Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-143/2023 05.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Səfərli Cavid Şamil oğlunun sədrliyi, Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X14, müdafiəçi – Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2011-ci ilin iyun ayında tanışı, Astara rayonu Pensər kənd sakini Şahid1 və İran İslam Respublikasında yaşayan digər şəxslərlə külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun üzvü Şahid1 21 iyun 2011-ci ildə “Astara” gömrük postundan keçməklə İran İslam Respublikasına getməsinə, İranın Astara şəhərində cinayətkar qrupun digər üzvündən bir sellofan bükümdə külli miqdarda, 150,995 qram heroin narkotik vasitəsini satış məqsədilə qəsdən qanunsuz alaraq əldə etməsinə, ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına gətirilib ona təhvil verilməsi üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə cinsiyyət orqanının daxilində saxlamasına, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımasına və həmin tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömük İdarəsinin Astara rayonunun ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, həmin gün Astara gömrük postunda şəxsi yoxlama zamanı qeyd edilən külli miqdarda, 150,995 qram narkotik vasitə heroin Şahid1 üzərindən (cinsiyyət orqanından) aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 tanışı Nubarın vasitəsilə tanımış, 2011-ci ilin sentyabr ayında Rusiya Federasiyasına gedərək orada yaşamışdır. 2015-ci ildə Rusiya Federasiyasında narkotik vasitələrin satışı ilə məşğul olmasında ittiham olunaraq həbs edilib 8 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2021-ci lin oktyabr ayının 13-də cəzasının qalan hissəsini çəkmək üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilərək qalan cəzasını 4 saylı cəzaçəkmə müəssissəsində çəkmiş, 2022-ci ilin avqust ayında məhkəmə qərarı əsasında cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilmişdir. Hazırda Astara rayonu Şahağacı kəndində gəlini Elvira və azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Astara rayonu Pensər kənd sakini Şahid1, həbs edilməzdən əvvəl tanımışdır. Həmin ərəfədə faizlə borca pul verməklə məşğul olmuş, Xoşbəxt də, dəqiq tarixini xatırlamır, gəlib ondan 2000 dollar borc pul almışdır. Amma Xoşbəxt tutulana qədər onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatsız olmuşdur. Heç vaxt Xoşbəxtə İrandan narkotik vasitə gətirməsi ilə bağlı təklif etməmiş, İrandan narkotik gətirməmiş və gətizdirməmişdir. Ümumiyətlə Azərbaycanda narkotiklə bağlı heç bir fəaliyyətlə məşğul olmamışdır. Bu işdə heç bir günahı yoxdur, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonu, Pensər kəndində tək yaşayır. Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs Nübar adlı qohumunun vasitəsilə tanımışdır. Nübar özü Astara rayonun Şəkəran kənd sakini olmaqla həm narkotik vasitə aludəçisi, həm də satıcısı olmuşdur. Nübarın təklifi ilə həbs edilənə qədər İrana gedib narkotik vasitə gətirib ona vermişdir. 2011-ci ilin iyun ayında yenə də, Nubarın tapşırığı ilə İrandan Azərbaycana narkotik keçirən zaman, gömrükdə saxlanılmış və həbs edilmiş və 7 il azadlıqdan məhrum edilmə cəzasına məhkum olmuşdur. Həbsdə olduğu zaman Nübar vəfat etmişdir. İstintaq zamanı Gültəkin üçün narkotik vasitə gətizdirməsini deməmişdir. Gültəkin ona 2000 manat pul verməmişdir. Maddi vəziyyəti çətin olduğu üçün Nübarın təklifi ilə iki dəfə onun üçün narkotik vasitə gətirmişdir. 2011-ci ilin iyun ayının əvvəllərində, İrana getməmişdən əvvəl Gültəkin əri Abuzər ilə evinə gəlmiş lakin narkotik vasitələri satışı və gətizdirilməsi barədə heç bir danışıqları olmamışdır. İstintaq zamanı verdiyi ifadələrini oxumadan imzalamışdar. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında şahidin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, Astara rayonunun Şahağacı kənd sakini olan Təqsirləndirilən şəxs onun Nübar adlı qohumunun vasitəsilə tanımışdır. Nübar özü Astara rayonun Şəkəran kənd sakini olmaqla həm narkotik vasitə aludəçisi, həm də satıcısı olmuşdur. Nübarın təklifi ilə həbs edilənə qədər bir neçə dəfə İrana gedib narkotik vasitə gətirib ona vermişdir. Gültəkinlə də tanışlığı bu səbəbdən yaranmışdır. 2011-ci ilin iyun ayının əvvəllərində Gültəkin əri Abuzər ilə evinə gəlmişdir. Gültəkin onu kənara çəkib təklikdə “eşitmişəm, İrana gedib Nübar üçün narkotik gətirirsən, mən də sənə narkotik gətirməyi təklif edirəm, əgər İrana gedib mənim üçün narkotik gətirsən, 100 dollar pul verəcəm” demiş, Gültəkinlə razılaşaraq İrana gedib onun üçün narkotik vasitə heroin gətirmiş, Gültəkin də dediyi 100 dollar pulu vermişdir. Həmin ərəfələrdə qızının müalicəsi ilə bağlı maddi cəhətdən problemləri olduğu üçün narkotik gətirməyə razı olmuşdur. Gültəkin üçün narkotik gətirdikdən bir neçə gün sonra Gültəkin yenidən əri Abuzərlə birgə evinə gəlmiş, həyətdə İrandan narkotik gətirməyi təklif etmişdir. Gültəkinlə razılaşmış, həmin vaxt Gültəkin yol xərci kimi təxminən 70 manat da pul verərək narkotiki gətirib təhvil verəndə də əlavə 100 dollar pul verəcəyini bildirmişdir. Həmin vaxt Gültəkindən “artıq İrandan narkotik gətirməyə qorxuram, birdən gömrükdə tutulsam necə olacaq?” deyə soruşmuş, Gültəkin də onu arxayın edib “əgər tutulsan nə kömək lazımdırsa edəcəm, hətta qızının müalicəsini də təşkil edəcəm, özünə də bütün maddi köməkliyi edəcəç” deyə cavab vermişdir. Gültəkinə inanaraq bundan sonra Astara gömrük postundan keçib Gültəkinin tapşırığı əsasında İranın gömrük postunun yaxınlığında yerləşən Şəhriyar adlı şəxsin mağazasına getmiş, Şəhriyardan Azərbaycan Respublikasına gətirib Gültəkinə təhvil vermək üçün içərisində narkotik vasitə heroin olan 1 bükümü əldə etmiş və həmin bükümü cinsiyyət orqanında gizlətmişdir. Bundan sonra elə həmin gün Astara gömrük postundan keçərək Azərbaycana gələn zaman gömrük əməkdaşı tərəfindən saxlanılıb sorğu-sual edilərək üzərində yaxud əl yükündə qanunla qadağan edilmiş hər hansı mal, narkotik vasitə, psixotrop maddə olub-olmadığı soruşulmuşdur. Özünü şübhəli apardığından 2 nəfər şəxs dəvət edib üzərində yoxlama aparılacağı bildirilmiş, həmin vaxt cinsiyyət orqanından 1 bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra təxminən 6 ay ərzində Gültəkinin söz verdiyi köməklikləri etməyi gözləmiş, amma Gültəkinin Rusiyaya qaçdığını eşitdikdən sonra ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini dəyişərək əsl həqiqəti söyləyib İrana 21 iyun 2011-ci il tarixdə narkotik vasitə gətirmək üçün Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini etiraf etmişdir. Gültəkin özünü müdafiə etmək məqsədilə guya ondan borc alıb qaytarmadığını bildirir. Həqiqətəndə oğlu İmrana toy etmək məqsədilə Gültəkindən 2000 dollar borc pul alıb təxminən 1 həftə sonra toydan yığılan yul ilə Gültəkinin borcunu faizi ilə birlikdə qaytarmışdır. İrandan həmin vaxt Gültəkin üçün narkotik vasitə gətirməyi barədə ikisindən başqa heç kimin xəbəri olmamışdır. Bundan başqa Şahid1 barəsində olan və qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhşkəməsinin 10 yanvar 2012-ci il tarixli hökmündə verdiyi ifadəsi elan olunmuş, həmin ifadədə bildirmişdir ki, tanışı Gültəkinin ona 74 manat pul verərək İrandan dərman almağı həmçinin İranda ona veriləcək bağlamanıonun üçün gətirməsini xahiş etmiş. 21 iyun 2011-ci il tarixdə İrana getmiş, orada Şəhriyar adlı tanışının dükanına getmiş, dərman almağa ona köməklik etməsini xahiş etmiş, həmin vaxtı Şəhriyarın qardaşı Ziya Gültəkinə çatdırılması üçün bağlamanı ona verərək sərhəddən keçdikdən sonra Gültəkinin onu qarşılayıb bağlamanı ondan götürəcəyini demişdir. O həmin bağlamanı əlində olan dəsmala bükərək saxlamış, Azərbaycan Respublikasına qayıdarkən gömrük əməkdaşları tərəfindən saxlanılarkən əlində olan bağlamaya baxış keçrilmiş, həmin bağlamada narkotik vasitə olması aşkar olunmuşdur. O, Gültəkinə çatacaq bağlamanın içərisində narkotik vasitə olmasını bilməmişdir. Şahid Ağayeva X4 üçün narkotik vasitə gətizdirməsini deməməsi, Gültəkinlə narkotik vasitələri satışı və gətizdirilməsi barədə heç bir danışıqları olmaması kimi ifadələrinə məhkəmə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. İş üzrə şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin əməkdaşı X15 ifadəsində göstərmişdir ki, 21 iyun 2011-ci ildə sərnişinlərin İran İslam Respublikasından gələn yoxlama xəttində xidmət etmişdir. Həmin gün saat 17 radələrində Azərbaycan Respublikası vətəndaşı Şahid1 İran istiqamətindən gömrük yoxlama xəttinə daxil olmuşdur. Gömrük əməkdaşı Rəhim Həmidov onunla gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual apararaq üzərində və əl yüklərində qanunvericiliklə dövriyyəsi qadağan olunmuş malların, o cümlədən narkotik vasitələrin olub-olmamasını soruşaraq, əgər belə mallar varsa könüllü olaraq təqdim etməyi təklif etmişdir. Şahid1 üzərində və əl yüklərində heç bir qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş maddələrin olmadığını şifahi formada bildirmiş, həmçinin gömrük bəyannaməsini imzalayaraq təqdim etmişdir. R.Həmidov onun hərəkətlərindən şübhələndiyini bildirərək üzərində şəxsi yoxlama aparılmasına icazə verilməsi üçün İdarə rəhbərliyinə müraciət etmişdir. İdarə rəhbərliyi tərəfindən Şahid1 üzərində şəxsi yoxlama aparılmasına icazə verilməsi barədə qərar qəbul edildiyindən və yoxlamanın aparılması ona həvalə olunduğundan iki nəfər qadın hal şahidi dəvət edərək Astara Gömrük İdarəsinin şəxsi yoxlama otağında Şahid1 üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlamaya başlamazdan öncə bir daha Xoşbəxtlə şifahi sorğu-sual aparmış və üzərində qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş malların olub olmadığını soruşaraq əgər belə mallar varsa könüllü olaraq təqdim etməyi təklif etmiş, həmçinin üzərində şəxsi yoxlama aparılandan sonra daxili orqanların həkim tərəfindən müayinə olunacağını da bildirmişdir. Bundan sonra, Şahid1 cinsiyyət orqanında narkotik vasitə olduğunu etiraf etmiş və hal şahidlərinin iştirakı ilə cinsi orqanı - uşaqlıq yolundan, gömrük nəzarətindən gizlədilmiş, şəffaf polietilenə bükülü, yumru-uzunsov formalı bir ədəd bağlamanı çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bağlama açılmış, içərisində sarımtıl rəngli, dənəvəri şəkilli narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır. Şahid1 tanıyır, onun əri Həmidulla ilə münasibətləri yaxşı olmuş, təxminən 2-3 dəfə Gültəkini Xoşbəxtin evinə aparmış, sonuncular öz aralarında söhbət etmişlər. Gültəkinlə Xoşbəxtin nə danışdıqlarından heç bir məlumatı olmamış, onlar söhbət edərkən gah həyətdə durmuş, gah da siqaret çəkmək üçün çölə çıxmışdır. 20 iyun 2011-ci ildə arvadı Təqsirləndirilən şəxs ilə birlikdə Şahid1 yaşadığı evə gedib getmədikləri yadında qalmamışdır. Gültəkinin Xoşbəxtin vasitəsi ilə narkotik vasitə sifariş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2011-ci il tarixli 11512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə xalis çəkisi 150,945 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İlkin tədqiqat zamanı heroinin xalis çəkisi 150,995 qram olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7350 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. İş materiallarında olan 21 iyun 2011-ci il tarixli «şəxsi yoxlama aparılması haqqında» və “gömrük baxışının keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokollardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası vətəndaşı Şahid1 üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlamaya başlamazdan əvvəl Şahid1 üzərində yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri izah edilmiş və üzərində gömrük nəzarətinə təqdim edilməyən hər hansı malları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Şahid1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet olmadığını bildirərək bu barədə bəyannamə doldurub təqdim etmişdir. Şəxsi yoxlama zamanı təkrar sorğu sual edilərkən Şahid1 cinsi orqanı - uşaqlıq yolunda gömrük nəzarətindən gizlədilmiş narkotik vasitə olduğunu etiraf edib, şəffaf polietilenə bükülü, yumru - uzunsov formalı bir ədəd bağlamanı çıxarıb təqdim etmiş, bağlama çəkildikdə təqribi çəkisinin 160 qram olduğu məlum olmuşdur. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli hökmün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 25 oktyabr 2011-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən təqdim edilmiş sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olmaqla İran İslam Respublikasına gedib-gəlmiş, eyni zamanda xx.xx.2011-ci il tarixdə saat 17:56-da İrana gedərək elə həmin gün ərzində saat 19:44-də geri qayıtmışdır. İş materiallarında olan 08 may 2012-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən Şahid1 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və X3 xx.xx.2022-ci il tarixli 9(106)02/2022 nömrəli “Xarici dövlətin qərarının tanınması və tənzimlənməsi” haqqında qərardan gürünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Primorsk vilayəti, Naxodka şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CMnin 228.1-ci maddəsinin B bəndinin 3-cü hissəsi, 30.9-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin B bəndinin 3-cü hissəsi ilə ittiham elan edilib 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, qeyd edilən maddələr Azərbaycan Respublikası CM-nin 29, 234.4.2, 28, 234.2 və 234.2-ci maddələrinə kvalifikasiya edilmişdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli 18608 nömrəli məktubundan görünür ki, Əsədova X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad olunmuşdur. İş materiallarında 21 dekabr 2012-ci il tarixli «müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekusorlarını məhvetmə komissiyasının 03 nömrəli aktından görünür ki, 150,859 qram heroin narkotik vasitəsi X8 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 1 (089)-39/12 nömrəli hökmünə əsasən məhv edilmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli Astara Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda durmur. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərarla cinayət işinin materiallarından cinayətkar qrupun şəxsiyyəti istintaqa müəyyən edilməmiş digər üzvlərinin əməllərinə obyektiv və hərtərəfli hüquqi qiymət verilməsindən ötrü Azəraycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan Astara rayon X17 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən həmin Məcəlləninin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətdir. Azərbaycan Respublikası CM-in 75.1.3-cü maddəsinə əsasən «Ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən “Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır...”. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1 və 44.2.1-ci maddələrinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən 12 il keçdiyinə, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçidiyi üçün onun barəsində CPM-in 39.1.3, 44.1 və 44.2.1-ci maddələrini əsas götürərək onun barəsində cəza təyin etməməklə ittiham hökmünün çıxarılması məqsədəmüvafiqdir. Məhkəmə CM-in 59 və 61-ci maddələrinə əsasən təqsir1əndirilən şəxs X2 cəzası yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınmış 150,859 qram heroin narkotik vasitəsinin X8 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 1 (089)-39/12 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-in 75.1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalmış 150,895 qram heroinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(089)-39/2012 nömrəli hökmü əsasında məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Cavid Səfərli Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-143/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-143/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver