Məhkəmə qərarları › İş №1(099)-141/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-141/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-141/2025 16.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1974-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Salyan şəhəri, V.Talıblı küçəsi ev 21, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə saat 01 radələrində siqaret almaq üçün yaşadığı Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən "Bizim market"ə gedərkən həmin küçədə rastlaşdığı qonşusu Zərərçəkmiş şəxs siqaret istəmiş, lakin siqaretinin olmadığını bildirən Zərərçəkmiş şəxs irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qarşılıqlı dalaşma zamanı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla onu vurmaq istəyərkən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla zərbə vurmuş, Zərərçəkmiş şəxs yerə yıxıldığını və əlindəki təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağın yerə düşdüyünü görərək həmin bıçağı yerdən götürüb bıçaqla Zərərçəkmiş şəxs qəsdən vuraraq ona ümumilikdə hər iki əlin İİ, İİİ barmağının, döş qəfəsinin sol arxa nahiyyəsinin daxilə nüfuz etməyən, sağ sarğı nahiyyəsinin yaraları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, qarının ön divarından isə bir ədəd daxilə keçən, daxili orqanlarının və sol dizaltı arteriyanın zədələnməsi ilə nəticələnən, həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oan CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə Salyan şəhərində yaşayır, birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə yaralandığına görə əsəbləri pozulmuş, 2 saylı Psixiatriya Xəstəxanasında müalicə almış, 2024-cü ilin iyul ayının sonlarında müalicəsi başa çatmış və evinə qayıtmışdır. Salyan şəhər sakini Zərərçəkmiş şəxs əvvəldən məhəllə sakini kimi tanıyır və onunla münasibətləri həmişə yaxşı olmuşdur. 17 avqust 2024-cü il tarixdə saat 13 radələrində siqaret almaq üçün yaşadığı evdən küçəyə çıxıb "Bizim market"ə gedərkən Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə küçədə ucadan ünvansız söyüş söydüyünü görmüşdür. Ona yaxınlaşaraq məhəllədə söyüş söyməsinin ayıb olduğunu bildirmiş və bunu etməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğundan ona nalayiq sözlərlə söymüşdür. Yusifin bu hərəkətləri xoşuna gəlməmiş və ona öz iradını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yusif şalvarının arxa cibindən açılıb-qatlanan bıçaq çıxarmış və onu vurmaq istəmişdir. Bunu görüb ona imkan verməyərək Yusifin sifət nahiyyəsinə yumruqla bir zərbə vurmuş, Yusif yıxılmış və bıçaq əlindən yerə düşmüşdür. Yusif yenə də onun üstünə gəldikdə onunla əlbəyaxa olmuşlar və Yusif yerə yıxılmışdır. Yusif bıçağı ondan almağa çalışmış, o isə bıçağı ona vermək istəməmişdir. Həmin vaxt yerdə süpürləşən zaman bıçağın ağzı açıq olduğundan bıçaq Yusifin bədənini bir neçə yerdən kəsmişdir. Yusifin bədənindən qan gəldiyini görmüş, tez onu buraxaraq ayağa qalxmış və yaşadığı evə getmişdir. Baş vermiş hadisə barədə arvadı Səyyarəyə danışandan sonra Yusifin əlindən aldığı bıçağı evdə qoymuş və piyada Salyan Rayon Polis Şöbəsinə getməklə könüllü təslim olmuşdur. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkətləri protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxslə bir küçədə yaşamaqla münasibətləri yaxşı olmuşdur. Samidi psixioloji problemi olan şəxs kimi tanıdığından onunla yaxın münasibət saxlamamışdır. 16 avqust 2024-cü il tarixdə axşam evdə nahar edərkən təxminən 250 qram araq içmiş, ona görə də əhvalı bir qədər yaxşılaşmışdır. 17 avqust 2025-ci il tarixdə gecə saat 01 radələrində kimdənsə siqaret almaq üçün evdən küçəyə çıxmışdır. Bu zaman Samid onu görmüş, ona yaxınlaşaraq siqaret istəmişdir. O içkili vəziyyətdə olduğundan bir qədər kobud və istehzalı formada Samidə siqaretinin olmadığını, həm də ona siqaret verməyə borclu olmadığını bildirmişdir. Onun kobud formada danışması Samidin xoşuna gəlməmiş və Samid ondan nə üçün belə danışmasının səbəbini soruşanda Samidə "yaxşı edirəm belə danışıram, sən kimsən ki, məndən siqaret də istəyirsən, öz yolunla düz çıx get və məni də narahat etmə, görmürsən ki, oturub öz istirahətimi edirəm"- deyə cavab vermişdir. Lakin Samid oradan getmədiyindən onlar mübahisə etmişlər. Mübahisə zaman onlar tutaşmışlar. Bu zaman o, cibindən çıxardığı bıçaqla Samidi vurmaq istəsə də, Samid onu yumruqla vurduğundan o yerə yıxılmışdır. Yerə yıxılarkən bıçaq əlindən yerə düşmüşdür. Samid tez bıçağı yerdən götürüb onun qarın nahiyyəsinə bir zərbə vurmuş, Samiddən yapışıb onu özünə tərəf çəkəndə onlar yerə yıxılmışlar və Samidin əlindəki bıçağı almağa çalışan zaman bıçaq onun əl barmaqlarını və ayağını bir neçə yerdən kəsmişdir. Ayağından qan axdığını görəndə Samidi buraxmış, buraxandan sonra Samid də onun ayağından qan gəldiyini görüb onu orada qoyaraq çıxıb getmişdir. Özü isə ayağa qalxıb evinə getmək istərkən yeriyəndə ayağından güclü qan axdığı üçün daha hərəkət edə bilməmiş və özünü küçədəki qapılardan birinə çırpıb qışqıraraq kömək istəmişdir. Həmin vaxt qışqırıq səsinə küçəyə çıxan Samidin qardaşı oğlu Şahmar onu görüb nə baş verdiyini soruşanda Şahmara bıçaqla onu əmisi Samidin vurduğunu və onu həkimə aparmasını demişdir. Şahmar təcili yardım maşını çağırmış və çağırışa gələn maşınla onu Salyan rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmiş və cərrahi əməliyyat olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, əri Təqsirləndirilən şəxs onunla və uşaqları ilə birlikdə yaşamış və psixoloji xəstəliyi olmuşdur. Zərərçəkmiş şəxs onların qonşusudur və münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə axşam evdə olmuşdur. O yorğun olduğu üçün yatmış, Samid isə küçəyə çıxmışdır. Gecə yarısı Samidin səsinə yuxudan ayıldıqda Samidin evdə olduğunu və əlində kiçik bir bıçaq tutduğunu görmüşdür. Samiddən nə baş verdiyini soruşanda Samid küçədə qonşuları Yusif söyüş söydüyü üçün ona öz iradını bildirdiyini, Yusifin ona kobud cavab qaytardığını, bu zaman aralarında mübahisə yaranmasını, Yusifin cibindən çıxardığı bıçaqla onu vurmaq istəməsini, özünün isə bıçağı Yusifin əlindən alıb ona xəsarət yetirdiyini demişdir. Samid həmin vaxt həyəcanlı vəziyyətdə olmuşdur. Samid əlindəki bıçağı evə qoymuş, polis şöbəsinə gedəcəyini deyərək evdən çıxmışdır. Həmin gün gündüz saatlarında Samid polis əməkdaşları ilə birlikdə yaşadıqları mənzilə gəlmiş və evdə qoyub getdiyi bıçağını stolun üzərindən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, B.Talıblı küçəsində baş vermişdir. İfadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə saat 01 radələrində Salyan şəhəri, B.Talıblı küçəsində Zərərçəkmiş şəxsla mübahisə etdiyi və ona bıçaqla vuraraq xəsarət yetirdiyi yeri və şəraiti yerində göstərmişdir. Məhkəmə-tibb ekspertzasının 30 sentyabr 2024-cü il tarixli, 454 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki əlinin İİ, İİİ barmağının, döş qəfəsinin sol arxa nahiyyəsinin, sağ sarğı, sol budun aşağı 1/3-nin, sol baldırın aşağı 1/3-nin, qarının ön divarının deşilib-kəsilmiş yaraları xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər. Hər iki əlin İİ, İİİ barmağının, döş qəfəsinin sol arxa nahiyyəsinin daxilə nüfuz etməyən və sağ sarğı nahiyyəsinin yaraları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya, qarının ön divarının bir ədəd daxilə keçən və orqanları zədələyən yarası, sol dizaltı arteriyanın zədələnməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə ballistik-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1386; 3/1387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə istifadə etdiyi bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş mayka, köynək və qısa şalvarın üzərində bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmişdir. Həmin zədələrin təqdim olunmuş bçağın təsirindən əmələ gəlməsi mümkündür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs epilepsiya, mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi formasında psixi xəstəlik müəyyən edilir. Lakin ona ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, epilepsiya, mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür, məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs ibtidai istitntaq zamanı verdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışmasını, Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi ilə əlaqədar vurduğu maddi ziyanı qismən ödəməsini, ondan şikayət və tələbinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ərizəsində göstərmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Salyan Rayon Polis Şöbəsində tərtib olunmuş 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:00-da könüllü olaraq polis şöbəsinə gəlmiş, həmin gün saat 01 radələrində Zərərçəkmiş şəxs ilə mübahisə edərək dalaşması, Zərərçəkmiş şəxs əlindən aldığı bıçaqla onu vuraraq xəsarət yetirməsi və cinayətin aləti olan bıçağı yaşadığı evə qoyması barədə məlumat verməklə təqsirini boynuna almışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmaqla xx.xx.2024-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Salyan Rayon İca Hakimiyyəti "xxxx" MMC-dən alınmış 03 sentyabr 2024-cü il tarixli, 1057 və 1058 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan şəhəri, B. Talıblı küçəsi ev 21, mənzil 6-da yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2004 və 2005-ci illərdə doğulmuş övladları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə Zərərçəkmiş şəxs yetirilmiş bıçaq xəsarətlərinin xarakterini nəzərə alaraq Təqsirləndirilən şəxs zərərçəkmişə birbaşa bıçaq zərbələri vurmaqla xəsarət yetirməməsi, qarşılıqlı dalaşma zamanı zərərçəkmiş şəxsin əlindən yerə düşmüş bıçağın onun bədən səthinə toxunması nəticəsində xəsarət alması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Samid Babayeivn əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntusu olmasını Azərbaycan Respublikası CM-nin 59.1.9-cu, könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini CM-nin 59.1.14-cü və birinci Qarabağ müharibəsinin iştirakçısı olmasını CMnin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini və həmçinin cəzasını yüngülləşdirən halları, o cümlədən anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını nəzərə alır. Belə ki, CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, CM-nin 126.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddi səkkiz il müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti səkkiz ilin yarısından, yəni dörd ildən az ola bilməz. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan bıçaq, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək və qısa şalvar məhv edilməlidir. Ekspertiza xərci 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan bıçaq, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək və qısa şalvar məhv məhv edilsin. Ekspertiza xərci 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar