Məhkəmə qərarları › İş №1(099)-155/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-155/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-155/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla, bir müddət əvvəl ondan küsüb atası evinə getmiş faktiki ər-arvad münasibətlərində olan Şahid3 evlərinə gətirmək üçün Sabirabad rayonu Axısxa kənd sakini, sonuncunun atası Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, gəlişinin məqsədini bildirib, Şahid3 çağırmasını demiş, Zərərçəkmiş şəxs qızı Xalidənin onu istəmədiyini, Xalidəni bir daha ona verməyəcəyini bildirib evi tərk etməsini tələb etdikdə, aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki mübahisə zamanı o, qisas niyyəti ilə üzərində gəzdirdiyi bir tərəfi kəsici-ucu deşici xassəyə malik, təsərrüfatməişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs, həmin vaxt hadisə yerində olan sonuncunun arvadı Şahid2 qzı və övladları Şahid4, X1, X4 və X5 gözləri qarşısında, onlara müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə, Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən 4 dəfə vurub, sonuncuya sol bazu oynağının bayır səthində bir ədəd, sol sağrının yuxarı bayır kvadrantında bir ədəd, sol sağrının yuxarı iç kvadrantında bir ədəd yara ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül, sağ qoltuqaltı xətt üzrə 5-6-cı qabırğa səviyyəsində döş boşluğuna keçən, hemotoraks törədən bir ədəd yara ilə müşayiət olunan, həyat üçün təhlükəli olub, xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının 2-də sevdiyi Şahid3 qaçıraraq Qəzli kəndində yaşadığı ata evinə gəlmişlər. Rəsmi nikahları olmamış, lakin faktiki ər-arvad münasibətləri ilə yaşayıblar. Valideynləri ilə arvadı arasında mübahisələr olduğuna görə 2021-ci ilin yanvar ayının sonlarından Xalidə ilə ayrı yaşamışlar, belə ki, sonuncu atasının evinə getmişdir. O, bir neçə dəfə Xalidəni evlərinə aparmaq üçün, qayınatasıgilə getmiş, lakin hər dəfə qayınatası ilə mübahisə edərək Xalidəni özü ilə apara bilməmişdir. 30 may 2021-ci il tarixdə saat 17 radələrində kəndlərində olan kafedə təxminən 5 bakal pivə içdikdən sonra evə gedib bıçaq götürüb qaynatasıgilə getməyi və Xalidəni evə aparmaq istədiyini onlara deməsini, bu dəfə də Xalidəni aparmağa qoymasalar, bıçaqla qayınatası İlqara vurub xəsarət yetirməyi qərarına gəlmişdir. Evdən bıçağı götürüb taksi sürücüsü Şahid1 idarə etdiyi avtomaşınla saat 19 radələrində Axıska kəndinə qayınatası İlqargilin evinin qarşısına getmiş, taksidən düşüb həyətə daxil olmuşdur. Evin birinci mərtəbəsində qayınatası və qayınanasına yenidən Xalidəni aparmağa gəldiyini bildirmişdir. İlqar ona, bir daha Xalidəni ona verməyəcəyini demişdir. Bu zaman o, əsəbiləşmiş və belinə keçirtdiyi bıçağı çıxarıb İlqarı vurmağa başlamışdır. O, içkili olduğundan konkret İlqarın hansı nahiyələrinə vurduğunu bilməmişdir. İlqara xəsarət yetirən zaman, qayınanası Ziyafət İlqarı vurduğunu görüb, aralarına girmiş, əlindəki bıçaq ehtiyyatsızlıqdan qaynanasına da dəymişdir. İlqara bıçaqla zərbələr vurmasını sonuncunun uşaqları Heydər, Mehriban, Hikmət və Kamil görmüşlər. İlqarın qarın nahiyəsində qan görüb bir anlıq peşman olmuş, evdən küçəyə çıxmış və onu gözləyən taksiyə əyləşmişdir. Bıçağı qabaq sağ oturacaqda oturduğu yerə qoymuş və evlərinin qarşısına gəlmişdir. İlqarı öldürmək istəməmişdir. Hazırda qayınatası ilə barışmış, dəymiş ziyanı ailə üzvləri tərəfindən ödənilmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs dindirilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Axısxa kəndində ailəsi ilə birlikdə yaşayır. Qızı Şahid3 2020-ci ilin iyun ayında xalası oğlu Təqsirləndirilən şəxs evlənmək məqsədi ilə qoşulub qaçmış, lakin münasibətləri pozulduğuna görə Xalidə 2020-ci ilin yanvar ayında onun evinə qayıtmışdır. Bundan sonra Sahət tez-tez onlara gələrək Xalidəni öz evlərinə aparmaq istədiyini demiş, lakin o, qızının aparılmasına razı olmamışdır. 30 may 2021-ci il tarixdə saat 19 radələrində Sahət gələrək həyətə keçib, yenə də Xalidəni aparmaq istədiyini demişdir. Ziyafət də Sahətin onunla sözlə mübahisə etdiyini görüb, Xalidəni evin ikinci mərtəbəsinə aparıb qapını bağlamışdır. Sahət arxa cibindən qara dəstəkli bıçaq çıxarıb əvvəlcə onun sağ qoluna, sonra sol böyrünə vurmuşdur. Sahət yenə də onu vurmaq istəyəndə, arvadı Ziyafət aralarına keçmiş, sonuncuyu da zərbə dəymişdir. Sahət onun böyründən qan gəldiyini görüb küçəyə çıxmış və gəldiyi taksiyə əyləşib uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ona bıçaqla vurub xəsarət yetirməsini qızı Mehriban, oğlanları Kamil, Hikmət və Heydər görmüşdür. Xəsarət alandan sonra onu xəstəxanaya aparmışdılar. Hazırda Sahətlə barışımışlar, Sahətin ailə üzvləri tərəfindən onun müalicə xərcləri ödənilmişdir, ondan hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Axısxa kəndində ailəsi ilə birlikdə yaşayır. Bacısı Şahid3 2020-ci ilin yay aylarında atasının xalası oğlu Təqsirləndirilən şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmış, lakin mütəmadi ailədaxili münaqişə olduğundan 2020-ci ilin yanvar ayında bacısı Xalidə evlərinə gələrək onlarla yaşamışdır. Bundan sonra Sahət dəfələrlə gələrək bacısını öz evlərinə aparmaq istəmiş, lakin atası buna icazə vermirdi. 30 may 2021-ci il tarixdə, saat 19 radələrində Sahət yenə də onlara gəlmişdir. Həmin vaxt evdə o, atası İlqar, anası Ziyafət, bacısı Xalidə, azyaşlı qardaşları Hikmət və Heydər, eləcə də azyaşlı bacısı Mehriban olmuşdur. Sahət həyətə keçib, yenə də atasına Xalidəni aparmaq istədiyini demişdir. X12 atasının mübahisə etdiyini görüb, Sahətin bacısına nəsə edə biləcəyini düşünüb, bacısı Xalidəni evin ikinci mərtəbəsinə aparıb, qapını bağlamışdır. Sahət evin birinci mərtəbəsində atası ilə mübahisə etmişdir. Mübahisə zamanı Sahət üzərində gəzdirdiyi bıçağı çıxarıb, atasına xəsarət yetirməyə başlamışdır. Atasının bıçaqlanmasını o və balaca bacısı və qardaşları görmüşdür. Sahətin atasına bıçaq vurmasının gördükdən sonra kömək məqsədi ilə qonşuları çağırmaq üçün həyətə qaçmış, evə qayıdarkən Sahətin qaçıb küçəyə çıxdığını və evdən uzaqlaşdığını görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Axısxa kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs öz istəyi ilə evlənmək məqsədi ilə onu qaçırtmış, lakin 2020-ci ilin yanvar ayında münasibətləri korlandığına görə atasının evinə qayıdaraq orada yaşamağa davam etmişdir. Bundan sonra Sahət dəfələrlə gələrək onu aparmaq istəmiş, lakin atası buna icazə verməmişdir. 30 may 2021-ci il tarixdə saat 19 radələrində Sahət gələrək atası İlqara onu aparmaq istədiyini demişdir. X13 da Sahətin atası ilə mübahisə etdiyini görüb, onu evin ikinci mərtəbəsinə aparıb, qapını bağlamışdır. Sonra o, anasının qışqırığını eşitmişdir. Lakin qorxusundan otaqdan çölə çıxmamışdır. Bir neçə dəqiqə sonra səsin kəsildiyini görüb otaqdan çıxmış həmin vaxt atasının böyründən qan gəldiyini görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Sahət atasına bıçaqla xəsarət yetirmişdir. Sonradan atası Sahətlə barışmış, şikayət və tələbi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Sabirabad rayonu Qəzli kəndində yaşayan Şahid1 Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı istintaqa təqdim etmişdir. İş materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 04 iyun 2021ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş olduğu bıçağı tanımışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Sabirabad rayonu Axıska kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 498 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlərsağ qoltuqaltı xətt üzrə 5-6-cı qabırğa səviyyəsində döş boşluğuna keçən, hemotoraksla müşayiət olunan bir ədəd yara, sol bazu oynağının bayır səthində bir ədəd, sol sağrının yuxarı bayır kvadrantında bir ədəd, sol sağrının yuxarı iç kvadrantında bir ədəd – cəmi dörd ədəd yara kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur. Dərəcəsinə görə sağ qoltuqaltı xətt üzrə 5-6-cı qabırğa səviyyəsində döş boşluğuna keçən, hemotoraksla müşayiət olunan bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər- sol bazu oynağının bayır səthində bir ədəd, sol sağrının yuxarı bayır kvadrantında bir ədəd, sol sağrının yuxarı iç kvadrantında bir ədəd yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 20 avqust 2021-ci il tarixli 1870 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-trasoloji və ballistik ekspertizasının 3/1421, 3/1422 nömrəli 13 sentyabr 2021-ci il tarixli rəyində qeyd olunur ki, tədqiqat təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici malik təsərrüfat təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyaların köynəyin, şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yer və ölçüsü verilib. Həmin zədələrdən köynəyin üzərində olan “a,b,c,d,e,ə,i”, şalvarın üzərində olan zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Köynəyin üzərində olan “k” zədəsi fiziki qüvvənin təsirindən yarana bilən cırılma zədəsidir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan yaşayış yeri üzrə arayış və xasiyyətnamədən görünür ki, Nuriyev X6 rayonu, Qəzli kəndində qeydiyyatdadır, ailə tərkibi ata və anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 09 dekabr 2021-ci il taixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanan zaman, Zərərçəkmiş şəxs əynində olan bir ədəd şalvar və bir ədəd köynək, eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qərarda Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 31 may 2021-ci il tarixdən hesablanması göstərilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, onu bağışlayır, ona qarşı heç şikayət və tələbi yoxdur, dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib, yüngül cəza verilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, təqsirləndirlən şəxs- Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabirabad rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs bıçaqlanan zaman, əynində olan bir ədəd şalvar və bir ədəd köynək, eyni zamanda bir ədəd bıçaq məhv edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 31 may 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 may 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Sabirabad rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs bıçaqlanan zaman, əynində olan bir ədəd şalvar və bir ədəd köynək, eyni zamanda bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar