Məhkəmə qərarları › İş №1(099)-148/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-148/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-148/2024 08.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1999-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 7, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Rza” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbanın içərisində, ayrı-ayrı qablaşdırılmaqla külli miqdarda-2765,0 qram tiryəkin və 214,621 qram narkotik vasitə olan qurudulmuş marixuananın Biləsuvar rayonunun “Çaylı- Əsgərabad” dairəvi yolunun kənarında, “Şuşa-Biləsuvar-İran yolu” sözləri yazılmış lövhənin altında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 27 may 2023-cü il tarixdə, saat 23 radələrində cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid4 idarə etdiyi VAZ-2105 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbanın içərisində ayrı-ayrı qablaşdırılmaqla bir ədəd bağlamada külli miqdarda-2765,0 qram tiryəki və bir ədəd bağlamada 214,621 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq olaraq əldə edib, əlindəki gödəkcənin altında gizlədib saxlayaraq Şahid4 idarə etdiyi avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 28 may 2023-cü il tarixdə, saat 01 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Bəydili kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əlindəki bir ədəd sellofan torbanın içərisindən ayrı-ayrı qablaşdırılmaqla bir ədəd bağlamada külli miqdarda-2765,0 qram narkotik vasitə olan tiryək və bir ədəd bağlamada 214,621 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri, B.Talıblı küçəsi ev 7, mənzil 11-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, dəmirçi yanında fəhlə işləmişdir, subaydır. O, bir müddət əvvəl psixiatriya xəstəxanasında müalicə almış, hazırda da psixi xəstəlikdən əziyyət çəkir. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə”-dən (qurudulmuş marixuanadan) istifadə etmişdir. Əvvəllər (2017-ci ildə) bir dəfə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. 2023-cü ilin may ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində “patı kola zaklatka” profilində narkotik vasitələrin satışı ilə bağlı təkliflərin yazılmasını görüb həmin şəxsə sms yazıb kim olmasını soruşmuş, bu şəxs də İranda yaşadığını və narkotik maddə satdığını bildirmişdir. Həmin şəxsdən istifadəsi üçün marixuana göndərməsini və pulunu sonradan verəcəyini demiş, lakin bu şəxs onu tanımadığını deyib nisyə narkotik maddə göndərməyə razılaşmamışdır. Sonra o, həmin şəxsə vatsapla istifadə etdiyi telefon nömrəsini (***-***-**- ** saylı mobil nömrəsini) göndərmiş və bundan sonra onunla aralarında vatsapla əlaqə yaranmışdır. Daha sonra həmin şəxs İran telefon nömrəsi ilə ona sms yazıb bir neçə gün əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs olmasını və adının “Rza” olmasını bildirib ona nisyə 1 kq marixuana və 200 qram heroin göndərə bilcəyini, həmin narkotik maddələrin pulunu sonradan verməsini təklif etmiş, o isə bu şəxsə onun üçün 200 qram “nəşə” (marixuana) göndərməsini demiş, o da razılaşmışdır. 27 may 2023-cü il tarixdə, axşam saatlarında “Rza” vatsapla ona sms yazıb 200 qram “nəşə”nin (marixuananın) Biləsuvar rayonu ərazisində bir yerə qoyulduğunu, gedib oradan həmin narkotik maddəni götürməsini demişdir. Bundan sonra o, həmin narkotik maddəni götürmək qərarına gəlib Biləsuvara getmək üçün eyni məhəllədə yaşayan tanıdığı taksi sürücüsü Mirfazilə (Şahid4) Biləsuvara tanışından qaynaq aparatı götürmək üçün getmək istədiyini demiş, Mirfazil də Biləsuvara gedib-gəlməyə görə ondan 50 manat pul alacağını bildirmiş, o da razılaşmışdır. Həmin gün gecə saat 23 radələrində Mirfazil idarə etdiyi maşınla (VAZ-21015 markalı, **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə) onu Biləsuvar rayonuna aparmışdır. Biləsuvar rayonuna çatdıqdan sonra o, iranlı Rza ilə vatsapla danışıb “Azpetrol” YDM-nin yanında olduğunu demiş, Rza da ona üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin fotoşəkilini göndərib narkotik maddə olan bağlamanın həmin lövhənin altına qoyulduğunu bildirmişdir. Sonra o, Mirfazilə maşını irəli sürməsini, qaynaq aparatı götürəcək tanışı ilə qabaqda görüşəcəyini demiş, Mirfazil də maşını sürmüş, o, yolda üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhəni görüb Mirfazilə maşını saxlamasını demiş, Mirfazil də maşını həmin yerdə saxlamışdır. Sonra o, maşından düşüb arxa tərəfə gedib həmin lövhənin altından bir ədəd bağlamanı götürüb əynindəki gödəkcənin cibinə qoyub geri qayıdıb maşına oturmuş və Mirfazilə yalandan qaynaq aparatını alacağı şəxslə razılaşmadığını deyib geri qayıtmağı bildirmiş, Mirfazil də həmin yerdə maşını geri döndərib hərəkət etmişlər. Bir az getdikdən sonra o, susuz olmasını bildirib Mirfazilə Biləsuvar şəhərinə girib orada olan mağazaların birindən su alacağını demiş, Mirfazil də maşını Biləsuvar şəhərinə sürmüşdür. Onlar elə yolda olarkən YPX-nin əməkdaşları sürücüyə maşını saxlamaq işarəsi vermiş, lakin Mirfazil etibarnaməsinin müddətinin bitməsinə görə polislərin ona cərimə yazacaqlarını bildirib maşını saxlamayıb polislərdən yayınmaq üçün Bəydili kəndinə daxil olub hərəkət etmişdir. Bəydili kəndininin içərisində maşınla hərəkətdə olduqları zaman o, gödəkcəsinin cibində olan narkotik bağlamasını çölə atmış, həmin vaxt hava qaranlıq olduğundan Bəydili kəndinin ərazisində dəqiq harada olarkən narkotik maddəni maşından atmasını bilməmiş, həmçinin onun bağlamanı (içərisində narkotik maddə olan) çölə atmasını Mirfazilin görüb-görməməsini bilməmişdir. Bir az sonra onlar maşınla Bəydili kəndində tanımadığı yerdə olarkən YPX-nin əməkdaşları arxadan gəlib onlara çatıb maşını saxlatmışlar. Bundan sonra YPX-nin əməkdaşları, çoxlu sayda mülki geyimli polis əməkdaşları onu və taksi sürücüsü Mirfazili tutub polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu tutarkən üzərində narkotik maddə olmamışdır. Həmçinin tutulan vaxt polis əməkdaşları onu döymüş, sonra onu və sürücünü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları yenə də ona təzyiqlər edərək götürdüyü narkotik vasitənin harada olmasını soruşmuş, o isə üzərində narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları qarşısına içərisində narkotik maddələr olan bir ədəd bağlamanı qoyub həmin bağlamada olan narkotiklərin ona məxsus olmasını bildirmişlər. O, ona təqdim olunan bağlamada olan narkotik maddələrin ona məxsus olmadığını, lakin tanış olduğu iranlı Rza adlı şəxsdən öz istifadəsi üçün 200 qram marixuana aldığını və yolda gələrkən narkotik maddə olan bağlamanı maşından çölə atdığını desə də, polislər ona inanmamış və gedib həmin yerə baxmamışlar. Həm də ona təqdim olunan bağlama onun götürdüyü, sonra maşından çölə atdığı bağlama olmamaş, götürdüyü bağlama kiçik-balaca həcmdə olmuş, ona təqdim olunan bağlama isə böyük olmuşdur. Sonra polis əməkdaşları yenə də ona qarşı təzyiqlər etmiş, o da məcbur qalıb təqdim olunan bağlamadakı narklotik maddələrin özünə məxsus olmasını deməyə razılaşmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, bağlamada olan narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Həmin bağlamanın içərisindən bir bağlamada marixuana və bir bağlamada tiryək aşkar olunmuşdur. Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Əslində isə aşkar olunmuş marixuana və tiryək ona məxsus deyil, həmin narkotik maddələr polis əməkdaşlarına aiddir. Həmçinin o, narkotik maddələrin satışı ilə məşğul olmamış və ona narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin tanışı olduğu “Rza” adlı şəxslə danışıb öz istifadəsi üçün 200 qram marixuana alması, sonra Biləsuvara gedib həmin narkotik maddəni götürüb üzərində saxlamasına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, xeyli müddərdir ki, “nəşə” adlanan narkotik vasitədən (qurudulmuş marixuanadan) istifadə edir. Taksi sürücüsü Şahid4 tanıyır, onunla eyni məhəllədə yaşayır, qonşu kimi münasibətləri vardır. 2023-cü ilin may ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində “patı kola zaklatka” profilinin olmasını və həmin profildə narkotik və psixotrop maddələrin satışı ilə bağlı təkliflərin yazılmasını görüb həmin şəxsə sms yazıb kim olmasını soruşmuş, bu şəxs də İranda yaşadığını desə də, adını bildirməmişdir. O, əvvəl həmin şəxsə narkotik vasitə göndərməsini, satıb pulunu verəcəyini təklif etmiş, lakin bu şəxs onu tanımadığı üçün nisyə narkotik və psixotrop maddə göndərməyə razılaşmamışdır. Sonra o, həmin şəxsə “WhatsApp” sosial şəbəkəsinin istifadə etdiyi 055/837-92-77 saylı mobil telefon nömrəsini göndərmişdir. Bundan 3-4 gün sonra “WhatsApp” sosial şəbəkəsində tanımadığı bir şəxs İrana aid telefon nömrədən ona sms yazıb bir neçə gün əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs olmasını və adının “Rza” olmasını bildirib ona nisyə narkotik vasitə satmağı təklif etmiş, yəni narkotik vasitəni ona göndərdikdən sonra narkotiki satıb pulunu sonradan ona göndərmyə razılaşmışdır. “Rza” ona bir kiloqram “nəşə”, yəni qurudulmuş marixuana və bir kiloqram “kakos”, yəni heroini Biləsuvar rayonun ərazisindən götürməyi, həmin narkotik vasitələri satıb qurudulmuş marixuananın hər qramına görə 7 manat olmaqla 7000 (yeddi min) manat, heroinin hər qramını isə 17 manat olmaqla 17000 (on yeddi min) manat pul verməyi təklif etmiş, o da razılaşmışdır. 27 may 2023-cü il tarixdə, saat 20 radələrində iranlı “Rza” ona sms yazaraq Biləsuvar rayonun ərazisində 1 kq qurudulmuş marixuana və 200 qram heroin gizlədilməsini və həmin narkotik vasitələri qeyd edilən yerdən götürməsini bildirib göndərdiyi 1 kq qurudulmuş marixuanaya görə 7000 manat, 200 qram heroinə görə 3400 manat olmaqla cəmi 10.400 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Sonra o, həmin gün saat 21:30 radələrində yaşadığı məhəllədə taksi sürücüsü Şahid4la görüşüb onu Biləsuvar rayonuna aparmasını, orada tanışından qaynaq aparatı alacağımı bildirmiş, Mirfazil də onu aparıb-gətirməsinə görə 50 manat alacağını demiş, o da razılaşmışdır. Bundan sonra həmin gün saat 23 radələrində taksi sürücüsü Şahid4 idarə etdiyi VAZ- 21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə onu götürüb Biləsuvar rayonuna aparmışdır. O, iranlı ilə telefonla-vatsapla danışarkən Mirfazil onun kiminlə danışmasını bilməmiş, ona qaynaq aparatı alacağı şəxslə danışdığını bildirmişdir. Həmin gün saat 23:50 radələrində Biləsuvar rayonuna çatdıqdan sonra o, iranlı Rzaya vatsapla zəng edib “Azpetrol” YDM-nin yaxınlığında olduğunu demiş, Rza da ona üzərində “Şuşa- İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin fotoşəkilini göndərib içərisində narkotik vasitələr olan bağlamanı həmin lövhənin altında gizlədildiyini bildirmişdir. Bundan sonra yolda üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhəni görüb Mirfazilə avtomobili irəli sürməsini demiş, Mirfazil də avtomobili onun dediyi istiqamətdə sürmüşdür. Təxminən 500-600 metr getdikdən sonra o, Mirfazilə avtomobili saxlamasını, yolun kənarında ayaqyoluna gedəcəyini bildirmiş, Mirfazil də avtomobili saxlamış və o, avtomobildən yerə düşüb arxa tərəfə gedib “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin altında gizlədilmiş içərisində narkotik vasitələr olan göy rəngli bağlamanı götürüb əynindəki gödəkcəni çıxarıb bağlamanı həmin gödəkcəyə bükmüş, sonra avtomobilə qayıdıb Mirfazilə yalandan qaynaq aparatını alacağı şəxslə qiymətdə razılaşmadığını bildirib geri, Salyana qayıtmağı demiş, Mirfazil də avtomobili geri döndərib Salyan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olarkən o, susuz olmasını bildirib Mirfazildən avtomobili Biləsuvar şəhərində mağazaların birinin yanında saxlaması, su alacağını demiş, Mirfazil də avtomobili Biləsuvar şəhərinin mərkəzi ilə sürüb hərəkət etməyə başlamışdır. Bir az hərəkət etdikdən sonra yolda dayanmış YPX-nin əməkdaşları sürücüyə avtomobili saxlamaq işarəsi vermiş, lakin Mirfazil etibarnaməsinin müddətinin bitməsinə görə ona cərimə yazılacağını bildirib avtomobili saxlamayıb Bəydili kəndi istiqamətində hərəkət edib kəndin içərisinə daxil olmuşlar. Bəydili kəndində tanımadığı məktəbin yaxınlığında olarkən YPX-nin əməkdaşları arxadan gəlib onlara çatdığından Mirfazil avtomobili yolun kənarında saxlamalı olmuşdur. Əvvəl YPX-nin əməkdaşları, sonra mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb üzərilərində, həm də avtomobildə narkotik vasitələr daşımalarında şübhəli olmaları bildirilib Biləsuvar RPŞ-nə aparılmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya aşkar edilməmiş, lakin əlində tutduğu sellofan torbanı təqdim edib içərisində narkotik maddələr olduğunu, həmin narkotik maddələri ona sosial şəbəkədə tanış olduğu “Rza” adlı İran vətəndaşının göndərdiyini bildirmişdir. Təqdim etdiyi sellofan torbanın içərisində 2 ədəd bağlama və həmin bağlamaların birinin içərisində marixuana, digərində tiryək kütlələri aşkar edilmişdir. O, şifahi sorğu zamanı bildirmişdir ki, tanış olduğu iranlı “Rza” adlı şəxs sellofan torbada narkotik maddələri Biləsuvar rayonun ərazisində üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin altında gizlədilməsini dedikdən sonra o, taksi sürücüsü Mirfazillə Biləsuvar rayonuna gedib həmin yerdən sellofan torbada olan narkotik maddələri götürmüşdür. Taksi sürücüsü Mirfazilə qaynaq aparatı almaq üçün onu Biləsuvara aparmasını demiş və onun narkotik maddə götürmək üçün getməsindən Mirfazilin məlumatı olmamış, həmçinin sellofan torbanı götürüb üzərində saxlamasını Mirfazil görməmişdir. Aşkar olunmuş kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində içərisində narkotik maddələr olan bağlama olmamış, götürdüyü 200 qram marixuananı da Bəydildi kəndində olarkən maşından çölə atmışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş və onların təqdim etdiyi bağlamada olan narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilmiş, sonradan da o, polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində polislərin ona təqdim etdiyi bağalamada olan narkotik maddələr (tiryək və qurudulmuş marixuana) ona məxsus deyil. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb isə polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və ona narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin tanışı olduğu “Rza” adlı şəxslə danışıb öz istifadəsi üçün 200 qram marixuana alması, sonra Biləsuvara gedib həmin narkotik maddəni götürüb üzərində saxlamasına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ-21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, eyni məhəllədə yaşayırlar və münasibətləri normal olmuşdur. 27 may 2023-cü il tarixdə, gecə saatlarında yaşadığı məhəllədə Adil ona yaxınlaşıb Biləsuvar rayonunda yaşayan tanışından qaynaq aparatı almaq üçün getmək istədiyinə və onu Biləsuvara aparıb-gətirməsini xahiş etmiş, o da 50 manat alacağını demiş, Adil də razılaşmışdır. Həmin gün saat 23 radələrində o, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından götürüb Biləsuvar rayonuna aparmışdır. Yolda olarkən Adil telefonla kiminləsə danışmış, onun kiminlə və nə barədə danışmasını bilməmişdir. Gecə saatlarında onlar Biləsuvar rayonun ərazisində olan “Azpetrol” YDM-nin yanına çatıb orada avtomobili saxlamışdır. Sonra Adil avtomobili irəli sürməsini deyib qaynaq aparatı alacağı şəxslə orada görüşəcəyini bildirmiş, o da maşını irəli sürmüş və bir az getdikdən sonra Adil ayaqyoluna gedəcəyini deyib maşını saxlamasını demiş, o da maşını yolun kənarında saxlamışdır. Sonra Adil maşından düşüb arxa tərəfə getmiş, 2-3 dəqiqədən sonra Adil geri qayıdıb maşına oturub qaynaq aparatı baha olduğu üçün almadığını bildirib və geri qayıtmağı demiş, o da maşını geri döndərib hərəkət etmişlər. Xatırlayır ki, Adil maşından düşüb gedərkən gödəkcəsi əynində olmuş, geri qayıdıb maşına oturan zaman Adil gödəkcəsini əlində tutub maşına oturmuşdur. “Azpetrol” YDMnin yanına çatanda Adil susuz olduğunu və Biləsuvar şəhərinin mərkəzinə gedib oradakı mağazaların birindən su alacağını demiş, o da maşını şəhərin mərkəzinə tərəf sürmüş və Bəydili kəndinin yanından keçən asfalt yolla hərəkətdə olarkən YPX-nin əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermiş, lakin etibarnaməsinin müddəti başa çatdığı üçün ona cərimə yazacaqlarını düşünüb avtomobili torpaq yola salıb Bəydili kəndinin içərisinə sürmüşdür ki, YPX-nin əməkdaşları həmin yolla onun arxasınca gəlməsinlər. Onlar avtomobillə Bəydili kəndinin ərazisində tanımadığı bir məktəbin yaxınlığında olarkən YPXnin əməkdaşları arxadan gəlib onlara çatıb avtomobili saxlamağı tələb edilmiş, o da avtomobili yolun kənarında saxlamışdır. Sonra YPX-nin əməkdaşları və mülki geyimli başqa polis əməkdaşları onlara yaxınlaşıb üzərilərində və idarə etdiyi avtomobildə narkotik vasitələr daşımalarında şübhəli olmaları bildirilib onları Biləsuvar RPŞ-nə aparılmışlar. Polis şöbəsində videoçəkilişlə onun üzərində axtarış aparılmış, sonra idarə etdiyi maşına da baxış keçirilmişdir. Axtarış və baxış zamanı üzərində və maşınında qadağan olunmuş əşya, o cümlədən narkotik maddələr aşkar edilməmişdir. Orada olarkən ona məlum olmuşdur ki, polis əməkdaşları Adilin üzərində narkotik maddələr aşkar etmişlər. Həmin vaxta qədər Adilin Biləsuvara narkotik maddələr götürmək üçün gəlməsindən heç bir məlumatı olmamış, Adil ona Biləsuvarda olan tanışından qaynaq aparatı alacağını demiş və o, taksi sürücüsü kimi Adili idarə etdiyi avtomobillə Biləsuvar rayonuna pul qarşılığında aparmışdır. O, maşını saxladıqdan sonra Adilin maşından düşüb gedib bir az sonra geri qayıdarkən əlində bağlama görməmiş, həmçinin Bəydili kəndinin ərazisində Adilin maşından çölə nəsə atmasının şahidi olmamış və ümumiyyətlə Adil narkotiklə bağlı ona heç bir söz deməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 27 may 2023-cü il tarixdə ona, Salyan rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonun ərazisində X1 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış, 27 may 2023-cü il tarixdə, gecə 23 radələrində əməliyyat-axtarış tədbiri keçirilməyə başlamış və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ-21015” markalı (VAZ-21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı) avtomobilin Biləsuvar şəhəri, Q.Həsənova küçəsində hərəkətdə olması müəyyən edilib əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra həmin avtomobil Biləsuvar rayonun Bəydili kəndində yerləşən orta məktəbin yaxınlığında YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməliyyat qrupu da həmin avtomobilə yaxınlaşıb avtomobilin sürücüsü-özünü Şahid4 kimi və sərnişin-özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslərə üzərilərində və avtomobildə narkotik vasitələr daşımalarında şübhəli olmaları izah edilib onlar avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Nicat İbayev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və əlində tutduğu sellofan torbaya baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar və hər hansı narkotik vasitələr aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs əlində tutduğu sellofan torbanın içərisində 2 ədəd bağlama və həmin bağlamaların birinin içərisində marixuanaya, digərində tiryəkə oxşar kütlələri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri ona sosial şəbəkədə tanış olduğu “Rza” adlı İran vətəndaşının göndərdiyini və həmin narkotik maddələr Biləsuvar rayonun ərazisində üzərində “Şuşa-İran yolu-Biləsuvar” sözləri yazılmış lövhənin altında qoyulduqdan sonra onun (Təqsirləndirilən şəxs) taksi sürücüsü Mirfazillə Biləsuvar rayonuna gəlib həmin yerdən sellofan torbada olan narkotik maddələri götürdüyünü, onun narkotik maddə götürmək üçün Biləsuvara gəlməsidən taksi sürücüsü Mirfazilin məlumatı olmadığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu tərfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və sellofan torbaya baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Bundan sonra Şahid4 üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilmiş, üzərində və avtomobilində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Məhkəmə iclasında Şahid2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış və VAZ-21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi xüsusatları üzrə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 Fizuli oğlu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, Şahid4 üzərində şəxs axtarış və VAZ-21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi xüsusatları üzrə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 27 və 28 may 2023-cü il tarixli “Raport”ları və “Əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” 28 may tarixli protokolla müəyyən olunur ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlanılmış və 27 may 2023-cü il tarixdə, saat 23:55 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olması ehtimal olunan VAZ-21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Həsənov küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan sonra əməliyyat qrpunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Bəydili kəndində yerləşən orta məktəbin yaxınlığında VAZ-21015 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Daha sonra əməliyyat qrupu tərəfindən saxlanılmış şəxslər Təqsirləndirilən şəxs və sürücü Şahid4 həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilmişlər. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X1 dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 28 may 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Nicat İbayev tərəfindən müdafiəçi Fədai Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki sellofan torbanın içərisində bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə narkotik vasitə olan tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi və bioloji ekpertizasının 28 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş və üzərində “... Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf ... ” sözlər və imzalar olan bir ədəd paketdəki bir ədəd bükülüdə təmiz çəkisi 2765,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Bir ədəd bükümdə təmiz çəkisi 214,621 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 214,521 qram və qalıq tiryək 2764,8 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 30 may 2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 214,521 qram qurudulmuş marixuana və 2764,8 qram tiryək, eləcə də bir ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi barədə” 31 may 2023-cü il tarixli protokolla müyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş “Samsung Galaxy A20” markalı mobil telefon apratının üzərində 055/837-92-77 saylı mobil telefon nömrəsi vardır. Telefonun “kontaktlar” hissəsində İran telefon operatorlarına məxsus olan +98 ********** saylı telefon nömrəsi vardır. Telefonun “WhatsApp” proqramı hissəsində olan məlumatlar silinmişdir. Telefonun “Qalareya”-na hissəsində üzərində “Şuşa, Bəhrəmtəpə, İran yolu, Biləsuvar” sözləri yazılmış lövhənin fotoşəkili, Biləsuvar rayonun ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin fotoşəkilləri, habelə “Azpetrolun yanına Şuşa Fizuli yoluna gir qabağa gəl sağda” sms-nin səs yazılarının göndərilməsi barədə məlumatlar vardır. Qeyd olunan fotoşəkillər, sms və səs yazılarının göndərilməsini özündə əks etdirən fotolar çıxarılıb protokola əlavə olunmuşdur. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürürlməsi məsləhət görülür. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 25 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur, onun “emosional davamsız şəxsiyyət pozuntusu” ilə əlaqədar hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” hal-hazırda kompensasiya vəziyyətindədir, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid4 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən “Rza” adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində xəsarətlərin aşkar edilməsi və Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumatlar üzrə Biləsuvar rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid4, Şahid3 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutularkən üzərində (əlində) narkotik maddələr olan bağlamanın olmaması, götürdüyü 200 qram marixuananı Bəydili kəndində olarkən maşından çölə atması, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla polislərin təqdim etdiyi bağlamada olan narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilməsi, bir ədəd bağlamada aşkar olunmuş narkotik maddələrin (tiryək və qurudulmuş marixuananın) ona məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutularkən üzərində (əlində) narkotik maddələr olan bağlamanın olmaması, götürdüyü 200 qram marixuananı Bəydili kəndində olarkən maşından çölə atması, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla polislərin təqdim etdiyi bağlamada olan narkotik maddələrin ona məxsus olduğunu bildirməyə məcbur edilməsi, bir ədəd bağlamada aşkar olunmuş narkotik maddələrin (tiryək və qurudulmuş marixuananın) ona məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərarla, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş (həmin vaxt o, əlindəki bağlamada aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, habelə ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, həm də ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Biləsuvar Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmuş marixuananın 500 qramı və tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2765,0 qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 214,621 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət olan narkotik vasitələri, o cümlədən külli miqdarda tiryək əldə etməsi və həmin narkotik maddələrin real sıtışını həyata keçirib əldə etdiyi pulun bir hissəsini özündə saxlamaqla pulun əsas hiisəsinin cinayətkar qrupun üzünə çatdırmaq məqsədilə (qazanc əldə etmək üçün) üzərində saxlayıb daşıması onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 400 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. İşdə olan, Salyan rayon İH Salyan MİTTİB-dən verilmiş 10 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, B.Talıblı küçəsi, ev 7, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nın maddi sübutlar otağında saxlanılan 2764,8 qram (2 kq 764,8 qram) narkotik vasitə olan tiryək və 214,521 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aparatı (üzərində 055/837-92-77 saylı mobil telefon nömrəsi olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X5 təhvil verilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2764,8 qram (2 kq 764,8 qram) narkotik vasitə olan tiryək və 214,521 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aparatı (üzərində 055/837-92-77 saylı mobil telefon nömrəsi olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X5 təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar