Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-145/2022 14.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Səfərli Cavid Şamil oğlunun sədrliyi, Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X1, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1996-cı ildə Cəlilabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 31 ünavnında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Dairə” adlanan ərazidə tanışı X3 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan ümumi təmiz çəkisi 3,7 qram tiryəkdən kustar üsulla hazırlanmış heroini əldə edərək saxlamış və üzərində daşımış, 29 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Cəlilabad rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən onun üzərində narkotik vasitələri qanunsuz saxlamasında şübhəli bilinərək Cəlilabad şəhəri, Səttərxan küçəsində saxlanılıb, Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış aparılarkən, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət olar ki, heroini yandıraraq tüstüsünü udmaq yolu ilə qəbul edir. 29 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Cəlilabad şəhəri, Xətai küçəsində özünə məxsus avtomobildə heroini falqa kağızın üzərində yandırmaqla tüstüsünü qəbul edən zaman polis əməkdaşları yaxınlaşaraq onu şöbəyə aparıb cibinə narkotik vasitə əlavə edərək məsuliyyətə cəlb olunmuşdur. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “dairə” adlanan ərazidə tanışı Fəraqi Məmmədovdan 20 manata bir büküm heroin almış, 29 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. O, isə üzərində heroin olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinə gətirmişlər, orada axtarış zamanı heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq, fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin post patrul xidməti bölüyündə polis nəfəri kimi xidmət edir. 29 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində iş yoldaşı Şahid2la xidmətdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görmüşlər. Yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Sonuncu da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundna sonra onu polis şöbəsinə dəvət etmişdilər. Şöbədə üzərinə baxış keçirilən zaman üzərində narkotik olduğu halda təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də şalvarın sol yan cibindən bir ədəd bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün əldə etdiyini, hər hansı bir şəxsə satmadığını bildirmişdir. Həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi və ya satışı ilə məşğul olması barədə onda hər hansı bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, bundan başqa üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu və aşkar olunan narkotiki 20 manata aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 19/980 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 3,7 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd:- heroinin təmiz çəkisi– 3,7 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 3,65 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 1084 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Cəlilabad rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş 22 noyabr 2021-ci il tarixli, 1705 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi qeydiyyatda yoxdur. İş materiallarında olan maddi sübutun tanınması haqqında 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi – 3,7 qram olan narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edilmiş 0.05 qramı çıxılmaqla, təmiz qalıq şəkisi 3,65 qram çəkidə narkotik vasitə heroin saxlanılmasından ötrü Cəlilabad rayon polis şöbəsinin maddi sübutları saxlama anbarına verilmişdir. İş materiallarında olan istintaq orqanının 05 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işindən ona narkotik vasitəni satmış X4 barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir və qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı “üzərindən aşkar olunan narkotik vasitənin onun cibinə polis əməkdaşları tərəfindən əlavə edilməsi” kimi göstərdiyi xüsusatı özünü müdafiə xarakteri, məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıması kimi qiymətləndirir. Lakin məhkəməyədək ibtidai istintaq zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə olan heroin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitələrin miqdarı da nəzərə alınmalı idi. Narkotik vasitə heroinin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, narkotik vasitənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, o, cümlədən əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olunmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən narkotik vasitənin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqat orqanının 30 sentyabr 2021-ci il tarixli qərarında Təqsirləndirilən şəxs həmin tarixdə Müvəqqəti saxlama yerindən azad olunması göstərilsə də, lakin faktiki olaraq Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması davam etmişdir, belə ki, elə həmin gün, yəni 30 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cəlilabad rayon rayon məhkəməsinin eyni tarixli qərarı ilə ilə həbsetmənin əvvəli 29 sentyabr 2021-ci ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görədə, Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 29 sentyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 31-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamış, barəsində heç bir şikayət daxil olmadığı üçün yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşiman olmasını CMin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 3,65 qram olan 1 ədəd bükümdə heroin narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 3,65 qram heroin narkotik vasitəsi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-145/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-145/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver