Məhkəmə qərarları › İş №1(099)-141/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-141/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-141/2024 22.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, sürücü işləyən, məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsi, ev 148-də qeydiyyatda olan və Bakı şəhəri Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 44/2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq hər biri külli miqdarda olmaqla 14 kiloqram 340 qram narkotik vasitə qurudulmuş marixuananı, 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 51,280 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşıyaraq saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 fevral 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul- Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən hissəsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd qara rəngli polietilen torbada hər birinin üzəri yapışqan lentlə bağlanmış 04 ədəd polietilen torba bağlamalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 4780 qram, 3285 qram, 3275 qram və 3000 qram - ümumi çəkisi 14 kiloqram 340 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqanlı lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada 510 qram narkotik vasitə heroin, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada 51,280 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə Bakı şəhəri Qaraçuxur qəsəbəsində yaşayır, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin son zamanlar istifadə etməmişdir. «İnstaqram» sosial şəbəkəsində iranlı ilə tanış olmuşdur. 17 fevral 2023-cü il tarixdə saat 09 radələrində «Şako» ləqəbli İran islam Respublikasının vətəndaşı olan şəxs «whatsApp» sosial şəbəkəsində ona mesaj yazmış, həmin gün axşam saat 18-19 radələrində Sabirabad rayonu istiqamətində yola düşüb Sabirabad rayonu ərazisinə getməsini, orada 25 qram narkotik vasitə olan qurudulmuş marixuana olacağını, həmin narkotik vasitəni götürüb Bakı şəhərinə aparmasını, Bakı şəhərində ona deyiləcək yerə qoymasını və bunun müqabilində ona 500 manat pul veriləcəyini demişdir. İranlı ona həmçinin Sabirabad rayonuna çatdıqdan sonra narkotikin olduğu yerin «konumunu», yəni kordinantlarını göndərəcəyini bildirmişdir. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olan tanışı «Totu» adlı şəxsə zəng edərək görüşmüş, qeyri-rəsmi münasibətdə olduğu Pərişanla birlikdə Sabirabad rayonuna qonaq gedəcəyini bildirmişdir. Bunun müqabilində o, «Totu»ya ümumilikdə 100 manat pul verəcəyini bildirmişdir. «Totu» onunla razılaşmışdır. 17 fevral 2023-cü il tarixdə saat 20 radələrində Pərişanla birlikdə həmin taksiyə əyləşərək Bakı şəhərindən Sabirabad rayonu istiqamətində yola düşmüşlər. O, Pərişana narkotik barədə heç nə deməmişdir. Saat 23 radələrində «WhatsApp» sosial şəbəkəsində iranlının ona göndərdiyi şəkillərlə və məkanlarla hərəkət edərək narkotik vasitənin olduğu Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən hissəsində olan yerə gəlib çatdıqda, ayaqyoluna getmək istədiyini bildirərək, avtomobildən düşmüş və narkotik vasitənin qoyulduğu yerə tərəf getməyə başlamışdır. Lakin narkotik vasitənin olduğu yerə çatmamış polis işçiləri onu saxlamışlar. Taksi sürücüsü onun polis işçiləri tərəfindən saxlanılmasını görərək oradan sürüb uzaqlaşmışdır. Polis işçiləri onu narkotik vasitənin olduğu yerə gətirmiş, nankotik vasitəni bağlamalarda torbadan çıxarıb düzmüş, ona əli ilə göstərməsini demişlər. O, əli ilə göstərərkən fotoşəklini çəkmişlər və protokol tərtib etmişlər. O, 25 qram çəkidə qurudulmuş marixuananı götürmək üçün həmin yerə getmişdir. Ona sumkada 25 qram qurudulmuş marixuana olduğunu demişlər. Sumkada 14 kiloqramdan çox qurudulmuş marixuana, 500 qramdan çox heroin və psixotrop maddə metamfetamin olmasını əvvəldən bilməmişdir. Polis işçiləri tərəfindən döyüldüyünə və təzyiqlərə məruz qaldığına görə etirafedici ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, lizinq müqaviləsi əsasında avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin aylıq ödənişləri edə bilmədiyinə görə avtomobili əlindən almışlar. O, icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtoparka müraciət etmiş, lakin ona ilkin olaraq 300 manat pul ödəməli olduğunu bildirmişlər. Onun həmin məbləğdə pulu olmadığı üçün o, 16 fevral 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Əli adlı şəxsə müraciət etmişdir. Əli icarə əsasında avtomobil götürərək, gündəlik taksi fəaliyyəti ilə məşğul olmaq üçün ilkin ödəniş etməli olduğunu bildirmişdir. Əli tanıdığı «Şako» adlı şəxsə məxsus narkotik vasitənin Sabirabad rayonu ərazisində qaldığını və həmin narkotik vasitəni deyilən yerə çatdıracağı təqdirdə ona «Şako»nun 500 manat pul verəcəyini bildirmişdir. O da Əli ilə razılaşmış və «Şako»nun nömrəsini Əlidən almışdır. 17 fevral 2023-cü il tarixdə saat 09 radələrində «Şako» ləqəbli İran islam Respublikasının vətəndaşı olan şəxs «whatsApp» sosial şəbəkəsində ona mesaj yazmışdır. «Şako» həmin gün axşam saat 18-19 radələrində Sabirabad rayonu istiqamətində yola düşüb narkotiki götürüb, yarısını Sabirabad rayonunun girəcəyinə, digər yarısını isə Bakı şəhərində Lökbatan dairəsinə qoymalı olduğunu bildirmişdir. Həmin yerlərin məkanını «whatsApp» sosial şəbəkəsində ona atacağını demişdir. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olan tanışı «Totu» adlı şəxsə zəng edərək onunla görüşmüş, ona qeyri-rəsmi münasibətdə olduğu Pərişanla birlikdə Sabirabad rayonuna qonaq gedəcəyini bildirmiş, onları 100 manat pul müqabilində Sabirabad aparmasını demişdir. Taksi sürücüsü onunla razılaşmışdır. 17 fevral 2023-cü il tarixdə saat 20 radələrində Pərişanla birlikdə həmin taksiyə əyləşərək Bakı şəhərindən Sabirabad rayonu istiqamətində yola düşmüşlər. Saat 23 radələrində «whatsApp» sosial şəbəkəsində «Şako»nun ona göndərdiyi şəkillərlə və məkanlarla hərəkət edərək narkotik vasitənin olduğu Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisində olan yerə gəlib çatdıqda, ayaqyoluna getmək istədiyini bildirərək avtomobildən düşmüş və narkotik vasitənin qoyulduğu yerə tərəf getmişdir. O, «whatsApp» sosial şəbəkəsində olan, şəkildə göstərilən yerə çatdıqda, yerdə 01 ədəd qara sellofan torbanın olduğunu görmüşdür. Həmin torbanın ağzını açdıqda torbanın içərisində 04 ədəd iri bağlamaların və 02 ədəd kiçik bağlamaların olduğunu görmüş və həmin bağlamaları avtomobilə qoymaq məqsədilə götürmüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra 02 nəfər hal şahidinin iştiraklarıı ilə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etsin. O da əlində saxladığı 01 ədəd qara sellofan torbanın içərisində 04 ədəd iri bağlamalarda qurudulmuş marixuananın, 01 ədəd ağ rəngli bağlamada heroinin və 01 ədəd ağ rəngli bağlamada metamfetaminin olduğunu bildirib həmin kütlələri təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməyi istədikdə o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və qanunsuz əşya aşkar edilməmişdir. Müstəntiq onun təqdim etdiyi bağlamaları açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni «Şako» adlı İran İslam Respublikasının vətəndaşının onu istiqamətləndirdiyini və onun həmin kütlələri əldə etdiyini bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə daşıyaraq başqa yerə aparacağını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş həmin kütlələr müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Sabirabad Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 fevral 2023-cü il tarixdə ona Bakı şəhəri Qaraçuxur qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs Sabirabad rayonu Bulaqlı kəndi ərazisində saxlamışlar. Həmin vaxt onun əlində bir ədəd polietilen torba olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, hal şahidlərinin və müdafiəçinin iştirakları ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlində olan polietilen torbada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra axtarış zamanı onun əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin polietilen torba müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman, içərisində hər birinin üzəri yapışqan lentlə bağlanmış 04 ədəd polietilen torba bağlamalar aşkar olunmuşdur. Həmin 04 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd polietilen torba bağlamada narkotik vasitə heroin, 01 ədəd polietilen torba bağlamada metamfetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri «Şako» adlı İran İslam Respublikasının vətəndaşı ilə danışaraq əldə etdiyini bildirmişdir. Müstəntiq həmin kütlələri nə üçün üzərində saxladığını soruşduqda isə o, narkotik vasitələri daşıyaraq başqa yerə aparacağını, qarşılığında pul alacağını və satış məqsədinin olmadığını demişdir. Aşkar edilmiş kütlələrə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərməmişlər, onu döyməmişlər və ifadə verməyə məcbur etməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxsla qeyri-rəsmi münasibətdə yaşamışdır. 17 fevral 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Sabunçu rayonunda yerləşən yaşadığı evdə olan zaman Fərid evə gəlmiş və ona Sabirabad rayonuna dostunun ad gününə, qonaq gedəcəklərini bildirmişdir. O da Fəridlə razılaşmışdır. Həmin gün saat 20 radələrində Fəridlə birlikdə «Totu» adlı şəxsin idarə etdiyi qırmızı rəngli, “Prius” markalı avtomobil ilə Bakı şəhərindən Sabirabad rayonu istiqamətində yola düşmüşlər. Onlar Sabirabad rayonuna çatdıqda Fərid ayaqyoluna getmək istədiyini bildirmiş və sürücüyə avtomobili saxlamasını demişdir. Sürücü avtomobili Sabirabad rayonunda yolun kənarında saxlamışdır. Bu zaman Fərid avtomobildən düşmüş, o və sürücü isə avtomobildə qalmışlar. Fərid yolun kənarında yerləşən yarımçıq tikiliyə getmiş və əlində 01 ədəd qara torba olmaqla avtomobilə tərəf gələn zaman qəfil ətrafda polis əməkdaşları Fəridə yaxınlaşmışlar. Bu vaxt «Totu» polis əməkdaşlarını görüb cəld şəkildə avtomobili sürərək oradan uzaqlaşmışdır. Onlar birbaşa Bakı şəhərinə getmişlər. O, «Koroğlu» metrostansiyasının yaxınlığına avtomobildən düşmüş və yaşadığı evə getmişdir. O, Fəridin həmin əraziyə narkotik götürmək istədiyini əvvəlcədən bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Bakı şəhərində “103 Rent a Car” şirkətinə məxsus “Toyota Prius” markalı, **-CF-*** qeydiyyat nişanlı avtomobillə sürücülük fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. 17 fevral 2023-cü il tarixdə saat 19 radələrində Fərid ona möbil nömrə ilə zəng edərək Sabirabad rayonuna qonaq getməli olduğunu bildirmiş, onu qeyri-rəsmi yaşadığı Pərişanla birlikdə Sabirabad rayonuna aparıb, Bakıya qaytarmasını təklif etmişdir. O, 100 manat pul müqabilində Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, saat 20 radələrində Bakı şəhərindən Sabirabad rayonu istiqamətindən yola düşmüşlər. Onlar Sabirabad rayonuna çatmış, «Dostluq» restoranını keçdikdən sonra Fərid ayaqyoluna getmək tstədiyini bildirmiş və ondan avtomaşını saxlamasını xahiş etmişdir. O, avtomobili yolun kənarında saxalmışdır. Fərid avtomobildən düşərək yolun sol tərəfində olan yarımçıq tikiliyə tərəf getmiş, Pərişanla o isə avtomobildə qalmışlar. Fərid yarımçıq tikiliyə daxil olmuşdur. Bu zaman bir neçə şəxslərin Fəridi tutduqlarını görmüş və qorxduğuna görə avtomobili sürərək ordan uzaqlaşmışdır. Pərişanla birlikdə birbaşa Bakı şəhərinə getmişlər. Pərişan «Koroğlu» metro stansiyasının yaxınlığında avtomobildən düşmüşdür. O isə sürüb evə getmişdir. X2 narkotik götürmək məqsədi ilə getdiyini bilmişdir. Əvvəlcədən bu barədə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 göstərdi ki, 17 fevral 2023-cü il tarixdə saat 22-23 radələrində Sabirabad rayonu Bulaqalı kəndi ərazisində yerləşən çayxanada olduğu zaman oraya gələn polis işçiləri bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Ondan başqa bir nəfər şəxs də hal şahidi kimi iştirak etmişdir. Polis işçiləri ilə birlikdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaxınlaşanda onun əlində bir ədəd qara rəngli, nisbətən böyük sellofan torba olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs asfalt yolun qırağında durmuş vəziyyətdə olmuşdur. Onun iştirakı ilə telefon işığından istifadə edilməklə Təqsirləndirilən şəxs əlində tutduğu bağlama açıldıqda bağlamının içərisində 4 ədəd bükümlərdə qurudulmuş marixuanayabənzər maddənin olması məlum olmuşdur. 2 ədəd bükümlərdə isə ağ rəngli maddələr olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, həmin maddələr onundur, İran vətəndaşından almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı narazılığını bildirməmiş və onun bədəni üzərində xəsarət olmamışdır. Şahid5 da ibtidai istintaqda verdiyi və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş ifadəsində eyni xüsusatları təsdiq etmişdir. 17 fevral 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əlində olan 01 ədəd qara rəngli polietilen torbadan üzərləri yapışqanlı lentlə bağlanmış 04 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4780 qram, 3285 qram, 3275 qram; 3000 qram-ümumi çəkisi 14 kiloqram 340 qram olan bitki mənşəli, qurudulmuş marixuanayabənzər kütlələr, 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 510 qram olan, narkotik vasitə heroinəbənzər maddə, 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 51,280 qram olan, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Kompleks məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/190-18/191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 04 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4780 qram, 3285 qram, 3275 qram, 3000 qram-ümumi çəkisi 14340,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 51,280 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinməklə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı Şəhər Probasiya İdarəsinin 16 noyabr 2023-cü il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin cəzasının heç bir hissəsini çəkməmiş, çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 11 ay 26 gün təşkil edir. Bakı şəhər mənzil-kommunal təsərrüfatı departamentinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs ona verilməli olan 500 manat pul müqabilində Bakı şəhərindən Sabirabad rayonu ərazisinə 25 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürmək məqsədi ilə getməsi, həmin yerdə qoyulmuş torbada küllü miqdarda narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olmasını bilməməsi barədə ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləki, Təqsirləndirilən şəxs 25 qram qurudulmuş marixuanaya görə 100 manat pul müqabilində taksi sifariş etməklə Bakı şəhərindən uzaq məsafə qət edərək Sabirabad rayonuna getməsi və ona 25 qram qurudulmuş marixuananı götürməyə görə 500 manat məbləğində pul verilməli olması barədə ifadəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 68.1.1-1ci maddəsinə əsasən ona Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 14339,6 qram qurudulmuş marixuana, 509,9 qram heroin və 51,180 qram psixotrop maddə metamfetamin məhv edilməlidır. Ekspertiza xərci 179 manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 14339,6 qram qurudulmuş marixuana, 509,9 qram heroin və 51,180 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 179 (yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Süleymanov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar