Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-149/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Kürdəmir rayonu, Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının ortalarında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,040 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 1,191 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, 17 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri A.Əhməd küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,040 qram narkotik vasitə heroin və 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,811 qram və 0,380 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izi olan gümüşü rəngli falqa kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə günorta vaxtı saat 15 radələrində Kürdəmir şəhəri, A.Əhməd küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən qara rəngli pul qabını çıxarıb stolun üzərinə qoymuş, oradan 02 ədəd polietilen büküm, həmin bükümlərin birində heroin, digər bükümün içərisindən 02 ədəd bükümlərdə metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, heroini və metamfetaminləri təxminən 5 gün əvvəl “whatsapp” vasitəsilə tanımadığı şəxsdən pul müqabilində əldə etdiyini göstərmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Heroini və metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının 17-də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən həmin gün o, saat 15 radələrində Kürdəmir şəhəri, A.Əhməd küçəsində saxlanılaraq şöbəyə gətirilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və o, əynində olan şalvarın sağ yan cibindəki pul qabını çıxarıb təqdim etmişdir. Pul qabının içərisindən 02 ədəd polietilen büküm, birinci bükümün içərisindən tünd qəhvəyi rəngli 2,040 qram heroinə oxşar kütlə aşkar edilmişdir. Digər bükümün içərisindən 02 ədəd polietilen büküm, bükümlərin içərisində ağ rəngli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda çəkilərinin 0,811 qram və 0,380 qram, ümumilikdə 1,191 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiki və metamfetamini təxminən 5 gün əvvəl “whatsapp” vasitəsilə tanımadığı şəxsdən pul müqabilində əldə etmişdir. Məhkəmə istinatqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları polis mayoru Şahid3 Ağababa oğlu və polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 18/1007 N-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şübhəli şəxs: (imza var) Təqsirləndirilən şəxs...” sözləri olan kağız paketdəki: -kağıza bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2.040 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - kağıza bükülmüş 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,811 qram, 0,380 qram, ümumi təmiz çəkisi-1.191 qram olan maddələr kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş eyni tərkibli psixotrop maddə metamfetamindir; - 01 ədəd gümüşü rəngli falqa kəsiyi üzərində narkotik vasitə heroinin izi və psixotrop maddə metamfetamin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir; Tədqiqata təqdim edilmiş 02 ədəd şiprisdəki mayelərin tərkibindəki heroin məhlul halına salınarkən tərkibində dəyişiklik yarana bildiyinə görə quru maddə ilə eynilik tədqiqatı aparılmır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli 1353 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən, metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı bir bükümlə birlikdə 2,58 qram heroinə bənzər kütlə və ayrı-ayrılıqda çəkilərinin 0,89 qram, 0,43 qram ümumilikdə 1,32 qram metamfetaminə bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qanunsuz istifadəsi və satışı ilə məşğul olmuş, əvvəllər də onun narkotik vasitə və psxiotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən məlumatlar əldə edilməmiş, o narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlamışdır. İş materiallarında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 18 sentyabr 2021-ci il tarixli 882 N-li məktubdan görünür ki, Nuruyev X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. 18 noyabr 2021-ci il tarixli “Vahid Məlumat-Axtarış Sistemi”ndən (məlumat portalı) edilmiş çıxarışdan görünür ki, Nuruyev X1 rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci və 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün 03 il azadlıqdan məhrum edilmiş, Nərimanov rayon Məhkəməsinin qərarı ilə xx.xx.2004-cü il tarixdə cəzasının qalan hissəsi 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş və götürülmüşdür. 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 2,0 qram narkotik vasitə heroin və 1,091qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Kürdəmir RPŞ-nın maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Həmçinin eyni tarixli qərarla “şəxsi axtarış və götürmə aparılması” haqqında istintaq hərəkətinin videoçəkilişi əks olunan 1 ədəd disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə etmə mənbəyini müəyyən etmək məqsədi ilə həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli 1073 N-li ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2001 təvəllüdlü Aytac adında qız, 2005-ci il təvəllüdlü Aysun adında qız, 2006-cı il təvəllüdlü Ağabba adında və 2014-cü il təvəllüdlü Rəhim adında oğul övladları vardır. 17 sentyabr 2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Kürdəmir Rayon Məhkəməsinin 19 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs heroini və metamfetamini satmaq niyyətilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan, cinayət məsuliyyətini yüngülləşdirməyə cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üçün saxladığını göstərsə də aşkar olunan narkotik vasitənin miqdarının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar olması və psixotrop maddələrin xırda bükümlərə bölünməsi, bir neçə növ olması, Təqsirləndirilən şəxs heç yerdə işləməməsi, əlavə gəlir yerinin olmaması onun həmin narkotik vasitələri satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Vatsap” proqramı vasitəsilə tanımadığı şəxsdən qanunsuz olaraq külli miqdarda əldə etdiyi heroini və şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi metamfetamini üzərində qanunusuz saxlayıb daşımaqda niyyəti onları satmaq olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “ağır cinayətlər” sırasına daxildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddə ilə təqsirli bilinərək, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinə əsasən Qisəmt Nuruyev ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Kürdəmir RPŞ-də saxlanılan 2,0 qram narkotik vasitə heroin və 1,091 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan 2,0 qram heroin və 1,091 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-149/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-149/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver