Məhkəmə qərarları › İş №1(099)-153/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-153/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-153/2023 19.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şirvan Şəhər Məhkəməsinin 2 fevral 2021 ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 4 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək o CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə və 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan şəhəri, M. Hüseynzadə küçəsi, ev 28-də qeydiyyatda olmaqla tutulana qədər Şirvan şəhəri, M. Aydınov küçəsində yerləşən evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 2,858 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 15 sentybar 2022-ci il tarixdə saat 21:15-də Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qurupunun əməkdaşları tərəfindən Şirvan şəhəri, Marif Aydınov küçəsində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi saxlanılıb, Şirvan şəhər polis şöbəsinə gətirilərək, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 2,858 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq ondan götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində küçə ilə gedən zaman yerdə 1 ədəd sellofan bükümdə heroin tapmış və özü istifadə etmək üçün saxlamışdır. Həmin tarixdə saat 21 radələrində onu yaşadığı evin yaxınlığında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları saxlayıb, onu polis şöbəsinə aparıb üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan heroini çıxarıb təqdim etmiş və həmin bükümü tapdığını bildirmişdir. O narkotik istifadəçisidir. Heç bir vaxt onun satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi özünün səmimi etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və cinayət işinin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, Maarif Aydınov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, onun ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş və həmin tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o da şalvarının sağ cibindən bir ədəd içərisində heroin olan bükümü çıxarıb, onlara təqdim etmişdir. Sonra da onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Ondan götürülmüş heroin qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Onun konkret olaraq kiməsə narkotik satması təsdiq edilməmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 18/1031 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 2,858 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkiloji tibbi yoxlama rəyindən göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan Şəhər Polis Şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İşdə «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 06 sentyabr 2022ci il tarixli, 989 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Polikilinikasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən və şahidin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini Şirvan şəhəri ərazisində taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı nə də ki, məhkəmədə onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmişdir. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 2,858 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş. Lakin sonradan heç bir əsas göstərilmədən onun hərəkəti CM-nin 234.4.3-cü maddəsinə tovsif edilmişdir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1993-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 28-də qeydiyyatda olmaqla, tutulana qədər Şirvan şəhəri, Maarif Aydınov küçəsində yerləşən evdə yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından və Şirvan Apaelyasiya məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan Şəhər Məhkəməsinin 2 fevral 2021 ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat cərimə və 1 il 4 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm Şirvan Apellyasiya Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilərək ona 3000 manat cərimə və 1 il 5 ay 28 gün müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 08 dekabr 2022-ci il tarixli 2294 nömrəli məktubda görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzası ilə bağlı hökmü 01 sentyabr 2022-ci il tarixdə Şirvan şəhər İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olması müəyyən edilmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 2 fevral 2021 ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat cərimə və 1 il 4 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm Şirvan Apellyasiya Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirlərək o CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə və 1 il 5 ay 28 gün müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona təyin edilmiş 3000 manat cərimə cəzası çəkilməmiş qalmışdır. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Onun əməlində CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivı halı mövcuddur. Bu hal CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ciddi cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halı və işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş çəkilməmiş qalan 3000 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə ona qəti cəza təyin edilməli və 3000 manat cərimə cəzası müstəqil icra olunmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.3-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,808 qram heroin məhv edilməlidir. İş üzrə 31,95 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 52-1, 132, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş 3000 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirlməklə, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,808 qram heroin məhv edilsin. İş üzrə 31 manat 95 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar