Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-152/2024 27.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1992-ci ildə Lənkəran rayonunun Nərimanabad (Balıqçılar) qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 228.1 və 232.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,158 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 03 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-2,158 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, tutulan vaxtadək heç bir yerdə işləməmişdir. O, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmişdir. Əvvəllər bir dəfə, oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, 2022-ci ilin may ayında cəza çəkdiyi yerdən buraxılmışdır. 03 iyun 2023-cü il tarixdə, axşam saatlarında Liman şəhəri ərazisində sərnişin kimi avtobusla yol gedərkən tanımadığı polis əməkdaşları onu avtobusun içərisində tutub X7 aparmışlar. Polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik və psixotrop maddələr olmamışdır. Polis bölməsində tanımadığı polislər onu döyüb təzyiqlər edərək qarşısına qoyulmuş bir bükümdə olan narkotiki üzərinə götürməsini tələb etmiş, sonra bir nəfər polis əməkdaşı cibinə bir bükümdə narkotik maddə qoymuş, o da üzərinə qoyulmuş narkotikin özünə məxsus olmasını deməyə razılaşmışdır. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. O, polis əməkdaşlarının ona qarşı təzyiqləri altında belə demiş, sonra belə də ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində metamfetamin olmamış, cibinə metamfetamini bir nəfər tanımadığı polis əməkdaşı qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun illərdir ki, narkotiklərdən istifadə etməyə başlamış əsasən də metamfetamindən istifadə etməklə hər gün ağrıları olanda müəyyən dozada metamfetamin qəbul etmişdir. Psixotrop maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. 03 iyun 2023cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata bir ədəd bükümdə “şüşə”, yəni metamfetamin alıb əynindəki şalvarının cibinə qoymuşdur ki, ağrıları başlayanda istifadə etsin. 03 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran rayonu, Liman şəhəri ərazisində küçə ilə piyada hərəkət edərkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib Liman şəhəri ərazisində yerləşən polis bölməsinə aparılmışdır. Polis bölməsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. O, metamfetamin istifadəçisidir və üzərindən aşkar olunmuş maddə (metamfetamin) özünə məxsusdur və istifadəsi üçün üzərində saxlamışdır. O, polis bölməsinə gətirilərkən və bundan sonra ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuş və o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş metamfetamin üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşıdır. 03 iyun 2023-cü il tarixdə Lənkəran rayonun Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 19 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri ərazisində küçədə piyada hərəkətdə olarkən saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Liman PB-nə aparılmışdır. Polis bölməsində təhqiqatçı Mircan Quliyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin Liman PB-nn əməkdaşının 03 iyun 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 iyun 2023-ci il tarixdə, saat 19 radələrində Lənkəran rayonu, Liman şəhəri ərazisində saxlanılıb X7 gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, həmçinin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə tutulub polis şöbəsinə gətirildiyini və heç bir şikayətinin olmadığını bildirmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə barədə” 03 iyun 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Mircan Quliyev tərəfindən müdafiəçi Elşən Musazadənin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin metamfetamin olduğunu, Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkis-2,158 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 2,108 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,108 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorlarn qəbulundun yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində xəsarətlərin aşkar edilməsi və Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair məhkəmədən daxil olmuş məlumatlar üzrə Lənkaran rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşlarının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşlarının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarla və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, həmin metamfetamini tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,158 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmünün və qərarlarının surətləri ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinib 03 il 08 ay 11 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib 03 il sınaq müddəti ilə şərti olaraq məhkum olunmuş, Şirvan Apellasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə CM-nin 66.2, 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 08 ay 11 gün müddəti azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və həmin məhkəmənin 27 may 2022-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və 23 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 27 noyabr 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran şəhər Balıqçılar qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 06 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyi ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (səkkiz ilin) yarısından (dörd ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,108 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,108 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-152/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-152/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver