömrük yoxlanılmasının keçirilməsi, əməliyyatın davamı olaraq yük maşınına şərti olaraq bükülü yerləşdirilməklə Təqsirləndirilən şəxs gömrük əməkdaşlarının müşayiəti altında Biləsuvardan Bakı şəhəri gəlməsi, Bakı şəhərində xeyli vaxt keçirdikdən sonra geri Biləsuvara qayıtması və digər istintaq hərəkətlərinin aparılması) tarixdən, yəni 25 sentyabr 2020-ci il hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əbilov X2 Muxtar Respublikası, Şərur rayonu, Siqayut kəndində qeydiyyatda olmaqdadır, müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 324.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “idarə etdiyi yük avtomobilindən narkotik vasitələrin yerləşdirilməsindən məlumatı olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və metamfetamin psixotrop maddəsini əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı məhdudlaşdırıldığı 25 sentyabr 2020-ci il tarixdən barəsində ev dustaqlığı ləğv olunduğu 25 fevral 2021-ci il tarixədək olan 5 ay ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından cıxılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan tədqiqatdan sonrakı qalıq 784,95 qram qalan heroin narkotik vasitəsi və 199,15 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 124 manat 94 qəpik manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 10 fevral 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42,132, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun faktiki olaraq azadlığı məhdudlaşdırıldığı 25 sentyabr 2020-ci il tarixdən barəsində ev dustaqlığı ləğv olunduğu 25 fevral 2021-ci il tarixədək olan 5 (beş) ay ona təyin olunmuş 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 784,95 qram qalan heroin narkotik vasitəsi və 199,15 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. İş üzrə 124 manat 94 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar