Məhkəmə qərarları › İş №1(099)-142/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-142/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-142/2023 06.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 5B, mənzil 42-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 3,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 3,143 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində -“İdeal” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək şəxsi axtarış zamanı üzərində olan həmin 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 3,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi - 3,143 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə evində olarkən Namaz adında polis əməkdaşı anasına zəng edərək onun həyətə düşməsini demiş, aşağı düşdükdən sonra Namaz onunla Şirvan şəhər polis şöbəsinə getməli olduğunu bildirdikdə birlikdə şöbəyə gəlmişlər. Polis şöbəsində olarkən polis əməkdaşları bir büküm heroini və bir büküm metamfetamini üzərinə götürməsini, əgər bunu etməsə evindən daha çox miqdarda narkotik çıxaracaqları ilə hədələmişlər. Polislərin hədəsindən qorxduğu üçün məcbur olub videoçəkiliş zamanı yalandan narkotikin özünə aid olduğunu demişdir. Narkotik istifadəçisidir. Əvvəllər ağrıları olanda Namaz ona şəxsi istifadəsi üçün narkotik vermişdir. Namaz onunla əməkdaşlıq etməyi təklif etmiş, lakin o, Namazla razılaşmamışdır. Saxlanılarkən üzərində şəxsi istifadəsi üçün yalnız 0,5 qram heroin olmuşdur. Heç kimə narkotik satmamışdır. Mobil telefonuna narkotiklərin satışı ilə bağlı göndərilən mesajlardan məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 6 sentyabr 2022-ci il tarixli ilkin ifadəsində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici həmin ifadəsi elan olunmuş, o, ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Samir adında tanışı ondan metamfetamin istəyərək ona 200 manat pul vermiş, o, da həmin pulun üzərinə 50 manat qoyub Samirə qaytarmış və ona metamfetamin tapacağına söz vermişdir. Samirlə “Cəngən” marketə getmiş, orada “Milliön” aparatı vasitəsilə sosial şəbəkədə tanış olduğu və İran vətəndaşı kimi bildiyi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsdən aldığı “Kapital” kart hesabına 250 manat pul göndərmiş, çekin şəklini çəkib “Votsap”la həmin şəxsə atmış, bunun müqabilində həmin şəxs ona 5 qram heroin və 5 qram metamfetamin göndərəcəyini, bunun üçün Bakı şəhərinə getməli olacağını demişdir. Dərhal marketdən çıxıb Samirlə Bakı şəhərinə yollanmışlar. Yolda özünü İran vətəndaşı kimi təqdim edən şəxslə danışmış, Bakı şəhərinə çatmağa az qalmış həmin şəxs ona “20 Yanvar” metro stansiyasının yaxınlığına gəlməsini demiş, o, Samirlə birlikdə həmin yerə çatmış, İran vətəndaşı ona heroini və metamfetamini qoyduğu yerin şəklini çəkib göndərmiş, Samirin idarə etdiyi avtomobildən düşmüş, təxminən 01 büküm 5 qram heroini və 01 büküm 5 qram metamfetamini həmin yerdən götürüb avtomobilə əyləşmiş və Şirvan şəhəri istiqamətində hərəkət etmişlər. Yolda təxminən 5 qram çəkidə olan metamfetaminin yarısını Samirə vermiş, heroindən isə Samirə heçnə verməmiş, Şirvan şəhərində Samir onu yaşadığı evin qarşısında düşürüb çıxıb getmişdir. 04 sentyabr 2022-ci il tarixdə o Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində “İdeal” mağazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparılmış, orada şəxsi axtarış zamanı üzərində saxladığı 1 büküm heroini və 1 büküm metamfetamini təqdim edərək şifahi sorğu zamanı göstərmişdir ki, heroin və metamfetamin özünə məxsusdur, narkotik vasitələrin satışı ilə məşğul deyil, lakin üzərində olan narkotiklərdən dostlarına pay vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 3 dekabr 2022-ci il tarixli ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, üzərində aşkar olunan heroini və metamfetamini tapmış, onları Bakı şəhərində İran vətəndaşından əldə etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ülkən Həziyeva 4 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi “İdeal” mağazasının yaxınlığında saxlanılmış və şəhər polis şöbəsinə aparılmışdır. Videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Ülkərin əynindəki qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofana büküm aşkar olunmuş, onlar tərəzidə çəkilmiş, bükümlərin içərisində 3,143 qram metamfetamin və 3,175 qram heroin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zaman Ülkər göstərmişdir ki, onları təxminən 1 həftə bundan əvvəl Bakı şəhərində tanımadığı İran vətəndaşından almış, üstündə gəzdirməkdə məqsədi gələcəkdə istifadə etmək olmuşdur. Heroin və metamfetamin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuşdur. Şahid1 əlavə olaraq göstərmişdir ki, heç vaxt Ülkərə narkotik verməmiş, onun üzərinə heç kim tərəfindən heroin və metamfetamin qoyulmamış, Ülkəri şöbədə heç kim hədələməmişdir. Ülkər məsuliyyətdən yayınmaq üçün yalandan onun adını çəkir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nın əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs üzərində 3,175 qram heroin və 3,143 qram metamfetaminin aşkar olunduğunu, onun üzərinə heç kim tərəfindən heroin və metamfetamin qoyulmadığını, Ülkərin heç kim tərəfindən hədələnmədiyini göstərmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 18/963 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi - 3,175 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi – 3,143 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6774 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 4 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində 1 bükümdə heroin və 1 bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ cibindən iki büküm çıxarıb təqdim edərək birində heroin digərində isə metamfetamin olduğunu, onları bir neçə gün əvvəl Bakı şəhərindən iranlı kimi tanıdığı şəxsdən əldə etdiyini etiraf edir. Həmçinin vəkilin onun üzərinə şöbədə kiminsə tərəfindən narkotik vasitə və ya psixotrop maddə qoyulması, ona qarşı zor tətbiq olunubolunmamasına dair verdiyi suallara cavab olaraq bildirir ki, üzərinə heç kim tərəfindən heroin və metamfetamin qoyulmamış, həmin kütlələr özünə məxsusdur, heç kim tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 25 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrə ilə birlikdə 02 sentyabr 2022-ci il tarixdə Şirvan şəhərinin ərazisində olmuşdur: -xx.xx.2022-il tarixdə Bəhruzə Rəsulovanın adına olan ***-***-**-** ( AZE 05155671 Əli Bayramlı küçəsi ev 41) saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə “A gor ne derem senol allahaki direnib der ya pati ya pulumu pati alinmirsa 15 al o puldan gelim gotrum qanimin qara vaxti buda direnir allahaki nem bled” məzmunlu mesaj; -xx.xx.2022-ci il tarixdə Əvəz Rəcəbovun adına olan ***-***-**-** saylı mobil nömrədən (AA0919173 Şirvan şəhəri 20 Yanvar küçəsi, ev 5 P, mənzil 27) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ureyim az idi yarsin sene verdim geceni yola ver birteher onla sabah yaxsi olacaq...))) opdum ugurlu geceler...”, Anacani ureyim pul param yox idi deye goture bilmedim ozum.. usaqlara dedim sene gore qret elediler.. tay uzurli say ureyim bele oldu soz saba yaxsi olacaq gorecem ureyim seni..))” məzmunlu mesaj; -xx.xx.2022-ci il tarixdə Ruslan Malyamovun adına olan 55-954-37-00 (AZE 14758860 Şirvan şəhəri 20 Yanvar küməsi ev 5P, mənzil 40) saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Üli tez gel, gelende gör pepide kola olsa alda meçün” məzmunlu mesaj; -xx.xx.2022-ci il tarixdə Ruslan Malyamovun adına olan 55-954-37-00 (AZE 14758860 Şirvan şəhəri 20 Yanvar küməsi ev 5P, mənzil 40) saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Hardasuz polisder gelib qapiya deyiler koluqdan narkotik satanlar cixib mali verdi kimler bu eve peysel rahiminiz gelmeyin dedil iqbal ulkeride senide plisder ruslani caqirib tecil bolmeye poxiza cavab verin” məzmunlu mesaj göndərilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli qərarla təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,125 qram narkotik vasitə heroin və 3,093 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Şirvan ŞPŞ-nın maddi sübutlarin saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin video kadrları əks olunan kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində şəxsi istifadəsi üçün yalnız 0,5 qram çəkidə heroin olduğunu, üzərində aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmadığını, çəkilişdən əvvəl polis əməkdaşlarının ona bir büküm heroini və bir büküm metamfetamini üzərinə götürməsini, əgər üzərinə götürməsə evindən daha çox miqdarda narkotik çıxaracaqlarını deyərək hədələndiyini, çəkiliş zamanı polislərin hədəsindən qorxduğu üçün məcbur olub heroinin və metamfetaminin guya özünə aid olduğunu yalandan göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu xüsusatları işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən hədələnməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında üzərində aşkar olunan heroinin və metamfetaminin özünə məxsus olduğunu, onları Bakı şəhərində iranlının göndərdiyi yerdən götürdüyünü, 5 qram metamfetaminin yarısını onunla Bakı şəhərinə gedən Samir adlı şəxsə verdiyini etiraf edərək ona qarşı polis əməkdaşları tərəfindən hədə-qorxu gəlməsi, habelə heroinin və metmfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə hər hansı bir fikir ifadə etməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz hədələnməklə əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007;) Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat videoçəkilişlə onun üzərinə “şəxsi axtarış və götürmə” haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri ilə yanaşı dindirilmiş şahid ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Təqsirləndirilən şəxs üzərində külli miqdarda heroin və metamfetaminin aşkar olunduğunu bir daha israrla təsdiq etmişlər. Bundan başqa, “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin aparılmasında təqsirləndirilən şəxsin üzərində aşkar olunan heroinin və metamfetaminin özünə məxsus olmasını, üzərinə heç kim tərəfindən qoyulmamasını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşakar vəkilin yanında qeyd-şərtsiz və açıq aşkar formada bəyan etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasa da, özündə olduğu zaman dostlarına narkotiki pulsuz olaraq pay verdiyini etiraf etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 -508-99-13 saylı mobil nömrəyə baxış keçirilməsi haqqında protokolla da müəyyən olunur ki, müxtəlif şəxslər ondan narkotik istəməsinə dair müxtəlif məzmunlu mesajlar göndərmişlər. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalaraq üzərlərinə heroinin və metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələrini, xüsusən də 6 sentyabr 2022-ci il tarixli ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə narkotik vasitələrin satışına dəlalət edən daxil olmuş müxtəlif məzmunlu mesajları və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində bir büküm külli miqdarda - 3,175 qram heroinin və bir büküm külli miqdarda - 3,143 qram metamfetaminin aşkar edilməsi, ***-***-**-** saylı mobil nömrəsinə narkotik vasitələr istəmələri ilə bağlı müxtəlif mobil nömrələdən müxtəlif məzmunlu mesajların göndərilməsi təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. 4 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 6 sentyabr 2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 4 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində İcra nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşıdran hallar müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad olunması, barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 4 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 3,125 qram narkotik vasitə heroin və 3,093 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 3,125 qram narkotik vasitə olan heroin və 3,093 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsiaxtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar