Məhkəmə qərarları › İş №1(099)-156/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-156/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-156/2023 25.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 29 avqust 1968-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda yəni, 3,957 qram psixotrop maddə metamfetamini və 0,757 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 30 avqust 2022-ci il tarixdə saat 16 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Ş.Şükürov küçəsidə saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,757 qram kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,958 qra, 0,999 qram ümumi təmiz çəkisi 3,957 qram ağımtıl rəngli maddələr eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilib ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən “kakos”dan (heroindən) isifadə etmişdir. Saxlanıldığı gün səhər saatlarında yaşadığı məhəllədə zilib boşaldan zaman yerdən narkotik bükümləri tapmış, həmin bükümləri evdə istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Belə ki, zibil vedrəsin boşaldarkən yerdə bükümləri görüb, dəsmalla götürmüşdür. Həmin vaxt bükümlərə baxmamış, içərisində nələrin olduğunu bilməmişdir. Bundan bir iki saat sonra isə polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə gətirilmişdir. Polis şöbəsinə gələn kimi isə bir nəfər qadın çağırılmış, üzərinə axtarış keçirilmiş, axtarış zamanı özü könüllü olaraq bükümləri təqdim etmişdir. Axtarış videoçəkilişlə keçirilmiş, bükümləri də çəkiliş zamanı təqdim etmişdir. Hesab edir ki, o narkotik vasitəni götürərkən qıraqdan onu görüb, polisə xəbər vermişlər. Polis şöbəsində olarkən isə üzərində olan bükümləri çıxarıb təqdim etmişdir. Lakin, həmin bükümlərdəki narkotikin çəkisi iki qramdan artıq olmazmış. Bükümlərdəki narkotik ümumilikdə 1,8 qram çəkidə olmuşdur. Lakin sonradan narkotikin çəkisi necə olmuşsa artırılmışdır. Tapdığı narkotik bükümlərinin çəkisi az olmuşdur. Həmin bükümləri tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən istifadəçi kimi barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühum işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı ona əməliyyat məlumatları daxil olmuşdur. Məlumatda “Erkək” ləqəbli Xatirə adlı şəxsin xanımlara və digər şəxslərə narkotik vasitələr və psixotrop maddələr satması bildirilmişdir. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş və Şirvan şəhərinə ezam olunmuşlar. 30 avqust 2022-ci il tarixdə nahardan sonra Şirvan şəhəri, Ş.Şükürov küçəsində Təqsirləndirilən şəxs görüb Şirvan şəhər PŞ-nə dəvət etmişlər və birlikdə Şirvan şəhər PŞ-nə gəlmişlər. PŞ-də Təqsirləndirilən şəxs qadın olduğundan şəxsi axtarışda iştirak etməsi üçün PŞ-nin X6 qrupunun kiçik inspektoru Şahid3da iştirak etməsi üçün dəvət edilmiş, bundan sonra videoçəkilişlə və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən olunmuşdur. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin aşkar edilmiş kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, üzərində olan bükümləri ona edilmiş təklifdən sonra könüllü təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Şirvan PŞ-nin X6 qrupunun kiçik inspektoru vəzifəsində işləyir. 30 avqust 2022-ci ildə şöbədə xidməti otağında olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda iştirak etməyini bildirmişlər, o da təklifi qəbul etmişdir. Bundan sonra TB-nin xidməti otağında həmin şəxsin üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən olunmuşdur. Bundan sonra tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş, hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq, möhürlənmişdir. İşdə olan, BNMİ-nin X.M.İ.Ü baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə edərək Şirvan şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin X.M.İ.Ü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci ildə saat 16:00-da dəqiqədən faktiki olaraq azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:55-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25-26) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə və 1 ədəd siqaretin gümüşü bükümündə psixotrop maddə metafetaminə bənzər kütlə və 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (c İ, i.v 29-31) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 18/943 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxsnun üzərindən... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,757 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-2,958 qr, 0,999 qr, ümumi çəkisi-3,957 qram olan ağımtıl rəngli maddələr eyni tərkibli psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi-0,757 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,707 qr. Metamfetamin ümumi çəkisi- 3,957 qr, tədqiqata sərf edildi-0,10 qr (hər ob-0,05 qr), qalıq-3,857 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 36-39) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 71-72) İşdə olan, Şirvan Şəhər Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞMP-nın narkoloji kabinetində profilaktik qeydiyyatdadır. (c İ, i.v 81) İşdə olan, xx.xx.2022-ci il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 82-83) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli Bayramlı Şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Apelyasiya məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Əli Bayramlı Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən 07 ay 12 gün müddətinə V.Ə.Ş azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 ay 04 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (c İ, i.v 90-92) İşdə olan, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası başa çatmış və o, xx.xx.2020-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (c İ, i.v 94) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 5335 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticələnən yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 99-100) İşdə olan, 09 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 3,857 qram psixotrop maddə metamfetaminin və 0,707 qram narkotik vasitə heroinin qalıqları maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “texet” markalı mobil telefon maddi sübut əhəmiyyəti daşımadığından saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. (c İ, i.v 103-110) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisi iki qramdan az olmuş, həmin maddələri yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirlərdirilən şəxsin irəli sürdüyü birinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs əvvəlcə təhqiqatçının suallarına cavab olaraq üzərindən çıxan bir bükümdə narkotik vasitə heroinin və iki bükümdə pxsixotrop maddə metamfetaminin özünə məxsus olmasını, həmin maddələri yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını, daha sonra isə müdafiəçinin suallarına cavab olaraq həmin bükümlərin polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan, polis şöbəsinə gətirələnədək də üzərində olduğunu, ona qarşı heç bir xəsarət, fiziki zor, psixi təsir tətbiq edilmədiyini, üzərinə heç bir maddə qoyulmadığını, bükümlərin birində heroin, digər iki bükümdə isə metamfetamin olduğunu səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinə qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Daha sonra isə aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri möhürlənmişdir. Həmin kütlələrin çəkisi isə iş materiallarında olan xx.xx.2022-ci il tarixli 18/943 №-li ekspertiza rəyi ilə müəyyən edilmişdir. Bundan başqa ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinə üzərindən aşkar edilmiş maddələrin polis əməkdaşları tərəfindən saxlanıldığı andan həmin maddələrin aşkar edildiyi vaxtadək üzərində olmasını bildirməsi ilə yanaşı, məhkəmə istintaqı zamanı da üzərindən aşkar edilmiş kütlələrin polis əməkdaşları tərəfindən artırılıb və ya azaldılmasına şahid olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ondan aşkar edilmiş kütlələrin çəkisinin iki qramdan daha az olması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, təqsirləndirilən şəxsin həmin ifadəsi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla yaşadığı şəhər ərazisində daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edərkən, üzərində saxlamaqla daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri Ş.Şükürov küçəsində polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,757 qram kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,958 qra, 0,999 qram ümumi təmiz çəkisi 3,957 qram ağımtıl rəngli maddələr eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş maddələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış maddələrin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan maddələrin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddələrin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 5 dəfə) çox, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 26 dəfə) çox, külli miqdarın aşağı həddindən isə təxminən 2 dəfə çox olub külli miqdar təşkil etməsi, həmin maddələrin iki növdə olmaqla, təqsirləndirilən şəxsin isə metamfetamindən asılılığının olmaması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələr və psixotorop maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram külli miqdarının aşağı həddi isə 2 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, əvvəllər də bu qəbildən olan cinayətlərin törədilməsinə görə məhkumluq həyatı yaşamasını və əməllərindən nəticə çıxarmamasını, onun kriminal keçmişini, islah edilməz şəxsiyyətə malik olmasını, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 30 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,707 qram narkotik vasitə heroin və 3,857 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd “taxet” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,707 qram narkotik vasitə heroin və 3,857 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd “taxet” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar