Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-158/2023 17.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 avqust 1987-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 109-da qeydiyyatda olmaqla, Salyan şəhəri, X3 küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasında yaşamış, barəsində 14 noyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda 4,831 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi çəkisi 5,019 qram- külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 12 noyabr 2022-ci ildə saat 13:00 dəqiqədə Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 13:15 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən qeyd edilən çəkilərdə narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək hazırkı ifadəsində göstərmişdir ki, 12 noyabr 2022-ci ildə, saat 11 radələrində evdə olarkən üzdən tanıdığı Salyan rayon polis şöbəsinin əməkdaşları onun evinə gələrək onu və qardaşını polis şöbəsinə aparmış, şöbədə polis əməkdaşı psixotrop maddə olan metamfetamini stolun üzərinə qoyaraq həmin psixotrop maddənin ona məxsus olmasını bildirməsini, əks halda qardaşının tutulacağını demiş, o, qardaşının tutulmaması üçün məcbur qalaraq ifadələrə imza etmişdir. Polis əməkdaşları evinə gələrkən istər evində, istərsə də üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamış, polis əməkdaşlarının təzyiqləri nəticəsində ittiham aktında qeyd olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, uzun müddətdir “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul etmişdir. 12 noyabr 2022-ci ildə, saat 13 radələrində yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında piyada gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbacığı çıxarıb masanın üzərinə qoymuş, torbacığa baxış keçirilərkən içərisində 02 ədəd polietilen kəsiyi bükümündə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə və 01 ədəd polietilen kəsiyi bükümündə qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlələr olduğu müəyyən edilmiş, polis əməkdaşlarına metamfetamini və heroini 4-5 gün əvvəl Salyan şəhərində Kür çayının kənarında yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını demiş, həmin maddələrdən heç kimə verməmiş və satmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 12 noyabr 2022-ci ildə Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə rayon polis şöbəsinə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində yaşadığı evin yaxınlığında saxlanılarkən sonuncu polis əməkdaşlarını görüb qaçaraq aradan çıxmaq istəmiş, bu vaxt ayağı sürüşərək yerə yıxılmış, yerdən götürdüyü şüşə parçası ilə boynunu, sol qolunu kəsərək özünə xəsarətlər yetirmiş, sonra polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə aparmış, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 03 ədəd sellofanda, içərisində psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütələri təxminən 4-5 gün əvvəl Salyan şəhərində Kür çayının kənarında yerdən tapdığını, istifadə etmək məqsədilə götürüb üzərində saxladığını, həmin kütlələrdən heç kimə vermədiyini və satmadığını bildirmiş, aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilib zərfə qoyulub qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən i mzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 12 noyabr 2022ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə və psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Salyan rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini tutulmamışdan təxminən 4-5 gün əvvəl Salyan şəhərində Kür çayının yanında yerdən tapması, özünün istifadə etməsi üçün üzərində saxladığı məlum olsa da, sonuncunun həmin narkotik vasitə və psixotrop maddədən kiməsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat məlumatı əldə edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2022-ci il tarixli 18/1215 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə sellofan torbacığın içərisində : - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,831 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,537 qram və 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 4,482 qram, ümumi çəkisi 5,019 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 1175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsunq A32» markalı mobil telefon anası X2 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 4,919 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını,maddi sübutları,ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 12 noyabr 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Salyan rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 12 noyabr 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(057)-139/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 14 fevral 2022-ci il tarixli 7(010)-418/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 04 ay 2 gün hissəsi 06 ay azaldılmışdır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 06 may 2022-ci il tarixli 7(010)-666/2022 saylı qərarının surətindən görünür ki, Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 04 ay 01 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti 07 sentyabr 2022-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 07 sentyabr 2024-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 12 noyabr 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 109-da qeydiyyatda olmaqla, Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasında yaşamış və yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 4,919 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «Samsunq A32» markalı mobil telefonun anası X2 qaytarılması nəzərə alınmalı, istintaq hərəkəti zamanı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 noyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə polinarkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 4,919 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «Samsunq A32» markalı mobil telefonun anası X2 qaytarılması nəzərə alınsın, istintaq hərəkəti zamanı videoçəkilişin yazıldığı “01” ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov