Məhkəmə qərarları › İş №1(099)-155/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-155/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-155/2023 19.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci il Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası amnistiya aktına əsasən 01 il azaldılmış, cəzasını 11 avqust 2022-ci il tarixdə çəkib qurtarmış, Şirvan şəhəri, F.İsmayılov küçəsi ev 1-də qeydiyyatda olmaqala Şirvan şəhəri F.Eynullayev küçəsi ev 3, mənzil 19-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,075 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 oktyabr 2022-ci il tarixdə saat 22:45 radələrində Şirvan şəhəri 9 saylı orta məktəbin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman 2,075 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitə heroindən istifadə etmişdir. 12 oktyabr 2022-ci ildə polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Polis işçiləri ona üzərinə narkotik qoyacaqlarını, 3 aya həbsdən çıxacağını demişlər. Onu döymüşlər, təzyiq göstərmişlər. Ona görə də üzərində narkotik olmasını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı məhlədə gəzərkən yerdə bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tamış və öz istifadəsi üçün cibinə qoymuş və üzərində saxlamışdır. Həmin gün saat 20:45 radələrində Şirvan şəhəri 9 saylı orta məktəbin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, təhqiqatçı tərəfindən üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklmişdir. O, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilən Şahid1 göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsi ev 3/19-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 20 radələrində Şirvan şəhəri 9 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Ona barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, o cümlədən narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə faktlar olmamışdır. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Eyni zamanda keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik satması müəyyən edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 18/1122 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,075 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 7110 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 07 noyabr 2022-ci il tarixli, 1160 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində psixi və davranış asıllıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Şirvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. Şirvan şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2022ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,075 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2,075 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasını müəyyən etməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokollardan və protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, o, üzərində bir bükümdə heroin aşkar olunduğu zaman həmin maddəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrində də heroini öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün opoidlərin qəbulu nəticəsində nakomaniya xəstəliyi diaqnozu ilə xəstəxananın narkoloji kabinetində qeydiyyatda olması, onun üzərində aşkar olunan narkotik vasitənin miqdarı, xırda bükümlərə ayrılmaması da onun həmin maddəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun həmin maddəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində psixi və davranış asıllıq sindromu” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Onun ərazi narkoloji dispanserdə yenidən qeydiyyata alınmasına zərurət yoxdur. Lakin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,025 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,025 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar