Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-140/2025 04.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı İixtiyar oğlu, zərərçəkmiş hüquqi şəxs-"xxxx" ASC-nin nümayəndəsi X1 və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 11 avqust 1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsinin rəhbəri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 179.3.2, 308.2 və 29,318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi "xxxx" ASC-nin kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsalı (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsi, aqrotexniki xidmətlər göstərilməsi və bu sahədə fəaliyyətin təşkilinin həyata keçirilməsi sahəsində fəaliyyətini pozub həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənaflərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışında Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət tərkibinin olmaması əsası ilə) imtina etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Dələduzluq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə kollegiyası belə bir qənaətə gələrkən həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü naddəsinin şərtlərinə də əsaslanır. Belə olan halda, məhkəmə tərkibi hazırki vəziyyətdə cinayət qanuni normaları arasında rəqabətin yaranmasını müəyyən edərək hesab edir ki, təsvir olunanlar CM-nin 308.2-ci maddəsinin ümumi norma, CM-in 179.3.2, 179.2.1, 179.2.3, 179.2.4-cü maddələrinin isə xüsusi norma kimi çıxış etməsinə dəlalət edir və CM-nin 17.4-cü maddəsinin tələblərinə əsasən əməlin məhz xüsusi norma ilə tövsif edilməsinə əsas yaradır. Azərbaycan Respublikası CM-in 17.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində həm ümumi, həm də xüsusi normasında nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və belə halda xüsusi norma tətbiq edilir. Bu o deməkdir ki, qulluq mövqeyindən istifadə edilməklə törədilmiş dələduzluq cinayətinin hüquqi qiymətləndirilməsi zamanı meydana gələn CM-in 308.2-ci və 179.3.2, 179.2.1, 179.2.3, 179.2.4-cü maddələrinin rəqabəti sonuncuların (xüsusi normanın) xeyirinə həll olunmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəminin adı çəkilən plenumunun mövqeyindən və cinayət qanunvericiliyinin qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talaması onun məhz xidməti vəzifələrinin icrası ilə əlaqədar olmaqla əlavə olaraq CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi CM-nin 308.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla ittihamdan imtina etdiyindən, eləcə də dövlət ittihamçısının qeyd edilən hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində bəraətverici əsasla cinayət işinə xitam verilməlidir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 29,318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) qanuni və əsaslı olduğundan cinayət işinə Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə bağlı hissədə xitam verilməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-in 179.3.2 və 29,318.1-ci maddələri ilə cinayət təqibi üzrə məhkəmə baxışı davam etdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 39.3 və 43.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 29,318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə bağlı hissədə xitam verilsin.
2. Cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-in 179.3.2 və 29,318.1-ci maddələri ilə cinayət təqibi üzrə məhkəmə baxışı davam etdirilsin.
3. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Sədrlik edən hakim Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev