Məhkəmə qərarları › İş №1(099)-154/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-154/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-154/2025 21.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,588 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında 18 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara rayonun Şahağacı kəndində küçədə saxlanılıb üzərində yoxlama aparılarkən əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə külli miqdarda- 3,588 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, tutulan vaxtadək rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada fəhlə işləmişdir. Əvvəllər bir dəfə, oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, 2024-cü ilin aprel ayında cəza çəkdiyi yerdən buraxılmışdır. 17 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Astara rayonun Şahağacı kəndində günorta vaxtı mağazaya çörək almaq üçün dəmir yol xəttinin yanında piyada yolda piyada hərəkət edərək «Mersedes» markalı avtomobil yanına gəlib dayanmış, avtomobildə olan şəxslər, yəni polis əməkdaşları ona Şahağacı kəndində oğurluq hadisəsi olduğunu, həmin hadisə ilə bağlı araşdırma aparıldığından onlarla polis şöbəsinə getməli olduğunu bildirib onu Astara RPŞ-nə aparmışlar. Polis onu tutub aparan vaxt qonşusu Mehman Əsədov da dəmir yol xəttinin yanında olmuş və polislərin onu tutub aparmalarını o da görmüşdür. Həmin gün polislər Meşmanı da tutmuş və polis şöbəsində o və Mehman bir kamerada qalmış, sonra Mehmanı buraxmışlar. O, narkotik vasitələrdən istifadə etsə də, həmin vaxt polis şöbəsinə aparılarkən üzərində narkotik vasitə olmamışdır. Şöbədə polis əməkdaşları onun əllərini bağlayıb onu döyməyə başlamış, sonra ona təqdim olunan narkotik vasitəni üzərinə götürməyini bildirmişlər, o isə polislərə üzərində narkotik vasitə olmadığı halda narkotik vasitəni necə üzərinə götürüb etiraf etməsini deyib, polislərin dedikləri ilə razılaşmamışdır. Polislər onu narkoloji həkimə apararaq, narkotiklərdən istifadə edib-etməməsinin məlum olacağını bildirmişlər. O da polislərlə razılaşaraq narkoloji ekspertizaya aparılmasına və yoxlamadan keçirilməsinə etiraz etməmişdir. Polis şöbəsində rəis müavini olduğu ehtimal etdiyi şəxs polis işçilərinə «əgər boynuna almasa, narkotiki üzərinə götürüb, razılaşmasa evinə aparılıb narkotik də qoyulacaqdır» demişdir. Polislərin ona qarşı olan təzyiqlərinə dözə bilməyib onların dedikləri ilə razılaşmış, bundan sonra həmin gün gecə saatlarında polis əməkdaşları onu yaşadığı Şahağacı kəndinə aparmış, orada cibinə bir büküm narkotik maddə (metamfetamin) qoyub ona tapşırmışlar ki, videoçəkilişlə bağlı dedikləri yerdə dayansın, o da onların dediyi yerdə, yəni kiminsə həyət qapısının qarşısında dayanmış, qapının arxasında isə polis əməkdaşları olmuşdur. Sonra digər polis əməkdaşları onun yanına gəlib videoçəkilişlə onun üzərində axtarış aparmış və bir az əvvəl cibinə qoyulmuş bir bükümdə narkotik maddə (metamfetamin) aşkar olunub götürülmüşdür. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, kimdənsə pulla alıb istifadəsi üçün üzərində saxladığını demişdir. Sonra o, polis şöbəsinə aparılmış və orada yenidən vəkilin iştirakı ilə videoçəkiliş olmuş, həmin vaxtı da o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, kimdənsə pulla alıb istifadəsi üçün üzərində saxladığını demişdir. Əslində isə üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil, həmin metamfetamini üzərinə polis əməkdaşları qoymuşdur. O, narkotik vasitə marixuanadan istifadə etsə də, başqa növ narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. O, gündəlik 10 manata fəhlə işləmiş, Lənkərana gedib 150 manata narkotik vasitə ala bilməsi imkanı olmamışdır. Tutularkən üzərində narkotik vasitə olmamış, cibində cəmi 1 manat 50 qəpik pul, bir də alışqan olmuşdur. Ona görə də o, üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 6-7 aydır ki, psixotrop maddə olan metamfetamindən çəkmə üsulu ilə istifadə edir, üzərində akşar olunmuş metamfetamini tutulmamışdan təxminən 3-4 gün əvvəl Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxsdən 150 manata almışdır. O, gündəlik günəmuzd fəhləlik etdiyindən həmin metamfetamindən istifadə edə bilməmişdir. 18 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində yaşadığı Şahağacı kəndi ərazisində olarkən anidən yanında avtomobil dayanmış, avtomobilin içərisindən düşən mülki geyimli şəxslər, yəni polis əməkdaşları ona yaxınlaşıb tutmuş, sonra ona narkotik və psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqda şübhəli olduğu bildirilib üzərində qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki gödəkcənin cibindən bir bükümün içərisində olan metamfetamini polislərə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərində aşkar olunan bir büküm metamfetamin elektron tərəzidə çəkilmiş, sonra zərfə qablaşdırılıb götürülmüşdür. Orada şifahii sorğu zamanı o, aşkar olunmuş kütləni (metamfetamini) Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını, istifadə etmədiyini, heç kəsə satmadığını və ya vermədiyini, başqa yerdə də narkotik və psixotrop maddələrin olmadığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Astara RPŞ-nə gətirmişlər. Polis şöbəsində özünün və vəkilin iştirakı ilə üzərində aşkar edilən bükümə baxış keçirilmiş və bükümün içərisində metamfetamin olması məlum olmuş, sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş, daha sonra metamfetamin zərfə qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini təxminən 3-4 gün əvvəl Lənkəran şəhərində üzdən tanıdığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İbtidai istintaq zamanı videoçəkiliş aparılmaqla verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat-axtarışı və şəxsi axtarış zamanı aparılmış videoçəkilişlər, eləcə də digər sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, 17 sentyabr 2024-cü il tarixdə tutulmuş və tutulan vaxt üzərində metamfetamin olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində həmin metamfetamini üzərinə polis əməkdaşları qoymuşdur. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞnin əməkdaşıdır. 18 sentyabr 2024-cü il tarixdə Astara rayonun Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 02 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilməsi üçün əməliyyat qrupunun üzvləri Astara rayonun Şahağacı kəndinə getmişdir. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra əməliyyat qrupu avtomobillə həmin yerə getmiş və videoçəkilişlə əməliyyat tədbiri başlanmış, Təqsirləndirilən şəxs yolun kənarında olduğunu görüb dərhal avtomobili Haqverdinin yanında saxladıqdan sonra əməliyyat qrupu avtomobildən Təqsirləndirilən şəxs saxlayıb ona özlərini təqdim edib üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib üzərində narkotik maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də cibində metamfetamin olduğunu bildirib cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs Astara RPŞ-nə gətirilmiş və keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı sənədləşmə aparıldıqdan sonra material və Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmişdir. Daha sonra təhqiqatçısı Özcan Quluzadə tərəfindən Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən götürülüb zərfdə qablaşdırılmış bir ədəd bükümə baxış keçirilmişdir. Baxış zamanı zərf açılmış və zərfin içərisində olan bir ədəd bükümdə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini 3-4 gün əvvəl Lənkəran şəhərində üzdən tanıdığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin metamfetmin elektron tərəzidə çəkilmiş və qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin əməliyyat-axtarış tədbiri və üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti ilə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Astara RPŞ-nin əməkdaşıdır. O, Təqsirləndirilən şəxslə bağlı təşkil olunmuş əməliyyat-axtarış qrupuna daxil olmamış, əməliyyat-axtarış tədbirində (18 sentyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirində) və Təqsirləndirilən şəxs tutulmasında bilavasitə iştirak etməmişdir. Lakin Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl polis əməkdaşı Şahid1 (əməliyyat-axtarış qrupunun rəhbəri) ona əraziyə (Şahağacı kəndində Təqsirləndirilən şəxs yaşadığı əraziyə) nəzarət etməsi, Təqsirləndirilən şəxs ərazidə ola biləcəyi təqdirdə ona məlumat verməyini tapşırmış, o da onu müşahidə eləməyə başlamış, Təqsirləndirilən şəxs dayandığı yerin-yolun əks tərəfində olan daş hasarın arxasında özünə mövqe tutub müşahidəni davam etdirib Haqverdinin olduğu yeri barədə mobil telefonla zənqg edib polis əməkdaşı Şahid1 məlumat vermişdir. Sonra digər polis əməkdaşları maşınla həmin yerə gəlib Təqsirləndirilən şəxs tutub polis şöbəsinə aparmışlar. Videogörüntüdə daş hasarın arxasında görünən şəxs özüdür, həmin vaxt o, Haqverdini görsə də, dayandığı yer qaranlıq olduğundan Haqverdi onu görməmişdir. O, sadəcə kənardan Təqsirləndirilən şəxs müşahidə etməklə polis əməkdaşlarına əməliyyataxtarış tədbirinin keçirilməsində köməklik etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə şahid kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Astara rayonunun Şahağacı kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla, həm də qonşudurlar və aralarında münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs nə vaxt tutulmasını bilmir, lakin polis əməkdaşları onu (Mehman Əsədovu) oğurluq hadisəsi ilə bağlı tutub polis şöbəsinə aparan gün (17 sentyabr 2024-cü il tarixdə) o, yaşadığı Şahağacı kəndində dəmir yol xəttində piyada hərəkət edərkən yol qırağında Haqverdini görmüş, Haqverdi ona ev üçün çörək aldığını, çörəyi aparıb evlərinə verə bilməsini soruşmuş, o da çörəyi ondan götürməyib yoluna davam etmişdir. O, Haqverdini görən vax onun yanında heç kim olmamış, həmçinin polislərin Haqverdini tutmasını görməmişdir. Həmin gün (17 sentyabr 2024-cü il tarixdə) axşam saatlarında polis əməkdaşları onu (Mehman Əsədovu) oğurluq hadisəsi ilə bağlı tutub polis şöbəsinə aparmış, araşdırmadan sonra elə həmin günü də evinə buraxılmışdır. Sonradan o, Haqverdinin polis əməkdaşları tərəfindən narkotiklə bağlı tutulmasını eşitmişdir. İşdə olan, Astara RPŞ-nin CAB-nin əməkdaşının 18 sentyabr 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Astara rayonun Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonun Şahağacı kəndi ərazisində saxlanılıb Astara RPŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 18 sentyabr 2024-cü tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 18 sentyabr 2024cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, “Əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 18 sentyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə saat 02:26-da videoçəkilişlə əməliyyat-axtarış tədbiri başlanmış və Astara rayonun Şahağacı kəndində yolun kənarında Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində narkotik və psixotrop maddələrin olub-olmaması soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofon bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetamini 3-4 gün əvvəl Lənkəran şəhərində üzdən tanıdığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Özcan Quluzadə tərəfindən müdafiəçi Umud Cəfərovun və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən götürülüb zərfdə qablaşdırılmış bir ədəd bükümə baxış keçirilmişdir. Baxış zamanı zərf açılmış və zərfin içərisində olan bir ədəd bükümdə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sortu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini 3-4 gün əvvəl Lənkəran şəhərində üzdən tanıdığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-3,588 qram olan ağ rəngli kristallardan ibarət maddə matamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 3,538 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində-hər iki baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitdə bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 22 sentyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3,538 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbirinin və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 13 noyabr 2024-cü il tarixli il qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, Astara RPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın qeydiyyat üzrə 1080 və 1082-ci sıralarına aid hissələrin surətləri ilə müəyyən edilir ki, 1080-ci sırada X6 17 sentyabr 2024-cü il tarixdə, saat 21:10-da oğurluq cinayəti ilə bağlı şübhəli kimi və 1082-ci sırada Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə, saat 03:03-də narkotiklə bağlı cinayətdə şübhəli kimi tutulub Astara RPŞ-nə gətirilmələri, Mehman Əsədovun izahatının alınıb saat 22:20-də sərbəst buraxılması, Təqsirləndirilən şəxs isə Astara RPŞ-nin MSY-nə təhvil verilməsi barədə qeydiyyat aparılmışdır. Habelə Astara RPŞ-nin “MSY-də saxlanılan şəxslərin uçotu kitabı”nın qeydiyyat üzrə 67-ci sıraya aid hissənin surəti ilə müəyyən edilir ki, 20 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirilmişdir. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 noyabr və 03 dekabr 2024-cü il tarixli qərarlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair daxil olmuş məlumatlar üzrə Astara RPŞ-nin İstintaq Bölməsində, daha sonra Astara rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış materiallar üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 Şahid3, Şahid4, Mehman Əsədov və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (17 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Şahağacı kəndində dəmir yol xəttinin yanında polis əməkdaşları tərəfindən tutulub Astara RPŞ-nə aparılması, 17 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Şahağacı kəndində dəmir yol xəttinin yanında polis əməkdaşları tərəfindən tutulub aparılarkən həmkəndlisi və qonşusu Mehman Əsədovun bunun şahidi olması, həmin günü polis şöbəsində onun Mehmanla bir yerdə eyni kamerada qalmaları, tutulan vaxt üzərində narkotik maddənin (metamfetamin) olmaması, tutulduqdan sonra Astara RPŞ-nə aparılması və orada polis əməkdaşlarının ona qarşı zorakılıq hərəkətləri etməsi, sonra onun yaşadığı Şahağacı kəndinə aparılıb orada cibinə bir büküm narkotik maddə (metamfetamin) qoyub onu videoçəkilişlə bağlı dedikləri yerdə dayanmasının deyilməsi və onun da onların dediyi yerdə, yəni kiminsə həyət qapısının qarşısında dayanması və qapının arxasında isə polis əməkdaşlarının olması, sonra digər polis əməkdaşları onun yanına gəlib videoçəkilişlə onun üzərində axtarış aparması və bir az əvvəl cibinə qoyulmuş bir bükümdə narkotik maddənin (metamfetaminin) aşkar olunub götürülməsi, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşlarının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 Şahid3, Şahid4, Mehman Əsədov və Şahid5 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 17 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Şahağacı kəndində dəmir yol xəttinin yanında polis əməkdaşları tərəfindən tutulub Astara RPŞ-nə aparılması, 17 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Şahağacı kəndində dəmir yol xəttinin yanında polis əməkdaşları tərəfindən tutulub aparılarkən həmkəndlisi və qonşusu Mehman Əsədovun bunun şahidi olması, həmin günü polis şöbəsində onun Mehmanla bir yerdə eyni kamerada qalmaları, tutulan vaxt üzərində narkotik maddənin (metamfetamin) olmaması, tutulduqdan sonra Astara RPŞ-nə aparılması və orada polis əməkdaşlarının ona qarşı zorakılıq hərəkətləri etməsi, sonra onun yaşadığı Şahağacı kəndinə aparılıb orada cibinə bir büküm narkotik maddə (metamfetamin) qoyub onu videoçəkilişlə bağlı dedikləri yerdə dayanmasının deyilməsi və onun da onların dediyi yerdə, yəni kiminsə həyət qapısının qarşısında dayanması və qapının arxasında isə polis əməkdaşlarının olması, sonra digər polis əməkdaşları onun yanına gəlib videoçəkilişlə onun üzərində axtarış aparması və bir az əvvəl cibinə qoyulmuş bir bükümdə narkotik maddənin (metamfetaminin) aşkar olunub götürülməsi, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşlarının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 Şahid3, Şahid4 və Şahid5 ifadələri (o cümlədən şahid Mehman Əsədov ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu (Mehman Əsədovu) oğurluq hadisəsi ilə bağlı tutub polis şöbəsinə aparan gün (17 sentyabr 2024-cü il tarixdə) o, yaşadığı Şahağacı kəndində dəmir yol xəttində piyada hərəkət edərkən yol qırağında Haqverdini görmüş, Haqverdi ona ev üçün çörək aldığını, çörəyi aparıb evlərinə verə bilməsini soruşmuş, o da çörəyi ondan götürməyib yoluna davam etmişdir. O, Haqverdini görən vax onun yanında heç kim olmamış, həmçinin polislərin Haqverdini tutmasını görməmişdir. Həmin gün (17 sentyabr 2024-cü il tarixdə) axşam saatlarında polis əməkdaşları onu (Mehman Əsədovu) oğurluq hadisəsi ilə bağlı tutub polis şöbəsinə aparmış, araşdırmadan sonra elə həmin günü də evinə buraxılmışdır. Polis əməkdaşları tərəfindən Mehman Əsədovun 17 sentyabr 2024-cü il tarixdə tutulub, elə həmin gün də buraxılması faktı Astara RPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda olan müvafiq qeydlərlə, yəni “X6 17 sentyabr 2024-cü il tarixdə, saat 21:10-da oğurluq cinayəti ilə bağlı şübhəli kimi tulub Astara RPŞ-nə gətirilməsi və izahatı alınıb saat 22:20-də sərbəst buraxılması” qeydləri ilə təsdiq olunur), maddi sübut, ekspertiza rəyləri, (o cümlədən 20 sentyabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər iki baldır nahiyələrində aşkar edilmiş sıyrıq xəsarətlərin yetirilmə müddəti müayinədən 5-7 gün əvvələ uyğundur. Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulması nəzərə alındıqda onun bədəni üzərində olan xəsarətlərin 2024-cü ilin sentyabr ayının 13-15-i aralığında olan dövrdə yetirilməsinə uyğundur), “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 noyabr və 03 dekabr 2024-cü il tarixli qərarlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən üzərində yoxlama aparılmasına, həm də müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla (saxlanılıb üzərində yoxlama aparılarkən, habelə şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, həmin metamfetamini tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 3,588 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Qazax Hərbi Məhkəməsinin 17 avqust 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, daha sonra Cəlilabad Hərbi Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 07 yanvar 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Astara Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 07 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin 23 fevral 2023-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 26 müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Xəzər Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 24 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 17 avqust 2010-cu il və 21 dekabr 2010-cu il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 25 avqust 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25 avqust 2022-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan və hazırda məhkumluğu olmasına baxmayaraq CM-nin 18.4.4-cü maddəsinə əsasən hazırki əməlinə münasibətdə onun əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Astara RİHB-nın Şahağacı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 21 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 06 noyabr 2014-cü il təvəllüdlü X2 vardır. Təqsirləndirilən şəxs Astara rayonun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cazasını ağırlaşdıran hallar (CM-nin 61- ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 3,538 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3,538 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar