Məhkəmə qərarları › İş №1(099)-145/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-145/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-145/2023 13.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, bir ədəd sellofan torbada külli miqdar təşkil edən 10,236 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib Masallı rayonu Qızılavar kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikiliyə gətirərək orada satış məqsədilə hissələrə bölüb həmin narkotik vasitənin bir hissəsini yaşadığı evin həyətindəki yardımçı tikilidə, digər hissəsini isə üzərində saxlamaqla daşımış, 18 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qr; 0,299 qr; 0,301 qr; 0,335 qr; 0,334 qr; 0,304 qr; 0,337qr; 0,330 qram olmaqla ümumi təmiz çəkisi: 2,566 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmin tarixdə saat 20 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı rayonu Qızılavar kəndində yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilərkən oradan 17 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,434 qr; 0,377 qr; 0,477 qr; 0,323 qr; 0,313 qr; 0,361 qr; 0,316 qr; 0,310 qr; 0,387 qr; 0,313 qr; 0,346 qr; 0,337 qr; 0,320 qr; 0,387 qr; 0,391 qr; 0,351 qr; 1,927 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 7,670 qram, üzərindən aşkar edilərək götürülmüş 2,566 qram narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində göstərmişdir ki, özü xəstədir, bədənində ağrıları olmuş, İİ qrup əlildir, narkomanlara qoşulmuş, bundan sonra isə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Özü təsərrüfatla məşğul olmuş, narkotik vasitələrdən istifadə etdiyi üçün qazancını da narkotikə vermişdir. 18 sentyabr 2022-ci ildə həyətinə polis əməkdaşları basqın etmiş kimi girmişlər. Onlar gələrkən isə özü həyətindəki yarımtikilidə olmuş, onu həmin yerdə saxlayıb, polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu CMnin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Polislər gələrkən isə narkotik vasitələr yarımtikilidəki stolunun üzərində olmuşdur. Ondan aşkar edilmiş 25 büküm və tərəzi özünə məxsus olmuşdur. Lakin saxlanılarkən yarımtikilidə olan stolun üstündən polis əməkdaşları tərəfindən götürülmüş, videoçəkilişdə isə üzərinə qoyulmuş, cibində çıxararaq təqdim etmişdir. Narkotiklərin digər hissələrini isə evinə aparıb orada çəkiliş edərək, aşkar etmişlər. Özü narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin xəstəsi olmuşdur. Aşkar edilmiş narkotik vasitələr ucuz düşdüyündən və üzərində də pulu olduğundan öz istifadəsi üçün elektron tərəzi ilə birlikdə almışdır. Narkotikləri hazır bükümlər halında, tərəzi ilə birlikdə tanımadığı şəxsdən almışdır. Düşünmüşdür ki, hər gün risk edib narkotik vasitə axtarıb almaqdansa, birdəfəlik öz istifadəsi üçün daha çox narkotik alsın. Nakotikləri alarkən isə onlar hazır bükümlərdə olmuşdur. Törətdiyi əməlindən peşmandır, evdə uşaqlarına baxan heç kim yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib izahat və ifadələrində göstərmişdir ki, tanımadığı şəxs ona bir bükümdə təqribən 15 qram çəkidə narkotik vasitə olan heroin sata biləcəyini, həmin qiymətə əlavə olaraq 1 ədəd elektron tərəzi də verə biləcəyini demişdir. Həmin tanımadığı şəxslə razılaşmış, 300 manat pul müqabilində 1 ədəd bükümdə olan təqribən 15 qram çəkidə narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini satın almış, daha sonra həmin narkotik vasitəni və elektron tərəzini əynində olan cins şalvarın yan ciblərinə qoyub yaşadığı Masallı rayonu Qızılavar kəndinə tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə geri qayıtmışdır. Kənddə yerləşən yaşadığı yarımtikiliyə çatdıqda üzərində olan narkotik vasitə heroini və elektron tərəzini çıxartmış, 1 ədəd bükümdə olan narkotik vasitə heroini özü həmin elektron tərəzidən istifadə edərək çəkib ayrı-ayrı sellofan bükülülərə ayırmış, ötən müddət ərzində həmin narkotik vasitənin təqribən 2-3 qramını özü istifadə etmiş, narkotik vasitə heroin olan bükümlərin bir qismini üzərində, əksər qismini isə yaşadığı evin həyətində yerləşən tikilidə saxlamışdır. Narkotik vasitə olan heroini ayrı-ayrı sellofan bükülülərə elektron tərəzidən istifadə edib ayırmaqla narkotik vasitənin satışını təşkil edəcəyini bildirmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini narkotik vasitələrin özü tərəfindən tərəzidə çəkilib qablaşdırılması və narkotik vasitənin satışını təşkil edəcəyi hissəsində təsdiq etmədiyini, həmin heroinləri hazır bükümlər halında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, satışını həyata keçirməsi və yaşadığı evdə külli miqdarda narkotik vasitələr saxlaması ilə bağlı ona əməliyyat məlumatları daxil olmuşdur. Bundan sonra tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş, daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Masallı rayonu Qızılavar kəndində Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə Masallı RPŞ-yə dəvət etmişlər, daha sonra Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 8 ədəd sellofan bükümlər çıxardıb iştirakçılara təqdim etmiş, həmin sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 300 manata aldığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 8 ədəd bükümlərdə olan narkotik vasitə heroinin digər qismini yaşadığı kənddə yerləşən tikilidə saxladığını bildirmiş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Masallı rayonu Qızılavar kəndinə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını yazılı ərizə ilə bildirmiş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təhqiqatçı yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs iştirakçıları həyətində yerləşən yaşadığı tikiliyə aparmış, həmin tikilidəki masanın üzərində olan qara rəngli cüzdanı təqdim etmiş, cüzdanın içərisindən 16 ədəd sellofan bükülüdə və masanın üzərindən isə 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmiş, aşkar olunan 17 ədəd bükümlərdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmin vaxtı stolun üzərindən həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, həmin narkotik vasitələri üzərində və yaşadığı evdə satış məqsədilə saxlamaqda və narkotik vasitələrin istifadəsində şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət əməllərinin ifşa olunmasından ötrü ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 13) İşdə olan, 18 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. (c İ, i.v 28-29) İşdə olan, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Masallı rayonu Qızılavar kəndində polis əməkdaşları tərəfindən yaşadığı tikiliyə və həyətinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c İ, i.v 30) İşdə olan, 18 sentyabr 2022-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Qızılavar kəndində yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilərkən orada olan cüzdanın içinə baxış keçirilərək 16 ədəd və stolun üzərindən 01 ədəd ümumlikdə narkotik tərkibli heroinə bənzər sellofan bükümlər və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. (c İ, i.v 31-34) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 19/985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 08 (səkkiz) ədəd narkotik vasitə heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 8 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi:- 0,326 qr; -0,299 qr; -0,301 qr; -0,335 qr; -0,334 qr; -0,304 qr; 0,337qr; -0,330 qram: ümumi təmiz çəkisi: -2,566 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yarım tikilidə təqdim etdiyi 17 (on yeddi) ədəd narkotik vasitə heroinə bənzər kütlələr....” sözlər və imzalar bir ədəd zərfdəki, 17 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi: -0,434 qr; -0,377 qr; -0,477 qr; -0,323 qr; -0,313 qr; -0,361 qr; - 0,316 qr; -0,310 qr; -0,387 qr; -0,313 qr; -0,346 qr; -0,337 qr; -0,320 qr; 0,387 qr; -0,391 qr; -0,351 qr; -1,927 qram: ümumi təmiz çəkisi: -7,670 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 08 (səkkiz) ədəd narkotik vasitə heroinə bənzər kütlələr....” və “Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yarım tikilidə təqdim etdiyi 17 (on yeddi) ədəd narkotik vasitə heroinə bənzər kütlələr....” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumilikdə sayı 25 büküm, ümumi təmiz çəkisi: - 10,236 qram heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 42-45) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(050)-80/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 sentyabr 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 73-76) İşdə olan, xx.xx.2022-ci il tarixli, 781 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 88-89) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı RPŞ-nin UQ və SİQ-nun VMAS yoxlama nəticəsinə əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyat alınması məsləhət görülür. (c İ, i.v 91) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. (c İ, i.v 99-101) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c İ, i.v 111-112) İşdə olan, 05 oktyabr və 20 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı tikilidən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 9,736 qram təşkil edən narkotik vasitə olan heroin, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. (c İ, i.v 118, 149) İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli 3082 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti aşkar edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə onda qeyd olunan “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırkı psixi vəziyyətinə görə onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 181-184) İşdə olan, xx.xx.2022-ci il tarixli, 575 nömrəli arayışdan və 590 nömrəli xasiyyətnamədən görünür ki, Şərifov X4 rayon Qızılavar kəndində qeydiyyatdadır, ailə üzvləri arvadı, 2008, 2010, 2015 və 2022-ci il təvəllüdlü uşaqları vardır. Yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c İ, i.v 186-187) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən əvvəlcədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin bir hissəsini üzərində saxlamaqla daşımış və digər hissəsini isə yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində daşıyarkən və yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayonu Qızılavar kəndi ərazisində ərazisində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qr; 0,299 qr; 0,301 qr; 0,335 qr; 0,334 qr; 0,304 qr; 0,337qr; 0,330 qram olmaqla ümumi təmiz çəkisi: 2,566 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Masallı rayonu Qızılavar kəndində yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilərkən oradan 17 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,434 qr; 0,377 qr; 0,477 qr; 0,323 qr; 0,313 qr; 0,361 qr; 0,316 qr; 0,310 qr; 0,387 qr; 0,313 qr; 0,346 qr; 0,337 qr; 0,320 qr; 0,387 qr; 0,391 qr; 0,351 qr; 1,927 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 7,670 qram, üzərindən aşkar edilərək götürülmüş 2,566 qram narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış, eləcədə baxış keçirilən zaman üzərindən və yaşadığı evin həyətində olan yardımçı tikilidən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitənin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın, eləcə də baxışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan narkotik vasitənin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkoti vasitənin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və vasitənin növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç vaxt heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 53-56) və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 63-66) şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki yardımçı tikilidən aşkar edilmiş narkotik vasitə olan heroini ayrı-ayrı sellofan bükülülərə elektron tərəzidən istifadə edib ayırmaqla narkotik vasitənin satışını da təşkil edəcəyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıqaşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Masallı Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə etməməsi ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bundan başqa aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 68 dəfə çox) çox olub külli miqdar təşkil etməsi, narkotik vasitənin çəkilərək xırda bükümlərə bölünməsi (ümumilikdə 25 ədəd) həmin bükümlərin 08 ədədini üzərində saxlamaq yaşadığı evdən kənərda daşıması, narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar edilməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitənin satışı ilə məşğul olmuş, habelə o, üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram külli miqdarının aşağı həddi isə 2 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, İİ dərəcəli əlil olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 18 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Həmçinin məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,736 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,736 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar