Məhkəmə qərarları › İş №1(099)-149/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-149/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-149/2025 28.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2006-cı ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs dostu X2 bacısı Xədicə Baxşıyeva haqqında yaşadıqları kənddə qeyri-etik ifadələr işlətməsi barədə eşitdikdən sonra, Zərərçəkmiş şəxs hansı səbəbdən belə ifadələr işlətməsini sözlə aydınlaşdırmaq qərarına gəlib, 15 iyul 2024-cü il tarixdə, təxminən saat 02 radələrində Astara rayonu, Şüvi kəndinə gedən yolun kənarında olan meşəlik ərazidə Zərərçəkmiş şəxs ilə görüşüb bu barədə söhbət edən zaman, həmin vaxt aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən üzərində olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədənin sol sağrı nahiyəsinə 2 dəfə, sağ sağrı nahiyəsinə 2 dəfə, sol əlin İİ barmağına 1 dəfə, sol əlin İİİ barmağına 1 dəfə kəsilmiş yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və sağ bel nahiyəsindən peritonarxası boşluğa nüfuz edən, hemorragik şok İİ-İİİ dərəcə, xarici və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara kimi yetirildiyi anda dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndçisidir. Əhmədlə yaxın dost olmuşdur. 2024-cü ilin iyun ayında Əlimərdan onunla mobil telefon vasitəsi ilə əlaqə yaradaraq bacısı X10 ilə münasibətinin olması, onunla danışması barədə məlumat vermişdir. Ondan bir müddət sonra o, Əlimərdan və Əhməd birlikdə görüşüb, bu məsələni danışmışlar, demişlər ki, bu düzgün iş deyil, olmamalıdır. Beləcə məsələni aydınlaşdırmışlar. Biraz keçdikdən sonra isə hadisələr bu yerə gəlib çıxmışdır. Özü Əlimərdanla dost olduğuna və onun bacısına görə Şüvi kəndindəki meşəlik ərazidə Əhmədi bıçaqla vurmuşdur. Əhmədə üç bıçaq vurmuşdur. Əməlindən peşmandır, özü Əhmədlə barışır, Əhməd onun kəndçisi, qonşusudur. Hadisə vaxtı əsəbi olmuş, bu işi törətmişdir, lakin bu şey olmamalıymış, həmin an baş vermişdir. Bu hadisəyə səbəb isə Əlimərdan onu doldurmuş, özü hadisə günü dənizdən gəlmiş evə, Əlimərdan onu iki-üç dəfə doldurmuş, əsəbi olmuşdur. Hadisə baş verdiyi andan dərhal sonra peşman olub, özü təcili tibbi yardıma zəng edib, Əhmədi də çiyninə alıb, yolun kənarına maşına qədər daşımışdır. Ədalət qarşısında boynunun tükdən incə olduğunu, işinin yekunlaşdırılmasını, cəzasını çəkməyə hazır olduğunu, özünü təqsirli bilib peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi ilə yanaşı, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə dost olmuşdur. Əlimərdan hadisə günü ona Bakıdan zəng edib, başın doldurub, Məhəmmədəli isə dost kimi onu cəzalandırıb. Əlimərdan guya Məhəmmədəliyə danışıb ki, “bu söbhəti həll edək”. Hadisədən qabaq isə Əlimərdanın bacısı ona yazmış, özü də ona cavab vermişdir. Sonra isə gedib Əlimərdana bacısının ona-buna yazdığını demişdir. Həmin gecə isə Məhəmmədəli ona zəng etmiş, gəlib Mədəniyyət evinin yanında görüşmüşlər. Danışıq etmişlər. Sonra isə Əlizadəyə məxsus taksi ilə Şüvi kəndindəki meşəlik əraziyə getmişlər. Həmin vaxt Məhəmmədəlinin qardaşı Tural da məsələdən xəbərsiz elə-belə onlarla biryerdə gəlmişdir. Hadisə yerinə özü, Məhəmmədəli, Tural, Əlimərdan və taksi sürücüsü Əlizadə getmişlər. Yolda isə maşın xarab olmuş, Tural maşında qalmış, onlar üçü Əlimərdan, özü və Məhəmmədəli meşəyə keçmişlər. Orada bu söhbəti həll etmək istəmişlər. Orada Əlimərdanla üzbəüz qalmış, Məhəmmədəli ilə isə heçnə etməmişdir. Birdən Əlimərdan ona yumruq atmış, sonra onu yerə yıxmışdır. Məhəmmədəli isə həmin vaxt əsəbləşib birdən-birə bıçağı çıxarıb onu vurmuşdur. Vurandan sonra halının pis olduğunu görüb, üzünə su vurmuş, ona köməklik edib, çiyninə alıb, aparıb yolun kənarında maşına qoymuşdur. Əlimərdan da həmin maşına oturmuş, Məhəmmədəli isə hadisə yerindən getmişdir. Hazırda Məhəmmədəli ilə barışır, ona qarşı şikayəti və tələbi yoxdur, ona cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, bacısının telefonunda Əhmədin ona yazmağını görüb, sonuncu ilə görüşərək ona xəbərdarlıq etmişdir. O da üzr istəmiş və birdə belə bir hal olmayacağını söz vermişdir. Daha sonra onlar Bakıya getmişlər. Üç gün qaldıqdan sonra Əhməd rayona qayıtmış, özü isə ondan şübhələnmişdir. Daha sonra Məhəmmədəli ona zəng vuraraq, Əhmədin onun bacısı haqqında yaxşı sözlər demədiyini və bacısı ilə nalayiq hərəkətlər etdiyini kənddə insanlara yaydığını demişdir. O, Bakıda fəhlə işləyib və pulunu alan kimi gecə saat 12-də rayona gəlmişdir. Sabahısı gün Məhəmmədəli ilə görüşmüş və birlikdə Əhmədlə söhbət etmələrinə qərar vermişlər. Məhəmmədəli onunla bir yerdə getməyi özü istəmişdir. Həmin günü axşamı Əhmədlə telefonla danışaraq mədəniyyət evinin qabağında çağırmışlar, birlikdə Şüvi kəndinə yola düşmüşlər. Maşın xarab olduğundan, onlar yolun qırağında üçü birlikdə taksidən düşmüş və söhbət etmək üçün qaranlığa getmişlər. Özü Əhməddən niyə elə hərəkət etdiyini, bacısının adını kənddə pis çıxardığını soruşmuş, o da elə bir hərəkət etmədiyini demişdir. Sonra sözləri düz gəlməmiş və bir-birilərinə əl-qol atmışlar. Məhəmmədəli Əhmədi həmin vaxtı tutub sıxmış, Əhməd isə Məhəmmədəlinin onu tutub sıxmasını, Əlimərdanın onu vurması məqsədilə etdiyini düşünərək Məhəmmədəliyə ağır söyüş söymüş, özü isə Əhmədi Məhəmmədəlinin əlindən alaraq, yerə yıxmışdır. Məhəmmədəli əsəbindən bıçağını çıxarıb Əhmədə onu ağır söydüyünə görə iki dəfə beldən aşağı vurub, bıçağı yerə tullamışdır. Həmin vaxt Məhəmmədəlidə bıçaq olmasından xəbəri olmamışdır. Əhməd bıçaq vurulandan sonra yerə yıxılmış və böyrü üstə oturmuşdur. Özü Məhəmmədəliyə təcili tibbi yardıma zəng etməsini demişdir. Məhəmmədəli Əhmədi çiyninə qoyub, yolun kənarına gətirib, daha sonra təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gec gəldiyindən onu gözləməmişlər, həmin vaxtı isə taksi şoferi qorxduğundan onları aparmaq istəməmiş və maşınını düzəldib getmişdir. Kənardan maşın gəldikdən sonra o, Əlimərdan ilə birlikdə xəstəxanaya getmişdir. Məhəmmədəli isə ordan evə getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı o, orada olmamışdır. O, qardaşı Məhəmmədəli, Əhməd, Əlimərdan və taksi sürücüsü Əlizadə bir maşında olmuşlar. Ərçivandan biraz qabaqda Şüvi kəndinə tərəf gedirlərmiş. X1 bacısı ilə danışdığını demişdir. Məhəmmədəli isə bir yerdə gedib aydınlaşdırarıq demişdir. Sonra Əlimərdan söhbəti həll etmək üçün ona da onlarla bir yerdə gəlməyini demişdir. Yolda maşın xarab olub, Tural və taksi sürcüsü Əlizadə orada qalıb, onlar üçü isə söhbəti aydınaşdırmaq üçün qırağa getmişlər. Onlar maşını düzəltdikdən on dəqiqə sonra səslər eşitmiş, Əlizadə ilə onların yanına getikdə Əhmədin yaralı olduğunu görmüşlər. Əhmədi kimin vurduğunu görməmişlər. Sonra Məhəmmədəli təcili tibbi yardıma zəng etmiş və Əhmədi yola çıxarmışdır. Təcili tibbi yardım çağırıldığından və maşında nasazlıq olduğundan gecikə biləcəkləri üçün maşınla aparmamışlar. Daha sonra Əlizadə ilə birlikdə getmişlər. İşdə olan, xx.xx.2024-cü il tarixli Astara RPŞ-nin məsul növbətçisi Səhhət Nəsirovun RPŞ-nin rəisinə ünvanladığı raportdan görünür ki, Astara RMX-nın tibb bacısı Ş.Quluzadə zəng edərək, Astara rayon Ərçivan qəsəbə sakini 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Hər iki sağrı nahiyyəsinin 2-2, sağ böyrək nahiyyəsinin və sol əlin 2-ci, 3-cü barmaqlarının kəsilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olmasını qeyd olunmuşdur. (c İ, i.v 4) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Astara rayonu, Şüvi kəndi ərazisindəki meşəlik ərazi olmuş, ətrafda müxtəlif növlər də ağaclarolmuş, yerin üst səthi yaşıl rəngli kollarla örtülmüş, yaxınlıqdan axan su kanalı olmuş, mübahisənin baş verdiyi yerdə qana bənzər ləkələr olmuşdur. Mübahisənin iştirakçısı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən mübahisə zamanı ətrafda heç kəsin olmadığını, Əlimərdan Baxşıyevin ona mübahisədə heç bir köməklik göstərmədiyini, Zərərçəkmiş şəxs onu təhqir etməsinə əsəbiləşdiyini, ona görə də cibindən bıçağını çıxarıb ardıcıl 5 dəfə sonuncuya zərbə vurduğunu, sonradan da bıçağı orada yerə tulladığnı bildirmişdir. Ətrafa baxış keçirilən zaman biçağın olduğu yer müəyyən edilməmişdir. (c İ, i.v 5-7) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 xx.xx.2024-cü il tarixli 236 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bel nahiyəsindən peritonarxası boşluğa nüfuz edən, hemorragik şok İİ-İİİ dərəcə, xarici və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmiş və deşilmiş yara, hər iki sağrı, sol əlin İİ, İİİ barmaqları nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətli tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ bel nahiyəsindən peritonarxası boşluğa nüfuz edən, hemorragik şok İİ-İİİ dərəcə, xarici və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara həyat üçün təhlükəli olan AĞİR zərər vurmaya, sol sağrı (2 ədəd), sağ sağrı (2 ədəd), sol əlin İİ barmağı (1 ədəd), sol əlin İİİ barmağı (1 ədəd) nahiyələrində kəsilmiş yaralar sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. (c İ, i.v 35-37) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 40) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-55/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 avqust 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 82-85) İşdə olan, Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası, qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 90-92) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 xx.xx.2024-cü il tarixli 262 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 96-97) İşdə olan, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 100-101) İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddətinə şərti hesab edilmiş, cəzasının müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Həmçinin, həmin məhkəmənin 08 avqust 2023-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 10% dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Astara Rayon Məhkəməsinin qərarına əsasən 06 ay müddətinə islah işləri cəzası 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. (c İ, i.v 120-121) İşdə olan, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan maddi ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. (c İ, i.v 166) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2024-cü il tarixli 2762 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. (c İ, i.v 168-169) İşdə olan, təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılmasına dair xx.xx.2024cü il tarixli protokol və ona ələva olunan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerlərini və hadisələrin baş vermə ardıcıllığını göstərmişdir. (c İ, i.v 176-179) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2024-cü il tarixdə CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, onun barəsində CM-nin 126.2.1, 126.2.4, 221, 228.1-ci maddələri ilə cinayət təqibindən imtina edilmiş, X6 barəsində CM-in 126-cı maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Şahid2 barəsində CM-in 126-cı maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Şahid3 barəsində CM-in 126-cı maddəsi ilə cinayət təqibindən imtina edilmişdir. (c İ, i.v 180-192) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürdüyü bıçaqla Zərərçəkmiş şəxs sağ bel nahiyəsindən peritonarxası boşluğa nüfuz edən, hemorragik şok İİ-İİİ dərəcə, xarici və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmiş və deşilmiş yara, hər iki sağrı, sol əlin İİ, İİİ barmaqları nahiyələrində kəsilmiş yaralar ilə müşayiət olunan xəsarətləri yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamığına ağır zərər vurması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə, gənc olmasını, törətdiyi əməli səmimi etiraf etməsini və əməli törətdikdən dərhal sonra səmimi peşman olmasını, zərərçəkmişə yardım etməsini və törətdiyi əməlin ictimai təhlükəli nəticələrini aradan qaldırmağa səy göstərməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddətinə şərti hesab edilməsi, 08 avqust 2023-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 10% dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunması, təqsirləndiriən şəxsi səciyyələndirən hal kimi və cəza təyin olunması zamanı nəzərə alınmamalıdır. Cəzanı ağırlaşdıran hallardan biri kimi cinayətlərin residivinin müəyyən olunması zamanı böyük ictimai təhlükə törətməyən, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır (CM-in maddə 18.4) Belə olan halda şəxsə cəza təyin olunan zaman şəxsin əvvələr məhkum olması əvvəlki əməlinə görə təyin olunmuş cəzadan nəticə çıxarmaması fikri yaratmamalı, onun şəxsiyyətinə münasibətdə ağırlaşdırıcı hal kimi qəbul edilməməli, həmçinin, təqsirləndirilən şəxsə sərt cəza təyin olunması kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirdikdən dərhal sonra əməlinin ictima təhlükəliyini başa düşüb, Zərərçəkmiş şəxs əvvəlcə üzünə su vurmaqla, onu çiynində olduqları meşəlik ərazidən əsas yola qədər daşımış, təcili tibbi yardıma xəbər vermiş, daha sonra isə təcili tibbi yardım maşının gec gəlməsi səbəbindən, yoldan başqa bir maşınla onun xəstəxanaya çatdırılmasını təmin etmiş, elə törətdiyi cinayət hadisəsindən dərhal sonra əməlinin ictimai təhlükəliyini azaldan əlindən gələn bütün hərəkətləri etmiş, daha sonrasında zərərçəkmiş şəxslə barışaraq, ona vurulmuş maddi və mənəvi zərəri ödəmiş, nəticədə də zərərçəkmiş şəxs ondan razı qalaraq, təqsirləndirilən şəxslə barışmışdır. Bundan başqa təqsirləndirilən şəxs hadisə törədilən zaman və hazırda yetkinlik yaşına yeni qədəm qoymuş, on səkkiz yaşlı bir gəncdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Məhkəmə eyni zamanda belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, dəymiş ziyanın ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar