Məhkəmə qərarları › İş №1(099)-154/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-154/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-154/2023 04.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda 02 (iki) il 25 (iyirmi beş) gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda külli miqdarda - 2,750 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Nizami küçəsində saxlanaraq polis şöbəsinə aparılmış, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi - 2,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə yaşadığı evin həyətində olarkən polis əməkdaşları həyətinə daxil olaraq narkotik satmaqda şübhəli bilindiyi üçün polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində olarkən Namaz adında polis əməkdaşı 2,5 qram heroini kibrit qutusunun içinə qoymuş və demişdir ki, videoçəkiliş zamanı həmin narkotikin özünə məxsus olduğunu deyərsən, əgər bunu deməsən həyətindən 1 kiloqram narkotik çıxaracaqdır. Polislərin bu hədəsindən qorxduğu üçün məcbur qalaraq yalandan narkotikin özünə aid olduğunu demişdir. Namaz tərəfindən döyülərək ona qarşı zor tətbiq olunmuşdur. Saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. İzahatında qeyd etdiyi Elçin adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatında və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatı elan olunmuş, o, həmin izahatında 30 avqust 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı məhəllədə Elçinlə görüşdüyünü, ondan öz istifadəsi üçün heroin istədiyini, Elçinin narkotikin sabah olacağını dediyini, 31 avqust 2022-ci il tarixdə saat 12 radələrində Elçinin yaşadığı evə gedib ondan 20 manata heroin aldığını, bükümü şalvarının cibinə qoyduğunu, həmin gün saat 20 radələrində yaşadığı Şirvan şəhəri Nizami küçəsindəki evin yaxınlığında gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparıldığını, şöbədə videoçəkilişlə üzərinə baxış keçirilərkən istifadəsi üçün şalvarının cibində saxladığı bir büküm heroini çıxarıb təqdim etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində Şirvan şəhəri, Nizami küçəsində saxlanılıb şəhər polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə şöbədə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, öz istifadəsi üçün Elçin adında şəxsdən almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, bu fakt öz təsdiqini tapmamışdır. Əliqismətə qarşı zor tətbiq etməmiş, onu döyməmiş, onun üzərinə narkotik qoymamışdır. Əliqismət məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışır və ona böhtan atır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nın əməkdaşı Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs saxlanılarkən şalvarının cibində olan heroini çıxarıb təqdim etdiyini, Namazın onun üzərinə narkotik vasitə qoymadığını, Əliqismətin heç kim tərəfindən döylüb incidilmədiyini göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 18/948 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağızda 01 ədəd bükümdə təmiz çəkisi-2,750 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,700 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 6381 N-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 31 avqust 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu zamanı o, həmin heroinin özünə məxsus olduğunu göstərmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 2,700 qram narkotik vasitə heroinin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Şirvan şəhər mərkəzi xəstəxanası” X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 01 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixə kimi cəzasından 01 ay 01 günü çəkilmiş, 02 il 25 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotikin üzərinə Namaz adında polis əməkdaşı tərəfindən qoyulduğunu, polis şöbəsində Namaz tərəfindən döyülərək az çəkidə olan heroini üzərinə götürmədiyi halda “boynuna” 1 kq da heroin qoyulması ilə hədələndiyini, ilkin izahatında düzgün olmayaraq üzərində aşkar olunan heroinin guya tanışı Elçindən 20 manata aldığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, 8 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid1 və ya digər şəxslər tərəfindən fiziki zorakılığa məruz qalması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan bu günə kimi nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahatın məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici izahatı ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edir, narkotik vasitə kənar şəxslər tərəfindən onun üzərinə qoyulmamış, məhz təqsirləndirilən şəxsin özünə məxsus olmuşdur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi izahatı ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi ilkin izahatını, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə heronin çəkisi külli miqdar – 2,750 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkir, tanışı Elçindən aldığı bir bükümdə heroini öz istifadəsi üçün əldə etmiş və saxlanıldığı gündən özünü narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə təqsirli bilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkməsi, məcburi müalicəyə ehtiyacı olması iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə təsdiq olunmuşdur. Bu halda narkomaniyadan uzun müddətdir əziyyət çəkən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Şirvan ŞPŞ-nın əməliyyat tapşırığının cavabından görünür ki, bununla bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmamışdır. İş materiallarında olan Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 31 avqust 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni istifadə etməkdə və satışı ilə məşğul olmasına kifayət qədər əsaslar olduğundan həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Lakin, məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 2,750 qram heroini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 2,750 qram heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 2,750 qram heroinin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin heroini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işdə həmin narkotikin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı bir sübut növü müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə və saxlama kimi tövsif edilməli, onun əməli sonuncu maddə ilə ixtisaslaşdırılmaqla həmin maddə ilə cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. 31 avqust 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 2 sentyabr 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə İcra nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, əvvəllər məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən cinayət əməlini törətmişdir. Bu bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan bir şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Şirvan şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 12 ( on iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 31 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub Şirvan ŞPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2,700 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 12 ( on iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 2,700 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar