Məhkəmə qərarları › İş №1(099)-156/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-156/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-156/2022 17.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüuqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X6 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1969-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Salyan şəhəri, N.Babayev küçəsi, ev 5, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Salyan şəhəri, Kür küçəsi, ev 12-də olarkən Zərərçəkmiş şəxs ona məxsus mobil telefonu götürüb telefonda olan şəxsi, yəni ailə üzvlərinə dair şəkillərə baxdığı üçün, həm də mobil telefonunu qaytarmasını tələb etməsinə baxmayaraq mobil telefonunu qaytarmadığına görə onunla aralarında qısqanclıq və şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlbəyaxa olub dalaşarkən üzərindən çıxardığı bıçaqla Zərərçəkmiş şəxs qəsdən 3 (üç) bıçaq zərbəsi vuraraq sonuncuya sol bazu və sol qoltuqaltı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, qarnın sol nahiyəsinin daxilə keçən, nazik və yoğun bağırsağı zədələyən yarası, daxili qanaxma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri, N.Babayev küçəsi ev 5, mənzil 4-də yaşayır. Əvvəllər rəsmi qaydada avtomobil təmiri üzrə çilingər işləmiş, sonradan işdən çıxıb fərdi qaydada avtomobil təmiri üzrə çilingər işləməklə yanaşı, həm də özünə məxsus “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs Salyan şəhər sakini kimi tanıyır və onunla münasibətləri yaxşı olmuşdur. 06 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Elnur ona zəng vurub sabah səhər saatlarında avtomobili ilə onu Bakı şəhərinə aparmasını xahiş etmiş, o da 07 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Elnurun yaşadığı evə getmiş, lakin Elnur işi alınmadığına görə Bakıya gedə bilməyəcəyini demişdir. Sonra o, Elnurun evində çıxıb “Salyan şəhər dairəsi” adlanan yerə gəlmiş, oradan bir neçə müştəri götürüb Bakı şəhərinə aparmış, sonra geri Salyana qayıtmışdır.Bir neçə saatdan sonra Elnur ona zəng vurub Bakı şəhərinə getmək istədiyini bildirdiyindən o, maşını ilə yenidən Elnurun evinə getmiş və evdə oturub çay içib çörək yeyib bir az söhbət etmişlər. Sonra Elnurla birlikdə evdən çölə-küçəyə çıxıb bir az gəzdikdən sonra günorta saatlarında yenidən Elnurun evinə qayıdıb oturub çay içmişlər. Həmin vaxt Elnur ondan zəng vurmaq üçün mobil telefonunu istəmiş, o da mobil telefonunu Elnura vermişdir. Sonra o, Elnurun mobil telefonunda ona aid olan, ailəsinin şəkillərinə baxdığını görüb əsəbiləşərək Elnurdan mobil telefonunu geri istəmiş, lakin Elnur telefonunu verməkdən imtina etmiş, sonra yenədə təkidlə telefonu istəsə də, Elnur telefonu ona verməyib telefonu kənara, yerə atmışdır. Onun bu hərəkətindən bərk əsəbiləşərək Elnurla mübahisə etmiş, sonra əlbəyaxa olub dalaşmışlar.Dalaşma zamanı Elnuru özündən uzaqlaşdırmaq üçün o, otaqda olan stolun üstündən bıçağı götürüb Elnurun qarınına və qoluna bıçaqla vurub ona yüngül xəsarətlər yetirmişdir. Sonra evdən çıxıb maşınına tərəf gedərkən Elnur da arxadan gəlib onu çağırmış, lakin o, Elnurun nə dediyinə fikir vermədən maşınına oturub oradan uzaqlaşıb öz evinə getmişdir. Həmin gün axşam saatlarında bir neçə polis əməkdaşı evinə gəlmiş və Elnura xəsarət yetirdiyinə ona bildirmiş, sonra bu işlə bağlı onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, Elnurun ağır xəsarət alaraq xəstəxanada olduğunu bilmiş, lakin o, Elnuru iki dəfə yüngülcə bıçaqla vurmuş, həmin vaxt Elnur ağır xəsarət almamışdır. Elnurun xəsarət alması ilə bağlı polis şöbəsində ondan izahat alınarkən o, Elnura ağır xəsarət yetirmədiyini, onun ağır xəsarəti harada, hansı şəraitdə aldığını bilmədiyini bildirmişdir. Sonradan eşitmişdir ki, Elnur yıxılaraq ağır xəsarət almışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs Mehti Axundovun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, əvvəllər narkotik maddə əldə edib saxladığına görə məhkum edilmişdir. Hazırkı vaxtadək mütəmadi olaraq narkotiklərdən istifadə etmişdir. Özünə məxsus “Mercedes” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Salyan şəhər sakini Zərərçəkmiş şəxs tanıyır və münasibətləri yaxşı olmuşdur. X12 rayonunun Babazanlı qəsəbəsində yerləşən evinə (Salyan şəhəri, Kür küçəsi, ev 12) gedib-gəlmişdir. 06 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Elnur ona zəng vurub sabah onu avtomobili ilə Bakı şəhərinə aparmağı xahiş etmişdir. O, 07 oktyabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində idarə etdiyi avtomobillə Elnurun yaşadığı evə getmişdir. Evdə oturub çay içdikdən sonra Elnur ona kimdənsə pul gözlədiyini, işi alınmadığı deyib Bakıya gedə bilməyəcəyini bildirdiyindən o, Elnurun evindən çıxıb avtomobillə “Salyan şəhər dairəsi” adlanan yerə gedib oradan başqa müştəriləri götürüb Bakı şəhərinə gedib-qayıtmışdır. Həmin gün saat 10 radələrində Elnur yenidən ona zəng vurub Bakı şəhərinə getmək istədiyini bildirdiyindən o, yenidən Elnurun evinə getmişdir. Evdə Elnurla birlikdə çay içib yemək yemiş, həm də narkotik maddə qəbul etmişlər. Sonra Elnurla birlikdə evdən çıxıb çöldə bir az gəzdikdən sonra saat 13 radələrində evə qayıtmışlar. Evdə oturub çay içərkən Elnur ondan zəng vurması üçün mobil telefonunu istəmiş, o da mobil telefonunu Elnura vermişdir. Həmin vaxt Elnurun mobil telefonunda olan şəkillərə, yəni ailə üzvlərinin şəkillərinə baxdığını görüb əsəbiləşdiyindən Elnurdan mobil telefonunu geri istəmiş, lakin Elnur mobil telefonunu verməkdən imtina etmişdir. Bu səbəbdən Elnurla mübahisə edib əlbəyaxa olub dalaşarkən üzərində gəzdirdiyi bıçaqla Elnurun qarın, döş qəfəsi və sol qol nahiyələrinə cəmi üç bıçaq zərbəsi vurmuş, bundan sonra tələsik evdən küçəyə çıxmış, Elnur da onu çağırıb arxasınca gəlmiş, lakin o, Elnura məhəl qoymadan avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. Hadisə zamanı Elnurun evində o və Elnurdan başqa heç kim olmamışdır. Elnuru bıçaqla vurarkən narkotikin təsiri altında altında olduğundan üzərində olan bıçağı haradan əldə etdiyini, sonra bıçağı haraya tulladığını xatırlamır. İşdə olan, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 oktyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində tanışı Zərərçəkmiş şəxs evində olarkən mobil telefonu Elnura verməsi, Elnurun telefonda olan şəkillərə baxmasına görə əsəbiləşib ondan telefonu geri istəməsi, lakin Elnurun telefonu ona vermədiyinə görə aralarında mübahisənin olması və əlbəyaxa olub dalaşmaları zamanı üzərində olan bıçaqla Elnurun sol tərəfdən qarın, sol döş qəfəsi və sol qol nahiyələrinə zərbələr vurmaqla xəsarət yetirdiyini, sonra evdən çıxıb avtomobilinə oturub oradan uzaqlaşmasını və digər halları göstərib ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, Elnura ağır xəsarət yetirməmiş, onu iki dəfə bıcaqla vursa da, Elnur yüngül xəsarət almışdır. Elnurun ağır xəsarəti harada, hansı şəraitdə almasını bilmir, lakin Elnurun dediyinə görə o, yıxılaraq ağır xəsarət almışdır. Aralarında baş vermiş mübahisə zamanı əsəbiləşib Elnura xəsarətlər yetirdiyinə görə əməlindən peşmandır. Bu hadisədən sonra Elnurla barışmış və münasibətləri yaxşıdır. Hazırda himayəsində 1-ci qrup əlil olan qohumu X7 vadır. Həmçinin o, Qarabağ Müharibəsinin iştirakçısı olmaqla Müharibə veteranıdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Salyan şəhər sakini, həm də taksi sürücüsü kimi tanıyır və aralarında yaxşı münasibətlər vardır. Mehdi taksi fəaliyyəti ilə məşğul olduğundan hərdənbir onun avtomobili ilə Salyan rayonunun Babazanlı qəsəbəsində yerləşən evinə (Salyan şəhəri, Kür küçəsi ev 2) gedib-gəlmişdir. Yaşadığı həyətdə iki ev vardır, həyətdə olan bir evdə ataanası, digər evdə özü tək yaşayır. 06 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Mehdiyə zəng vurub səhərisi günü onu avtomobili ilə Bakı şəhərinə aparmağı xahiş etmiş, 07 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Mehdi avtomobili ilə onun yaşadığı evə gəlmişdir. Evdə Mehdi ilə birlikdə oturub çay içdikdən sonra o, Mehdiyə tanıdığı bir nəfərdən pul gözlədiyini, Bakıya gedə bilməyəcəyini bildirdikdən sonra Mehdi evdən çıxıb getmişdir. İşi alındığına görə o, yenidən Mehdiyə zəng vurub Bakı şəhərinə getmək istədiyini bildirmiş, bir neçə saatdan sonra Mehdi avtomobili ilə evinə gəlmişdir. Evdə Mehdi ilə birlikdə çörək yedikdən sonra, küçəyə çıxıb bir az gəzdikdən sonra günorta saatlarında evə qayıtmışlar. Evdə oturub çay içərkən o, Mehdidən zəng vurmaq üçün mobil telefonunu istəmiş, Mehdi də mobil telefonunu ona vermişdir. Sonra o, Mehdinin mobil telefonunda olan şəkilləri görüb baxarkən Mehdi bunu görüb əsəbiləşib telefonu geri istəmiş, o da telefonu kənara atmışdır. Bu səbəbdən Mehdi ilə aralarında mübahisə yaranmış, sonra əlbəyaxa olub dalaşmışlar. Dalaşma zamanı Mehdi bıçaqla onun qol nahiyəsinə bir dəfə vurmuş, sonra evdən çıxıb getmişdir. Mehdi getdikdən sonra o, evdə olan bıçağı götürüb evdən çıxıb pilləkənlə həyətə düşərkən yıxılmış və bu zaman əlindəki bıçaq qarnına bataraq xəsarət almışdır. Sonra o, Mehdini arxadan çağırıb küçəyə çıxmış, lakin Mehdi onu eşitməyib avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, həyətə qayıtmamış, daha sonra qonşuları Səadət və Qulam taksi ilə onu rayon xəstəxanasına aparmışlar. Bir neçə gün xəstəxanada müalicə olunub evinə qayıtmış, hazırda tam sağalmış, səhhəti yaxşıdır. Sonradan eşitmişdir ki, bu hadisəyə görə Mehdi həbs olunmuşdur. Mehdi ilə aralarında baş vermiş hadisədən sonra o, Mehdi ilə barışmış, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəmədə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında o, tanışı taksi sürücüsü Mehdiyə zəng vurub sabah avtomobili ilə onu Bakı şəhərinə aparmağı xahiş etmiş, 07 oktyabr 2021-ci il tarixdə, gecə saat 04 radələrində Mehdi avtomobili ilə yaşadığı evə gəlmişdir. Evdə oturub çay içdikdən sonra o, Mehdiyə tanıdığı bir nəfərdən pul gözlədiyini, lakin pul gəlmədiyi üçün işi alınmadığına görə Bakıya gedə bilməyəcəyini bildirmiş, Mehdi də evdən çıxıb getmişdir. Həmin gün saat 10 radələrində o, yenidən Mehdiyə zəng vurub Bakı şəhərinə getmək istədiyini bildirmiş, bundan sonra Mehdi avtomobili ilə həyətinə gəlmişdir. Sonra evdə Mehdi ilə birlikdə çay içib yemək yemiş, həm də Mehdi ilə birlikdə narkotik vasitə qəbul etmişlər. Bundan sonra Mehdi ilə birlikdə evdən çıxıb çöldə bir az gəzdikdən sonra saat 13 radələrində evə qayıtmışlar. Evdə çay içərkən o, Mehdidən zəng vurmaq üçün mobil telefonu istəmiş Mehdi də mobil telefonunu ona vermişdir. Sonra o, Mehdinin mobil telefonunda olan şəkillərə baxmış, bu zaman Mehdi onun telefonda olan şəkillərə baxdığını görüb əsəbiləşib telefonu geri istəmiş və bu səbəbdən aralarında mübahisə yaranmış, sonra əlbəyaxa olub dalaşmışlar. Dalaşarkən Mehdi üzərindən çıxardığı bıçaqla onun sol tərəfdən qarın, sol döş qəfəsi və sol qol nahiyələrinə bıçaq zərbələri vurmuşdur. Mehdi ona cəmi üç bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Mehdi tələsik evdən pilləkənlə aşağı düşüb küçəyə çıxmış, o da Mehdini çağırıb arxasınca getmiş, lakin Mehdi ona məhəl qoymadan avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. Hadisə zamanı evdə o və Mehdi olmuş, başqa heç kim olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadəsində yazılmış-evində Mehdi ilə birlikdə narkotik vasitə qəbul etmələri və Mehdinin ona üç bıçaq zərbəsi vurmasına dair hissələri təsdiq etmir. Həmin gün onun aldığı xəsarətlərin sayı iki olmuş, bu xəsarətlərdən biri, yəni Mehdi bıçaqla qoluna vuraraq xəsarət yetirmiş, digər xəsarət-evdən çıxıb pilləkənlə həyətə düşərkən yıxılması və əlindəki bıçağın öz qarnına batması nəticəsində xəsarət almışdır. Mehdi ilə aralarında baş vermiş hadisədən sonra o, Mehdi ilə barışmış, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 28 fevral 2022-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri, Kür küçəsi, ev 12-də atası və anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qardaşıdır və o da həmin həyətdə olan birinci mərtəbəsi qaraj, ikinci mərtəbəsində isə bir otaq olan evdə tək yaşayır. Salyan şəhər sakini Mehdi adlı şəxsi qardaşı Elnurun tanışı kimi tanımışdır. Mehdi hərdənbir qardaşı Elnurun yanına gəlib-getmişdir. 07 oktyabr 2021-ci il tarixdə, səhər saat 10 radələrində Mehdi Elnurun evinə gəlmişdir. Həmin gün saat 13 radələrində Elnurun qaldığı otaqdan səs-küy səsləri eşidib başa düşmüşdür ki, qardaşı Elnurla Mehdi dalaşırlar.Həmin vaxt evin pəncərəsindən həyətə baxanda Elnurun qaldığı evdən Mehdinin çıxıb tələsik pilləkənlə aşağı düşüb küçəyə çıxdığı, onun Elnur da Mehdinin arxasınca küçəyə çıxdığını görmüşdür. Sonra Mehdi avtomobilinə oturub oradan uzaqlaşıb getmiş, Elnur isə yenidən həyətə girib öz qaldığı otağa qalxmışdır.Təxminən 15 dəqiqə sonra qonşusu Səadət onu çağırıb “küçəyə çıx, qardaşın səni çağırır” demiş, o da evdən küçəyə çıxmışdır. Sonra qonşuları Səadət və Qulam taksi ilə Elnuru xəstəxanaya aparmışlar. Həmin gün qardaşı Elnurun yanında evdə yalnız Mehdi adlı şəxs olmuş, başqa heç kim evə gəlməmişdir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 07 oktyabr 2021-ci il tarixli “Raprot”u müəyyən edilir ki, həmin tarixdə, saat 15:50-də Salyan RMX-dan 1977-ci il təvəllüdlü X5 “qarının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qarının elentirasiyası daxilə keçən”diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi və götürmə barədə” 07 oktyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, hadisənin baş verdiyi yer X5 yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evin otağıdır. İşdə olan, “Baxış keçirilməsi və götürmə barədə” 07 oktyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, Salyan RMX-dan təqdim olunmuş, X5 hadisə vaxtı əynində olmuş paltarlar-1 (bir) ədəd mayka, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd qolsuz jilet qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, Salyan RPŞ-nin rəisinin adına yazılmış 09 oktyabr 2021-ci il tarixli ərizə ilə müəyyən edilir ki, həmin tarixdə X2 RPŞ-nə müraciət edərək bildirmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdə tanışı, Salyan rayon sakini Təqsirləndirilən şəxs ona bir neçə bıçaq zərbələri vuraraq xəsarət yetirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən ediir ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qarnın sol nahiyəsinin daxilə keçən, nazik və yoğun bağırsağın zədələnməsi, daxili qanaxma, sol bazu və sol qoltuqaltı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (bıçağın) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 07 oktyabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi.Bu xəsarətlərdən qarnın sol nahiyəsinin daxilə keçən, nazik və yoğun bağırsağı zədələyən yarası, daxili qanaxma dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazu və sol qoltuqaltı nahiyələrinin yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının 19 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən ediir ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən, AB0 sistemi üzrə sistemi üzrə qan qrupu B alfa (İİİ). Ekspertizaya təqdim edilmiş mayka, köynək, jilet üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İşdə olan, kompleks məhkəmə tibbi-bioloji və məhkəmə tibbi-kriminalistik ekspertizasının 26 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən ediir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində bir ədəd; köynəyin və maykanın sol yan nahiyəsində bir ədəd; köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədə əvvəlcə hər hansı bir iti ucu və iti kənarı olan deşici-kəsici alətin təsirindən deşilmiş-kəsilmiş, sonra isə dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın sol nahiyəsində olan; köynəyin və maykanın sol yan nahiyəsində aşkar edilmiş bir deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qoltuğaltı nahiyəsində olan; köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazu nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə üst-üstə düşür. Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd kombinə olunmuş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız köynəyin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların üzərindəki zədələrin yetirildiyi anda bıçaqla zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 15 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd mayka, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd qolsuz jilet iş üzrə maddə sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (tanışı Elnura cəmi 2 dəfə bıçaq zərbəsi vurması, bıçaqla Elnurun qoluna və böyrünə yüngül xəsarətlər yetirməsi, Elnura ağır xəsarət yetirməməsi, Elnurun yıxılaraq ağır xəsarət alması, narkotik maddələrdən istifadə etməməsi, o cümlədən hadisə olan gün Elnurun evində narkotik maddədən istifadə etməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni tanışı Elnura cəmi 2 dəfə bıçaq zərbəsi vurması, bıçaqla Elnurun qoluna və böyrünə yüngül xəsarətlər yetirməsi, Elnura ağır xəsarət yetirməməsi, Elnurun yıxılaraq ağır xəsarət alması, narkotik maddələrdən istifadə etməməsi, o cümlədən hadisə olan gün Elnurun evində narkotik maddədən istifadə etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs və Şahid ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirmsi ilə bağlı hallar təsdiq olunur), həmçinin ekspert rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, habelə təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxsin arasında videoçəkilişlə aparılmış üzləşdirmə zamanı onların qarşılıqlı olaraq verdikləri ifadələri ilə (həmin ifadələrində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs evində olması, birlikdə narkotik maddə qəbul etmələri, mübahisə edəib dalaşarkən bıçaqla üç dəfə Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməsi və digər halları təsdiq etmiş, eləcə də ifadəsində Zərərçəkmiş şəxs evində tanışı Mehdi ilə birlikdə narkotik maddə qəbul etmələri, mübahisə edəib dalaşarkən Mehdinin ona bıçaqla üç dəfə xəsarət yetirməsini göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yuxarıda qeyd olunan xüsusatları obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni hadisə olan gün yaşadığı evdə tanışı Mehdi ilə birlikdə narkotik maddədən istifadə etməmələri, evdə Mehdi ilə mübahisə edib dalaşarkən Mehdinin bıçaqla qoluna yalnız bir dəfə xəsarət yetirməsi, evdən çıxıb pilləkənlə həyətə düşərkən yıxılması və bu zaman əlindəki bıçağın qarnına batmasına dair hallar məhkəmə tədqiq olunmuş sübutlarla, o cümələdən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, habelə videoçəkilişlə aparılmış üzləşdirmə zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində onlar ittihamda göstərilən bütün halları təsdiq etmişlər) tam təkzib olunduğundan məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun öz mülahizəsinə uyğun formada hadisənin baş verməsini bildirməsini tanışı Təqsirləndirilən şəxs xeyrinə verilmiş ifadə kimi qiymətləndirir. Habelə Zərərçəkmiş şəxs və Şahid ibtidai istintaq zaman verdikləri ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs aralarında qısqanclıq və şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə üç dəfə bıçaqla xəsarətlər yetirməkdə onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Eyni zamanda işdə olan, Salyan Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarın surəti ilə müəyyən edilir ki, 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət hadisəsi törətməsi (Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsi) barədə daxil olmuş məlumat əsasında Salyan RPŞ-nin əməkdaşları həmin cinayəti törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi üçün onun yaşadığı evə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı qanunazidd hərəkətlər etmiş və onun bu hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilərək ona 10 gün müddətə inzibati həbs cəzası verilmişdir. Qeyd olunan qərarla, habelə işdə olan digər sənədlərlə, o cümlədən baş vermiş hadisə ilə bağlı ilkin tədqiqat materialı ilə müəyyən edilir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə 07 oktyabr 2021-ci il tarixdə saxlanılmış, bundan sonra o, polis əməkdalarına qarşı inzibati xəta törətdiyinə görə məhkəmənin qərarı ilə həbs olunmuşdur.Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli onun faktiki olaraq tutulduğu vaxtdan, yəni 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və 25 iyul 2006-cı il tarixli məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin 11 aprel 1996-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 83-cü maddəsinin 4-cü hissəsi ilə (talama cinayəti ilə) təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 15,185-ci maddəsinin 1-ci hissəsi ilə (həbs yerindən qaçmağa cəhd) təqsirli bilinib 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnististiya qərarının 1.5-ci bəndinə əsasən 07 fevral 2001-ci il tarixdə cəzadan azad edilmişdir. Salyan Rayon Məhkəməsinin 28 avqust 2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cərimə cəzasına məhkum edilmiş, daha sonra Salyan Rayon Məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2, 234.1 və 176.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 22 oktyabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 01 il 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş və 06 may 2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən göstərilən hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Salyan MİTTİB-nin 22 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, N.Babayev küçəsi, ev 5 mənzil 4-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, SOCAR-n 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 25 noyabr 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 fevral 2016-cı il tarixdən 30 dekabr 2020-ci il tarixədək 6 saylı Texnoloji Nəqliyyat Departamentində avtomobillərin təmiri üzrə çilingər işləmiş, hazırda fərdi işlə məşğul olur. İşdə, Salyan RİH başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 08 yanvar 2018-ci il tarixli 4 №-li qərarının surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 avqust 1976-cı il təvəllüdlü İ qrup əlil X4 himayəçisi təyin edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 04 mart 2022-ci il tarixli arayışı və Təqsirləndirilən şəxs adına verilmiş, HZ ******* №li (keçmiş SSRİ-i vaxtında verilmiş) hərbi biletdə aparılmış qeydlərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 iyun 1992-ci il tarixdə keçmiş Salyan RHK-dan səfərbərliklə hərbi xidmətə göndərilmiş, həmin tarixdən 30 sentyabr 1992-ci il tarixədək N №-li hərbi hissəsinin tərkibində Qarabağda gedən döyüşlərdə iştirak etmiş və xəsarət almışdır. O, İİ Qarabağ Müharibəsində səfərbərliyə cəlb olunmamışdır. İşdə olan, 079862 №-li vəsiqənin surəti ilə müəyyən edilir ki, Axundov X9 veteranıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, habelə 1-ci qrup əlil olan şəxsin himayəçisi olması və Müharibə veteranı olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Salayn RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mayka, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd qolsuz jilet hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Salayn Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mayka, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd qolsuz jilet hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar