Məhkəmə qərarları › İş №1(099)-148/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-148/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-148/2023 03.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri “KREDO” Vəkil Bürosunun Vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1961-ci il tarixdə Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilmiş başqa bir şəxslə narkotik vasitə olan 62,400 qram çəkidə tiryəkin 500 manat pul müqabilində ona satılması və pulunun gələcəkdə verilməsi ilə bağlı razılığa gələrək, 2022-ci ilin sentyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 21 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində həmin şəxs tanışı başqa bir şəxslə görüşüb ondan satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 62,400 qram çəkidə narkotik vasitə olan tiryək almış və istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 12,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, 11 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri ərazisində “Avtovağzal” adlanan yerin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 62,400 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, əynindəki şalvarın sol yan və sağ yan ciblərindən hərəsində 2 ədəd kibrit qutusunda olmaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı ümumilikdə 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-3,35 qram, 3,50 qram, 2,77 qram, 2,38 qram, ümumi təmiz çəkisi 12,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o toylarda aşbazlıq edir. 11 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində ona zəng edib, aşpaz işi ilə əlaqədar sifariş vermək üçün vağzala çağırmışlar. O da vağzala getmiş, lakin vağzalda 3 nəfər polis əməkdaşı onu saxlayıb Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Orada onda narkotik vasitə olubolmadığını soruşmuşlar. O da evində narkotik vasitə tiryək olduğunu demiş və polis əməkdaşları onunla birlikdə onun evinə getmişlər. O evdə olan dolabdan bir bükümdə narkotik vasitəni onlara verdikdən sonra onu polis şöbəsinə aparmışlar. Orada onun verdiyi tiryək çəkilmiş, tiryəkin çəkisi 40 qram olmuşdur. Lakin çəkiliş zamanı necə oldusa tiryəkin çəkisi 62 qram gəlmişdir. Həmin vaxt onun üzərindən qurudulmuş marixuana da aşkar olunaraq götürülmüşdür. O marixuananı dəniz kənarından tapmışdır. Tiryəki isə Nailə 500 manat pulu sonra vermək şərti ilə Elxan vasitəsi ilə Naildən almışdır. O saxlanılarkən və sonra ona fiziki təsir göstərilməmişdir. Ona hara gəldi qol çəkdirmişlər. O 1 sentyabrda 50 qram tiryək almışdır. Onu 11 sentyabrda tutmuşlar. Tiryək onun üzərində deyil, evində olmuşdur. Üzərində axtarış videoçəkilişlə keçirilmişdir. Həmin vaxt ona təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı ilkin izahatında, cinayət törətməkdə şübhə edilən şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Şahid5 pulunu sonradan vermək şərti ilə 70 qram narkotik vasitə tiryəki 500 manat müqabilində razılaşdıqlarını və həmin narkotik vasitəni Nailin Elxan adlı tanışı ilə ona göndərdiyini, Neftçala rayonu, Şirvanlı kəndinə Xəzər dənizi sahilində olduğu vaxt yerdə sellofanın içərisndə 4 ədəd kibrit qutusunda qurudulmuş marixuana tapdığını, həmin kibrit qutularında olan qurudulmuş marixuanaları da öz istifadəsi üçün cibinə qoyduğunu, 11 sentyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Neftçala şəhərində avtovağzal adlanan yerin yaxınlığı ilə gedərkən, polis əməkdaşlarının onu saxlayaraq Neftçala Rayon Polis Şöbəsinə aparıb, vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini deyərək, üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif olunduğunu, o da üzərində olan 1 bükümdə narkotik vasitə olan tiryəki və 4 ədəd kibrit qutularında olan qurudulmuş marixuananı təqdim etdiyini, həmin narkotik vasitələr qablaşdırılıb, zərfə qoyularaq möhürləndiyini, daha sonra protokol tərtib olunduğunu və iştirakçılar kimi o da protokola imza etdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2022ci il tarixdə ona Neftçala rayonu, Mirqurbanlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat təxminən 17 radələrində daxil olan əməliyyat məlumatı əsasında Qənbərov X2 şəhəri ərazisində avtovağzal adlanan yerin yaxınlığında saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə aparılmışdır. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o üzərində olan bir bükümdə tiryək və 4 ədəd kibrit qutularında qurudulmuş marixuananı təqdim etmişdir. Narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Tiryək 62 qram olmuşdur. Lakin qurudulmuş marixuananın çəkisini xatırlamır. Sonra da həmin maddələr qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evində deyil, vağzalda saxlanılaraq polis şöbəsinə aparılmışdır. O üzərindən aşkar olunaraq götürülmüş marixuananı tapdığını, tiryəki isə Nail adlı şəxsdən aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin vaxt ona heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəlində Bakı şəhərində Nail ona 1 ədəd bükümdə tiryək verərək onu Qənbərə verməsini tapşırmışdır. Sonra Nail ona zəng edərək Neftçala şəhərində 1 nömrəli məktəbin yaxınlığında işıqforun yanında Qənbərin onu gözlədiyini və 1 bükümdəki tiryəki aparıb ona verməsini demişdir. O, həmin günü saat təxminən 21 radələrində deyilən yerdə Qənbərlə görüşüb 1 bükümdə olan tiryəki ona vermişdir, lakin Qənbər onun əvəzində heç nə verməmişdir. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəlində Qənbər ondan tiryək istəmiş, o da pulunu sonradan ödəmək şərti ilə 50 qram tiryəki 500 manat pula ona verməyə razılaşmışdır. Sonra o Bakı şəhərində Qənbərə çatdırması üçün Elxana 1 bükümdə 50 qram tiryək vermiş Elxan da tiryəki Qənbərə çatdırmışdır. Elxana isə özü istifadə etmək üçün fındıq boyda tiryək vermişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Neftçala Rayon Polis Şöbəsinə məlumat daxil olmamışdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 sentyabr 2022ci il tarixli, 18/1005 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 62,400 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 18/1006 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,35 qram, 3,50 qram, 2,77 qram, 2,38 qram, ümumi çəkisi 12,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 sentyabr 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ibtidai istintaq orqanının 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 62,300 qram olan narkotik vasitə tiryək və qalıq çəkisi 11,92 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Neftçala RPŞ-yə təhvil verilmişdir. İşdə olan Neftçala Rayon Mərkəzi X3 Şəxsin 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Qənbərov X2 RMX PHŞ-nin narkoloji və əsəb-ruhi dispanser qeydiyyatlarında yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş tiryəkin çəkisi 62,400 qram deyil, 40 qram olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi bu ifadəni özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübütlarla tam təkzib edildiyindən həmin hissədə onun verdiyi ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə dindirilərkən verdiyi ifadədən görünür ki, o elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, aşkar edilərək götürülmüş külli miqdarda 70 qram çəkidə tiryəkin ona məxsus olduğunu, həmin tiryəki özü istifadə etmək üçün Şahid5 pulunu sonradan vermək şərti ilə Şahid4 vasitəsi ilə aldığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlər də onun ifadəsində qeyd edilən xüsusatları təsdiq etdilər. İşdə olan videoçəkilişlə keçirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolu ilə də onun üzərinə şəxsi axtarış keçirilərkən 70 qram çəkidə tiryəkin aşkar edilərək götürüldüyü öz təsdiqini tapmışdır. İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş nakotik vasitə tiryəkin qalıq çəkisinin 62,400 qram olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini işin hallarına uyğun gələn, səmimi etifaredici ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 62,400 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 12 qram qurudulmuş marixuana əldə edib yerini dəyişərək üzərində qanunsuz olaraq saxlamaqla daşıması tam təsdiq olunur. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, CM-nin həmin maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1961-ci il tarixdə Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olmuşdur. Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “OD Artifakiya.OS-Term qlaukoma, buynuz qişanın xorası diaqnozu ilə xəstədir və xəstəliyi ilə əlaqədar ııı qrup əlildir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xəstə olmaqla qocalığını, İİİ qrup əlil olmasını və yaşayış yerindən müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkün deyildir. Ona görə də ona təqsirləndirildiyi maddənin, sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsas görmür. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 sentyabr 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Lakin o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 62,300 qram tiryək və 11,92 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 manat 69 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 62,300 qram tiryək və 11,92 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 manat 69 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar